Azərbaycan kitablarının dünya kitabxanalarında yeri barədə ikili rəylər...

 

  Nə etməli?

 

  Çingiz Əlioğlu: "Nəşriyyatlarımızın çap etdiyi kitablar Azərbaycanı təbliğ etmək baxımından çox böyük rol oynayır"

 

  Elektron kitabxanaların geniş yayıldığı, virtual oxu mədəniyyətinin yeni formalaşdığı bir dönəmdə yaşayırıq. Artıq dünyanın nüfuzlu kitabxanalarının əksəriyyətinin İnternet variantı hazırlanıb. İstifadəçilər də istədiyi ədəbiyyatı İnternet vastəsilə oxuya bilir. Məsələ burasındadır ki, virtual kitabxanadan yalnız internetdə işləməyi bacaranlar istifadə etmək imkanı əldə edir.

   Lakin elektron kitab şəbəkəsi nə qədər genişlənsə də, əhatəli olsa da tam olaraq çap kitabçılığı üstələyə bilməyib. Məlumatlara görə, hələ də dünya əhalisinin, kitabsevərlərin böyük əksəriyyəti çap ədəbiyyatını oxumağa maraq göstərir.

   Azərbaycan kitabının dünyaya çıxışı, bəşər kitabçılıq mədəniyyətində boy göstərməsi əvvəllər mümkün olmayıb. Sovet dövründə Azərbaycan nəşriyyat və mətbəələrində çap olunan kitabların cüzi bir qismi xarici kitabxanalara gedib düşürdü. O da təsadüf nəticəsində. SSRİ ilə dostluq edən ölkələrin çoxuna rus müəlliflərinin əsərləri hədiyyə edilirdi. Bizim kitabların isə beynəlxalq çıxışı təmin edilmirdi. Baxmayaraq ki, həmin dövrdə Azərbaycanda böyük bir kitab intibahı yaşanırdı, çoxlu nəşriyyat və mətbəələr mövcud idi. Kitablar çox böyük tirajla çap olunurdu, müəlliflərə yüksək qonorar verilirdi. Amma bu kitablar ancaq SSRİ çərçivəsində yayılırdı.

   Məlumatlara görə, bəzi əcnəbi dillərdə nəşr edilən ədəbiyyat nümunələri xarici ölkələrə müəlliflərin özləri tərəfindən aparılırdı. Bu gün isə vəziyyət çox dəyişib. Azərbaycan kitabının beynəlxalq aləmə çıxışında xeyli yumşalma meylləri hiss edilir. Artıq müəyyən vasitələrlə kitablarımız xarici ölkə kitabxanalarında yer tutur.

   Düzdür, qədim əlyazmalarımızın böyük hissəsi, Azərbaycanın klassik şairlərinin əsərlərinin orijinalı, alimlərimizin elmi-fəlsəfi əsərlərinin çoxu xarici kitabxana və muzeylərdə saxlanır...

   Məlumat üçün bildirək ki, müasir Azərbaycan nəşriyyat və mətbəələrində müxtəlif dillərdə çap olunan ədəbiyyat nümunələrinin bir çoxunu xaricə aparmaq mümkündür. Bu iş əsasən Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Mədəniyyət və Turizm Nazirliyinin xəttilə baş tutur. Az da görünsə, burada Azərbaycan Yazıçılar Birliyinin də müəyyən xidmətləri var. Yazıçı və şairlərin özləri də fərdi olaraq bu məsələdə öz səylərini əsirgəmir. Çağdaş Azərbaycan yazıçı və şairlərinin bir neçəsinin ölkəmizdə nəşr olunan kitabları müxtəlif xarici dillərə çevrilərək ölkə hüdudlarından kənarda yayılır. Təbii ki, həmin nəşrlərin bir sıra ölkə kitabxanalarına düşməsi gözləniləndir.

   Ekspertlər hesab edir ki, dünya kitabxanalarında olan kitablarımız əsasən dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, Qarabağ həqiqətlərini, mədəniyyət və mənəvi dəyərlərimizi, ədəbiyyatımızı, fəlsəfi fikir tariximizi tərənnüm edən nəşrlərdir. Onlar isə Azərbaycan haqqında oxucularda böyük təəssüratlar yaradır. Bu nəşrlərin Azərbaycançılıq ideologiyasını yüksək səviyyədə təbliğ etdiyini deyənlərə görə, bu işi daha geniş şəkildə həyata keçirmək lazımdır.

   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat Sektorunun müdiri, MDB ölkələrinin İcraiyyə Komitəsində dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə dövlətlərarası şuranın sədri, tanınmış şair-tərcüməçi Çingiz Əlioğlu bizimlə söhbətində bildirdi ki, Azərbaycan kitabı dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq kitab sərgilərində iştirak edir. Azərbaycan naşirlərinin ərsəyə gətirdiyi kitabların xaricdə də böyük maraqla qarşılandığını deyən Ç.Əlioğlunun sözlərinə görə, hazırda milli kitabın təbliği sahəsində irəliləyişlər var: "Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra Azərbaycan kitabının xaricdəki təbliğatı daha intensiv hal aldı. Bu hər şeydən əvvəl bu, bizim kitabların xaricdə keçirilən kitab sərgilərində, yarmarkalarda iştirakı ilə bağlıdır. İl ərzində dünyanın müxtəlif ölkələrində keçirilən 7-8 nüfuzlu kitab sərgilərində iştirak edirik. Sonra həmin kitabları respublikamızın o ölkələrdə fəaliyyət göstərən səfirliklərinə təhvil veririk. Səfirliklər isə, öz növbəsində, o kitabları həmin ölkələrin iri universitetlərinin kitabxanalarına, xaricdəki Azərbaycan mədəniyyət ocaqlarına hədiyyə edir. Bir sıra ali məktəblərin kitabxanalarının nümayəndələri birbaşa bizim sərgiyə gəlir və nümayəndə heyətimizə müraciət edir, onların vasitəçiliyilə Azərbaycandan öz kitabxanaları üçün lazım olan kitabları əldə edir. Məsələn, Çində keçirilən kitab sərgisində olarkən uyğurlar (bilirsiz ki, Çində 25 milyon uyğur yaşayır və onlar türkdilli xalqdır-Ç.Ə) Azərbaycan ekspozisiyasında nümayiş olunan kitablara böyük maraq göstərirdi. Kitablarımız həm Pekin Universitetinin Uyğur ədəbiyyatı fakültəsində təhsil alan tələbələrin, həm də Urumçidən gələn tələbə və müəllimlərin diqqətini cəlb edirdi. İmkan daxilində, buradan apardığımız kitablardan onlara hədiyyələr edirdik. Yəni ən lazımlı kitablardan bəzən bir neçə nüsxə aparırıq. O kitabları bu tip təşkilatların, insanların xahişilə onlara pay veririk. Bundan başqa, səfirliklərimiz özləri də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müraciət edib kitabları xaricə aparır. Elə ölkələr də var ki, onlarla bizim əlaqələrimiz yoxdur. Argentina, Mərakeş və s. kimi. Biz çoxsaylı kitablar toplusu toplayıb (bura adətən 500 adda kitab daxildir) nazirliyimizin xəttilə Xarici İşlər Nazirliyinə təhvil veririk. Onlar da, öz növbəsində, bu kitabları xaricə göndərir. Belə də olur ki, nazirliyin məktubları əsasında biz özümüz kitabları xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizə göndəririk".

   Xaricə göndərilən kitabların əsasən alman ingilis, ərəb, fransız, rus, Azərbaycan və başqa dillərdə olduğunu deyən Ç.Əlioğlunun sözlərinə görə, hansı ölkənin ali məktəblərində Azərbaycan ədəbiyyatı öyrənilir, ora ana dilimizdə olan kitablar da göndərilir: "Deyək ki, Moskva Dövlət Universiteti, Xarici Dillər Universiteti, Almaniya və digər ölkələrin universitetlərində Azərbaycan dili davamlı öyrədilir və biz o müəssisələrə Azərbaycan dilində kitablar göndəririk. O ali məktəblərin tələbələri adətən o ədəbiyyatla birbaşa orijinaldan tanış olmaq istəyirlər. Bu da çox düzgündür. Bundan başqa, ən çox Avropa ölkələrində keçirilən kitab sərgilərində iştirak edirik. Almaniyada, İngiltərədə, Fransada olarkən Avropada kitab yayımı ilə məşğul olan ixtisaslaşlaşmış kitab ticarəti müəssisələrinin nümayəndələri bizə müraciət edir. Onlar bizim vasitəmizlə, eyni zamanda, Azərbaycan dilində olan ədəbiyyatla maraqlanır. Bildiyiniz kimi, Avropa ölkələrində, xüsusilə də Almaniyada, Belçikada, Hollandiyada istər Arazın o tayından, istərsə də bu tayından çoxlu sayda soydaşımız yaşayır. Onlar da, Türkiyə türkləri də Azərbaycan dilli ədəbiyyatla maraqlanır. Biz, daha çox, çağdaş Azərbaycan ədəbiyyatı nümayəndələrinin diqqəti cəlb edən əsərlərini ya onlara hədiyyə veririk, ya da onlar o kitabları bizim köməyimizlə əldə edir. Soydaşlarımız burada fəaliyyət göstərən nəşriyyatlarla əlaqə yaradıb kitab mübadiləsini həyata keçirir".

   Bu il Bakıda II Beynəlxalq Kitab Yarmarkasının keçiriləcəyini bildirən Ç.Əlioğlunun dediyinə görə, həm xarici nəşr evləri, həm də bizim öz çap məhsulları buraxan nəşriyyatlarımız öz ekspoziyalarında nümayiş etdirilən nümunələri eyni zamanda satmaq hüququna malikdir: "Amma biz, nazirlik olaraq, kitab satışı ilə məşğul olmuruq".

   Xarici kitabxanalarda olan kitabların Azərbaycanı çox yüksək səviyyədə təmsil etməsi qənaətində olan Ç.Əlioğlunun dediyinə görə, bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən beynəlxalq kitab sərgisində də təmsilçilərimiz iştirak edib: "Biz sərgiyə kitab apararkən ilk növbədə Azərbaycan elminin, Azərbaycan ictimai-mədəni fikrinin ən müxtəlif sahələrini özündə ehtiva edən kitab nümunələrini seçib toplayırıq. Bu nümunələr adətən sınanmış qələmi olan, tanınmış istedadlı adamların əsərləri olur. Yaxud da yeni, amma toxunduğu sahə ilə bağlı dolğun, yetərincə, sanballı fikirləri olan müəlliflərin kitabları sərgiyə göndərilir. Müxtəlif sahələri əhatə edirik. Burada uşaq kitablarından tutmuş tariximizə, çağdaş həyatımıza, açıqcalara, xəritələrə qədər çox şey toplanır. Sonuncu dəfə dünyada məşhur İsgəndəriyyə Beynəlxalq Kitab Sərgisində olanda ekspozisiya ilə birgə divarlardan Azərbaycanın böyük xəritələrini asmışdıq. Nəşriyyatlarımızın çap etdiyi son dərəcə gözəl xəritələr var ki, onlarda həm bizim düzlərimiz, dağlarımız, çaylarımız, ovalıqlarımız, çöllərimiz, meşələrimiz, göllərimiz, dənizimiz, həm də bütün flora və faunamız, tarixi abidələrimiz öz əksini tapıb. O xəritələrin bəzilərini istedadlı rəssamımız İsmayıl Məmmədov çəkib, çox gözəl və cəlbedici xəritələrdir. Bizim sərgiyə gələn Misir vətəndaşları təəccüblənirdi. Bilirsiz ki, 70 milyondan çox vətəndaşı olan Misirdə əhali öz torpaqlarının cəmi 4 faizində yaşayır. Çünki bütün ölkə qumsallıqlardan ibarətdir. Bir də əbədi Süveyş kanalları var. Misirlilər bizim xəritələrdə təbiətimizin, torpaqlarımızın o cür dolğun təsvirini görəndə çənələri sinələrinə düşürdü. Yəni dünyada belə gözəl məmləkət var. Bu gün Azərbaycan nəşriyyatlarının çap etdiyi kitablar, xüsusən də istər Heydər Əliyev Fondunun, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istərsə də bizim nazirliyin xəttilə respublikanın aparıcı nəşriyyatları - "Təhsil", "Çap-Poliqraf", "Çinar-Çap", "Aura-Asiya", "Çaşıoğlu" və başqalarının çap etdiyi kitablar dünyanın kitabla təmasda olan insanlarının stolunun üstünə gedir. Nəşriyyatlarımızın çap etdiyi kitablar Azərbaycanı təbliğ etmək baxımından çox böyük rol oynayır".

   Azərbaycan kitabına dünyada böyük maraq göstərildiyini deyən Ç.Əlioğlunun sözlərinə görə, bu o qədər cəlbedici olur ki, onu hər kəsin öz gözlərilə görməsi vacibdir. Ç.Əlioğlunun dediyinə görə, bəzi xarici ölkələrdə keçirilən kitab sərgilərdə azərbaycanlıların kütləvi şəkildə iştirak etməməsi onu narahat edir: "Bu yaxınlarda Belarus respublikasında keçirilən 18-ci beynəlxalq kitab sərgi-yarmarkasından qayıtmışam. Həmin ölkənin vətəndaşları səhər saat 9-dan axşam 6-ya qədər fəaliyyət göstərən bu sərginin ekspozisiyalarına necə axın-axın gəlirdi. Ekspozisiyaları bir-birindən ayıran cığırlarda bəzən hərəkət eləmək mümkün olmurdu. İnsanlar bu sərgiyə baxmağa könüllü şəkildə gəlirdi. Belarusda o qədər azərbaycanlı yaşayır. Bütün o müddət ərzində o sərgidə maksimum 5 azərbaycanlı gördüm, ya görmədim. Bu da məndə təəssüf hissi yaratdı. Bu da bizim insanların oturuşmuş dəyərlərə münasibətinin göstəricisidir. Kitab ehramdır, kitab irfan ocağıdır, kitab bilik mənbəyidir və o oturuşmuş, ümumbəşəri bir dəyərdir. Bu dəyərə münasibətə bizim soydaşlarımızın bəzilərində soyuqluq var. Kütləvi informasiya vasitələrimizin bir vəzifəsi də Azərbaycan oxucusunun 20-30 il bundan əvvəl kitaba olan marağını, sevgisini, münasibətini bərpa eləməkdən ibarət olmalıdır. Vaxt vardı, Azərbaycanda istər klassiklərin, istərsə də müasir şairlərin şeir kitabları yüz min tirajla çıxırdı. Mənim öz kitablarım 30 min tirajla, Nüsrət Kəsəmənlinin kitabları 40 min tirajla çıxırdı. Amerika kimi ölkənin yazarları bizimlə söhbətdə biləndə ki, 8 milyonluq Azərbaycanda şeir kitabı 30 min tirajla çıxır, çox təəccüblənirdilər. Bu həmin Azərbaycandır, həmin insanlardır".

   Ç.Əlioğlunun sözlərinə görə, iki ildir, MDB Ölkələrinin İcraiyyə Komitəsində dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə dövlətlərarası şuranın sədri kimi fəaliyyət göstərir: "Bizim şuranın iclasında kitab nəşrinin, kitab yayımının ən müxtəlif problemlərilə bağlı ardıcıl olaraq müzakirələr aparılır, qərarlar qəbul edilir, sonra bu qərarlar dövlət başçılarının sammitində təsdiq olunur. Mənim üçün çox təəssüflü cəhət ondan ibarətdir ki, bu gün Azərbaycan oxucusu kitaba o qədər də maraq göstərmir. Bu istiqamətdə

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə böyük işlər görülür. Məsələn, 2009-cu ildə keçirdiyimiz Bakı Beynəlxalq Kitab Sərgisinə dünyanın uzaq-yaxın ölkələrindən nümayəndə heyətləri, nəşriyyatlar təşrif buyurmuşdu. Oxucularımız da kitaba müəyyən dərəcədə maraq göstərirdi. Düzdür, burada təşkitlatçılıq məsələləri vardı. Nə gizlədim, bəzən sərgiyə insanların gəlişini təşkil edirdik. Amma öz xoşuna, könüllü şəkildə gələnlər də az deyildi".

   Ç.Əlioğlu dedi ki, cəmiyyətdə kitaba olan marağı geri qaytarmaq üçün həm ziyalılar, həm mətbuat işçiləri xüsusi fərqlənməlidir. Onun sözlərinə görə, bəzən ali təhsilli bir adamın evinə gedirsən və orada hər cür saxsı, dəmir qablara rast gəlirsən, amma burada bir dənə də olsun kitaba rast gəlmirsən, bu faciəli bir haldır: "İndi texniki tərəqqi dövrüdür, nouhaular, yeni texnologiyalar var. İnsanlar İnternet vasitəsilə kitablarla tanış olmaq imkanı əldə edir. Amma kitabın özü ilə birbaşa tanış olmaq imkanı tamam başqa bir haldır". Sonda Ç.Əlioğlu bütün kitabsevərləri Azərbaycan kitabını ölkədə və dünyada təbliğ etməyə çağırdı.  

   Yazı Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyilə çap olunur

  

 

   İradə SARIYEVA

 

   Bakı xəbər.- 2011.-10 mart.- S. 15.