Dünyanın nüfuzlu teleradio efirlərində Azərbaycan həqiqətlərinin yolu vaxt tam açılacaq...

 

Ələsgər Məmmədli: "Mümkün imkanlar çərçivəsində Azərbaycanı nüfuzlu telekanallarda təbliğ etməyə çalışmalıyıq"

 

"Bu yöndə prosedur qaydaları hansısa qurumun inisiativinə vermək doğru deyil"

 

Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Sadalanan bu faktorlar hər bir millətin kimliyini özündə əks etdirən bir etalondur. Nəzərə almaq lazımdır ki, hər bir xalq ona məxsus olan milli dəyərləri, fərqlilikləri özündə əks etdirən ənənələri yaşada, tanıda bilirsə, o zaman dünya miqyasında bir millət olaraq öz möhürünü vurur.

   O üzdən bu kimi fərqli dəyərlər toplusundan ibarət ənənələrin qorunub saxlanması çox mühüm əhəmiyyət kəsb edir. Zamanında onları qorumaq, tanıtmaq və ən başlıcası - böyüməkdə olan gənc nəslə təlqin etmək başlıca vəzifələrdən biri olmalıdır. Ona görə ki, dünya həddən ziyadə sürətlə qloballaşır. Qloballaşan dünya isə sayca bir qədər az olan xalqlara məxsus dəyərləri yox edir. İstəsək də, istəməsək də bu belədir. Belə olan halda xalqların kimlik məsələsinin qorunması xeyli çətinləşir. Ona görə də bu istiqamətdə görülən işlər kompleks şəkildə həyata keçirilməklə yanaşı, son dərəcə sistemli olmalıdır ki, effekti böyük olsun. Yəni görülən işlər müasir dövrün tələblərinə cavab verəcək səviyyədə olmalıdır. Müasir dövrlə ayaqlaşmadan bu işi arzuolunan səviyyədə qurmaq mümkün görünmür. Hər addımda nəzərə almalıyıq ki, bu yöndə görülən işlər, atılan addımlar milli ideologiyanın tərkib hissəsini təşkil edir. Yəni bunları milli ideologiyadan ayrı təsəvvür etmək doğru olmaz. Ayrı təsəvvür olunarsa, o zaman bir natamamlıq yaranacaq. Çünki unutmaq olmaz ki, dövlətin oturuşmasında, möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bütün bunların cəm halında var olması ciddi əhəmiyyət kəsb edir. Yəni bu faktorların hamısı nəticə etibarilə bir-birini tamamlamalıdır. Yuxarıda sadalanan bütün bu faktorların vəhdəti bir daha dövlətin monolitliyini, bütövlüyünü özündə ehtiva edir.

   Məlum obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan 70 il sovet Rusiyasının işğalı altında olub. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz kimliyini itirməyib. İyirmi ilə yaxındır Azərbaycan Respublikası müstəqillik əldə edib. Ötən dövrün bir hissəsi çox keşməkeşli mərhələlərə təsadüf etsə də, ölkəmiz sürətlə inkişaf edir, beynəlxalq aləmə inteqrasiyası davam edir. Ötən dövr ərzində ölkə iqtisadiyyatının müxtəlif sahələrinə xarici sərmayə cəlb olunub. Bütün bunların fonunda bir sıra istehsal xidmət sahələri yaranıb ki, minlərlə ölkə vətəndaşı ora cəlb olunaraq əmək fəaliyyətilə məşğul olur. O da məlumdur ki, ölkə yenicə müstəqillik dövrünə qədəm qoyduğu ərəfədə ondan sonrakı dövrdə çox ciddi informasiya blokadasına məruz qalıb. Obyektiv subyektiv səbəblər üzündən Azərbaycanın məruz qaldığı informasiya blokadası ölkəmizə bir sıra ciddi problemlər yaradıb. Bu da, öz növbəsində, Azərbaycan həqiqətlərinin dünyaya vaxtında, doğru-düzgün çatdırılmasında problemlər yaradıb. Hətta indinin özündə informasiya blokadasının bizə vurduğu zərərlərin əziyyətini çəkirik. Məsələ ondadır ki, 1988-ci ildə baş qaldırın erməni separatizmi daha sonra təcavüzü nəticəsində minlərlə azərbaycanlı qətlə yetirildi, 1 milyon nəfərdən çox soydaşımız yurdundan, tarixi torpaqlarından didərgin salındı, 20 faiz torpağımız işğal edildi s. Təəssüflər olsun ki, ölkəmizdə erməni separatizmi öz çirkin niyyətlərini həyata keçirərkən biz dünya ictimaiyyətini doğru-düzgün məlumatlandıra bilmədik. Bəlkə də informasiya blokadasını zamanında yara bilsəydik, ermənilərin törətdiyi vandalizm bu dərəcədə geniş miqyas almazdı. Onu da unutmaq olmaz ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra şəxsən onun fərdi istedadı və bacarığı sayəsində Azərbaycan reallıqları dünyaya çatdırılmağa başladı. Mahir siyasətçi olan Heydər Əliyev ilk vaxtlarda təkbaşına olaraq bu ağır işin öhdəsindən çox uğurla gəldi. Sonrakı dövürlərdə bu yöndə bir sıra addımlar atılsa da, ancaq bununla kifayətlənmək olmaz. Yəni Azərbaycanı hərtərəfli olaraq dünyaya çatdırmaq üçün xeyli sayda görüləsi işlər var. Ona görə də Azərbaycan gerçəkliklərini, mədəniyyətini, incəsənətini, iqtisadiyyatını, potensial imkanlarını, milli ideologiyasını və s. sahələrini sistemli doğru-düzgün dünya ictimaiyyətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə olunmalıdır. Onlardan biri dünyada aparıcı geniş auditoriyaya malik nüfuzlu telekanallara çıxışın əldə edilməsindən keçir. Çünki sürətlə qloballaşan dünyada informasiya vasitələri çox mühüm çəkiyə malikdir. Həmin informasiya vasitələri yüz milyonlarla tamaşaçının informasiya tələbatını ödəməklə yanaşı, həm də geniş ictimai rəyi formalaşdırır. Ona görə nüfuzlu telekanalların imkanlarından ölkənin mənafeyi, tanıdılması baxımından səmərəli istifadə etmək lazımdır.

   Yəni biz çalışmalıyıq, Azərbaycan həqiqətlərini SNN, Bi-Bi-Si, NBS, "Yevronyus" və digər tanınmış telekanallar vasitəsilə dünyaya çatdıraq. Ölkə mədəniyyətini, tarixini, incəsənətini, iqtisadiyyatını həmin kanallar vasitəsilə dünya ölkələrinə çatdırmaq daha effektli olur. Çünki yuxarıda da deyildiyi kimi, dünya əhalisinin böyük bir qismi məhz həmin telekanallardan faydalanır.

   Ölkəmiz barədə silsilə proqramların həmin telekanallarda nümayiş olunması Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Maraqlıdır, buna nail olmaq üçün hansı işlərin görülməsinə, eyni zamanda hansı addımların atılmasına ehtiyac duyulur?

   Tanınmış media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, dünya ictimai rəyinə təsir göstərən və hətta onun formalaşmasında da önəmli çəkiyə malik telekanallar var: "Ancaq bir şeyi unutmaq olmaz ki, bütün nüfuzlu televiziyalar ilk növbədə xəbərçilik baxımından ixtisaslaşıb. Nüfuzlu SNN, Bi-Bi-Si, NBS, "Yevronyus" kimi kanallar əyləncə xarakterli proqramlarla deyil, daha çox xəbərlə önə çıxır. Televiziyaların ictimai mühütdə var olması və təsirli gücə malik olmaları obyektiv xəbərçilik prinsiplərilə ölçülür. Məhz obyektivlik prinsiplərindən çıxış edərək böyük tamaşaçı auditoriyasına sahib ola biliblər. Yəni işin mahiyyəti ondan ibarətdir ki, hər istədiyimiz informasiyanı sözügedən telekanallarda yaya bilmərik. Onların özlərinin zəruri saydığı və gördüyü informasiyalar var ki, məhz həmin informasiyaları paylaşmağı məqsədəuyğun sayırlar.

   Məsələn, son günlər SNN və Bi-Bi-Si telekannalların əsas gündəmini Yaponiyada baş verən zəlzələ təşkil edir. Bu tip faktlar istəsək də, istəməsək də dünya gündəmində əsas oturuşmuş informasiyalardan sayılır. Deməyim odur ki, süni yollarla gündəmdə oturuşmağa çalışsaq da, bu mümkün olmayacaq. Çünki bizim mütəmadi olaraq elə maddi gücümüz yoxdur ki, Azərbaycan reallıqlarını tanınmış telekanalların gündəliyində saxlayaq.

   Ancaq mümkün imkanlar çərçivəsində Azərbaycanı nüfuzlu telekanallarda təbliğ etməyə çalışmalıyıq. Məsələn, son vaxtlar nüfuzlu SNN kanalında Azərbaycanla bağlı reklam roliki verilir. Azərbaycanın təbiətilə bağlı çox gözəl görüntülər var həmin rolikdə. Turizm, ölkənin tanıdılması baxımından bu cür roliklərin müəyyən bir çəkisi var. Ancaq söhbət Azərbaycanda baş verən bütün digər hadisələrdən, yəni ölkə ərazisinin işğal olunmasından gedirsə, bunları nüfuzlu telekanallarda gündəmə gətirmək bir qədər çətindir. Çünki bunun üçün sözügedən telekanallar hər iki tərəfin mənafeyini nəzərə almağa çalışır. Bu zaman hər şey bizim isteyimizə uyğun olmur

   Ə.Məmmədli açıqlamasında bu yöndə bizim görə biləcəyimiz işlərə aydınlıq gətirdi: "Məsələn, biz 2008-ci ildə media ilə bağlı qanunvericiliyə bəzi dəyişikliklər etdik. Qanuna görə, xarici telekanallar Azərbaycandan canlı yayım aparmaq istəsələr, o zaman xüsusi icazə almalıdılar. Onu da qeyd edim ki, ölkəsi barədə informasiya yaymaq istəyən, dövlətini tanıtmağa çalışan xarici telekanal üçün heç bir ölkədə belə bir məhdudiyyət yoxdur. Deməyim odur ki, bu cür xüsusi razılığa görə, tanınmış telekanallar ölkənin mədəniyyəti, incəsənəti, ictimai həyatı s. barədə veriliş hazırlamaqda maraqlı olmur. Belə olanda, istər-istəməz, biz obyektiv informasiyanın dünyaya çatdırılmasında uduzuruq. Həmçinin, bütövlükdə Azərbaycan haqda dünyaya informasiya yaymaqda uduzuruq. Bir növ bu minvalla biz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında süni maneə yaradırıq özümüzə. Halbuki, informasiya dünyada sərbəst mübadilə olunan bir elementdir. Nəzərə almaq lazımdır ki, dünyada son dərəcə çevik sürətli informasiya mübadiləsi prosesi gedir. Biz elə etməliyik ki, bu mübadilə ilə ayaqlaşa bilək. Bu yöndə prosedur qaydaları hansısa qurumun inisiativinə vermək doğru deyil. Çünki elə informasiyalar var ki, yarım saat ərzində köhnəlir.

   Ona görə də mənə elə gəlir ki, bu cür prosedur maneələri aradan qaldırmaq lazımdır. Biz qlobal informasiya mühitinin içində olmaq aktiv rol oynamaq, mənafelərimizin doğru-düzgün göstərilməsini istəyiriksə, o zaman biz də başqalarının burada rahat işləməsi üçün şərait yaratmalıyıq.

   Biz akkreditasiya olunmamış xarici jurnalistə informasiya vermək istəmiriksə, o zaman əleyhimizə olan qüvvələr bundan istifadə edəcək".

 

 

   Vidadi ORDAHALLI

 

   Bakı xəbər.- 2011.- 14 mart.- S. 12.