Azərbaycandan mühacirət edənlərin sayı azalıb
Ekspertlər bunu iqtisadi amillər və qanunvericilik bazasının təkmilləşdirilməsilə
bağlayır
BMT-nin Qaçqınlarla
İş üzrə
Komissarlığına məlumatına görə, inkişaf etmiş ölkələrdə sığınacaq axtaran insanların sayı son 10 ildə ən aşağı səviyyəyə
enib. APA-nın xəbərinə görə, analoji tendensiya sığınacaq almaq üçün müraciət
edən azərbaycanlıların sayında da
müşahidə olunur.
2009-2010-cu illərdə belə soydaşlarımızın
sayı 2000-ci illərin əvvəllərinə nisbətən
20 faiz azalıb.
Ötən iki ildə Azərbaycan vətəndaşları 44 Qərb ölkəsinə sığınacaq almaq üçün
müraciət
edib. 2009-cu ildə belə
müraciətlərin sayı 2495, ötən il
isə 1987 olub. Azərbaycanlılar,
əsasən Avropa İttifaqı
ölkələrində
sığınacaq axtarmağa üstünlük verir. 2009-cu
ildə 2338, ötən il isə
1841 soydaşımız Aİ ölkələrinə
sığınacaq almaq üçün
müraciət edib. Konkret ölkələrə
gəldikdə, sığınacaq almaq istəyən vətəndaşlarımız
üçün ən
cəlbedici dövlətlər ABŞ, Fransa, Almaniya, İsveç və Kanadadır.
Ümumilikdə ötən il dünyada sığınacaq almaq üçün
ayrı-ayrı ölkələrə 358 min
müraciət
edilib. Bu,
ötənilki göstəricidən 5 faiz,
2001-ci ilin göstəricisindən isə iki dəfə azdır.
Adətən
insanlar bir sıra səbəblər üzündən
başqa dövlətlərə üz
tutur. Bu
səbəblər içərisində sosial, iqtisadi, siyasi, elm, təhsil, ailə
vəziyyəti və s. bu
kimi amillər üstünlük
təşkil edir.
Sadaladığımız problemlərdən əziyyət
çəkən insanlar fürsət
düşən kimi baş götürüb xarici ölkələrə
mühacirət edir. Bu hal, özünü
xüsusən də iqtisadi cəhətdən geri qalan dövlətlərdə
göstərir. Azərbaycanda isə son illər iqtisadi yüksəliş
prosesi gedir. Hətta
aparıcı dövlətlər maliyyə böhranından ziyan çəkdiyi ərəfədə belə, ölkəmizdə
iqtisadiyyat yüksələn
templə inkişaf edirdi. Vaxtilə xeyli
sayda işsizlər ordusu olan vətənimizdə
indi nəinki təkcə belələrinin sayında əməlli-başlı
azalma müşahidə
olunur, hətta xaricdən Azərbaycana
işləmək üçün gələnlər var.
Ölkədə son illər
bütün sahələrdə hərtərəfli
islahatlar həyata
keçirilir. Həyata
keçirilən islahatların tempinə görə də Azərbaycan
son illər dünyanın lider dövlətlərindən birinə
çevrilib. Özü
də bu islahatlar birbaşa əhalinin
mənafeyinin təmin olunmasına, onun maddi rifahının
yüksəldilməsinə xidmət edir.
Söz yox, həyata
keçirilən bu kimi
tədbirlərin nəticəsidir ki, Azərbaycandan xaricə axın edənlərin sayında azalmalar müşahidə
olunub. Görəsən, bu
məqamla bağlı
mütəxəssislər nə düşünür?
Miqrasiya məsələləri
üzrə
mütəxəssis Azər Allahverənov məsələyə bir neçə prizmadan yanaşmağın
vacib olduğunu dedi:
"Ümumiyyətlə,
dünya üzrə
miqrasiya proseslərinin
ümumi həcmi azalıb.
10-20 il bundan qabaq baş verən məlum hadisələr-sosialist
düşərgəsinin dağılması, dəmir pərdənin
aradan götürülməsi, bir çox dövlətlərdə miqrasiya
qanunvericiliyinin liberallaşdırılması
böyük bir miqrasiya mənzərəsinin yaranmasına gətirib
çıxarmışdı. İnsanlar kütləvi şəkildə
bu ölkədən
digərinə, xüsusən də inkişaf
etmiş dövlətlərə
üz tuturdu. Bu da daha
yaxşı həyat axtarışı, işsizlik probleminin aradan qaldırılması, hərbi əməliyyatların
getdiyi ərazidən uzaq olmaq istəyilə
bağlı idi. Belə problemlərin məngənəsində boğulan insanlar nəticədə miqrasiya
etməyə daha çox meyl göstərmiş və daimi
yaşayış yeri
üçün başqa
dövlətləri seçmək məcburiyyətində
qalmışdı. Bu, Azərbaycana
da şamil olunan məsələdir. Ölkəmizdə də
keçən əsrin 90-cı illərinin əvvəllərindən
üzü bəri məlum hadisələr baş
verdi". Həmsöhbətimiz bildirdi ki, istənilən halda hər bir millətin miqrasiya etmək potensialı var. Ona görə, bizim millət bütövlükdə mobil
millət sayılır: "O baxımdan ki, bizlər daim digər dövlətlərə üz tutub, orada əmək fəaliyyətilə məşğul
olaraq başqa ölkələrlə daha
sıx əlaqəli
millət olmuşuq. Bununla
yanaşı, bizim də
miqrasiya etmək potensialımız var. Həmin potensial da keçən
əsrin 90-cı, XXI əsrin əvvəlinə
təsadüf etdi. Nəticədə
getmək istəyən, buradakı işsizlik səbəbindən
xaricdə əmək fəaliyyətilə
məşğul olmaq niyyətində
olan insanlar artıq getdi. Son illər gedən tendensiya, yəni azalma prosesi təkcə Azərbaycanla bağlı deyil,
bu digər ölkələrlə
də bağlı müşahidə olunan
hadisədir. Bu da normal haldır". A.Allahverənov düşünür ki, vəziyyətin
belə cərəyan etməsində Azərbaycanda baş verən iqtisadi amillərin də böyük
rolu var:
"Dünyanın düzəni dəyişdikcə, digər
sahələrdə də dəyişikliklər baş verir. İnkişafda olan dövlətlərin bir çoxunda, o cümlədən ölkəmizdə artıq
uzunmüddətli dövlət proqramları qəbul olunub. Burada 15-20 illiyə
nəzərdə tutulan iqtisadi
proqramlar daha önəmlidir.
Həmin ölkələrdə, həmçinin bizdə də
iqtisadi artımlar müşahidə olunmaqdadır. Vaxtilə Cənub-Şərq
ölkələrində yaşayanlar Avropa və Amerikaya üz tuturdusa, hazırda həmin dövlətlərin
özləri inkişaf edən
ölkələrə çevrilib.
Onların özünün
də insan resurslarına
böyük ehtiyacı var".
Mütəxəssis qanunvericilik
bazasının təkmilləşməsinin də miqrasiya prosesinin azalmasında əhəmiyyətini qeyd etdi:
"Dünyanın inkişaf etmiş ölkələrinin
əksəriyyətində artıq təkmil qanunvericilik
bazası formalaşıb. Vaxtilə
həmin qanunvericilikdə müəyyən boşluqlar
da var idi
ki, başqa dövlətin
sakini də həmin məqamdan istifadə edərək ora miqrasiya edirdi.
İndi isə bu boşluqlar yoxdur və bu çox zaman
qanunvericiliyin sərtləşdirilməsi
kimi qələmə verilir.
Bu da bütövlükdə insanların miqrasiya etmək əhval-ruhiyyəsinə mənfi təsir göstərən haldır. Vaxtilə
Almaniyaya insanlar rahatca mühacirət edirdisə, 2001-ci ildən
sonra keçirilən
qanunverici islahatla bu proses sərtləşdirildi.
Azərbaycanda bu gün
başqa statistika özünü göstərir. Bizə
gələnlərin sayı gedənlərin
sayından çoxdur, yəni
miqrasiya saldosu müsbətdir.
Vaxtilə azərbaycanlı miqrantlar
Yunanıstana üz tutub oranın plantasiyalarında əmək fəaliyyətilə
məşğul olurdu. İndi
isə bu ölkədə baş
verən böhran prosesi
ora üz tutan soydaşlarımızın
əhval-ruhiyyəsinə birbaşa olaraq mənfi təsir
göstərib və onların çoxu öz vətənə qayıdıb".
Həsən İSLAMOV
Bakı xəbər.- 2011.- 31 mart.- S. 12.