Mövcud
inkişaf modeli və Azərbaycanın dünya miqyasında təqdimatı
arasında sıx əlaqə var
Musa Qasımlı: "Azərbaycan
təkcə təbii sərvətlərlə deyil,
özünün intellektual səviyyəsilə də..."
Əliməmməd
Nuriyev: "Təbii sərvətlərimiz Qərb
iqtisadiyyatının sabitləşməsində iştirak
edir"
Ölkəmiz artıq 20 ildir ki,
müstəqil şəraitdə yaşayır. Bu müddət
ərzində Azərbaycan müxtəlif keşməkeşli
yollardan keçərək inkişaf yoluna qədəm qoyub. Düzdür,
ölkə ərazisinin 20 faizi hələ də Ermənistan
tərəfinin işğalı altındadır. Əhalinin
doqquz nəfərindən biri, yəni 1 milyona yaxın insan hələ
də qaçqın və məcburi köçkün şəraitində
yaşayır. Buna baxmayaraq, Azərbaycan son 5-6 ildə
inkişaf baxımından hərtərəfli irəliləyişlərə
nail olub.
Milli sərvətimiz olan neftdən gələn
gəlirlərin düzgün bölüşdürülməsi
nəticəsində həmin kapital ölkəmizdə
artıq insan amili üçün işləməyə,
insan kapitalına çevrilməyə başlayıb. Ölkəmiz
hər bir sahədə uğurlar əldə edib və etməkdə
davam edir. İqtisadi inkişaf olan yerdə əmin-amanlıq,
sabitlik və insanların xoşbəxtliyi hökm
sürür. Bu mənada ölkəmizin adını da
xoşbəxt dövlətlər sırasında çəkmək
olar. Çünki iqtisadi sahədə əldə olunan
uğurlar nəticəsində əhali onun bəhrəsini
görməyə başlayıb. Dövlət büdcəsinin
artması nəticəsində əhalinin əmək
haqlarında da əməlli-başlı artım baş verib.
İndi orta aylıq əmək haqqı 400 manata
yaxınlaşır. Azərbaycan illik iqtisadi artım faizinə
görə, neçə
ildir ki, liderliyini saxlayır. Hətta
maliyyə böhranı
dövründə
dünyanın
aparıcı ölkələrində
iqtisadi gerilik müşahidə
olunduğu halda,
Azərbaycanda əks
proseslər, yəni
inkişaf tempi
davam edirdi. İndi
də vəziyyət
eynidir. Belə ki, əksər
dövlətlər
iqtisadi böhrandan
çıxmadığı halda, ölkəmiz
sürətlə
inkişaf etməkdədir.
Artıq paytaxt
Bakını tanımaq
qeyri-mümkündür.
10 il bundan qabaqkı
şəhərlə indiki
arasında yerlə-göy
qədər
fərq var.
Bakı az qala
dünyanın
ən
möcüzəli
və ecazkar şəhərinə
çevrilməkdədir.
Analoji fikirləri
bölgələrə
də şamil etmək
mümkündür. Yəni
inkişaf nəinki
təkcə paytaxt
və onun ətrafında,
hətta istisnasız
olaraq ölkənin
bütün
bölgələrində
də özünü
göstərir.
Əldə olunan uğurların
nəticəsində
işsizlik səviyyəsi
xeyli azalıb,
10-11 faizə enib. Son
üç ildə 1 milyona yaxın
iş yeri açılıb
ki, onun da
əksəriyyəti
daimi iş yerləridir.
Yoxsulluq səviyyəsi
9,1 faizə düşüb. Əhalinin
son bir ildə
gəlirləri
12 faiz qalxıb. Bir
sözlə - ölkəmiz
son illərdə
aparıcı dünya
dövlətlərinin
qibtə edə biləcəyi
səviyyədə
yüksək
inkişaf tempinə
nail olub. Adətən
hər bir
ölkə dünya
arenasında özünün
yüksək
inkişafı, potensialı
ilə seçilir.
Bu tip ölkələr
dünyada yüksək
səviyyədə
qarşılanır, onlara
hörmət
edir, daim onlarla
hesablaşırlar. Azərbaycan
son illər
əldə
etdiyi uğurlar
nəticəsində
elə vəziyyət
yaradıb ki, ən
azından yerləşdiyi
məkanda onun
iştirakı olmadan
hər hansı
bir regional əhəmiyyətli
iqtisadi, sosial layihəsi
həyata keçirmək
qeyri-mümkündür. Bu
isə o deməkdir
ki, regionda marağı
olan dünya
gücləri
bu mənafelərini
reallaşdırmaq
üçün bütün
hallarda Azərbaycanla hesablaşmağa
məhkumdur. Bunu
etmədən
onların regionumuzda hər hansı
bir uğur
əldə
etməsi inandırıcı
görünmür. Bundan
başqa, ölkəmiz
son illər
incəsənət, musiqi
sahəsində də
böyük
uğurlara imza
atıb. Ölkəmizin
beynəlxalq arenada
tanınmasında
milli müsiqi
incəsənətimiz,
muğam sənətimizin
özünəməxsus
əhəmiyyəti
var. Siyasi və
diplomatik sahədə
əldə olunan uğurlar
da Azərbaycanın
dünya imicinin formalaşması
və inkişafına
töhfə verib.
10 il bundan əvvələ
kimi dünya
dövlətləri, əsasən
erməni yalanlarına
uyaraq, Azərbaycanın
haqq səsini
elə də ciddi
surətdə müdafiə
etmirdi. İndi isə
vəziyyət
tam başqadır. Aparılan
düzgün
siyasət və
diplomatiya sahəsində
bəşər cəmiyyəti
Azərbaycan həqiqətlərini
indi daha dərindən
qavramağa başlayıb. Bütün
bu uğurları
ölkəmiz son
illər əldə
etdiyi iqtisadi-sosial
nailiyyətlər
nəticəsində
qazanıb. Aydındır
ki, iqtisadiyyatı güclü
olan dövlət
hər şeyə
qadirdir. Digərləri
nə qədər
böyük
dövlət
olsalar da, iqtisadi cəhətdən
güclü olanlarla hər zaman
hesablaşmağa
məcburdur. Görünür, buna görədir ki, indi bütün
dünyanın başlıca diqqət mərkəzində olan
regionlar arasında bizim yerləşdiyimiz məkan
mühüm əhəmiyyət daşıyır. Bunun belə
olmasında başlıca rolu isə məhz ölkəmiz
oynayır - özünün əldə etdiyi yüksək
inkişaf modeli ilə. Söhbətləşdiyimiz
tanınmış şəxslər də Azərbaycanın
müasir inkişafının ölkənin beynəlxalq
miqyasda tanınmasında mühüm əhəmiyyət
daşıdığını etiraf etdilər.
Millət vəkili, professor, tarix
elmləri doktoru Musa Qasımlı da bildirdi ki, hazırda Azərbaycan
sözün həqiqi mənasında dünyanın
başlıca diqqət mərkəzində olan dövlətlərindən
biridir: "Bu gün Azərbaycanın iqtisadi, siyasi, mədəni
və sosial həyatda inkişafı, şübhəsiz,
dünyanın müxtəlif araşdırma mərkəzləri
tərəfindən qeydə alınır, öyrənilir, təhlil
edilir və müvafiq nəticələr
çıxarılır. Çünki indi dünya
qloballaşıb, kiçilib. Hər hansı bir ölkənin
inkişafı digərlərinin diqqətindən kənarda
qalmır. Konkret olaraq müstəqillik illərində Azərbaycanın
keçdiyi yol onun tanınmasında bir sıra amilləri
önə çıxarır. Yəni ötən illər ərzində
Azərbaycan xaos və hərc-mərclikdən sabitliyə, vətəndaş
qarşıdurmasından vətəndaş sülhü və
milli birliyə, xalqla hakimiyyət arasında uçurumdan onlar
arasında birliyə, hakimiyyətdaxili müxtəlif qanadlar
arasındakı intriqalardan onlar arasında yekdilliyə gəlib
çıxıb. Azərbaycan beynəlxalq təşkilatların
qiymətləndirməsində iqtisadi islahatlar səviyyəsinə
görə qabaqcıl ölkələrdən biri hesab edildi.
Azərbaycan ərazisinin bir hissəsinin işğal
altında olmasına, bir milyon nəfər azərbaycanlının
qaçqın və məcburi köçkün vəziyyətində
olmasına baxmayaraq, ölkəmizin enerji təhlükəsizliyində
mühüm rol oynamış nəqliyyat kommunikasiya
qovşağına çevrilməsi, ərazicə kiçik
olmasına baxmayaraq böyük dövlətləri əməkdaşlığa
cəlb edən ölkə olması, tikinti quruculuq işlərinin
aparılması, Bakının qısa müddət ərzində
meqapolisə çevrilməsi Azərbaycanın
tanınmasında müstəsna rol oynayan amillərdir". Həmsöhbətimiz
qeyd etdi ki, bütün bu dəyişikliklər, heç
şübhəsiz, özbaşına əmələ gəlməyib:
"Burada liderlik amili önə çıxır. Azərbaycan
dövlət rəhbəri İlham Əliyevin təkcə
daxili deyil, beynəlxalq işləri də mükəmməl
bilməsi, planetar düşüncəyə malik olması
ölkəmizin güclü və qüdrətli dövlətə
çevrilməsində qəti addımlar atması, əsas məqsədlərindən
birinin Azərbaycan xalqının yaxşı yaşaması
olması və digər amillər
yaşadığımız məkanın dünyada
tanınmasına kömək göstərdi. Azərbaycanın
əldə etdiyi möhtəşəm uğurlardan biri də,
heç şübhəsiz, idman sahəsində olan
uğurlardır. Bizdə idmana göstərilən
qayğı, idmançılarımızın müxtəlif
yarışlarda qabaqcıl yerləri tutması Azərbaycanın
dünyada tanınmasına təsir edən amillərdən
biri oldu. Azərbaycanın tanınmasına təsir edən məqamlardan
biri də mədəniyyətdir. Bilirsiniz ki, Azərbaycan
muğamı, Novruz Bayramı və digər mənəvi sərvətlərimizin
YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması da
tanınmağımızda mühüm əhəmiyyət
daşıyan amillərdir. Dünya miqyasında
tanınmağımızda bütün bu amilləri bir-birindən
qətiyyən ayırmaq olmaz".
Həmsöhbətimiz
sözügedən məsələdə neft amilinin əhəmiyyətini
də diqqətə çatdırdı: "Azərbaycanda
neft sektorunun inkişafı, enerji diplomatiyası bütün digər
sahələrin inkişafı üçün də zəmin
rolunu oynadı. Doğru olaraq, neftdən gələn gəlirlər
qeyri-neft sektoruna sərf olundu. Azərbaycanda bəzi ölkələrdə
olan "xəstəliklər" baş vermədi. Azərbaycan
xalqı təkcə təbii sərvətlərilə deyil,
habelə özünün intellektual səviyyəsilə də
dünyada ölkənin tanınmasında mühüm töhfə
verdi".
Konstitusiya Araşdırmaları
Fondunun rəhbəri Əliməmməd Nuriyev ölkəmizin
tanınması üçün bir sıra xüsusiyyətlərin
olduğuna diqqət çəkdi: "Azərbaycanın
dünya miqyasında tanınmasını şərtləndirən
bir çox xüsusiyyətlər var. Bu, birinci olaraq, Azərbaycanın
yerləşdiyi geosiyasi məkanla bağlıdır. Ölkəmiz
elə bir ərazidə yerləşir ki, bura həm
şimal-cənub, həm də şərqlə qərbin
qovşağıdır. Yəni bizim yerləşdiyimiz yer
sivilizasiyaların qovuşduğu, müəyyən hallarda isə
hətta toqquşduğu bir məkandır. Müxtəlif
sivilizasiyaların dəyərlərinin ortaq olduğu yerdir.
İkinci tərəfdən, Azərbaycan yüksək
tolerantlığı ilə fərqlənən bir ölkədir.
Digər ölkələrdən fərqli olaraq, bizdə dini
tolerantlıq ən yüksək səviyyədədir.
Üçüncüsü, ölkəmiz sərvətləri
baxımından, xüsusən də dünya iqtisadiyyatına
verdiyi töhfələr baxımından mühüm önəm
daşıyır. Töhfələr də, əsas etibarilə,
ölkəmizin böyük enerji
daşıyıcılarına malik olmasından ibarətdir.
Bizim təbii sərvətlərimiz Qərb
iqtisadiyyatının sabitləşməsində bu və ya
digər formada iştirak edir. Yəni Azərbaycan bu istiqamətdə
əhəmiyyətli halqalardan birinə çevrilib. Həm də
ölkəmiz tranzit ölkə əhəmiyyəti
daşıyır. Neft və qaz ehtiyatlarının Qərbə
çatdırılması ilə bağlı Azərbaycandan
geniş enerji və dəmiryolu nəqliyyat qovşaqları
keçir. Ölkəmizin "İpək Yolu"
qovşağında yerləşməsi də bizim
tanınmağımızda əvəzsiz rol oynayıb. Azərbaycan
ərazisinin bir hissəsinin işğal olunması məsələsi
də bu və ya digər formada müxtəlif tədbirlərdə
tez-tez adının hallanmasına gətirib
çıxarır". Ə.Nuriyev ərazimizin geosiyasi
maraqların toqquşması baxımından da müəyyən
rol oynadığını da vurğuladı:
"Çünki problemin həlli həm də bir sıra
geosiyasi maraqların toqquşması ilə bağlı məsələdir.
Geosiyasi maraqların toqquşması problemin həllinə
imkan vermir.
Bu hal isə Cənubi Qafqazda öz
üstünlüyünü həyata keçirmək istəyən
super güclərin bir araya gəlmədiyi məqam kimi də
göstərilə bilər. Azərbaycan bununla da diqqəti cəlb
edir. Bir çox dövlətlər münaqişənin
tezliklə həllində maraqlı deyil. Çünki onlar Azərbaycana
təsir etmək imkanlarını saxlamağa
çalışır. Belədə iqtisadi maraqlarını
artırmaq, həm də siyasi, hərbi mənafelərinin təmin
edilməsinə çalışırlar. Bu məqamlara
görə də hazırda Azərbaycan diqqəti cəlb edən
dövlətlərdən biridir.
Xüsusilə də, son illər
baş verən iqtisadi inkişafın yüksək tempi diqqəti
cəlb edib. Böhran dövründə belə ölkəmizdə
iqtisadi inkişaf vardı. İqtisadi, siyasi, geosiyasi sahədə
əldə olunan pozitiv amillər Azərbaycanın dünya
miqyasında tanınmasına gətirib çıxarır.
Münaqişə ilə bağlı məsələlər
də ölkəmizə diqqəti artırıb. Ölkəmiz,
eyni zamanda, müxtəlif ölkələrin
maraqlarının təmin edilməsi vasitəsi olmaq
baxımından da dünyanın diqqətini özünə
cəlb edə bilib".
Rüfət SULTAN
Bakı xəbər.-
2011.- 15 mart.- S.15.