Üçrəngli bayrağımızdakı
işarə və təsvirlər əsl tarixi-fəlsəfi
sistemdir...
Bayraq - dövlətin atributlarından biri hesab edilir.
Azərbaycanda ilk bayraq üzərində buynuzlu
heyvanların rəmzi olan standart şəklində meydana gəlib.
Heyvanlar seçilərkən onun 28 şərtə
- ərəb əlifbasındakı 28 hərfə cavab verməsi
vacib sayılırdı. Ən əsas
şərtlərdən biri heyvanın buynuzlarının
aypara şəklində olması idi. Azərbaycanda
İslam dini qəbul edildikdən sonra heyvanların əksləri
ləğv edildi və buynuz forması aypara şəklində
simvol kimi əlavə edildi.
İlk dəfə üçrəngli bayraq
ideyasını Azərbaycan istiqlalının ideoloqlarından
olan Əli bəy Hüseynzadə gündəmə gətirib.
Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) hökuməti
Gəncədə fəaliyyət göstərdiyi zaman istifadə
olunan bayraq indiki Türkiyə Cumhuriyyətinin bayrağına
bənzər qırmızı rəngdə olub. Qardaş ölkə ilə AXC-nin
bayrağındakı fərq yalnız ulduzda olub. Belə ki, burada fərq ulduzların guşələrinin
sayında idi. Bunu bəzən müəyyən tarixi
faktlarla izah edənlər də var. Əsaslandırma belədir:
"Azərbaycanı bolşeviklərdən xilas edən
Türk ordusunun şərəfinə,
türkçülüyümüz əsas götürülərək,
1918-ci ildə dövlət bayrağımız Osmanlı
bayrağı ilə eyni müəyyən edildi. Lakin sonradan mövcud hökumətin sədri Fətəli
Xan Xoyski Azərbaycanın qədim tarixi yolunu nəzərə
alaraq, bayrağın dəyişdirilməsi məsələsini
qaldırdı. Türkçülük,
Avropa mədəniyyəti və İslamçılıqla əlaqədar
bayraqda üç rəngin həkk olunması təklif edildi.
Təqribən beş ay sonra həmin
faktorlar əsas götürülərək, üçrəngli
bayraq meydana gəldi. Beləliklə, Azərbaycanda
üçrəngli dövlət bayrağı ilk dəfə
1918-ci il noyabrın 9-da AXC hökumətinin
qərarı ilə qəbul edilib". 1920-ci il
aprelin 28-də cumhuriyyət süqut etdikdən və sovet
hakimiyyəti qurulduqdan sonra ölkədə bu bayraqdan imtina
olunub.
Məlumdur ki, bayrağımız üç rəngdən
ibarətdir. Bayrağın göy rəngi
türkçülüyün, qırmızı müasir
azadlıq ideologiyasının, yaşıl rəng isə
İslamçılığın tərənnümüdür.
Yəni "Türk qanlı, İslam imanlı,
Avropa qiyafəli olalım" şüarı üç rəngin
açmasıdır. Dövlət rəmzi
kimi bayraq milli kimliyi, düşüncə tərzini və
inancları özündə əks etdirir. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən
verilib. Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən
üçrəngli bayraq dövlət bayrağı kimi qəbul
olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə
də, aypara və səkkizguşəli ulduzun mənaları
açıqlanmayıb. Üçrəngli
bayrağımızın rəngləri ilə bağlı
fikirlər bəlli olsa da, onun üzərindəki aypara və
səkkizguşəli ulduzun mənaları barədə
müxtəlif fikirlər mövcuddur. Hətta
alim və tədqiqatçıların da bu məsələdə
fikirləri üst-üstə düşmür. Məsələn, bəzi alimlər hesab edir ki,
bayraqdakı aypara türk xalqlarının simvoludur. Tədqiqatçılardan bir qismi
düşünür ki, ay orta əsrlərdən bir sıra
müsəlman dövlətlərində İslamın rəmzi
kimi qəbul olunub. Ayla ulduzun bir yerdə
olması isə xoşbəxtlik rəmzi sayılır. Səkkizguşəli ulduzun mənasına gəlincə,
bunu "Azərbaycan" sözünün əski əlifbada
yazılışı ilə bağlayanlar da var. Belə ki, əski
əlifbada "Azərbaycan" sözü səkkiz hərflə
yazılır. Ulduzun səkkizguşəli
olması ilə bağlı müxtəlif versiyalar
mövcuddur.
Bayrağımızdakı ulduzla bağlı digər
fikirlərə diqqət yetirək: "Səkkizguşəli
ulduz "cənnətin səkkiz qapısı" anlamına
gəlir. Səkkiz rəqəmi daha çox
şiəliklə əlaqədardır. Bu,
Azərbaycan əhalisinin çoxunun şiə məzhəbli
olması ilə izah edilir". Alimlərdən
bəziləri deyir ki, cumhuriyyət qurucularının məhz
bu ideya əsasında bayraqda səkkiz guşənin yer
alması barədə düşündüklərini demək
çətindir və bu risq tələb edir. Yəni bunu mövcud ehtimallardan biri kimi qəbul etmək
lazımdır. Versiyalardan başqa birində
iddia olunur ki, Xalq Cumhuriyyətinin dövlət prinsipləri
müəyyən edilərkən 8 prinsip əsas
götürülüb. Bunlar
türkçülük, islamçılıq,
çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik,
azərbaycançılıq və mədəniyyətlilikdir.
İrəli sürülən fərziyyələrdən
biri isə ondan ibarətdir ki, qədim türk mifologiyası həmin
xalqların taleyində mühüm rol oynayır. Yəni ulduzlar səkkiz guşə kimi düzüləndə,
həmin xalqın taleyində xoşbəxt hadisə baş
verib. Biz yalnız üçrəngli
bayrağın üzərində əks olunan işarə və
təsvirlərlə əlaqədar versiyalardan bir neçəsinin
üzərində dayandıq. Onu da qeyd edək
ki, üçrəngli bayrağın eninin uzunluğuna olan
nisbəti 1/2-dir.
Üçrəngli bayraqla bağlı Sovet dönəmində
müəyyən faktlara da rast gəlinir. Nümunə
üçün 1956-cı ildə yaşadığı
quruluşa nifrətini açıq şəkildə bildirən
Cahid Hilaloğlu tərəfindən üçrəngli bayraq
Qız Qalasının üzərinə qaldırılıb.
Bu hərəkətinə görə Cahid Hilaloğlu 4 il azadlıqdan məhrum edilib, ona bu işdə
yardım edən Çingiz Abdullayev isə ruhi xəstəliklər
dispanserinə salınıb.
SSRİ İmperiyası əleyhinə meydanlarda
qaldırılan bayrağa ilk hüquqi status 1990-cı ildə
verilib. Həmin il noyabrın 17-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı
ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət
bayrağı kimi qəbul edilib. Eyni zamanda,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan
SSR Ali Soveti qarşısında üçrəngli
bayrağın Azərbaycanın rəsmi dövlət
bayrağı kimi tanınması haqqında vəsatət
qaldırıb. 1991-ci il fevralın
5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq,
"Azərbaycan Respublikasının Dövlət
Bayrağı haqqında" Qanun qəbul edib.
2009-cu il noyabrın 17-də prezident İlham Əliyev
"Azərbaycan Respublikasının Dövlət
Bayrağı Gününün təsis edilməsi
haqqında" Sərəncam imzalayıb. Milli
Məclis isə noyabrın 9-nu Dövlət Bayrağı
Günü kimi rəsmiləşdirib.
Tarixçi-alim Nəsiman Yaqublu "Bakı-Xəbər"ə
verdiyi müsahibədə fikirlərini belə
bölüşdü: "O zaman Azərbaycan Milli
Şurasının qəbul etdiyi qərara əsasən, Azərbaycan
bayrağı qırmızı rəngdə olub. Həmin
vaxtlarda türklərin də bayrağı qırmızı
rəngdə idi, sadəcə, onlarda ulduz beş,
bizdə isə səkkiz guşəli kimi qəbul edilib.
Sonradan isə 1918-ci il noyabr ayının
9-da Azərbaycan Nazirlər Şurasının qərarı ilə
bayrağımız dəyişdi, yəni üçrəngli
bayraq məqbul sayıldı. İslamçılıq,
müasirlik və türkçülüyü ehtiva edən
dövlət bayrağımız qəbul olundu. Bayrağın üçrəngli olmasının əsas
ideoloji rəhbəri, ideloji fikir banisi Əli bəy
Hüseynzadə sayılır. O zaman Əli bəy
Hüseynzadə Türkiyədə olarkən ilk dəfə
bu düsturu verib. Düsturun da siyasi mənasını
ortalığa çıxaran və reallaşdıran Məhəmməd
Əmin Rəsulzadə olub. Yəni
İslam ümmətindən, türk millətindənəm.
Biz müasirləşirik,
çağdaşlaşırıq və dünyanın şərtlərinə
uyğun inkişaf edib öz maddi dövlətimizi qururuq mənasını
da qırmızı rəng verir. Bayraqdakı
rənglərin mənası budur.
N.Yaqublu
bayrağın üzərindəki ay və ulduzla bağlı
bir neçə versiyanın olduğunu deyir:
"Bayrağın üzərindəki ay-ulduzla bağlı
müxtəlif fikirlər var. Məsələn, Osmanlı
türklərinin vaxtında ay işarəsi Konstantinopolun gerbi
kimi qəbul edilib. İkinci tərəfdən,
ay həm də təqvim kimi götürülür. İslamda buna Qəməri təqvimi deyilir. Buradakı səkkizguşəli ulduzla bağlı
ayrı-ayrı versiyalar da mövcuddur. Bəziləri
bunu "cənnətin səkkiz qapısı olur" kimi əsaslandırır.
Digər versiyaya görə, həmin ulduz
"Odlar Yurdu" deməkdir, yəni bunu ərəb əlifbası
ilə səkkiz hərfə yazmaq mümkündür. Hətta Cəfər Cabbarlının şeirlərinin
birində də bu məsələyə rast gəlinir. Amma bunun elmi izahında türk təqvimi əsas
götürülür. Osman Qazinin
vaxtında türklərdə türk təqvimi deyilən
sistem var idi. Yəni hər səkkiz ildən
bir üç dəfə ayın təqvimini 2-ci, 5-ci və
7-ci ilin ilk ayında bir gün geri çəkirdilər.
Bunu isə ayın bərabərləşməsi
məqsədilə edirdilər. Yəni ildə
365 günün alınması üçün belə
addım atılırdı. Ay təqvimi müsəlmanlıq,
səkkizguşəli ulduz isə 8 illik təqvim mənasını
verir. Mən bu mənaya daha çox
üstünlük verirəm. Digər tərəfdən,
əvvəllər də türklərin bayraqları səkkizguşəli
olub. Sonradan onlar beş guşəyə
keçməyi qərara aldılar".
Millət vəkili,
professor Musa Qasımlı deyir ki, Xalq
Cumhuriyyətinin ilk bayrağı haqqında hökumət qərarı
1918-ci il iyunun 24-də verilib: "Həmin bayraq
qırmızı rəngdə olub və üstündə aypara
və 8 guşəli ulduz öz əksini tapıb. Bu bayraq Osmanlı bayrağına bənzəyib.
Hələ Bakı bolşeviklərdən azad
edilməmişdi və Bakıda Sovet hökuməti var idi.
İyun ayında Gəncəyə türk hərbçiləri
gəlmişdi. Yəni ilk bayraq 1918-ci ilin
noyabrın 9-dək mövcud olub. O zaman ingilislər
Bakıya gəlməzdən öncə indiki bayraq qəbul
edilib. Bayrağımızla bağlı digər
mülahizələr də var. Mülahizələrdən biri
onunla bağlıdır ki, guya ərəb qrafikasında Azərbaycan
məfhumu səkkiz hərflə ifadə olunur. Başqa bir mülahizəyə görə, guya
dövlətin təməl prinsipləri səkkizguşəli
ulduzda əks edilib. Həmin prinsiplər bunlardır:
"türklük, müasirlik, İslam dəyərləri,
dövlətçilik, demokratikləşmə, bərabərlik,
azərbaycançılıq və mədəniyyətlilik. Hər halda, mən bununla bağlı qəti və
dəqiq fikrə rast gəlməmişəm".
"Bayrağımızdakı mavi rəng
türklüyümüzü, köklərimizi,
qırmızı müasirliyi, qabaqcıl dünyadan geri
qalmamağı, modernləşməni göstərir. Yaşıl rəng dinimizə bir işarədir.
Bayrağımızın üzərində əks
olunmuş aypara yeni doğulmuş müsəlman ölkə mənasını
bildirir. Biz ölkə olaraq müsəlman
ölkəsi, dövlət kimi dünyəvi və demokratik
dövlətik. Bayrağımızdakı
səkkizguşəli ulduzun çox dərin mənası
mövcuddur. Onun tarixi kökləri olduqca
qədimə gedib çıxır. Səkkizguşəli
ulduz əbədiyyət rəmzi kimi qəbul olunur. Bu sonsuzluq, möhtəşəmlik, davamlılıq
və davamiyyət rəmzi sayılır. Səkkizguşəli
ulduza bir sıra qədim dövlətlərin rəmzlərində
də rast gəlmək mümkündür. Hər halda, oxuduğum müxtəlif mənbələrdə
səkkizguşəli ulduzun mənası əsasən əbədiyyət,
dövlət və xalqın daim var olması, yaşaması rəmzi
kimi göstərilib" - deyə M.Qasımlı bildirdi.
Zaur Zahidoğlu
Bakı xəbər.- 2011.- 13-15
may.- S. 15.