Müasir Azərbaycan modelində həm Şərq,
həm də Qərb üçün cəlbedici məqamlar
var
Yunus
Oğuz: "Zamanı gələndə görəcəyik
ki..."
Elçin
Mirzəbəyli: "Keçirdiyimiz istənilən islahat digər
dövlətlərin həyatına müsbət təsir
göstərirsə..."
Dünyada bir sıra dövlətlər
var ki, öz xalqının rifahı və inkişafı naminə
həyata keçirdiyi bu və ya digər tədbirlərlə
başqa ölkələr üçün də bir model
rolunu oynayır. Yəni zaman-zaman digər ölkələr də
öz inkişafı naminə həmin dövlətin təcrübəsindən
yararlanır. Bu mənada başqaları üçün model
rolunu oynayan ölkələri barmaqla saymaq olar. Həmin
ölkələr sırasında, heç şübhəsiz,
doğma vətənimiz olan Azərbaycan da var.
Xüsusən də, Azərbaycan
son illər həyatın bütün sahələrində əldə
etdiyi uğurlarla öyünə və başqalarına da
nümunə ola bilər. Cərəyan edən son proseslər
göstərir ki, artıq bu istiqamətdə addımlar da
atılır. Belə ki, bu günlərdə Mərakeşin
Bakıda olan ədliyyə naziri Məhəmməd Nəsiri
prezident İlham Əliyevlə görüşündə
ölkəsində keçirilməsi nəzərdə tutulan
islahatlar zamanı Azərbaycanın müxtəlif sahələrdə
apardığı islahatların təcrübəsindən bəhrələnmək
istəyində olduğunu deyib. Bu isə onu göstərir ki,
ölkəmizdə həyata keçirilən uğurlu, o
cümlədən siyasi islahatlar artıq həqiqətən də
bir sıra dövlətlər üçün gözəl
nümunədir. Belə vəziyyət isə Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun qalxdığına, bir
çox dövlətlərin onunla və əldə etdiyi
uğurlarla hesablaşmağa məhkum olduğuna bariz
nümunədir. Adətən hər bir dövlət
özünün həyata keçirdiyi islahatların başqa
ölkələr tərəfindən nümunə olaraq qəbul
edilməsilə fəxr edir. Düzdür, bir çoxları
öz təcrübələrini başqa dövlətlərdə
zorla həyata keçirib və keçirməkdə davam
edir. Bu, xüsusən də, vaxtilə müstəmləkəçi
rolunda çıxış edən dövlətlərə
aiddir. Amma Mərakeş Krallığı rəsmisinin
yuxarıdakı açıqlaması göstərir ki, onlar
bizim ölkənin təcrübəsindən
könüllü şəkildə bəhrələnmək
istəyir. Bunun özü də Azərbaycana olan böyük
marağın, onun inkişaf tempinin düzgün yolunda
olmasının nəticəsidir. Bildiyimiz kimi, Azərbaycan
özünün milli və dini tolerantlığı ilə də
dünya miqyasında seçilir. Bunu nəinki Şərqdə
yerləşən dövlətlər, hətta
demokratiyanın beşiyi sayılan Qərbdə də qəbul
edirlər. Bu günlərdə ABŞ Dövlət
Departamentinin Bakıda olan nümayəndələri də mətbuata
açıqlamalarında məhz bu amili vurğulayaraq, Azərbaycanın
tolerantlıq sahəsində dünyaya örnək olduğunu
diqqətə çatdırıblar. Ümumiyyətlə,
tarixə nəzər salsaq, ölkəmizdə həyata
möhürü vurulan bir sıra islahatlar çox-çox əvvəlki
illərdən sonradan həm Şərq, həm də Qərb
üçün bir təcrübə model olub. Məsələn,
Azərbaycan Xalq Cumhuriyyəti müsəlman aləmində
ilk demokratik respublika olaraq dünya səhnəsinə
çıxmışdı. Hazırda İslam ölkələri
arasında demokratiya yolunu tutanlar yalnız AXC-dən sonra bu
addımı atıb. Digər tərəfdən, AXC
dövründə qadınlara seçki hüququ veriləndə,
Avropanın əksər ölkələri və Amerikanın
özündə belə zərif cinsin nümayəndələri
hələ də bu hüquqdan məhrum vəziyyətdə
idi. Bu mənada, ölkəmizdə realizə olunan mütərəqqi
islahatlar hələ çox-çox əvvəldən
dünya üçün bir nümunə rolunu oynayıb. Hazırkı
dövrdə ölkəmizdə iqtisadi sahədə də
uğurlu addımlar atılır. Bu uğurun nəticəsidir
ki, dünya ölkələri maliyyə böhranı buxovunda
çabaladığı və iqtisadi inkişaf templəri
aşağı düşdüyü dövrdə belə, Azərbaycan
ondan yan keçərək yüksəlməkdə davam edir. Yəni
ölkəmiz iqtisadiyyatını mənfi kataklizmlərdən
qorumaq təcrübəsinə görə də
başqaları üçün nümunə ola bilər. İndilikdə
də Azərbaycanda həyata keçirilən islahatların təcrübəsindən
başqa dövlətlərin bəhrələnmək siyasəti,
yuxarıdakı misaldan göründüyü kimi, davam edir. Belə
olmasaydı, kənardan gəlib bizdə həyata keçirilən
və uğurla nəticələnən islahatların təcrübəsindən
yararlanmazdılar. Maraqlısı odur ki, Azərbaycan təcrübəsindən
həm Şərq, həm də dahi təcrübələrilə
öyünən Qərbdə istifadə olunur. Bu isə
ölkəmizin imicini birə beş artırır.
Bütün bunlar da ölkəmizin öz ardıcıl fəaliyyətilə
düzgün yolda olduğuna bir nümunədir.
"OLAYLAR" qəzeti və
agentliyinin baş redaktoru Yunus Oğuz bu istiqamətdə
ölkəmizin xoşbəxt olduğunu diqqətə
çatdırdı:
"Uzun, yüz illər ərzində
Azərbaycanın daxilində şiə-sünni məzhəbi
həmişə özünü kifayət qədər kəskin
şəkildə təzahir etdirirdi. Bildiyiniz kimi, orta əsrlərdə
Azərbaycanda barışmaz sünni-şiə
qarşıdurması vardı. Ona görə də həmin
vaxtlar insanlar bir-birinə hücum edirdi. Bir müddət
keçəndən sonra Azərbaycanda belə problemlər
aradan qaldırıldı. Ölkəmizdə artıq dini
tolerantlıq deyilən baxış hakimi-mütləqdir. Bu da
Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Bu təkcə
dini tolerantlıqla bağlı deyil. Konstitusiyada dinin dövlətdən
ayrı olması və dinin dövlət işlərinə
qarışmaması məsələsi də var. İslam, əsasən
də ərəb ölkələrində isə din məsələsi
xüsusi olaraq qabarır. Azərbaycanda dini tolerantlıq,
dözümlülük məsələsi kifayət qədər
inkişaf etdiyindən, bəzi ölkələr bundan yararlana
bilər". Həmsöhbətimizin dediyinə görə,
iqtisadi sahədə də Azərbaycandan nümunə
götürüləcək məqamlar çoxdur:
"Ölkəmiz iqtisadi sahədə atdığı
addımları ilə də başqalarına nümunədir.
Məsələn, bizdə kənd təsərrüfatına
ayrılan subsidiyaların fermerə verilməsi dünyada
analoqu olmayan haldır. Türkiyə hələ indi-indi kənd
təsərrüfatında çalışanlara
seçkiqabağı 5 milyard türk lirəsi qədər
pul ayırıb. Amma biz bunu neçə illərdir ki, həyata
keçiririk. Bunun təbii, çox müsbət təsirləri
var". O, analoji halı siyasi məsələlərə da
şamil etdi: "Seçkilər zamanı ölkəmizdə
monitorların quraşdırılması məsələsindən
də bir sıra ölkələr istifadə edə bilər.
İndinin özündə də bəzi ərəb dövlətlərində
qadınlar seçki prosesindən kənarda saxlanır.
Onları seçki prosesinə buraxmırlar, gender problemləri
var. Təbii ki, Azərbaycan tam kosmopolit dövlət də
deyil. Azərbaycanın qədim türk salnamələrində
də göstərilir ki, bizdə qadınlar həmişə
önəmli rol oynayıb və dövləti işlərdə
iştirak edib. Bu baxımdan biz türk soyundan gələn
prinsiplərə əsaslanaraq, qadınlara da həyatın hər
bir sahəsində böyük önəm veririk. Yəni bizdə
həmin bərabərlik sözdə deyil, işdə, əməldədir.
Çox müsəlman ölkəsi də bundan nümunə
götürə bilər. İndiyə kimi heç bir
İslam ölkəsinə yaxınlaşıb, onlardakı
yaxşı cəhətləri örnək götürüb
tətbiq edəcəklərilə bağlı fikir bildirməyiblər.
Bu ilk dəfə Azərbaycanla bağlı olaraq səslənir.
Özü də rəsmi səviyyələrdə. Bu tədbirlər,
təbii ki, uzun müddətlidir. Yəni bir-beş günə
həyata keçən deyil. Uzun müddətli işlər nəticəsində,
əminəm ki, Azərbaycan dünyaya örnək ola biləcək
daha bir çox işləri görəcək. İqtisadiyyat
məsələsində də dövlətimiz bir
çoxlarına örnək ola biləcək addımlar
atıb". Y.Oğuz korrupsiyaya qarşı mübarizə
sahəsində dövlətimizin apardığı siyasəti
də bir çoxları üçün örnək görür:
"İndiyə kimi İslam ölkələrinin heç
birində korrupsiyaya qarşı mübarizə problemləri
qaldırılmayıb. Bu mübarizə tədbirləri
heç Türkiyənin özündə də yoxdur. Amma Azərbaycan
dövlət başçısının birbaşa elan etdiyi
antikorrupsiya mübarizəsi dünyada analoqu olmayan hadisədir.
Həyəcan təbili başqa ölkələrdə də
var. Hüsnü Mübarək, Qəddafi kimiləri də
zamanında bunu edə bilərdi. Amma etmədilər.
Avropanın heç bir ölkəsi belə korrupsiyaya
qarşı mübarizə elan etməyib. Guya burada korrupsiya
yoxdur? Əksinə, Avropada korrupsiya Şərq ölkələrindən
də çoxdur. Amma bizim dövlət
başçımız bu məsələlərin
üstünə kifayət qədər gedə bilir və
antikorrupsiya mövqeyini sərgiləyərək buna
qarşı mübarizə aparır. Digər ölkələrdə
isə mafiyaya qarşı kifayət qədər mübarizə
aparılmır. Bunlar cəmiyyətin problemləridir.
Hansı ki, Azərbaycan onları həll etmək istəyir.
Bunu istədikcə cəmiyyətdə də bir oyanma
bahlamalıdır. Azərbaycan Şərqlə qərbin
qarışığında olduğundan, müəyyən
problemlərə özünün xüsusi
baxışları olur. Bunu da sonradan, illər keçdikdə
Qərb və Şərq öz adına götürür. Qərb
Nəsirəddin Tusi kitablarından istifadə edərək
Amerikanın açılışını etdi. Yəni onlar
zaman-zaman bizdən nümunə götürüblər. Azərbaycan
həmişə ideyalarla zəngin olan ölkədir.
İdeyaların ölkəmizdə qalması
üçün bu gün Azərbaycan dövlətinin kifayət
qədər imkanı var. Artıq belə ideyaları ölkəmizin
özü elan edir. Bunların hamısı Azərbaycanın
gələcəyinə işləyir. Ölkəmizin təcrübəsindən
başqa dövlətlərin istifadə etməsi bizim
dünya miqyasında imicimizin yüksəlməsində kifayət
qədər müsbət nəticə verəcək. Vaxtilə
saz məsələsini qaldırmışdıq. O vaxtlar ermənilər
YUNESKO-da sazı öz adlarına çıxararaq qeydiyyatdan
keçirməyə cəhd etdilər. Həyəcan təbili
çalındı və nəticədə məsələ
həll olundu. Artıq sazı YUNESKO-nun Azərbaycana məxsus
mədəni-mənəvi incisi kimi qeydiyyata saldıq. Yəni
bunlar bir günün işi deyil. Beynəlxalq təşkilatlar
süründürməçiliklə məşğuldur. Məsələyə
dərhal reaksiya vermir, bunun üçün xeyli zaman
keçməli olur. Zaman gələndə görəcəyik
ki, Azərbaycan çox böyük uğurlara imza atıb,
hansı ki, başqaları da bu təcrübədən bəhrələnməyə
çalışacaq".
"Xalq Cəbhəsi" qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli ölkəmizi Şərq
və Qərb mədəniyyətinə yiyələnən
dövlət kimi səciyyələndirdi: "Azərbaycan həm
Avropa, həm də Şərq mədəniyyətinə sahib
ölkədir. İki mədəniyyətin
qovşağında yerləşdiyindən, onlar arasında
körpü funksiyasını yerinə yetirir. Bu baxımdan
hesab edirəm ki, Qərbdən birbaşa əxz etmək
imkanında olmadığı hüquqi və digər dəyərlərin
mənimsənilməsi üçün Azərbaycan modelindən
istifadə olunması, təbii ki, daha məqsədəuyğun
və anlaşılandır. Azərbaycanın timsalında bu
onlar üçün psixoloji baxımdan doğma
görünür. Azərbaycanda keçirilən islahatlar
zamanı, təbii ki, mental xüsusiyyətlər də nəzərə
alınır. Oxşarlıqlar həyata keçirilən
islahatların digər ölkələrdə hamar şəkildə
sınaqdan keçməsində özünü büruzə
verir. Azərbaycanın başqaları üçün ən
böyük örnəyini tolerantlıq nümunəsi
sayıram. Bizdə milli və dini azlıqlara göstərilən
münasibət, onlar arasında dialoqun təmin edilməsi vətəndaş
cəmiyyətinin ən fundamental prinsipləridir. Bir ölkədə
yaşayan bütün xalqlar arasında ünsiyyət və
dialoq varsa və o inkişafa aparırsa, deməli, bu model ən
optimal modeldir. İndiki halda tolerantlıqla bağlı təkcə
Şərqdə deyil, Avropa ölkələrində də
ciddi problemlər mövcuddur. Qərbin əksər dövlət
xadimləri və ekspertləri Azərbaycandakı
tolerantlığın Avropada da örnək ola biləcəyini
vurğulayır.
Digər nümunə
götürüləsi sahələrimiz də var. Azərbaycanın
təcrübəsindən istifadə olunması ölkəmizin
imicinin qalxması deməkdir. Keçirdiyimiz istənilən
islahat digər dövlətlərdə istifadə olunur və
bu onların həyatına müsbət təsir göstərirsə,
təbii ki, bu həmin xalq və dövlətdə Azərbaycana
münasibətin yaxşılaşmasına zəmin
yaradır. Bu olduqca vacib məsələdir".
Rüfət
SULTAN
Bakı xəbər.-
2011.- 17 mart.- S.12.