Azərbaycanda meşələrin bərpası və artırılması...

 

Azərbaycan öz iqlim şəraitinin zənginliyinə görə dünyanın bir çox ölkələrilə rəqabət apara bilər. Doqquz iqlim qurşağından yeddisinə malik Vətənimiz, saysız təbii sərvətlərilə yanaşı, həm də füsunkar təbiətə malikdir. Vaxtilə Herodot, Strabon, Ptolomey kimi antik müəlliflər belə öz əsərlərində Azərbaycan haqqında məlumat verərək onun təbiəti, coğrafi vəziyyətinə diqqət çəkiblər. Daha sonra iranlı alim Rəşidəddin Fəzlullah, Məhəmməd Naxçıvani öz qeydlərində bu unikal Qafqaz ölkəsinin zəngin fauna florasından yazıb.

Alban tarixçisi Musa Kalankatlı isə VIII-VII əsrlərdə özünün "Alban tarixi" əsərində buranın zəngin təbii sərvətlərini təsvir edib.Azərbaycan ərazisi zəngin bitki örtüyünə malikdir. Burada o qədər də böyük olmayan ərazidə az qala dünyada yayılmış bütün bitki növlərinə rast gəlinir. Azərbaycan florası çeşidinə görə Qafqazın digər ölkələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, Qafqazda bitən ümumi bitki çeşidinin 66%-i Azərbaycanda mövcuddur. 240-a yaxın endemik növ isə yalnız Azərbaycan florasına məxsusdur. Azərbaycanda meşələr əsasən üç növ ağacları əhatə edir - vələs, palıd və fısdıq. Bundan başqa, bu meşələrdə ağcaqayın, cökə, qızılağac, söyüd, qovaq, qarağac və digər enliyarpaqlı ağaclara da rast gəlinir. Azərbaycan Respublikası nadir ağac və kolların vətəni sayılır. Bu torpaqda bitən qara cökə meşələrin nadir incisi hesab olunur. Bu gün ölkədə turizmin inkişafını aktual edən və bu sahədə perspektiv vəd edən regionlarımızın hər birinin özünəməxsus üstünlüyü var. Elə təkcə onu demək kifayətdir ki, Azərbaycanın cənub zonasında yerləşən talış meşələrində dünyanın çox az ölkəsində təsadüf olunan dəmirağac bitir. Qarabağ meşələrinin zənginliyini və füsunkarlığını isə təkrar anlatmağa, yəqin ki, ehtiyac yoxdur. Əsrlər boyu özünün zəngin təbiətilə dillər əzbəri olan bu bənzərsiz region mənfur qonşularımızın çirkin niyyətlərini reallaşdırmağa başlamasından keçən müddət ərzində daha çox diqqət mərkəzinə gəldiyindən, bu bölgənin bənzərsiz təbiətindən, flora və faunasının zənginliyindən kifayət qədər deyilib və yazılıb. Təsadüfi deyil ki, vaxtilə Qarabağ meşələri buraya səfər edən Aleksandr Düma (ata)nı da heyran qoymuşdu. Dünya şöhrətli fransız yazıçısı buradakı əsrarəngiz təbiətə, zəngin bitki örtüyünə dünyanın heç bir yerində rast gəlmədiyini daha sonra özünün xatirələrində də göstərmişdi. Üzdəniraq qonşularımız isə, öz mənfur niyyətlərini həyata keçirmək planının tərkib hissəsi kimi, yerli əhalini provokasiyaya çəkmək üçün ilk olaraq məhz məşhur Topxana meşələrini qırmağa başlamışdı. Çünki onlar bilirdi ki, bu meşələr Azərbaycanımızın əvəzsiz incisidir və istənilən vətənpərvər azərbaycanlını bu yolla provokasiyaya çəkib qarşıdurma yaratmaq olar. Onlar öz çirkin niyyətlərinə, müvəqqəti də olsa, nail olsalar da, Azərbaycan xalqı inanır ki, halal ərazilərimizin öz sahibinə qaytarılacağı gün uzaqda deyil və Azərbaycanımızın bu dilbər guşəsi çox yaxında əsl sahibinə qovuşacaq.

Meşələrin təbii iqlimin qorunmasında oynadığı rol çox böyükdür. Meşələr təbiətin ayrılmaz hissəsi olub, təbii tarazlığın qorunmasında bir çox funksiyaları yerinə yetirir. Meşələr, bir növ, təbiətin tənzimləyicisidir və başqa heç bir nəsnə onu bu rolda əvəz edə bilməz. O, əsasən rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun verilməsini tənzimləyir, onu nisbətən tarazlaşdırır. Dağlıq rayonlarda isə meşələrin əhəmiyyəti daha böyükdür. Belə ki, dağlıq ərazilərdə meşə örtüyü torpaq sürüşməsi və dağ uçqunları kimi təbii fəlakətlərin qarşısını alır, bu fəlakətin vuracağı zərəri minimuma endirir. Bunun nəticəsidir ki, ərazisinin 20-25%-ni meşəlik sahələr təşkil edən ölkələrdə su qıtlığına, qeyri-sabit iqlim şəraitinə, torpaqların deqradasiyasına və eroziyasına, bataqlıq və şoranlıq sahələrə az təsadüf edilir. Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağacların, bitkilərin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab olunan meşə örtüyü Azərbaycanın ən qiymətli milli təbii sərvətlərindən biri hesab olunur. XVIII-XIX əsrlərdə indiki Azərbaycanın ərazisinin 35%-ni meşə örtüyü təşkil edib. Hazırda meşələrimizin ümumi sahəsi 1021 min hektar ərazini əhatə edir. Azərbaycanın ümumi meşə fondunun 261 min hektarlıq hissəsi erməni işğalı altındadır. Təbiətdə oynadığı rola görə böyük əhəmiyyət kəsb edən meşələrin daha bir özəlliyi onun fitonsit xüsusiyyətə malik olmasında, yəni zərərli mikroorqanizmləri məhv etməsindədir. Meşələr bitkiləri, torpağı, su hövzələrini, yaşayış məntəqələrini təbii amillərin zərərli təsirindən qoruyur, mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır. Eyni zamanda, meşələr yarğan və hərəkət edən qumları bərkidir, qışda qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Meşələrin mövcudluğunun ən böyük əhəmiyyəti isə onun karbon qazını udaraq həyat əhəmiyyətli oksigenə çevirməsindədir. Belə ki, hər hektar meşə örtüyü il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac edir. Bir hektar meşə sahəsi bir saatda 8 kq karbon qazı udur ki, bu da həmin zaman kəsiyində 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Azərbaycan Respublikasının 8,6 min hektarlıq ərazisinin 1,214 min hektarını meşə fondunun torpaqları təşkil edir. Meşələrimizin 95%-i dağlıq və dağətəyi sahələrdə, qalan 5%-i isə əsasən su vadilərində, düzənlik ərazilərdə yerləşir. Meşələrimiz yayıldığı əraziyə görə sırf qoruyucu funksiyaları yerinə yetirdiyindən birinci qrup meşələrə aid edilir. Meşələrin qorunub mühafizə edilməsi və yeni meşə zolaqlarının salınması istiqamətində son illər ölkədə xeyli məqsədyönlü iş aparılıb. Bu gün regionlarda infrastrukturun inkişafı ilə bağlı hazırlanan, demək olar ki, bütün dövlət proqramlarında meşələrin bərpası və inkişafı ilə bağlı müddəalar öncül yerlərdən birini tutur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı ilk gündən - 2001-ci ilin may ayından bu günə kimi ardıcıl və düzgün ekoloji siyasət yeridərək meşələrin bərpa olunması və yeni meşə zolaqlarının salınması ilə yanaşı, meşələrin qorunub mühafizə olunması istiqamətində də ciddi uğurlara imza atıb. Nazirliyin saytında verilən rəsmi məlumata görə, təkcə ötən 2010-cu ildə meşələrimizin bərpası istiqamətində sözügedən nazirlik tərəfindən xeyli işlər görülüb. Belə ki, nazirliyin tabeli qurumları tərəfindən həmin il ərzində 10550 hektara qarşı 10696 hektar sahədə meşə bərpa, o cümlədən, 3500 hektara qarşı 3521 hektar sahədə meşə əkini və səpini, 7175 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri görülüb. Bundan əlavə, saytın məlumatına görə, tinglik sahələrində yetişdirilən ağac və kol cinslərindən ibarət müxtəlif çeşidli 24,3 min ədəd əkin materialları nəzərdə tutulan meşə əkini, təmir doldurma işləri və magistral yol kənarları, çay və su hövzələrinin ətrafına əkilib. Nazirlik və onun müvafiq qurumları ötən illər ərzində meşələrin qanunsuz qırılması hallarına qarşı mübarizədə də xeyli uğurlara imza atıb. Belə ki, adıçəkilən qurumun məqsədyönlü siyasəti nəticəsində Respublikamızın meşələrində 2003-cü ildəki qanunsuz meşə qırılması halları 49 min kubmetrlik həcmdən azalaraq 2010-cu ildə cəmi 34,9 min kubmetr təşkil edib ki, bu da kiçik uğur sayıla bilməz. Hazırda meşələrin qorunub mühafizə olunması ilə 1300 nəfər meşə mühafizə işçisi məşğul olur ki, onlar da bu işə operativ nəzarəti həyata keçirir. 2010-cu il ərzində protokollaşdırılmış qanunsuz qırıntılara görə 374 nəfər meşə mühafizə işçisi barəsində müxtəlif intizam tənbeh tədbirləri həyata keçirilib. Statistik məlumatlara görə, ümumiyyətlə son 15 il ərzində Azərbaycanda meşələrin bərpası üzrə görülən tədbirlərin həcmi iki dəfə artıb. Ötən ay isə Azərbaycanda Beynəlxalq meşə ilinin rəsmi açılış törəni keçirilib. Qeyd olunduğu kimi, BMT Baş Assambleyası 1,6 milyard dünya insanının həyatında meşələrin daşıdığı həyati əhəmiyyəti nəzərə alaraq 2011-ci ili Beynəlxalq meşə ili elan edib.Aprelin 2-də Bakıda BMT-nin Bakı ofisi Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Sabunçu dairəsindən aeroport yolu istiqamətində və Suraxanı dairəsi - aeroport istiqamətində iməcilik təşkil edib. Verilən rəsmi məlumatlara görə, tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura, YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Mark Xervord, BMT-nin ictimai əlaqələr departamentinin nümayəndəsi Ənvər Səlimoviç, qurumun qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Arun Salanqarm, Beynəlxalq miqrasiya təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Vasili Yujanin və digər rəsmi şəxslər iştirak edərək xoş məram nümayiş etdiriblər. Nazir Hüseynqulu Bağırovun bildirdiyinə görə, 60 hektarlıq bataqlıq əraziyə ümumilikdə 10 milyon 50 min kubmetr qrunt səpilərək 39 hektar sahədə həmişəyaşıl zeytun ağacları əkilib. Ümumilikdə Azərbaycanın meşə fondu ilə bağlı məlumat verən nazir 261 min hektarlıq meşə fondu ərazimizin erməni işğalı altında olduğunu qonaqların diqqətinə çatdırıb. Eyni zamanda bildirilib ki, işğal altında olan ərazilərimizdəki meşələrdə bitən bir sıra ağac və kollar Azərbaycanın Qırmızı Kitabına daxil edilib ki, buna misal olaraq Azərbaycanın Kəlbəcər rayonunda 1500-2100 metr yüksəklikdə bitən ağac tipli fındıq kollarını göstərmək olar. Burada bəzi ağacların hündürlüyü 25 metrə, diametri isə 48-120 santimetrə çatır. Ermənilər bu ağacları Ermənistana daşıyaraq mebel sənayesində istifadə edir. İməcilik ərzində isə 5 hektarlıq sahədə 4 min zeytun ağacı əkilib. Azərbaycanda yaşıllaşdırma işlərinin davam edəcəyini deyən nazir ötən şənbə jurnalistlərə açıqlamasında gələn ilin yaz mövsümünə əkilən ağacların sayının 10 milyona çatdırılacağını bildirib. Nazir onu da qeyd edib ki, təmsil etdiyi qurum qələm tinglərinin əkinini 85 faizə qaldırmaq niyyətindədir. Halbuki, ötən il ölkə ərazisində həmin göstərici 73 faiz təşkil edib. Nazirin sözlərinə görə, qələm tinglərinin 90 faizi Ekologiya Nazirliyi tərəfindən ərsəyə gətirilir, qalan 10 faiz isə Türkiyədən alınır. Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən landşaftın yaşıllaşdırılması məqsədilə Bayıl yamacında da 60 hektarlıq sahədə ağaclar əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıl Bakı" İctimai Birliyi ilə keçirdiyi iməcilikdə isə 4 hektarlıq sahədə 3000 ədəd sərv və zeytun ağacları əkilib. Ağacəkmə ilə bağlı iməciliklər Respublikanın bütün yerli meşə təsərrüfatlarında, o cümlədən Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral yollarının kənarlarında da keçirilib.

Bu gün nazirlik tərəfindən ölkə boyu aparılan yaşıllaşdırma siyasəti uğurla davam etdirilir. Son illər bir sıra bölgələrdə yanacağın olmaması səbəbindən baş verən qanunsuz meşə qırıntıları ilə mübarizədə ciddi uğurlara imza atmış nazirlik yaşıllıqlar diyarı Azərbaycanı cənnətməkana çevirmək məqsədindən bir an da geri çəkilməyərək bu yolda böyük çaba sərf edir. 10 illik yubileyinə hazırlaşan Ekologiya Təbii Sərvətlər Nazirliyini yubiley münasibətilə təbrik edir, daşıdığı bu önəmli missiyada ona yeni-yeni uğurlar diləyirik.

 

 

Samirə SƏFƏROVA

 

Bakı xəbər.- 2011.- 4 may.- S. 12.