Klassik musiqimiz dünyada çox tanınan azərbaycançılıq brendinə çevrilib

 

Tahir Əkbər: "Azərbaycan Şərq və Qərb musiqisinin qovuşduğu bir məmləkətdir"

 

Azərbaycan peşəkar musiqisinin yüz ildən artıq tarixi var. Banisi dahi bəstəkar Üzeyir Hacıbəyov olan klassik musiqimizin hazırkı durumu qənaətbəxş olmasa da, vaxtilə Azərbaycanda çox böyük musiqi əsərləri yaranıb. O əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Vətəni Avropa, Qərb olan klassik musiqinin ən gözəl, yüksək səviyyəli nümunələrini yaradanlar sırasında bizim bəstəkarların da dəsti-xətti görünür.

   SSRİ-nin dağılması nəticəsində Azərbaycanda keçid dövrü deyilən bir dönəm yaşandı ki, o da bütün sahələrdə durğunluqla müşayiət olundu. Həm musiqidə, həm ədəbiyyatda, həm mədəniyyət və incəsənətdə ciddi problemlər baş verdi. Son illər isə bu sahədə müəyyən irəliləyişlər nəzərə çarpır. Artıq yerli musiqi özünün dirçəliş dövrünə qədəm qoyub. Klassik musiqi yaradıcılığı sahəsində böyük nailiyyətlər əldə edilməsə də, hazırda həyatda olmayan bəstəkarların əsərləri dünyanın bir sıra ölkələrində səsləndirilir.

   Beynəlxalq aləmdə Azərbaycan musiqisi haqda geniş təsəvvür var. Bunu da dünya şöhrətli bəstəkarlarımız yaradıb. Üzeyir Hacıbəyovun bir sıra opera və operettaları, klassik musiqi əsərləri həm yerli musiqi kollektivlərinin, həm də xarici orkestrlərin ifasında təqdim edilir. Ölkəmizdə folklor musiqisi, caz, estrada, klassik musiqinin müxtəlif janr və formaları inkişaf etməkdədir. İndi ölkəmizdə gənc bəstəkarların klassik musiqi nümunələri yaratmağa həvəsi çox azdır. Bu da ondan irəli gəlir ki, yaranan yeni əsərlərin səviyyəsi yüksək olsa da, onun səsləndirilməsində problem var. Məlumatlara görə, klassik musiqi sahəsində çalışan gənc bəstəkarlara Mədəniyyət və Turizm Nazirliyi yardımlar göstərir ki, onların əsərləri həm ölkədə, həm də xaricdə keçirilən festivallarda təmsil olunsun. Bəziləri müxtəlif layihələr çərçivəsində o festivallara qatılıb klassik musiqimizi təmsil edir.

   Xalq artisti, bəstəkar Tahir Əkbər bizimlə söhbətində bildirdi ki, gənc nəslin bu sahədə uğurları elə də cəlbedici görünmür. Klassik bəstəkarlarımızın əsərlərinin Azərbaycan hüdudlarından kənarlarında səsləndirildiyini deyən T.Əkbərin bildirdiyinə görə, Azərbaycan bəstəkarlarının əsərləri Azərbaycançılıq ideologiyasını, mənəvi dəyərlərimizi layiqincə tərənnüm edə bilir: "Ən çox klassik bəstəkarlarımızın əsərləri dünyada tanınır. Dahi Üzeyir bəy özünün dünya şöhrətli "Arşın mal alan" operettası ilə bütün dünyada populyarlıq qazanıb. Hətta bu operetta Amerikadan tutmuş Çinə qədər bir neçə ölkənin səhnəsində yüksək səviyyədə tamaşaya qoyulub. Şərqin ilk operası olan "Leyli və Məcnun" da dünyanın bir sıra dövlətlərində səhnə üzü görüb. Üzeyir Hacıbəyovun layiqli davamçıları Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov və başqaları öz klassik əsərlərilə bütün dünyada tanınıb. Cahangir Cahangirovun "Arazın o tayında" əsəri hətta o vaxt dövlət mükafatına layiq görülmüşdü. Qara Qarayevin "İldırımlı yollarla", "Yeddi gözəl" baletləri böyük səhnələrdə qoyulub. Dünyada tanınan musiqimizin böyük bir səhifəsi də Fikrət Əmirovun adı ilə bağlıdır. O, simfonik muğamlar bəstələməklə klassik musiqimizi dünya səviyyəsinə qaldırdı. Yəni onun bu əsərləri Amerikada və digər ölkələrdə səsləndirildi. Bu, musiqi aləmində yeni bir dünya idi. Fikrət Əmirovun simfonik muğamları Şərq və Qərb musiqisinin vəhdətindən yaranan ən parlaq nümunələr olub. Niyazinin "Rast"ını da dünya miqyaslı əsərlər siyahısına salmaq olar. Qara Qarayevin çox istedadlı tələbəsi Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti də dünya şöhrəti qazanıb və 50-dən artıq ölkədə səhnəyə qoyulub. Bu əsər bu gün də yaşayır".

   T.Əkbər bildirdi ki, Azərbaycan klassik musiqisində avanqard janrda yazan bəstəkarlar da var. Firəngiz Əlizadə, Fərəc Qarayev və başqaları bu ənənəni davam etdirərək dünya musiqisevərlərinin rəğbətini qazanan əsərlər yaradıb. Azərbaycanda avanqard musiqinin inkişaf elədiyini deyən T.Əkbərin sözlərinə görə, Firəngiz Əlizadənin bu istiqamətdə bəstələdiyi nümunələr dünyanın bir sıra orkestrlərinin ifasında səsləndirilib":Firəngiz xanım uzun illər xaricdə yaşayıb və bizim musiqini layiqincə təmsil edib. Onun əsərləri mürəkkəb yeni texnologiya ilə yazılan əsərlər olub. Bir neçə il əvvəl Parisdə Fərəc Qarayevin "Qobustan" baleti təqdim edilib. Tofiq Bakıxanovun "Neftçi balladası" baleti də xaricdə nümayiş olunub. Həm səhnə əsərləri, həm də simfonik əsərlərimizi dünyada tanıyırlar. Azərbaycanda çox möhtəşəm bir simfonik musiqi məktəbi var. Onun da böyük ustadları olub. Aqşin Əlizadə, Vasif Adıgözəlovun da əsərləri dünyada çox gözəl qarşılanıb. Bu gün həmin məktəb davam edir. Müasir bəstəkarlarımızın əsərləri müxtəlif müsabiqələrdə iştirak edir və yer tutur. Təvəzökarlıqdan uzaq olsa da, mənim də əsərlərim xaricdə səsləndirilir. Aynur İsgəndərli adlı bir ifaçı mənim iki əsərimi Çində ifa edib və 36 iştirakçı arasında beşinci yeri tutub. Brilliant Dadaşova Almaniyada verdiyi konsertdə yazdığım "Amin" mahnını oxumuşdu".

   Əcnəbilərin bizim musiqini heyranlıqla dinlədiyini bildirən T.Əkbərin sözlərinə görə, bu əsərlərin yüksək səviyyəli alınmasında muğamın böyük rolu var: "Xoşbəxtik ki, bizim muğamımız, aşıq sənətimiz var. "Koroğlu" operasından tutmuş digər klassik əsərlərə qədər aşıq musiqisindən və muğamlardan geniş şəkildə istifadə edilib. Üzeyir bəy Qərblə Şərqin muğamla simfonik vəhdətini yaratdı. Sonra digər simfonik musiqilər meydana gəldi. Vaqif Mustafazadə muğamla cazın sintezini yaratdı. Bu yeni bir janr idi. Bu da təqdirəlayiqdir. Biz bəstəkarların xoşbəxtliyi ondadır ki, həmişə ənənəviliklə peşəkar musiqi paralel inkişaf edib. Elə böyük əsərlər yaranıb ki, onlar bizim üçün meyar olub. Azərbaycan musiqisi Şərq və Qərb musiqisinin sintez edilmiş bir modelidir. Bu modeldən çox ölkələr bəhrələnir. O cümlədən də Orta Asiya respublikalarının bəstəkarları faydalanıb. Bizim muğamımız, klassik musiqimiz onlar üçün bir örnək olub. Azərbaycan musiqisi Sovet dövründə də peşəkarlıq səviyyəsinə görə həmişə irəlidə olub. Musiqimizə həmişə hörmət ediblər. Azərbaycan klassik musiqi məktəbi keçmiş sovetlərin tərkibində yaşayan türk xalqlarının musiqiçiləri üçün böyük bir məktəb rolu oynayıb. Qürurla deyə bilərəm ki, Üzeyir Hacıbəyov bütün Şərqdə peşəkar, klassik musiqinin banisi olub. "Leyli Məcnun"a qədər opera olmayıb. Şəfiqə Axundova isə Şərqdə ilk qadın bəstəkardır ki, opera yazıb. Bütün klassik, simfonik musiqi janrları Azərbaycanda yaranıb. Söhbət Şərqdən gedir. Azərbaycan Şərqlə Qərbin qovuşduğu bir məmləkətdir və burada Üzeyir bəyin müstəsna xidmətləri var. Onun davamçıları da bu sahədə xeyli işlər görüb. Bu baxımdan, Azərbaycan musiqisinin dünyada populyar olması təbii görünür. Dünya bizim musiqini qəbul edir və sevir. Nə yaxşı ki, Azərbaycan musiqisi və Azərbaycan bəstəkarları var. Onların yaratdığı incilər dünya musiqisi üçün çox əhəmiyyətlidir".

  

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2011.- 14 mart.- S. 14.