Teatrlarımızda Azərbaycan mövzusu…

 

  Amaliya Pənahova: "Teatrımız fəaliyyətini əsasən məhz bu istiqamətdə qurur"

 

  Əli İsa Cabbarov: "Sənədli kino sahəsində həmin məsələ kifayət qədər araşdırılıb"

 

  Eldəniz Quliyev: "Kino sahəsində əsaslı islahatlar aparılmalıdır ki..."

 

  Şeyx Əbdül Mahmudbəyov: "Bunun üçün milli burjuaziya, maliyyə və yüksək səviyyəli dövlət nəzarəti olmalıdır"

 

  Azərbaycan həqiqətləri, onun keçmişi, bu günü, tarixi, xalqımızın adət-ənənələrinin təbliğində bütün sahələr fəal iştirak etməlidir. Çünki bu məqamlar təbliğat olmadan geniş yayıla, cəmiyyətdə özünə güclü dəstək tapa bilməz. Hər bir dövlətin inkişafının əsasında onun ideologiyası dayanır. Bu sahədə dövlətimizin ideologiyası qismində azərbaycançılıq məfkurəsi çıxış edir.

   Azərbaycançılıq ideologiyasına kino və teatr sahəsində də geniş yer verilməlidir ki, əhali onun nə olduğunu, hansı dəyərlərə söykəndiyini əyani şəkildə görsün. Xarici aləmdə həmin məqamların təbliğatı baxımından da məsələ aktualdır. Hər bir millət və dövlət özü ilə bağlı məqamları təbliğat olmadan gerçəkləşdirə, cəmiyyətə çatdıra bilməz. Təbliğat prosesində kino və teatr sahələrinin xüsusi əhəmiyyəti var. Adətən əhalinin dünyagörüşünün formalaşması və inkişafında bu iki incəsənət sahəsi mühüm xidmət göstərir. Bu mənada həmin sahələrdə Azərbaycan xalqının qəhrəmanlığı, adət-ənənələri, tarixi həyatı və s. bu kimi məqamlar geniş təbliğ olunmalıdır ki, onlar cəmiyyətdə də özünə möhkəm dayaq tapa bilsin. Digər tərəfdən, xarici aləmdə də sözügedən dəyərlərimizin təbliği vacib şərtlərdən biridir. Həmin dəyərlərimizin xaricə çatdırılmasında isə incəsənətin bütün, xüsusən də kino və teatr sahələrinin əhəmiyyətli rolu daha böyükdür. İncəsənətdə Azərbaycan həqiqətlərinin göstərilməsi vətəndaşlarımızın vətənpərvərlik ruhunda tərbiyəsinə də önəmli təsir edir. Bildiyimiz kimi, hər bir dövlətin ümdə vəzifəsi ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını təmin etməkdir. Bu mənada son illər kino və teatr səhnələrində vətənpərvərlik mövzusuna həsr olunan tamaşa və səhnələrə də yer verilir. Sözügedən sahə millətin formalaşması, ölkədə yaşayan xalqlar arasında mehriban dostluq əhval-ruhiyyəsinin yaranması, bəşəriyyətdə sülhün qorunub saxlanması, həqiqətlərin üzə çıxmasında da böyük rola malikdir.

   Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova ölkə həyatı ilə bağlı məqamlara teatrda geniş önəm verildiyini diqqətə çatdırdı: "Teatrımızın səhnəsində azərbaycançılıq, vətənpərvərlik mövzuları daha böyük önəm daşıyır. Bizim Bələdiyyə Teatrı respublikamızda bəlkə də yeganə teatrdır ki, onun səhnəsində gedən tamaşalar əsasən elə Azərbaycanla bağlı məsələləri əhatə edir. Bu məqam başqa teatrlarda adətən bizdən sonra öz əksini tapır. "Dədə Qorqud"da Dəli Domrul, Cəlil Məmmədquluzadənin "Ölülər"i, Nəriman Nərimanovun "Nadir şah"ı, "Tomris"i, Anarın " Qaravəlli"si, Mövlud Süleymanlının əsərləri, Mirzə Fətəli Axundovun hazırda məşqləri gedən "Müaviyə vəkilləri", habelə "Əli və Nino" əsərləri üzərində iş gedir. Bu əsərlərdə Azərbaycanla bağlı həqiqətlər, onun tarixi, həyatı geniş şəkildə öz əksini tapıb. Teatrımız öz işində bu məsələlərə geniş yer ayırıb və fəaliyyətini də əsasən məhz bu istiqamətdə qurur. Çalışırıq ki, bu günlə səsləşən tarixi tamaşalara geniş yer ayıraq. Xalqın keçmişimiz və bu günümüzlə geniş tanış olması, həqiqətləri bilməsi üçün kino və teatr səhnələrində verilən tamaşaların böyük xidməti var. Bu prosesin daim genişlənməsinə ehtiyac var. Sözügedən mövzu ətrafında tamaşa və kinolarımız nə qədər çox olsa, tariximizi, adət-ənənələrimizi, ədəbiyyatımızı, dilimizin gözəl çalarlarını cəmiyyət arasında geniş təbliğ edə bilərik. Buna həmişə ehtiyac var və teatrımız da fəaliyyətini əsasən bu istiqamətdə qurub. Teatr mənəviyyat məktəbidir. O həmişə öz zəmanəsinin güzgüsü olub. Teatr necə inkişaf edirsə, məmləkətin durumu da elədir. Son illər teatrlarımız təchizat baxımından xeyli irəliləyiş əldə edib. Bu çox önəmlidir".

   Azərbaycan Kinomatoqraflar İttifaqının katibi Əli İsa Cabbarov sözügedən məsələ üzrə sənədli kino sahəsinin geniş fəaliyyət apardığını dedi: "Sənətin mövzusu təbliğat deyil. Ona görə də heç bir sənətin qarşısında təbliğ etmək məsələsi durmur. Azərbaycançılığı xüsusi təbliğ etmək məsələsindən bir qədər bolşevik əhval-ruhiyyəsi gəlir. Buna heç bir uğurlu nümunə də göstərmək olmaz. Həqiqəti təbliğ etmək lazımdır. Həqiqət nədir, o təbliğ olunmalıdır. Azərbaycançılıq özü bir qədər dəqiqləşməyə ehtiyacı olan termindir. Ona görə də sənətdə əsas məsələ həqiqətin təbliğidir. Ölkə tarixi, xalqın adət-ənənələri, həyatının təbliği adətən sənədli kinonun işidir. Birinci olaraq bu məsələ ilə Tarix İnstitutu məşğul olmalı, gerçək tariximiz yazılmalıdır. Ondan sonra həmin məsələlərlə sənədli kino məşğul olmalıdır. Düşünürəm ki, sənədli kino sahəsində həmin məsələlər kifayət qədər araşdırılaraq ekran üzü görüb. Onlar bu sahədə kifayət qədər təbliğat işi aparıblar. Konkret olaraq "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi, "Lider" Televiziyasının Azərbaycan redaksiyası ölkəmizin tarixi, etnoqrafiyası və mədəniyyətini kifayət qədər təbliğ edib. Bu istiqamətdə görülən işlər qənaətbəxşdir".

   İxtisasca rejissor olan Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev kino sənətini cəmiyyətə təsir baxımından çox əhəmiyyətli bir incəsənət növü kimi dəyərləndirdi: "Bu sənətdə milli ənənələr, adət-ənənənəmiz, mental şüurumuz, milli-mənəvi dəyərlər sisteminə geniş yer ayrılmasına ehtiyac var. Kino həmişə kütlənin həyatında müstəsna əhəmiyyəti olan sənət növü olub. Çünki o, kütləvi incəsənət növüdür. Hətta elə etnoslar var ki, öz kino qəhrəmanlarına oxşamağa çalışır. Nəhayətdə həmin etnosda qəhrəmanlıq, xeyirxahlıq, adət-ənənəyə hörmət kimi bəşəri dəyərlər üstünlük təşkil edib. Kinonun insan həyatında müstəsna əhəmiyyəti olduğundan, ona dövlət tərəfindən ciddi əhəmiyyət verilməlidir. Azərbaycan filmləri qədimdən, ola bilsin, mövzu kasadlığı və ya texniki cəhətdən zəif olub, amma həmişə həmin mövzuların içərisində mənəviyyat olub. Bu mənada keçmiş kinolara baxanda adama xoş gəlir, onun üçün darıxırsan. İndi reallıq budur ki, müharibə aparan, torpaqları işğal olunan bir məmləkət, müəyyən siyasi kataklizmlər keçmiş xalq amilləri kinomuzda öz əksini tapmır. Kino Vahid Naxışın çəkdiyi "Yaddaş" kimi filmlərdən ibarətdirsə, onda o kinonu qəbul etmirəm. Bu kino deyil, həmin sənətə parodiyadır. Kinonun inkişafı üçün aktual mövzular seçilməlidir. Ortalıqda hamını düşündürən, ruhuna təsir edən mövzular olmalıdır. Kino sahəsində əsaslı islahatlar aparılmalıdır ki, onlar öz mövzularında ölkəmizin və onun xalqının tarixinə, həyat və adət-ənənələrinə də geniş yer ayırsın. Onlar dərk etməlidir ki, bu sahədə yaradıcı, istedadlı adamlar irəli çəkilməlidir. Onların ssenarisi qəbul olunmalı, film verilməlidir. Azərbaycan kinosu indiyə kimi Biləcəridən o tərəfə getməyib. O, təəssüf ki, böyük festivallarda əks olunmur. Bu, perspektivdə də görünmür. İngiltərədə Azərbaycan kinosunun otağının olması heç də o demək deyil ki, kinomuz orada iştirak edəcək. Gürcü kinosu artıq dünyanı fəth edib. İran kinosu festivallarda əsas mükafata sahib olur. Türk kinosu inkişaf edir. Hamısında da milli dəyərlər əks olunub. Bizdə də belə olması üçün əsaslı islahatlar keçirilməli və istedadlı insanlara prioritet verilməlidir".

   Kinorejissor Şeyx Əbdül Mahmudbəyov vaxtilə tarixi janrlı filmlərə əhəmiyyətli yer verildiyini bildirdi: "Bizim kino sənətində lazım olan tariximiz, milli-mənəvi dəyərlərimiz, maddi-mədəniyyət abidələrimiz, qismən də olsa, müxtəlif vaxtlarda ayrı-ayrı filmlərdə göstərilib. Xüsusən də tarixi janrda çəkilən filmlərdə ona geniş yer verilib. O vaxtlar "Yeddi oğul istərəm" və "Dəli Kür" filmlərində Novruz bayramını tərənnüm edəndə Moskvada bundan heyrətə gəlmişdilər. O qədər xoşlarına gəlmişdi ki, hətta özləri bir-birini qıraraq, filmdəki Novruz bayramı ilə bağlı süjetin verilib-verilməməsilə bağlı müxtəlif fikirlər səsləndirmişdilər. Hər şeyi insan faktoru, şəxsiyyət həll edir. Kinoda bu şəxsiyyətlər elm, sənət və mədəniyyət xadimləridir. Akademiklərimiz, alimlərimiz, xalq artistlərimiz zəhmət çəkib bu işləri görməlidir. Sovet dövründə o zamanın tələblərinə cavab verən maddi texniki baza kinostudiyalarda fəaliyyət göstərirdi. Hökumət də öz təbliğatı üçün bu işə külli miqdarda vəsait ayırırdı. Bu gün isə kinostudiyanın, hətta orta, 2000-ci ilin maddi-texniki tələblərinə cavab verən bazası yoxdur. Ümumiyyətlə sistem pozulub. Axı kino texnika ilə bağlı sahədir. Həmin texnologiya da ildırım sürətilə inkişaf edir. O səviyyəyə çıxa biləcək imkanlar olmalıdır ki, onlarla ayaqlaşasan. Maddi-texniki baza yaradılmadan Azərbaycanda heç bir aktyor, rejissor, ssenarist kino çəkə bilməz. Çəkilənlərin də nəticəsi Biləcəridən o tərəfə keçmir. Bizim tariximiz xalqımızın adət-ənənəsi, folkloru, etnoqrafiyası, arxeologiyası qəbirüstü və qayaüstü yazılarında əks olunub. Xalqımızın böyüklüyü odur ki, yaratdığını söz mədəniyyətində paralel yaradıb. Şifahi xalq ədəbiyyatını, ozan aşıq mədəniyyətini də götürsək görürük ki, bizim dastanlarda da hər şey var. Sadəcə olaraq, bunu həyata tətbiq etmək üçün oğru məmurlar deyil, milli burjuaziyamız formalaşmalıdır. Saakaşvili xüsusi sərəncamla Gürcüstanın tarixi, mədəniyyyəti və kinosuna xidmət edən iş adamlarını bütün yoxlama və vergilərdən azad edib. Tiflisdə 30-cu teatrı açıblar. Kino dünyada narkobiznes və silah alverindən sonra ən gəlirli sahədir. Amma burada böyük əxlaq, mənəviyyat tərənnüm edilir. Millət tarixini, mədəniyyət və mənəviyyatını yaradır. Ölkəmizdə qədərincə alimlərimiz, sənətkarlarımız, folklor və dəyərlərimiz var. Sadəcə olaraq, onları mərkəzləşdirmək üçün Şəhriyarın sözünə əməl etmək lazımdır. O deyirdi:

 

   Bizdən irəlidədir avropalılar,

   İşi işi bilənə tapşırırlar. 

 

   Məqalə Azərbayan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

  

 

   Rüfət SULTAN

 

   Bakı xəbər.- 2011.- 8-9 mart.- S.15.