Dünyanın nüfuzlu universitetlərində işləyən alimlərimizin fəaliyyətinin koordinasiyası...

 

Vaqif Arzumanlı: "Azərbaycanlı elm adamları vasitəsilə ölkə həqiqətlərini nüfuzlu ali məktəblərin tiribunalarından səsləndirmək olar"

 

"Biz xaricdəki soydaşlarımızın elmi potensialından istifadə etməyə qadirik"

 

Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Sadalanan bu faktorlar hər bir millətin kimliyini özündə əks etdirən bir etalondur. Nəzərə almaq lazımdır ki, hər bir xalq ona məxsus olan milli dəyərləri, fərqlilikləri özündə əks etdirən ənənələri yaşada, tanıda bilirsə, o zaman dünya miqyasında bir millət olaraq öz möhürünü vurur.

   O üzdən bu kimi fərqli dəyərlər toplusundan ibarət ənənələrin qorunub saxlanması çox mühüm əhəmiyyət kəsb edir. Zamanında onları qorumaq, tanıtmaq və ən başlıcası - böyüməkdə olan gənc nəslə təlqin etmək başlıca vəzifələrdən biri olmalıdır. Ona görə ki, dünya həddən ziyadə sürətlə qloballaşır. Qloballaşan dünya isə sayca bir qədər az olan xalqlara məxsus dəyərləri yox edir. İstəsək də, istəməsək də bu belədir. Belə olan halda xalqların kimlik məsələsinin qorunması həddən artıq çətinləşir. Ona görə də bu istiqamətdə görülən işlər kompleks şəkildə həyata keçirilməklə yanaşı, son dərəcə sistemli olmalıdır ki, effektivliyi böyük olsun. Yəni görülən işlər müasir dövrün tələblərinə cavab verəcək səviyyədə olmalıdır. Müasir dövrlə ayaqlaşmadan bu işi arzuolunan səviyyədə qurmaq mümkün görünmür. Hər addımda nəzərə almalıyıq ki, bu yöndə görülən işlər, atılan addımlar milli ideologiyanın tərkib hissəsini təşkil edir. Yəni bunları milli ideologiyadan ayrı təsəvvür etmək doğru olmaz. Ayrı təsəvvür olunarsa, o zaman bir natamamlıq yaranacaq. Çünki unutmaq olmaz ki, dövlətin oturuşmasında, möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bütün bunların cəm halında var olması ciddi əhəmiyyət kəsb edir. Yəni bu faktorların hamısı nəticə etibarilə bir-birini tamamlamalıdır. Yuxarıda sadalanan bütün bu faktorların vəhdəti bir daha dövlətin monolitliyini, bütövlüyünü özündə ehtiva edir.

   Məlum obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan 70 il sovet Rusiyasının işğalı altında olub. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz kimliyini itirməyib. İyirmi ilə yaxındır Azərbaycan Respublikası müstəqillik əldə edib. Ötən dövrün bir hissəsi çox keşməkeşli mərhələlərə təsadüf etsə də, ölkəmiz sürətlə inkişaf edir, beynəlxalq aləmə inteqrasiyası davam edir. Ötən dövr ərzində ölkə iqtisadiyyatının müxtəlif sahələrinə xarici sərmayə cəlb olunub. Bütün bunların fonunda bir sıra istehsal və xidmət sahələri yaranıb ki, minlərlə ölkə vətəndaşı ora cəlb olunaraq əmək fəaliyyətilə məşğul olur. O da məlumdur ki, ölkə yenicə müstəqillik dövrünə qədəm qoyduqdan sonra yaranan iqtisadi çətinliklər üzündən çoxsaylı elm adamı Azərbaycanı tərk etməli oldu. Böyük elmi potensiala, zəngin tərcübəyə malik həmin elm adamlarının ölkəni tərk etməsi ölkə üçün itki olsa da, əslində bu cür vəziyyət keçid dövrünü yaşamış bütün ölkələr üçün xarakterik olub. Yəni bu cür vəziyyət təkcə Azərbaycana xas olmayıb. Azərbaycanı tərk edən elm adamları dünyanın müxtəlif ölkələrində, ayrı-ayrı nüfuzlu ali məktəblərdə fəaliyyət göstərir. Onu da qeyd edək ki, ölkəni tərk edən elm adamlarının bəziləri, onlara lazımi diqqət göstərilmədiyinə görə, bir növ Azərbaycandan küsüb. Yəni belələri də var. Bütün bunların fonunda Azərbaycanı tərk edən elm adamlarının dünyanın müxtəlif universitetlərində bəlli bir nüfuzu və əlaqələri vardır. O üzdən, həmin elm adamlarının ölkə ilə olan əlaqələrini sistemli şəkildə koordinasiya etmək lazımdır. O məqsədlə ki, Azərbaycanı xaricdə doğru-düzgün tanıda bilsinlər. Bunun üçün də müəyyən bir qurum yaradılmalıdır. Bu ya Təhsil Nazirliyin nəzdində olmalıdır, ya da ayrıca bir QHT formasında. Əsas odur ki, bunun sayəsində Azərbaycan həqiqətlərini arzuolunan səviyyədə dünyaya tanıda bilək. Çünki onların mövcud potensial imkanlarından dövlət, xalq, azərbaycançılıq naminə faydalanmaq olar.

   Məsələyə münasibət bildirən siyasi şərhçi, professor Vaqif Arzumanlının sözlərnə görə, 80-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın bir sıra görkəmli elm, mədəniyyət, incəsənət xadimləri xarici ölkələrə mühacirət edib: "Bunun müxtəlif səbəbləri var. 1991-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra Azərbaycandaki ictimai-siyasi proseslərlə bağlı elm adamlarının xaricə axını bir qədər də intensiv xarakter aldı. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Məsələ ondadır ki, o dövrdə dövlətin imkanları məhdud olduğuna görə, elm və mədəniyyət xadimlərinə lazımi diqqət, qayğı göstərilmədi. Daha doğrusu, bunu edə bilmədi. Nəticədə xarici ölkələrə gedən ayrı-ayrı ziyalılarımız gördülər ki, Türkiyə, Almaniya, Kıprıs kimi ölkələrdə mütəxəssisə, alimə xüsusi qayğı var. Ona görə də elm adamları öz həyat şəraitini yaxşılaşdırmaqdan ötrü bu və ya başqa səbəbdən xarici dövlətlərə köçməli oldu. Gedənlərin böyük bir qismi getdiyi ölkədə fəaliyyətlərini davam etdirir. Yəni indinin özündə də orada qalmaqdadılar. Ancaq bu heç də o demək deyil ki, onlar getdikləri ölkələrdə sakit dayanıblar. Onlar, eyni zamanda, Azərbaycanın təbliğatçıları hesab olunur. Həmçinin, onlar Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin bir növ elçiləri kimi çıxış edirlər. Çünki dövr, zəmanə bunu tələb edir. Bəziləri hətta orada müxtəlif məsul vəzifələrdə də çalışır. Yəni onlar bir azərbaycanlı olaraq orada qalır, Azərbaycanı sevirlər. Bu insanların bir qismi Azərbaycan diasporunun nümayəndələri hesab olunur. Həmin soydaşlarımızın bəziləri Diasporla İş üzrə Dövlət Komitəsilə əlaqə saxlayır. Bununla belə, xaricdə yaşayan azərbaycanlı elm adamları soydaşlarımızla bağlı olan milli dərnək və asossiasiyalarla da əlaqə saxlayırlar. O təşkilatlar da müəyyən mənada həmin insanların fəaliyyətini mərkəzləşdirmək baxımından iş görür".

   V.Arzumanlının açıqlamasından belə məlum oldu ki, xaricdə fəaliyyət göstərən azərbaycanlı elm adamları ilə bağlı xüsusi qurumun yaradılmasına ehtiyac yoxdur: "Təzədən Diaspora ilə İş üzrə Dövlət Komitəsinə oxşar qurumun yaradılmasına ehtiyac yoxdur. Çünki soydaşlarımız ayrı-ayrı qitələrdə yaşayır. Ancaq bu heç də o demək deyil ki, onlarla olan əlaqələri koordinasiya etmək olmaz. Prinsipcə bu mümkündür. Sadəcə, əsas məsələ odur ki, bu işi dövrün tələbləri səviyyəsində koordinasiya etmək mümkün olsun. Digər tərəfdən, həmin elm adamlarını ölkəyə geri qaytarmaq da olar. Sadəcə, bunun üçün normal şəraitin yaradılmasına ehtiyac var. Onlar öz elmi potensiallarını ölkəmizdə realizə edə bilsələr, o zaman qazancımız daha böyük olacaq. Bununla yanaşı, onların ölkəyə qayıdışı Azərbaycanın dinamik inkişafı üçün əlavə stimul olacaq. Bunun üçün onlara xaricdə ödənilən əməkhaqqı səviyyəsində məvacib vermək lazımdır. Düşünürəm ki, biz xaricdəki soydaşlarımızın elmi potensialından istifadə etməyə qadirik. Bunun üçün Azərbaycandan elmin, təhsilin, incəsənətin inkişafına sərf olunan kapitalın həcmini artırmağa ehtiyac var. Alimin, ziyalının, incəsənət xadiminin əməyinə, xidmətlərinə yüksək qiymət vermək lazımdır. Bununla əlaqədar ayrıseçkilik olmamalıdır. Akademiya, ayrı-ayrı elmi təşkilatlar, mədəniyyət ocaqları sistemində ziyalının qayğısına lazımi səviyyədə qalınarsa, müsbət nəticələr əldə etmək olar. Mən özüm də ziyalı olaraq təəssüflənirəm ki, Azərbaycanın görkəmli riyaziyyatçıları, kibernetikləri ayrı-ayrı nüfuzlu dövlətlərin elm mərkəzlərində dərs deyir və onların beyin kapitalı həmin dövlətlərin malına çevrilir. Onu da nəzərə almalıyıq ki, ölkədən gedən elm adamlarının hamısı vətəndən üz çevirib getməyib. Bəziləri çarəsizlikdən, digərləri isə imkansızlıq üzündən ölkəni tərk edib. O baxımdan onların bir qismi qayıda bilər. Başqa bir tərəfdən, xaricdə olan azərbaycanlı elm adamları vasitəsilə ölkə həqiqətlərini nüfuzlu ali məktəblərin tiribunalarından səsləndirmək olar. Onu da nəzərə almaq lazımdır ki, xaricdə fəaliyyət göstərən azərbaycanlı elm adamları adi adam deyillər. Onlar elm, sənət, pedaqoqika sahəsində yüksək təfəkkürə malik ziyalılardır. Yəni onlar adi ziyalı olsaydılar, o zaman həmin ölkələr onları qəbul etməzdi. Qəbul eləsəydilər belə, onlara yüksək səviyyədə şərait yaratmazdılar. Soydaşlarımız istedadlı, bacarıqlı, səriştəli olduqlarına görə, bir azərbaycanlı kimi, yaxın və uzaq xarici ölkələrdə fəaliyyət göstərmək imkanı əldə edə biliblər. Nəticədə onların əməyi həmin ölkələrin elm sahələrinin inkişafına kömək edir. Eyni zamanda, həmin insanlar torpağa bağlı olaraq Azərbaycanın təbliğilə məşğuldur. Yanvar hadisəsilə, Xocalı, Mart soyqırımları ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edirlər. Bu minvalla özlərinin milliliyini, torpağa bağlılığını, vətənpərvərliyini sübut edirlər. Bu da, əlbəttə, xeyirli bir cəhətdir. Çünki onların dediyi sözə yaşadıqları ölkənin ictimaiyyəti inanır və onlardan nəsə götürür. Bunun özü də Azərbaycanın təbliğinin, tanıdılmasının bir növüdür.

   Çünki Əlimərdanbəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli kimi ziyalılarımız daim Azərbaycanı xaricdə tanıtmağa çalışıb. Həmin prosesin indi başqa səhifələri təkrar olunur. Xaricdə elmi fəaliyyətlə məşğul olan soydaşlarımız müasir dövrün tələbləri baxımından Azərbaycanın təbliğini aparan ziyalılarımızdır".

   Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

 

 

   Vidadi ORDAHALLI

 

   Bakı xəbər.- 2011.- 10 mart.- S.12.