Borçalıda
Azərbaycançılıq...
Eyvaz Borçalı:
"...çox yüksək səviyyədə qorunur"
Harada azərbaycanlı var, orada
dilimiz də, adətlərimiz də yaşayır. Azərbaycanlılar yalnız Azərbaycan Respublikası ərazisində
yaşamır, habelə ölkəmizlə həmsərhəd
olan və olmayan məmləkətlərdə də kompakt
halda məskunlaşıblar. Onlar üzərində həyat
qurduqları torpaqları Azərbaycanımızın bir
parçasına çevirib. Tarixə nəzər salsaq
görərik ki, o yurdlar həqiqətən də vaxtilə
Azərbaycan ərazisi olub.
Lakin
sonradan müxtəlif yollarla bizdən qoparılıb. Bəzi
torpaqlarımız işğal nəticəsində əlimizdən
çıxıb, bəziləri tərəfimizdən
qonşulara hədiyyə edilib, bəzilərisə
özümüzlə məsləhət edilmədən
qonşu dövlətlər arasında bölünüb.
Xoşbəxtlikdən, tarixi torpaqlarımızın
üstündə əsasən Azərbaycan türkləri gəzib.
Güney Azərbaycanda
da, Dərbənddə də, Borçalıda da belədir. Təəssüflər
olsun ki, bunu erməni işğalında olan Qərbi Azərbaycan
və Dağlıq Qarabağa şamil edə bilmirik.
Azərbaycanlıların
sıx şəkildə yaşadığı məmləkətlərin
hər birində ana dilimiz, mədəniyyətimiz, folklor
dünyamız, mənəvi dəyərlərimiz də
öz varlığını qoruyub saxlayır.
Gürcüstan Respublikasının ərazisinə daxil
olan Borçalı mahalı da dilimizin, milli dəyərlərimizin,
varlığımızın qorunduğu yurd yerlərimizdəndir.
Borçalı əsilli insanlarla söhbətlər
zamanı məlum olur ki, orada Azərbaycançılıq,
tükçülük tarixin bütün dönəmlərində
qorunub, yüksək mərtəbədə tutulub.
Borçalı türklərinin, demək olar ki, hamısı
azərbaycanlı olması ilə fəxr edir, bu böyük
xalqın təmsilçisi olmasından qürur duyur.
Borçalı ziyalıları, qələm adamları
istər çar Rusiyası, istər Sovet dövründə,
istərsə də müstəqillik illərində Azərbaycançılıqla
bağlı böyük işlər görmüşdü.
Borçalı əsilli fikir adamları Azərbaycan dilində
təhsilin formalaşmasında, ədəbiyyatın
yaranmasında, ümumiyyətlə maarifçilik sahəsinin
inkişafında misilsiz rol oynayıb.
Sovet
dövründə Borçalıda dilimizdə bir neçə
adda qəzet və jurnal, ədəbi dərgilər
işıq üzü görürdü. "Sovet
Gürcüstanı" qəzetində dilimizin, ədəbiyyatımızın
keşiyində duran ziyalılar, jurnalistlər azərbaycançılığı
yaymağı da məqsəd kimi öz qarşısına
qoyub. Bəlkə də bunun nəticəsidir ki, ötən əsrin
80-ci illərinin sonunda yetişən gənclikdə azərbaycançılıq
sevgisi daha yüksək idi.
Bu torpaqda
yetişən ziyalılar Azərbaycan xalqının tarixinə
böyük töhfələr verib. Orada doğulub burada məşhurlaşan
aydınlar milli ruhun formalaşmasında və təbliğində
önəmli xidmətlərə malikdir. Hətta deyərdik
ki, 1988-ci ildə Bakıda vüsət alan Milli Azadlıq Hərəkatında
borçalıların rolu az deyildi. Tanınmış
ziyalılarımız azərbaycanlı olduqlarını
qürurla dilə gətirir, bu istiqamətdə yazılar
yazır, kitablar nəşr edir, geniş şəkildə təbliğat
işi aparırdı.
Hazırda
adı dəyişdirilərək Kvemo-Kartli edilən qədim
Borçalı mahalından Azərbaycan Respublikasına
köçüb gələn ailələr
saysız-hesabsızdır. Onların sırasında fikir
adamları, ziyalılar, qələm sahibləri də var. Bu
da, təbii ki, dilimizə, varlığımıza zərbə
vuran amildir. Azərbaycan dilli məktəblərin
qapadılması, onların bazasında gürcü dilli təhsilin
inkişaf etdirilməsi hər bir azərbaycanlını
narahat edir. Bütün bunlara baxmayaraq, torpağa, yurda
bağlı ziyalılar Azərbaycan xalqının bu əbədi
və əzəli torpağının keşiyində durmaqda
davam edir. Dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi,
mənəvi dəyərlərimizi yaşatmaq
üçün mücadilələr verir.
Bəziləri
hesab edir ki, artıq Borçalıda Azərbaycançılıq
məfkurəsinə xidmət edən insanların
sırası seyrəlir, guya ki, soydaşlarımız milli dəyərlərimizə
o qədər də bağlı deyil. Amma bunun əksini deyənlər
də var. Tanınmış şair-tərcüməçi,
"Borçalı" Cəmiyyətinin keçmiş rəhbəri,
nüfuzlu ziyalı Eyvaz Borçalı "Bakı-Xəbər"ə
bildirdi ki, Borçalı yenə də Azərbaycançılıq
ocaqlarından, məktəblərindən biri kimi bu ali dəyərə
xidmət edir. E.Borçalının sözlərinə
görə, Azərbaycançılıq məfhumu müqəddəs
bir hiss kimi özünü tanıyan, keçmişinə
sahib durmağı bacaran, dəyərlərinə hörmət
edən bütün borçalılıların ürəyində
qərar tutub. Borçalı əsilli ziyalıların daim bu
məfkurəyə xidmət göstərdiyini deyən
E.Borçalının sözlərinə görə, elə
Borçalı ziyalıları olub ki, bir neçə nəslin
tərbiyəsində müstəsna rol oynayıb: "Elə
şəxsiyyətlər var ki, onlar bir deyil, bir neçə
nəslin tərbiyəsində böyük xidmətlər
göstərib. Onların ikisinin adını çəkəcəyəm.
Bu şəxsiyyətlərdən biri böyük
yazıçı-şair, pedaqoq Abdulla Şaiqdir-onun əsərləri
bir neçə nəsli öyrədib. O biri isə
böyük ədib, həkim, ictimai-siyasi xadim, pedaqoq Nəriman
Nərimanovdur. Bu insanların yazdığı əsərlərin
tərbiyəvi əhəmiyyəti danılmazdır.
Onların dövründə də, sonrakı illərdə də
Borçalıda Azərbaycançılıq çox
yüksək səviyyədə inkişaf edib. Bu sahədə
heç bir problem olmayıb. Azərbaycan
ziyalılarının da yaşayıb yaratdığı
Tiflis Qafqazın mədəniyyət mərkəzlərindən
biri idi. "Molla Nəsrəddin" jurnalı da ilk dəfə
burada nəşr olunmuşdu. Borçalı türkləri tarixən
dilimizi, mədəniyyətimizi,
türkçülüyümüzü, azərbaycançılığımızı
çox qaydasında qoruyub".
E.Borçalının dediyinə görə,
Borçalıda Azərbaycan dilli məktəblərin
azalması, tədrisin zəifləməsi, məktəblərdə
dərs deyən müəllimlərin orta yaş həddinin
60-ı keçməsi xeyli problemlər yaradır:
"Borçalıda təhsil zəifləyib, müəllimlərin
çox hissəsi yaşlı adamlardır, gənclər
müəllimliklə məşğul olmaq istəmir. Bu da
çox böyük problemlər yaradır. Gənc nəslin ədəbiyyatdan
uzaq düşməsi də narahatedici faktlardır. Düzdür,
heç burada da kitab oxuyan o qədər çox deyil.
İnternet çıxandan sonra camaatın kitaba marağı
azalıb. Heç Borçalıda yaşayan azərbaycanlı
balalarının internetdən istifadə etmək imkanı belə
yoxdur. Təhsilin zəifləməsinə, uşaqların ədəbiyyatdan
kənar düşməsinə baxmayaraq, yaşlı nəsil
də, gənclər də azərbaycanlı olması ilə
fəxr edir və hər kəs öz sahəsində dilimizi
qorumağa çalışır. Azərbaycanlı olmaq,
böyük bir mədəniyyətə, dilə, ədəbiyyata
sahiblik hər bir Borçalı sakininin qürur mənbəyidir".
E.Borçalının dediyinə görə, bu gün
Borçalıda Azərbaycançılıqla bağlı
konkret əsərlər yazılmasa da, elmi-tədqiqat işləri
aparılmasa da, qələmə alınan hər bir
yazının özəyini milli mənliyimiz təşkil
edir.
Vaxtilə
Borçalıda ziyalıların, şair və
yazıçıların təşəbbüsü ilə
müxtəlif adda dərgilər çıxırdı:
" Onlardan biri də "Dan ulduzu" dərgisi idi. Orada
Borçalıda yaşayıb-yaradan şairlərin, alimlərin,
yazıçıların əsərləri dərc edilirdi.
Onun bir neçə cildi işıq üzü gördü.
İstərdim ki, bu dərginin yeni sayları da çap olunsun.
Son dövrlər Azərbaycan hökuməti Borçalı
türklərinin qayğısına qalır. Dövlətimizin
təşəbbüsü ilə Azərbaycan dilində mətbu
orqanlar çap olunur, Azərbaycan Mədəniyyət Mərkəzləri
fəaliyyətə başlayır. Ziyalılar Azərbaycançılığın
təbliği istiqamətində çox böyük işlər
görür. Təhsildə vəziyyət düzəlsə,
hər şey yavaş-yavaş qaydasına düşəcək.
Borçalı aşıqları dilimizi, xalq ədəbiyyatımızı
çox yüksək səviyyədə qoruyur.
Aşıqlarımızın ifası bütün türk
dünyasında məşhurdur".
Gürcüstan hökuməti tərəfindən
Borçalıda Azərbaycanlıların
yaşadığı kəndlərin, yer-yurd adlarının
dəyişdirilməsi faktı oxucularımıza məlumdur.
Azərbaycançılığımızın,
türkçülüyümüzün nişanələrini,
izlərini özündə daşıyan bu adların dəyişdirilməsi
azərbaycanlıların izlərinin o yerlərdən silinməsinə
xidmət edir. Yəqin bu tendensiyanı həyata keçirənlərin
də məqsədi elə bu olub.
E.Borçalı bu məsələ ilə bağlı
qəzetimizə çox ürəkaçan bir xəbər də
verdi. E.Borçalının
sözlərinə görə, bir müddət əvvəl
yerli hökumət Marneuli (Sarvan) rayonunda Azərbaycanlıların
yaşadığı 17 kəndin adının dəyişdirilərək
gürcüləşdirilməsilə əlaqədar qərar
qəbul edibmiş: "Məlumat aldıq ki, Marneulidə 17 kəndin
adı da gürcüləşdirilib. Bakıda yaşayan
Borçalı əsilli ziyalılar bir araya gələrək
Gürcüstan prezidenti Mixail Saakaşviliyə gürcüləşdirilmiş
kənd adlarının bərpa edilməsilə bağlı
müraciət ünvanladıq. Sağ olsun, müraciətimizə
əməl etdi və adlar yenidən qaytarıldı. Hökumət
rəsmi şəkildə bəyan etdi ki, 20 il əvvəl azərbaycanlıların
yaşadığı kəndlərin adlarının dəyişdirilməsi
prosesinə başlanmasının özü səhv olub.
Gürcüstan dövləti bu prosesin dayandırılması
istiqamətində addımlar atacaq. Bunu özləri etiraf
etdi. Bolnisi rayonunda da 38-ə yaxın kəndimizin adı
gürcüləşdirilib, onların da yenidən bərpası
üçün Gürcüstan hökumətinə müraciət
ünvanlayacağıq. Düşünürəm ki,
"yox" cavabı almayacağıq. Digər bir müraciətimiz
isə Borçalı adının qaytarılması ilə
bağlıdır. Əvvəllər Borçalı
sultanlığı olub, sonra bu sultanlıq qəzaya
çevrilib. XX əsrin 2-ci yarısından sonra isə rəsmi
olaraq Borçalı adı ümumiyyətlə
götürülüb. Borçalı rəsmi qaydada
Kvemo-Kartli adlandırılıb. İstəyirik ki, rəsimi
olaraq Borçalı adını qaytaraq. Bu gün
Gürcüstanda İmireti, Kaxeti, Meqrelia kimi mahallar öz
tarixi adlarını qoruyur. Onların yaşdaşı olan və
tarixdə bu adlara yoldaşlıq edən
Borçalının adı rəsmi olaraq bərpa edilməlidir".
İradə
SARIYEVA
Bakı xəbər.-2011.- 3 may.- S.
15.