Ali məktəblərdə azərbaycançılıq
məşğələləri...
Əhməd Qəşəmoğlu:
"Düşünürəm ki, azərbaycançılıqla
bağlı ali məktəblərdə məşğələlər
keçilməlidir"
Əjdər Ağayev:
"Harda olursa-olsun, ümumi şəkildə
azərbaycançılıq haqda söhbətlər getməlidir"
Seyid Camal Əzimbəyli: "Bütün sahələrdə
olduğu kimi, universitetlərdə də
milli ideologiya ilə bağlı kurslar təşkil edilməlidir"
Azərbaycançılıq ideologiyasının
təbliği və onun təməl prinsiplərinin cəmiyyətə
çatdırılması mühüm əhəmiyyət
kəsb edir. Ona görə ki, dövlətin möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək
inkişaf etməsində
bu ideologiya əsaslı rol oynayır. Daha dəqiq desək, azərbaycançılıq ideologiyası
həm də birləşdirici missiyanı
həyata keçirir.
Çünki azərbaycançılıq ideyası
ətrafında, etnik mənsubiyyətindən asılı
olmayaraq, ölkədəki
bütün insanlar birləşib. Bu da ondan irəli gəlir ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq ideyasını
birləşdirici, vəhdət
yaradıcı bir ideya kimi qəbul
etməklə yanaşı,
həm də bunu dərindən dərk edir. Azərbaycançılıq ideyasının
fundamental əsaslarından birini də məhz bu faktor
təşkil edir. Bu baxımdan azərbaycançılıq
ideyası, demək olar ki, əhalinin
bütün spektrini əhatə edir. Ümumiyyətlə, Azərbaycanda
xalqların tarixi, adət-ənənələri, dil və mədəniyyətləri
də qorunub inkişaf etdirilir. Eyni zamanda, bu
ideologiya siyasi, dövlətçilik ideologiyasıdır.
Həmçinin, sözügedən
ideologiya Azərbaycan xalqının və dövlətinin güclü
olmasına yönəlib.
Bununla belə, bu ideologiyanın hər bir azərbaycanlıya
hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir.
Habelə, güclü
maarifləndirmə işi
aparılmalıdır. Azərbaycan
tarixi, coğrafiyası,
iqtisadiyyatı, mədəniyyəti,
hərb sənətilə
bağlı sadə və konkret biliklər verilməlidir. Azərbaycanın regionda və dünyada tutduğu mövqe izah edilməlidir. Çünki milli ideologiyasız millət şax, dik dayana
bilməz. İdeologiya
ideala çevriləndə
nəticə verir. Azərbaycançılıq ideologiyası
çox taleyüklü
bir məsələdir.
Bütün bunlarla yanaşı, azərbaycançılıq ideologiyasının
təbliğilə bağlı
ölkədəki bütün
ali məktəblərdə
məşğələlərin keçirilməsinə ehtiyac
var. Çünki tələbələrin
hansı ixtisasa yiyələnməsindən asılı
olmayaraq, ali təhsil alan gənclər arasında milli ideologiyanın sistemli təbliğ olunması dövlət üçün faydalıdır.
Ona görə ki, çağdaş dünyada təhsilli gənclərin aparıcı
qüvvəyə çevrilməsi
get-gedə sürətlənir.
Maraqlıdır, bəs
mütəxəssislər azərbaycançılıq
ideologiyası ilə bağlı universitetlərdə
məşğələlərin keçirilməsinə necə
baxır? Ümumiyyətlə,
bu haqda düşüncələri, yanaşmaları
necədir?
Məsələyə
münasibət bildirən
tanınmış sosioloq
Əhməd Qəşəmoğlu
azərbaycançılıqla bağlı universitetlərdə
məşğələlərin keçirilməsinin prinsipcə
tərəfdarı olduğunu
bildirdi: "Məsələnin
bu cür qoyuluşu prinsipcə çox doğrudur. Ona görə ki, biz gənclərimizə
bütün təhsil
ocaqlarında, o cümlədən
universitetlərdə azərbaycançılığı
aşılamalıyıq. Sosial
psixologiyanı az-çox
bilən, insan psixologiyası ilə, cəmiyyətlə işləyən
adam bilir ki, hər hansı
bir sosial sistemdə ideya konkret olmayanda, bu müəyyən fəsadlara gətirib çıxarır. Ona görə də inkişaf üçün
hökmən ideyanın
aydın olması vacibdir. Bütün məqamlar nəzərə
alınmaqla, düşünürəm
ki, azərbaycançılıqla
bağlı ali məktəblərdə məşğələlər
keçilməlidir. Digər
tərəfdən hesab
edirəm ki, azərbaycançılıq ideyası
müəyyən qədər
cilalanmalı və təkmilləşməlidir. Bəzi
yarımçıq məqamlar
tamamlanmalıdır. Kimsə
iddia edirsə ki, azərbaycançılıq
ideologiyası tam təkmildir,
bu doğru deyil. Şəxsən mən bunu iddia
edənlərlə "Bakı-Xəbər"də
fikir mübadiləsinə
çıxmağa hazıram.
O üzdən tövsiyə
edirəm ki, azərbaycançılıq ideyası
təkmilləşdirilsin. Biz gənclərin qarşısını
çiy ideya ilə çıxa bilmərik. Diqqəti ilk növbədə azərbaycançılıq
ideyasının daha da mükəmməlləşməsinə,
hər şeyin yerinə oturmasına yönəltmək lazımdır.
Ondan sonra sözügedən ideologiyanı
ali məktəblərdə
tədris etmək olar. Sona qədər
cilalanmamış bir ideologiya barədə gənclərə nəsə
danışmaq doğru
deyil".
Təhsil Şurasının sədri,
professor Əjdər Ağayevin
fikrincə, azərbaycançılıq
ideologiyası kompleks şəkildə təbliğ
olunmalıdır: "Azərbaycançılığın
xüsusi bir fənn kimi tədris olunmasına ehtiyac yoxdur. Ona görə ki, bu cür
yanaşma məhdud xarakterli olacaq. Çünki bu elə bir məsələdir
ki, bunun siyasi, sosioloji yönümü var. Əslində
ideologiya öyrətmə
yolu ilə meydana gəlmir. İdeologiya ortalıqda olan praktik işlərin
nümunəsində meydana
çıxır. Eyni
zamanda, bu ideologiyanın mahiyyəti,
əsasları, metodologiyası
öyrədilir. Bu baxımdan
buna geniş prizmadan yanaşıram. İstər ali məktəblərdə, istərsə
də orta ümumtəhsil məktəblərində,
harda olursa-olsun, ümumi şəkildə
azərbaycançılıq haqda söhbətlər getməlidir. Bütün tədbirlərdə, mühazirələrdə,
hətta ekskursiyaların
özündə belə
azərbaycançılığı qabartmaq lazımdır. Ailədən başlayaraq,
təhsilin son pilləsinə
qədər ümumi azərbaycançılıq mövqeyi
aşılanmalıdır. Pedaqoji baxımdan onu da qeyd
edim ki, azərbaycançılıq bütün
fənlərin timsalında
aşılanmalıdır. Azərbaycançılıqla bağlı
ali məktəblərdə
xüsusi məşğələlərin
keçirilməsinə zərurət
yoxdur. Təkcə humanitar fənlər vasitəsilə bu ideologiyanı təbliğ
etmək kifayət deyil. Texniki fənlər vasitəsilə
də azərbaycançılıq
təbliğ olunmalıdır.
Ən başlıcası,
tələbələrə dərs deyən müəllim azərbaycançılıq
ideyasının daşıyıcısı
olmalıdır. Orta məktəblərdə humanitar
fənlərin timsalında
azərbaycançılıq tədris olunur. Ancaq ali məktəblərdə
ayrı-ayrı fənlər
var. Bu fənlərə fəlsəfə,
sosiologiya daxildir. Bu fənlərdə ayrıca
mövzular götürülməlidir.
Ona görə də azərbaycançılıq
adında ayrıca məşğələlərin keçirilməsinə ehtiyac
yoxdur. Çünki ayrıca bir predmet tədris olunarsa, o biri fənlər o sahəyə
fikir verməyəcək.
Bir fənlə isə nəyisə mükəmməl öyrətmək
mümkün deyil. Ona görə də konkret olaraq sırf o ideologiyaya xidmət edən mövcud fənlərdə azərbaycançılıq
bir metodologiyi kimi götürülməlidir.
Tərbiyə işlərində,
hərbi vətənpərvərlik
tərbiyəsinin kökündə
azərbaycançılıq dayanmalıdır. Bu minvalla,
azərbaycançılıq ideologiyası böyüyən
nəslin canına, ideyalarına, baxışlarına,
əməllərinə hopmalıdır.
Bu həm də o zaman təsirli olur ki, bu
ideologiya onu tədris edənin əməlində olsun. Yəni praktik fəaliyyətlə, şəxsi
nümunələrlə nəzəri
baxışlar, fikirlər
vəhdətdə olmalıdır.
Belə qurularsa, gənclərimiz azərbaycançılıq
ideyasının mahiyyətinə
vararaq ölkənin layiqli vətəndaşı
ola bilər.
Həmçinin,
ictimai təşkilatların
özündə də
azərbaycançılıqla bağlı tədbirlər
keçirilməlidir. Yəni bu məsələyə
mən kompleks yanaşıram. O baxımdan ki, əliəyrilik,
korrupsiya rüşvətxorluq olmamalıdır. Bütün
bu neqativ hallar aradan qaldırılsa, o zaman azərbaycançılıq
nəinki tələbələr arasında, o cümlədən
cəmiyyətin bütün təbəqələrində
oturuşacaq. Yəni bütün hallarda azərbaycançılıq
ideologiyası əsas götürülməlidir. Necə deyərlər,
azərbaycançılıq ideologiyası bir növ vətəndaşlıq
mövqeyinə çevrilməlidir. Yəni Azərbaycan vətəndaşıdırsa,
o ölkəni sevməlidir, azərbaycançı olmalıdır,
dövlətin bütün uğurlarına sevinməlidir və
bu uğurlar üçün çalışmalıdır. Bunun
özü elə bir ideoloji baxışdır".
Tanınmış
şərqşünas Seyid
Camal Əzimbəyli bütün ali məktəblərdə azərbaycançılıqla
bağlı məşğələlərin
keçirilməsini məqsədəuyğun
hesab etdi: "Ali məktəblərdə milli
ideologiyamız hesab olunan azərbaycançılığın
təbliğ olunmasına
xüsusi önəm verilməlidir. Bu bütün ali məktəblərin
əsas vəzifələrindən biri olmalıdır.
Çünki inkişaf etmiş ölkələrdə
yüksək təhsilli tələbələr ölkənin
inkişaf səviyyəsinin əsas göstəricilərindən
hesab olunur. Bütün bunların əhəmiyyətini
lazımınca nəzərə almaq, məncə, faydalı
olar. Digər tərəfdən, bunun bir başqa özəllikləri
də var ki, həmin məqamlara xüsusi diqqət yetirilməlidir.
Məsələ ondadır ki, milli ideologiya sistemli şəkildə
gənc nəslə aşılanırsa, o zaman dövlətin
bütövlüyü, dövlətçilik təhlükə
altında qalmır. Bəzi müsəlman ölkələrində
milli ideologiyanın təkmil olmaması bir sıra ciddi problemlərin
yaranmasına rəvac verib. Nəticədə bu natamamlıq
zaman-zaman müəyyən fəsadların yaranmasına və
cəmiyyətdə təbəddülatlara gətirib
çıxarır. Bütün bunlardan çıxış
edərək, azərbaycançılıq
ideologiyasının əhatəli şəkildə universitetlərdə
təbliğ edilməsinə ehtiyac var. Hansı
variant daha optimal hesab edilirsə, biz ona üstünlük verməliyik.
Unutmaq olmaz ki, Qarabağ boyda faciəsi olan bir millətə
milli ideologiya çox lazımdır. Əsasən də bunun gənclər arasında təbliğ olunması müstəsna əhəmiyyətə malikdir.
Başqa bir tərəfdən, azərbaycançılıq
ideologiyasının sistemli
şəkildə təbliğ
olunması bu gün bizim birlik və bərabərliyimizin sübutu
ola bilər. Ona görə də, bütün sahələrdə olduğu
kimi, universitetlərdə
də milli ideologiya ilə bağlı kurslar təşkil edilməlidir.
Proqramlı şəkildə
sözügedən işlərin
görülməsi millətimizin
mənafeyinə ancaq fayda vermiş olacaq. Bütün bu prinsipləri əsas götürərək
düşünürəm ki, nəinki ali məktəblərdə,
hətta orta ümumtəhsil məktəblərində
belə azərbaycançılıqla
bağlı təbliğat
mexanizminin proqramlı
şəkildə qurulmasına
ehtiyac var.
Bununla bağlı bir dayanıqlı və davamlı siyasət olmalıdır. Onu da nəzərə almaq
lazımdır ki, get-gedə ali məktəblərdə oxuyan
tələbələrin sayı artır. Ölkədə
dövlət ali təhsil ocaqları ilə yanaşı, xeyli
sayda özəl universitet fəaliyyət göstərir. Yəni
ölkədə böyük bir tələbə kontingenti
var. Tələbə kontingentinin ilbəil artması
yaxşı tendensiya olduğuna görə, həmin tələbələrə
milli ideologiyanın aşılanması çox əhəmiyyətlidir.
Düşünürəm ki, bütün bu amillər nəzərə
alınacaq".
Vidadi
ORDAHALLI
Bakı xəbər.-
2011.- 16 mart.- S. 15.