31 mart soyqırımı barədə kampaniyanı dünyaya yaymağın yolları müzakirə olunur

 

  Əlirza Amanbəyli: "İstərdim, xaricdə də soyqırımla bağlı sənədli filmlər nümayiş etdirilsin"

 

  Arzuxan Əlizadə: "Hər hansı faktla bağlı beynəlxalq məhkəmələrə müraciət olunmalıdır"

 

  Cəmil Həsənli: "Bu istiqamətdəki sənədlərin xarici dildə nəşrinə geniş diqqət yetirilməlidir"

 

  Xalqımız zaman-zaman başına gətirilən bütün bəlalardan xəbərdar olmalıdır. Bildiyimiz kimi, erməni qəsbkarları tərəfindən artıq bir neçə əsrdir, xalqımızın başına müsibətlər gətirilir. Soydaşlarımız öz dədə-baba yurdlarından didərgin salınıb. Mülklərindən məhrum edilib. Bu azmış kimi, erməni cəlladları Azərbaycan əhalisinə qarşı soyqırım siyasəti də yürüdüb. Keçən əsrin əvvəllərində, konkret olaraq 1905-ci ildə ermənilər Çar Rusiyasının himayəsilə bir çox Azərbaycan kəndlərini viran qoymuşdu.

   Onlar tərəfindən soydaşlarımıza qarşı ən dəhşətli soyqırım hadisəsi isə 1918-ci ilin mart-aprel aylarında həyata keçirilib. Həmin dövrdə Bakı və onun ətrafı Şaumyan-Nərimanov daşnak-bolşevik birləşməsinin əlində idi. Bu mənfur rejimin hazırladığı plan əsasında, o vaxtdan başlayaraq, ermənilər Azərbaycan əhalisini qırmağa başladı. Martın 31-aprelin 2-i arasında Bakıda həyata keçirilən soyqırım siyasəti nəticəsində minlərlə dinc müsəlman qanına qəltan edildi. Bu vəhşilik zamanı erməni cəlladları qadına, uşağa, qocaya belə aman vermirdi. Məqsəd isə neftlə zəngin qədim Azərbaycan torpağı olan Bakını yerli azəri türklərdən təmizləmək idi. Həyata keçirilən bu vəhşiliklər nəticəsində təkcə Bakı və onun ətraf ərazilərində 12 mindən çox müsəlman qətlə yetirildi. Daşnaqkar bununla kifayətlənməyərək, bolşeviklərin nəzarətində olan digər ərazilərdə də soyqırım törətdilər. Qubada, Şamaxıda, Lənkəranda, Göyçayda və digər ərazilərdə də mart-aprel ayları ərzində minlərlə soydaşımız ermənilərin həyata keçirdiyi soyqırım siyasətinin qurbanı oldu. Bildiyimiz kimi, sovet dövründə ermənilərin bu vəhşiliyi uzun illər gizli saxlanırdı. Yəni o barədə danışmaq qadağan edilmişdi. Ermənilərin həyata keçirdiyi bu genosid SSRİ xalqlarının yalançı dostluğu pərdəsi altında gizlədildi. Ermənistan isə, hətta sovet dövründə belə, özünün saxta 1915-ci il genosidini təbliğ etməkdə idi. Bu azmış kimi, mənfur qonşularımız 1992-ci il fevralın 26-da Xocalı qətliamını da törətdilər. Yalnız müstəqillik əldə edildikdən sonra Azərbaycanda tarixin həqiqi siması üzə çıxmağa başladı. Cəmiyyət o dövrdə baş verənlər barədə həqiqətləri bildi. Onlar 31 mart soyqırımından da xəbərdar oldular. Həqiqətlərin üzə çıxması və onun geniş rezonans doğurması üçün bunların beynəlxalq ictimaiyyətə çatdırılmasının da böyük rolu var. Bu sahədə ermənilər daha aktivdir. Onlar olmayan, qondarma "1915-ci il soyqırımı"nı dünyaya car çəkməkdə daha irəli gediblər. Son illər Azərbaycan da, nəhayət, həqiqətlərin işıq üzü görməsində xeyli işlər görüb. Bu işdə xaricdə yaşayan soydaşlarımızın da əməyi böyükdür. Onlar 31 mart və ermənilər tərəfindən xalqımıza münasibətdə həyata keçirilən digər vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün hər il soyqırım ərəfəsində müxtəlif tədbirlər həyata keçirir. Bildiyimiz kimi, artıq 31 mart soyqırımı günü yaxınlaşır. Bununla bağlı olaraq xaricdəki soydaşlarımız təbliğati baxımdan fəallığını artırıb. Artıq həmin soyqırımla bağlı beynəlxalq kampaniya başlanıb. İlk olaraq Amerikada yaşayan azərbaycanlılar bu istiqamətdə fəaliyyətə keçib. Onlar Amerikanın hər yerində həmin hadisə ilə bağlı rəsmilər və ölkə ictimaiyyətinə əsl həqiqətləri çatdırmaqla məşğuldur. Bununla da super dövlətin əhalisinin böyük hissəsinin real həqiqətlərdən xəbərdar olmasına öz töhvələrini verirlər. Ermənilər təbliğati baxımdan da bizdən irəlidədir. Düzdür, son illər erməni mifi dağılır və nəticədə dünya əhalisi reallığın nə olduğunu dərk etməyə başlayıb. Bu istiqamətdə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının əməyi böyükdür. Söz yox ki, 31 mart hadisəsilə bağlı tədbirlər digər ölkələri də bürüyəcək. Belə tədbirlərin ermənilərin iç üzünü açmaq, həqiqətlərin işıq üzü görməsində xidmətləri danılmazdır. Ona görə də 31 marta qalan müddət ərzində dünyanın digər məkanlarında da təbliğat xarakterli geniş tədbirlər keçirilməsinə ehtiyac var. Görəsən, bu istiqamətdə daha nələr etmək gərəkdir ki, erməninin əsl mahiyyəti daha geniş dünya əhalisinə bəlli olsun?

   DAK İnformasiya Mərkəzinin koordinatoru Əlirza Amanbəyli sözügedən istiqamətdə ardıcıl tədbirlərin getdiyini diqqətə çatdırdı: "Xaricdə yaşayan soydaşlarımız 31 Mart Dünya Azərbaycanlıların soyqırım günü ilə bağlı hər il müxtəlif tədbirlər keçirir. Bu il də eyni tədbirlər bütün dövlətlərdə təkrar olunacaq. Özəlliklə İsveç, İsveç, Böyük Britaniya, Almaniya, hətta Güney Azərbaycanda bununla bağlı silsilə tədbirlər keçiriləcək. Amerikada isə artıq buna start verilib. Soyqırımla bağlı məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün özümüzün informasiya mərkəzində də sənədli silsilə soyqırım filmlərini yayırıq. Bunları "youtube.som" saytında yerləşdirmişik. Məsələn, burada ermənilərin törətdiyi 1918-ci ildə Göyçə-Zəngəzur mahalında soyqırım, Nefçala-Salyan bölgəsindəki soyqırım, Naxçıvanda törətdikləri soyqırım hadisələrilə bağlı canlı şahidlərin dililə silsilə sənədli filmlər yer alıb. İstərdim ki, xarici ölkələrdə də sənədli filmlərin nümayişi istiqamətində tədbirlər keçirilsin. Özümüz ermənilərin başımıza gətirdiyi soyqırımları bilirik. Ona görə də indi əsas işimiz hadisəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Bunun üçünsə xaricdə yaşayan azərbaycanlıların üzərinə böyük vəzifə düşür. Onlar təmsil olunduqları dövlətlərdə soyqırımla bağlı sənəd və faktlara söykənərək daha geniş surətdə müəyyən tədbirlər həyata keçirə bilərlər və keçirirlər də. İndiyə kimi bu istiqamətdə keçirilən tədbirlərimizin müəyyən effekti olub. Amerikadakı soydaşlarımız 31 martın soyqırım kimi tanınması üçün orada müəyyən silsilə tədbirlər keçirib. Orada Amerika Dövlət Departamenti və konqresmenləri də məsələ ilə bağlı məlumatlandırılır. Böyük Britaniyada Lordlar Palatasına da məlumat verilib. Dünya Azərbaycanlıları İnformasiya Mərkəzinin prezidenti və təsisçisi Qulamrza Təbrizi Böyük Britaniyada Edinburq Universitetinin professorudur. O həmin ölkədə diaspor faliyyətində çox aktiv iştirak edir. 31 mart hadisəsilə bağlı Britaniyadakı soydaşlarımızla birgə tanıtım tədbirləri həyata keçiriləcək. Bir ay öncə Amerikada bir sıra ştatlarda 31 martın soyqırım kimi tanıdılması üçün tədbirlər keçirildi. Ştatların rəhbərləri də buna müsbət dəstək vermişdi. Danimarkada Güney Azərbaycandan olan Şahin Ostaclı təkcə 31 martın deyil, Xocalı soyqırımının da bu ölkənin parlamenti tərəfindən rəsmən tanıdılmasına çalışır. Ümid edirəm ki, buna nail də olacaq. İsveç parlamentində təmsil olunan güney azərbaycanlı soydaşımız isə bu dövlətdə məsələni dəfələrlə qaldırıb. Ermənilərin 1915-ci ili soyqırım kimi qələmə verməsi onların xeyli əvvəldən diaspor fəaliyyəti aparmasının nəticəsidir. Çünki onlar lobbiçilik fəaliyyətinə çox-çox qabaqlardan başlayıb. Azərbaycan isə dövlət olaraq təzədir. Belədə diasporumuz da gəncdir. Amma buna baxmayaraq, ümid edirəm ki, son dönəmdə diasporumuzun aktiv fəaliyyəti artıq effektini verməkdədir. Dünya ictimaiyyəti artıq kimin kim olduğunu gözəl anlamağa başlayıb".

   AMİP-in baş katibi Arzuxan Əlizadə: "Zaman-zaman Azərbaycana qarşı ən yaxın qonşularımız tərəfindən soyqırım faktları mövcuddur. Təkcə ötən əsrdə ermənilər tərəfindən Bakının mərkəzində və digər regionlarda bir neçə dəfə azərbaycanlılara qarşı kütləvi soyqırım əməllərinə yol verilib. Belə faktlar mövcuddur. Amma təəssüf ki, soyqırım faktlarının ümumilikdə dünya ictimaiyyətinə çatdırılmasında yetərli səviyyədə iş görə bilməmişik. Burada dövlətin və eyni zamanda vətəndaş cəmiyyətlərinin də üzərinə müəyyən qədər məsuliyyət düşür. Həmçinin, bu məsələdə siyasi partiyalar da kifayət qədər aktiv deyil. Təəssüf ki, hər məsələ ilə bağlı gündəlik gəlib çatanda ona münasibət bildirir və müəyyən kampaniya aparırıq. Amma ondan sonra, çox təəssüf ki, həmin gün unudulur və bu istiqamətdə heç bir iş aparılmır. Hətta Azərbaycanın öz daxilində soyqırımla bağlı əhalinin özünün maarifçilik səviyyəsi aşağıdır. Çünki əhalinin böyük əksəriyyəti iqtisadi sıxıntı içində olduğundan, yerdə qalan digər məsələlər onu bir o qədər də maraqlandırmır. Yaxşı ki, jurnalistlər həmin məsələlərə diqqəti yönəldir. Bu sahədə daha effektli tədbirlər keçirmək üçün ənənəvi üsullardan başqa digər təbliğat vasitələrinə də keçilməlidir. Ənənəvi üsullardan kifayət qədər istifadə olunub. Bu yöndə ciddi tarixi araşdırmalara ehtiyac var. Bunu həm dövlət, həm də ictimai təşkilatlar səviyyəsində etmək mümkündür. Hər hansı faktla bağlı beynəlxalq məhkəmələrə müraciət olunmalıdır. Xaricdəki diaspor təşkilatlarımız da bu sadaladığım təbliğat vasitələrində aktiv olmalıdır".

   Tarix elmləri doktoru Cəmil Həsənli təkcə kampaniya tədbirləri deyil, soyqırımla bağlı sənədlərin xarici dillərə geniş tərcüməsini də vacib sayır: "Bu istiqamətdə olan sənədlərin xarici dillərdə nəşrinə geniş diqqət yetirilməlidir. Video materialların çıxardılmasına da önəm vermək lazımdır. İmkan daxilində televiziyalarda məsələni tam aydınlığı ilə göstərmək də olar. Bunlar da olsa, onun soyqırım hadisəsinin xaricdə geniş təbliğində, əcnəbilərin əsl həqiqətləri bilməsində müsbət təsiri olar".

 

 

  Rüfət SULTAN

 

  Bakı xəbər.-2011.-11-13 mart.-S.12.