ABŞ-da yaşayan azərbaycanlıların daha bir milli əhəmiyyətli aksiyası...

 

  Azərbaycan təmsilçilərinin okeanın o tayında fəaliyyəti genişlənir

 

  Son illərdə Azərbaycan diasporunun əhəmiyyətli dərəcədə fəallaşması aydın miüşahidə olunur. Diasporun fəallaşdığı məkanlardan biri kimi isə ABŞ çıxış edir. Bunu Azərbaycan diasporunun ABŞ rəsmiləri, o cümlədən Konqres təmsilçilərilə təmaslarının çoxalması da sübut edir.

   Bu arada isə Amerikanın azərbaycanlı və türk icması Novruz Bayramı kampaniyası çərçivəsində ABŞ prezidenti Barak Obamaya növbəti məktub ünvanlayıb. Dördüncü ildir keçirilən bu kampaniyanın məqsədi prezident Obamanın Novruz mesajında türk xalqlarını da qeyd etməsinə nail olmaqdır. Məktubda deyilir ki, İran, İraq, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Mərkəzi Asiyadan gəlmiş mühacirlər zəngin mədəni irslərinin qorunub saxlanması və adət-ənənələrin gələcək nəslə ötürülməsi məqsədilə hər il Novruz Bayramını qeyd edir.

   Lakin son illər Novruz Bayramı yalnız İran və fars dilli ölkələrin xalqlarına aid edilib. Bununla belə, Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər böyük bir regionda yaşayan türk xalqları Novruz bayramını və tarixi bir neçə min il əvvələ gedib çıxan yazın gəlişi gününü geniş şəkildə qeyd edir. Novruz Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda rəsmi bayram, Türkiyədə isə ictimaiyyətin qeyd etdiyi bayram günüdür.

   Amerika Türkləri və Amerika Azərbaycanlılarının şəbəkələri prezident Obamanı Novruz Bayramı münasibətilə ABŞ prezidentinin hər il verdiyi mesajında Azərbaycan və azərbaycanlı amerikalılar, Türkiyə və türk amerikalılar, habelə bütün türk xalqlarını təmsil edən amerikalıları da qeyd etməyə çağırır. Prezident Barak Obamanın 2006-2010-cu illərdə Novruz bayramı münasibətilə verdiyi mesajlarında türk xalqları qeyd edilməyib.

   Gözlənir ki, Obamanın martın 20-də növbəti müraciətində yenə İran və farsdilli ölkələrin xalqlarının adı çəkiləcək. Keçən il olduğu kimi, bu dəfə də Obamanın Novruz Bayramı münasibətilə xüsusi təbrik müraciətində geniş hissəni İran münasibətlərinə ayıracağı proqnozlaşdırılır. Xatırladaq ki, ötən il Obama iranlı liderlərə müraciət edərək bildirmişdi ki, aramızda ciddi fərqlər var. İranın beynəlxalq ictimaiyyətdə yerini alma haqqının olduğunu, amma bunun terrora silah təmin edərək deyil, İran mədəniyyətinin böyüklüyünü sərgiləyərək göstərilə biləcəyini ifadə edən Obama çıxışında məşhur şair Sədidən də sitat gətirmişdi. Həmin vaxt Obamanın təbrikinə İranın reaksiyası birmənalı olmadı, bəzi İran rəsmiləri bunu qismən müsbət qarşılasalar da, əksər rəsmilər ABŞ prezidentinin Novruz təbrikinə mənfi reaksiya göstərdi. İranın ali dini lideri Ayətullah Əli Xamneyi ABŞ prezidentinin İran xalqına müraciətinə münasibət bildirərkən, ABŞ-ın dəyişiklik şüarından istifadə etməyə çalışdığını, ancaq onun Tehrana qarşı siyasətində hər hansı bir dəyişiklik müşahidə etmədiklərini söyləyərək, Obamanın çıxışına sərt reaksiya göstərdi. Xamneyi daha sonra Məşhəddə keçirilən bir mitinqdə də məsələyə toxundu və ABŞ-ın dostluq əli uzatmasını səmimi qarşılamadıqlarını vurğuladı. İndi də analoji situsiyanın təkrar olunacağı gözlənir.

   Ekspertlər isə qeyd edir ki, Obamanın Novruz müraciətində Azərbaycan və azərbaycanlı amerikalılar, Türkiyə və türk amerikalılar, habelə bütün türk xalqlarını təmsil edən amerikalıları da qeyd etməsi olduqca vacibdir. Bu, Azərbaycan və Türkiyənin ABŞ-la münasibətlərinə də müəyyən töhfələr verərdi. Hələlik buna nail olmaq üçün diaspora səviyyəsində ciddi iş getdiyi məlumdur.

   Qeyd edək ki, ABŞ-dakı Azərbaycan diasporu Qarabağ münaqişəsilə də bağlı ciddi fəaliyyət göstərir. Diaspor üzvləri ABŞ-ın Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayırmaması üçün kampaniya aparır. Xatırladaq ki, ABŞ Dağlıq Qarabağdakı separatçı erməni rejiminə birbaşa yardım ayıran yeganə ölkədir və bu, Birləşmiş Ştatların münaqişənin nizamlanması üçün göstərdiyi vasitəçiliklə bir araya sığmır. Amerikada yaşayan azərbaycanlılar isə artıq dördüncü ildir intensiv şəkildə Konqresə məktub ünvanlama kampaniyası aparır. Hər ilin əvvəli həmvətənlərimiz 20 Yanvar, Xocalı və Sumqayıt hadisələrinin ildönümü ərəfəsində, Amerika qanunvericilərilə yanaşı, media və ictimaiyyət nümayəndələrinə də məktublar göndərir. İcma üzvlərimiz yerli və federal qanunvericilərdən cavablar alır. Bu günlərdə isə Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi USAN Konqresə ABŞ-ın 2012-ci il üçün xarici yardımları ilə əlaqədar məktublar göndərərək, daha bir kampaniya aparır. Kampaniyanın təşəbbüskarları bildirir ki, 1998-ci ildə Konqres, rəsmi Bakının etirazlarına baxmayaraq, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna birbaşa maliyyə yardımı göndərməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, dünyada başqa heç bir dövlət Dağlıq Qarabağa maliyyə yardımı ayırmır.

   Amerikalı azərbaycanlılar Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına kömək edən bu birbaşa maliyyə yardımına qəti etirazını bildirir. Həmvətənlərimiz öz etirazlarını Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edəcək dövlət katibi Hillari Klintona çatdırmaq üçün ona məktub göndərib. Məktubda xanım Klintona, ABŞ-ın regionda mühüm müttəfiqi olan Azərbaycanın etirazına baxmayaraq, hazırkı iqtisadi durumda Dağlıq Qarabağda hərbi rejimə maliyyə yardımının qarşısını necə almaq olar kimi sual verilir. ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN, dövlət katibi Klintonla yanaşı, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bütün üzvlərinə və onların Senatdakı həmkarlarına da məktub göndərib.

  

 

  Tahir TAĞIYEV

 

  Bakı xəbər.- 2011.-7 mart.-S.12.