Qiyamətin əlamətlərindən biri də Ərəbistanda atəşin peyda olmasıdır

 

   Tunis, Misir, Yəmən, Bəhreyn, Liviya və digər ərəb ölkələrindəki xalq üsyanları dünya ictimaiyyətinin diqqətini çəkən mühüm hadisələrdir. On illərlə həm bu, həm də digər ərəb ölkələrini (İraq, Kuveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb əmirlikləri və s.) silahla mütəmadi təchiz edən ABŞ, keçmiş SSRİ (indi onun varisi Rusiya), İtaliya, Fransa, İngiltərə və başqaları indi bu rejimlərin onları qane etmədiyinin fərqindədirlər.

   Demokratiyanı öz ölkələrinin maraqlarının qurbanına çevirən bu ölkələr dərk edirlər ki, buradakı sosial problemlər - aclıq, səfalət, insan haqq və azadlıqlarına qəsd nəticə etibarilə bumeranq effekti verərək, artıq onların özünə qarşı çevrilməkdədir. Buraya anti-demokratik rejimlərdə qlobal terror şəbəkələrinin fəaliyyətinin ümumdünya əmin-amanlığı üçün daha təhlükəli olmasını və miqrasiya problemini də əlavə etsək, BMT və dünyanın aparıcı ölkələrinin əks reaksiyası başa düşüləndir.

   "Ümmətimin başına onu doğru yoldan sapdıran adamların keçməsindən qorxuram" (Həz.Məhəmməd)

   Ərəb dünyasını məhvərindən çıxara bilən bu üsyanlar bəzi maraqlı super dövlətlərin ssenarisi üzrə olsa belə, səbəbi yenə də "demokratiya" fitnəsinə tuş gələn həmin müsəlman ölkələrindəki rejimlərdə axtarmaq lazımdır. Anti-hümanist rejimlərilə "demokratiya" daşıyıcılarına bu fürsəti verənlər arasında 30-40-il dövlət başçıları olan mübarək, kabus, bin əli və qəddafiləri xüsusilə qeyd etmək lazımdır. Sözdə müsəlman, əməldə isə Quran ayələrinə zidd gedən bu diktatorlar uzun müddət özlərini həm də İslam liderləri kimi qələmə veriblər. İslamı, Rəbb kəlamlarını zədələyən müasir fironlar mahiyyətcə 5000-il bundan qabaqkı fironlar kimi xalqlarına qənim kəsilən diktatorlardır. Həmin səbəbdən İngiltərə və Misir muzeylərində nümayiş etdirilən fironlara baxmağa dəyməz. Çünki indiki fironların aqibəti alacağımız ibrətin dəyərini daha aktual edir. Rəbbin əta etdiyi yeraltı və yerüstü sərvətlərə rəğmən xalqın məşəqqətli əməyinə gündə maksimum 2 dollar verən, doğma dilində nazil olan "Allah hər şeyə qadirdir" kəlamına məhəl qoymayan, məsul olduğu millətin qanına susayan bu kəslər vətəndəş müharibəsinə - müsəlmanın müsəlmana qılınc qaldırmasına, sünni-şiə qarşıdurmasına da rəvac veriblər. Bu isə artıq kafirlik əlamətidir. Çünki Peyğəmbər(ə) buyurub: "Müsəlmanın müsəlmanla savaşması kafirlikdir".

   Sözügedən postinqilab məkanlarında büdcənin 30-40 faizini mənimsəyən, İslami dəyərlərə zidd olaraq hərəmxanalar saxlayan və bu... xanalara milyonlarla pul xərcləyən başabəla şeyxlər çox vaxt özlərini Həz.Peyğəmbər ardıcılları, İslamın qoruyucuları qismində təqdim edirlər. Halbuki, İslam və Onun Rəsulu belə fasiqləri şiddətli əzabla müjdələyiblər. Peyğəmbər(ə)sünnəsindən fərqli "gözoxşayan" saqqalları, piylə kilidlənən ürəkləri, maddilikdən başqa bir şey görməyən gözləri, Xaliq və xalq sözü eşitməyən qulaqları, yetim və yoxsulun haqqından doymayan mədələri, İslamda müəyyən şərtlər daxilində maksimum 4-ə qədər qadınla evlənmək əmrinə məhəl qoymamaları bu "xalq atalarını" özlərini hətta Peyğəmbər(ə) ilə müqayisəyə də sövq edib. Qəddafilər, bin əlilər, əmirlər, şeyxlər çox gözəl bilirlər ki, Məhəmməd(ə)-nin çox qadınla evlənməsi Rəbb kəlamı ilə (yalnız Həz.Peyğəmbərə məxsus, bax: Quran, Əhzab 50) təsbit olunub. Rəbbimizin bu tövsiyəsindən məqsəd İslamın digər dinlərlə əməkdaşlığını, bir-birinə düşmən kəsilən tayfaların əmin-amanlığını təmin etmək üçün idi. Digər tərəfdən, o dövrdə müharibələr nəticəsində kişilərin öldürülməsi ərsiz qadınların çoxluğunu təmin edirdisə, indi bu göstərici 49-un 50-yə nisbətindən artıq deyil. Hicabı Rəbb əmri hesab edən, fəqət günlərini İslamda olmayan göbək rəqslərinə baxmaqla və 40 qızın masajı ilə keçirən müsəlman rəhbərlərinin XXI əsrdə hərəmxana saxlamaları, müasir dillə desək, insan - qadın alverilə məşğul olmaları nə dərəcədə İslamidir?! Bu yaxınlarda "Wikileaks" saytında bəzi şeyxlərin hərəmxanası barədə verilən açıqlamalar fikrimizi bir daha təsdiq edir. Belə fironlara, irodlara, əbu ləhəblərə xitabən Rəbbimiz buyurub: "And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç ibrət alan varmı?!" (Qamər 51).

   İnsan haqq və azadlıqlarına qəsd edən, mənsub olduğu xalqı, onun zəif və qarnıac övladlarının qanını zəli kimi soran bu piylənmiş cəsədlər çox şükür ki, bir adı Sabur olan Allahın da səbr kasasını daşdırdı. Və nəticədə Rəbbimiz həddini aşan zalımlar üçün xalqı və fürsəti fövtə verməyən "demokratiya" qoruyucularını Özünün qılıncı etdi. "Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı" (Bəqara 251). Quranı mənəviyyat qaynağı və həyat düsturu, Peyğəmbər(ə)-nin həyat və fəaliyyətini örnək göstərən Rəbbimiz belələrinə xitabən dəfələrlə buyurub: "Bir-birinizin malını haqqınız olmadığı halda yeməyin" (Bəqara 188); "Özlərindən sonra aciz və zəif övladlar qoyub gedən olan şəxslər, onlardan ötrü necə qorxurlarsa (xalqdan ötrü də) o cür qorxsunlar" (Nisə 9).

   Zahiri İslamı, daxili qeyri - İslami olan belə kəslər əslində VIII əsrdən başlayaraq ibadəti unudub, Mədinənin mütrüb qadınlarına və şəraba uyanlarla eyni səviyyədədir. Rəbbin səbrini bir xilas, şans kimi qəbul etməyən o dövrün Mədinə sakinləri rəhbərlərilə birlikdə 1256-cı ildə "Hicaz atəşinə" məruz qaldı. Səlnaməçilər yazıblar ki, o zaman Peyğəmbər(ə) şəhərini - Mədinəni qaya və daşları əridən lava seli bürüdü. Şəhər əhli günahları üçün dua və tövbə edərək, Həzrət Məhəmmədin məzarı yanındakı Məscidə - Peyğəmbər(ə) məscidinə sığındılar. İlahi qüdrət və mərhəmət ilə lava nə məscidə, nə də oraya sığınan əhli - keflərə toxundu.

 

   Fransanın keçmiş Xarici İşlər naziri Rolan Düma - Qəddafinin şəxsi müşaviri

 

   İslama, onun ümumbəşəri dəyərlərinə kölgə salan, şahlıq tacını fitratdan gətirən dəyər kimi heç kəsə vermək istəməyən qəddafilər xalqı aldatmaq üçün artistlik etməyi də yaxşı bacarırlar. Fransanın keçmiş Xarici İşlər naziri Rolan Dümanı özünə məsləhətçi götürən Qəddafi, demokratik dünyaya bir mesaj da verir ki, baxın, mən demokratiya sahəsində örnək olan bir ölkənin keçmiş rəhbərini müşavir götürmüşəm. Digər tərəfdən, "demokrat" Dümanın Qəddafi "əmziyindən" imtina etməyib, həmin rejimlə işləməsi çox mətləblərdən xəbər verir.

   Polkovnik Qəddafi rejimini saxlamaq naminə özünü Səlahəddin Əyyubiyə də oxşadır. Məlumdur ki, S.Əyyubi İslam torpaqlarını səlibçilərdən xilas etmək üçün hara gedibsə çadırda yaşayıb. Qəddafi isə əksinə, çadırını Avropa səyahətləri zamanı qurub. Və bununla da özünü yaşadığı regionun ağsaqqalı kimi təqdim etməyə çalışıb. İndi o, növbəti fəndlərə əl ataraq 42 il xalqdan oğurladığı sərvətin (hər bir liviyalı ailəsinə 800 dollara qədər) cüzi hissəsini ona qaytarmaq barədə əmr verib. Məqsəd aydındır: Özünü və rejimini qorumaq. Lakin xeyri yoxdur. Çünki Qəddafi, bin Əli, Mübarək, Kabus və onlara bənzər "islam şeyxləri, liderləri" Xaliqin yüksəldərək zəlalətə saldığı, xalqın isə lənətlədiyi kəslərdir. Zira: "Xalqın başçısı, icmanın yol göstərəni xalqın mənafeyinə zidd hərəkət edərsə, hər şeydən agah olan Xaliqin rəhmətindən məhrum olar" (Həz.Məhəmməd).

 

   150 milyard dollar yalnız "Facebook"a görə

  

   Ərəb ölkələrindəki xalq üsyanından təşvişə düşən Səudiyyə Ərəbistanı kralı isə qabaqlayıcı manevrələr edir. Kral internetin ən böyük sosial şəbəkəsi "Fasebook"u 150 milyard dollara(!) almaq istəyir. Halbuki, İslam dövlətinin qurucusu, Allahın seçdiyi Peyğəmbəri, bəşəriyyətin iftixar abidəsi, Məkkə və Mədinənin sahibi Məhəmməd Ələyhissələm vəfat edərkən onun dünya malından miras olaraq vur-tut iki kilimi, üstündə "Məhəmməd Allahın Rəsuludur" yazısı olan möhürü, silahı, 20 dəvəsi və 100 baş davarı qalmışdı. Məkkə və Mədinənin indiki kralı isə yalnız interneti susdurmaq üçün 150 milyard dollar təklif edir! Səbəb aydındır. Xalqdan oğurlanan pul ilə xalqın kütləvi etiraz aksiyalarının qarşısını almaq. Kral həm də Həcc ziyarəti zamanı Məkkədə kəsilmiş qoyunların 931 min dondurulmuş cəmdəyini Afrika, Asiya ölkələri, Səudiyyə Ərəbistanı və Azərbaycana göndərilməsi barədə göstəriş də verib. Sual olunur: Hər il QMİ ilə birgə Həcc ziyarətinin qiymətini artıran kralı bu işə nə vadar edib? Cavab birdir: Xalq qorxusu! Şahlıq tacının, ağlasığmaz varidatın itirilməsi dəhşətindən qaynaqlanan bu "mərhəmət, ehsan" Rəbb dərgahında qəbul olunarmı?! Xeyr! Çünki nəfs naminə görülən bu işlər Fironun ölümqabağı tövbəsinə bənzər. Quran kəlamı ilə desək, "könül xoşluğu ilə versələr belə, onların verdikləri qəbul olunmaz".

   Hörmətli oxucu: Düz 500 ildir ki, İslam aləmi qeyri-islamın elm, texnologiya, insan haqq və azadlıqları kimi sədəqəsinə möhtacdır. Halbuki: Bu dəyərlər başqa dinlərlə müqayisədə sonuncu din olan İslamda daha çox təqdir və təbliğ olunub; İnsanın doğuluşdan gətirdiyi haqq və azadlıqlar, məsləhət, plüralizm, konsensus, Qurani Kərimdə xüsusi yer alan Şura surəsi kimi dəyərlər İslamın demokratik, açıq din olduğunu sübut edir. Bəs, nə üçün geri qaldıq? Məncə 500 il geriliyimizin səbəblərindən biri də "döşəkçürüdən" bin əlilərin, qəddafilərin, mübarəklərin anti-bəşər, anti-Quran rejimləri olub desək, yanılmarıq.

   Və bir də. Peyğəmbər(ə) buyurub: "Qiyamətin əlamətlərindən biri də Yəməndə bir atəşin peyda olmasıdır". "İki böyük dövlət vuruşmayınca qiyamət qopmaz"; "Qiyamət öncəsi yaşayan insanlar bəşərin ən pisidir".

   Kim bilir, bəlkə də bu atəş özündən sonra iki böyük cəbhənin müharibəsinə çevriləcək?! Çünki artıq Venesuela prezidenti Çavesin təşəbbüsü ilə Latın Amerikası ölkələri, Türkiyə, Rusiya kimi dövlətlər (Çin hələ ki, gözləyir) ABŞ və Fransanın Liviyaya qoşun yeritməsi planını pisləyirlər. Düşünməyə dəyər...

 

 

   Vaqif Cəliloğlu

 

   Bakı xəbər.- 2011.- 8-9 mart.- S. 11.