Azərbaycanın xalq yaradıcılığı paytaxtları...

 

  Yeni paytaxtlar 20 şəhər arasından seçildi

 

  Yerüstü və yeraltı sərvətlərlə zəngin olan, böyük mənəvi, mədəni dəyərlərə sahib Azərbaycan torpağında sənətin bütün növləri yüksək səviyyədə inkişaf eləyib. Ölkəmiz qədim şəhərlər diyarı kimi də xarakterizə edilir. Azərbaycanda tarixə bəlli olan şəhərlərlə yanaşı, mövcudluğu haqda heç bir fakt olmayan, lakin barəsində əfsanələr dolaşan şəhərlər də var.

   Böyük tarixi keçmişi olan şəhərlərimizin bir çoxunda sənətkarlığın müxtəlif növləri yaranıb. O xalq sənəti sahələri hazırda da uğurla davam etdirilir. Sənətkarlar tərəfindən hazırlanan sənət nümunələrinin alıcısının o qədər də çox olmamasına baxmayaraq, o sənət növləri inkişaf etdirilir. Çünki onlar xalqımızın mədəniyyət, incəsənət və folklor tarixinin nişanələridir.

   Azərbaycan torpağı öz qoynunda olduqca çox sirlər, maddi-mənəvi dəyərlər gizlədib. Ulu babalarımızın bir vaxtlar qurub-yaratdığı sarayların, hazırladığı sənətkarlıq nümunələrinin xeyli hissəsi hələ də torpaq altda qalır. Onları da gün işığına çıxarıb xalqımıza qaytarmaq isə arxeoloqların işidir. Məlumdur ki, son illər dövlət tərəfindən Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna ölkə ərazisində arxeoloji qazıntılar aparması üçün maliyyə vəsaiti ayrılır. Artıq respublikanın müxtəlif bölgələrinə ekspedisiyalar gedir və orada qazıntı işləri apararaq külli miqdarda maddi-mədəniyyət qalıqları aşkarlayır. Axır zamanlar dövlət tərəfindən Azərbaycan xalqının keçmişini əks etdirən dəyərlərin üzə çıxarılması yönündə geniş tədbirlər görülür.

   Təxminən bir ay əvvəl Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın qeyri-maddi irsinə aid islahatların davamı olaraq diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə "paytaxtlar" seçib. Nazirlikdən "SalamNeWs"a verilən məlumata görə, 2011-ci il üçün Şabran "Azərbaycanın Əfsanələr Paytaxtı", Lənkəran "Azərbaycanın Folklor Paytaxtı", İsmayıllı isə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib.

   Qeyd edək ki, yeni "paytaxtlar" 20 şəhər arasından seçilib. Həmin şəhərlərdə nominasiyalara uyğun mərasimlər, elmi-praktik konfranslar, dəyirmi masalar, konsert və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

   Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi kiçik siyahı folklorşünasların çoxunu qəne eləsə də, bəziləri seçimin doğru olmadığını düşünür. Xüsusən də Lənkəranın "Azərbaycanın Folklor Paytaxtı" elan edilməsi narazılıq doğurur. Bu fikirdə olanlar hesab edir ki, bu nominasiyaya Naxçıvan, Qazax, Qarabağ daha uyğundur, nəinki Lənkəran. Məsələ bursındadır ki, hər üç "paytaxt" bu anlamı özündə daşıyır. İsmayıllının qədim sənətkarlıq mərkəzi olması tarixdən bəllidir. İsmayıllı sənətkarlarının yaratdığı misgərlik, zərgərlik, dulusçuluq, toxuculuq nümunələri minillikləri adlayaraq günümüzə qədər gəlib çıxıb. Hətta bu sənət əsərlərinə xarici muzey və kolleksiyalarda da rast gəlmək mümkündür. İçəri Şəhərdə, "Fəvvarələr meydanı"nda və başqa yerlərdə İsmayıllı sənətkarlarının hazırladığı nümunələr satışa çıxarılır. Təbii ki, alıcıların sırasında əcnəbi vətəndaşlar da olur. Miskərlərin ərsəyə gətirdiyi mis qablar muzeylərimizi də bəzəyir.

   Şabrana gəlincə, buranın qədim mədəniyyət mərkəzi olduğu bəllidir. Burada qədim Şabran şəhərinin olduğu da məlumdur.

   Lənkəranın "Azərbaycanın Folklor Paytaxtı" elan edilməsinin də məntiqə əsaslandığını düşünənlər isə deyir ki, bu torpaqda xalqımızın mənəvi ruhunu əks etdirən yüzlərlə folklor nümunələri yaranıb, bu gün də yaşayır.

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin (BDU) folklor kafedrasının müdiri, professor Azad Nəbiyevin fikrincə, bu seçim nisbidir, amma hər üç şəhər bu funksiyanı yerinə yetirə bilir.

   A.Nəbiyev bildirdi ki, Lənkəranda camaat arasında elə folklor nümunələri yaşayır ki, onlar hələ də yazıya alınmayıb. Alim ümid edir ki, bu şəhər "paytaxt" elan edildikdən sonra nazirliyin xəttilə buradakı bütün folklor nümunələri toplanıb nəşr ediləcək. Son illər Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət və incəsənət sahəsində gördüyü işləri təqdirəlayiq hesab edən A.Nəbiyev nazirliyin gələcəkdə də böyük işlər görəcəyinə inanır: "Axır zamanlar Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mədəniyyətini, tarixini, mənəvi dəyərlərini öyrənmək istiqamətində yeni kurs götürüb. Çünki yalnız müstəqillik dövründə bu problemləri ətraflı şəkildə öyrənmək olardı. Azərbaycan bölgələrinin hər birinin hansısa bir sənətkarlıq sahəsilə bağlı olması təbiidir. "Paytaxt"lar məsələsinə gəlincə, Şabranın "Əfsanələr Paytaxtı", Lənkəranın "Folklor Paytaxtı", İsmayıllının "Sənətkarlıq Paytaxtı" elan edilməsi bu şəhərlərin tarixi köklərini, qədim, arxaik mədəniyyətimizin izlərini axtarmaq baxımından çox maraqlıdır. Bu həm də o izləri axtarmağın başlanğıcıdır. Bəzən Lənkəranın "Folklor Paytaxt"ı elan edilməsi müəyyən narazılıq da yarada bilər ki, nə üçün Lənkəran "Folklor Paytaxtı"dır? Buna birmənalı münasibət bəsləmək olmaz. Amma Lənkəran ərazisində folklorumuzun çox qədim variantları yaradılıb və yaşayır. Burada rəqslər, laylalar, halaylar, çağırışlar,və s. nümunələr diqqəti cəlb edir. Biz Lənkəran folklor mühitini götürsək, bura orada yaşayan azsaylı xalqların folklorunu daxil etməmək şərtilə, Lənkəran ərazisində yaranan folklorun, poetik nümunələrin, ayrı-ayrı deyimlərin tarixi çox arxaikdir. Təəssüflənirəm ki, indiyə qədər onlar toplanmayıb. Lənkənarın özündə yaranan elə miflər var ki, onlar öyrənilməyib, qədim laydır, bir mənbədir. Orada yaranmış olan əski xorlar, əmək nəğmələri və s. öyrənilməlidir. Bu gün Folklor İnstitutu bölgələr üzrə folklor nümunələrini toplayıb çap edir. İş görülür, amma elə rayonlar var ki, ora sözün, sənətin ilk qaynağıdır. Vaxtilə Lənkəran ərazisində yaşayan Azərbaycan türklərindən toplanan nümunələrin bir çoxu - "Yar-yar", "Halay" və s. ən arxaik nümunələrdir. Mənə belə gəlir ki, Mədəniyyət Nazirliyinin Lənkəranı "Azərbaycanın Folklor Paytaxtı" elan eləməsi nisbi xarakter daşıyır. O bu seçimi edibsə, demək bu, Lənkəran ərazisində olan folklor nümunələrinin üzə çıxarılmasında işlər görəcək".

   Şabranın "Azərbaycanın Əfsanələr Paytaxtı" kimi təqdim olunmasına münasibət bildirən A.Nəbiyevin sözlərinə görə, ora qədim Şabran mədəniyyətinin mərkəzlərindən biridir: "Keçmiş Dəvəçi rayonunun arxasında əksi Şabran mədəniyyətinin mövcud olduğunu bilirsiniz. Arxeoloji qazıntılar zamanı üzə çıxan abidələr, saray xidməti, onların Şirvanşahlarla əlaqəsi üzə çıxıb. Bu ərazidə əfsanə janrının yaranması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Təkcə bir məsələni xatırladım. Mən bu ərazidə ekspedisiyada olarkən orada Fincan-bayat adlı bir kəndin olduğunu öyrəndim. Həmin kənddə "Dədə Qorqud" qəhrəmanlarından olan Selcan Xatun və Qanturalının məzarları olduğu haqda əfsanə eşitdim. Şabranda həm Dədə Qorqudun özü, həm də onun digər qəhrəmanları barəsində çoxlu əfsanələr mövcuddur. Bəzən iddia edirlər ki, Azərbaycan ərazisində İsgəndər Zülqərneyin haqda dolaşan əfsanələri toplamağa ehtiyac yoxdur. Hətta bunun üzərinə yasaq qoymaq istəyənlər də tapılır. Folklor barəsində məlumatı olmayan insanlar unutmamalıdır ki, hadisə, olay Azərbaycan ərazisində, Şabran dövlətinin mövcudluğu dövründə baş veribsə, onu öyrənmək lazımdır. Çünki Azərbaycan mədəniyyətinin müəyyən izləri bu əfsanələrdə qorunub saxlanıb. Şabranın əfsanələr diyarı olması ilə bağlı nazirliyə ekspert kimi hansı şəxs məlumat veribsə, ona "sağ ol" deyirəm. Bu çox düzgün mövqedir. Şabran ərazisində yayılan həm İslamdan əvvəlki, həm də sonrakı dövrün əfsanələrini toplamaq lazımdır. Türk millətinin müxtəlif boylara ayrılması, tarixi şəxsiyyətlərimizlə bağlı əfsanələr burada geniş yayılıb. Bunlardan biri də Xızırla bağlı əfsanələrdir. Şabran həqiqətən də bir əfsanələr mərkəzi kimi özünü göstərir. Şabranın əfsanələr diyarı kimi öyrənilməsini təqdir edirəm. Təki nəticə uğurlu olsun".

   A.Nəbiyevin sözlərinə görə, İsmayıllı ərazisində qədim Girdmanşah dövləti mövcud olub və dövlətin də siyasətinin bir hissəsi sənətkarlığı yüksək səviyyədə inkişaf etdirmək olub: "İsmayıllı ta qədimdən sənətkarlıq mərkəzi olub. Dulusçuluqdan başlayaraq misgərliyə, zərgərliyə qədər bir çox sənətkarlıq nümunələri burada hazırlanıb. Bu sənət nümunələri olduqca ecazkar olub. Misdən, gildən məişət əşayaları hazırlamaq ənənəsi bu ərazidə qədimlərdən mövcud olub. Tarixi mənbələrlə tanış olanda görürük ki, Azərbaycana gəlmiş səyyahlara Girdman şahlığı ərazisində yaşayan sənətkarların işlədiyi sənətkarlıq nümunələri hədiyyə edilib. Onlar da bu yadigarları öz şəxsi kolleksiyalarında qoruyub saxlayıb. Bu gün bu şəhərlərin tarixi mədəniyyətinin açıqlanması, onların ayrı-ayrı xalq yaradıcılığı mərkəzləri kimi öyrənilməsi nəticəsində üzə çıxarılan məlumatları, əldə olunan maddi sərvətlərin, əşyayi-dəllillərin ölkə ərazisindən çıxarılmasının qarşısı alınmalıdır. Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı ərazisində yaranmış və sonradan tapılmış bir maddi mədəniyyət nümunəsini aşkarlayarsa, onu Bakıya gətirməli və onun analoji surətlərini, variantlarını çıxarmalıdır. İsmayıllı ərazisində sənətkarlığın çox müxtəlif sahələri mövcud olub. O nümunələrə Azərbaycan Tarixi Muzeyində, digər muzeylərdə rast gəlirik. Bütövlükdə, ayrı-ayrı şəhərlərin bir mədəniyyət mərkəzi kimi öyrənilməsini təqdir edirəm. Akademiyanın Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutlarında çox böyük işlər görülür, qazıntılar aparılır. Qazıntılar zamanı yerin təkindən dəyərli əşyalar-taclar, qızıl camlar, üzərində yazılar olan nümunələr, əlifbaya bənzər şəkillər çıxır. Bunlar da bizə imkan verir ki, öz mədəniyyətimizin tarixi köklərini lap qədimlərdə axtaraq".

 

 

  İradə SARIYEVA

 

  Bakı xəbər.- 2011.- 11-13 mart.- S. 15.