Ən
müxtəlif reklam vasitələrində Azərbaycan
sevgisi...
Azərbaycanın tarix və mədəniyyətinin
bu üsulla təbliği geniş potensial imkanlara malikdir
Hazırda teleməkanda olan kanallar ekranda əsasən
kommersiya reklamı işıqlandırır. Sosial reklama, sosial tipli videoçarxlara, demək olar ki,
rast gəlinmir. Halbuki, ictimaiyyətin diqqətini bəzi məsələlərə
cəlb etmək baxımından sosial reklamların
böyük əhəmiyyəti var. Cəmiyyətin
marağına səbəb olan, özündə
reallıqları əks etdirən belə reklamlara hər zaman
ciddi ehtiyac duyulur.
İndi
telekanallar günün bütün saatlarında kommersiya
maraqları güdən videogörüntülər
yayımlayır. Lakin heç olmasa günün
"praym-taym"ında kanallar Azərbaycanın həqiqətlərilə
əlaqədar sosial reklamlara yer ayırsalar, məsələdə
udmuş tərəf olar. O zaman onların gördüyü bu
iş cəmiyyətdə birmənalı olaraq müsbət
qarşılanar. Elektron KİV-lər də bu işin
yalnız biznes maraqları üzərində
qurulmadığını dərk etməlidir. Lakin nə
reklam istehsalçıları, nə də reklam
sifarişçiləri sosial reklamın yayımlanmasında
maraqlı görünür.
Bu gün
böyük əksəriyyəti narahat edən məsələlərdən
biri televiziyaların Azərbaycanın tarixini, milliliyini, qəhrəmanlığını
və başqa xüsusiyyətlərini özündə əks
etdirən reklamlara yer ayırmamasıdır. Bu, birinci növbədə
ölkə vətəndaşlarının, xüsusilə gənc
nəslin bilgilənməsi və "haradan gəlib hara
getdiyini" bilməsi üçün önəmli xarakter
daşıyır. Bundan əlavə, milli-sosial reklamlar vasitəsilə
insanları elmə və təhsilə həvəsləndirmək
mümkündür. Seyrçi isə yaşadığı
ölkənin tarixi ilə bağlı, vaxtilə bu məmləkətdə
nələrin baş verdiyilə əlaqədar məlumatlandırılmalıdır.
Bunun üçün ən səmərəli vasitələrdən
istifadə etmək olduqca zəruridir. Məsələn,
hazırda Azərbaycanın tarixi qəhrəmanlıq səhifələrilə
bağlı reklamların yayımlanmasına ayrıca ehtiyac
yaranıb. Tarixin yaddaşına əbədi həkk olunan
igidlik və mübarizlik nümunələri kifayət qədərdir.
Heç şübhəsiz, "Odlar Yurdu" da bu sarıdan
öz töhfələrini vermiş xalqımızın ən
yüksək dəyərlərinin
ekranlaşdırılması önəmliliyilə
seçilir. Deyək ki, Azərbaycan Səfəvilər
dövlətinin tarixilə bağlı, onun XVI əsrdə və
bundan sonrakı dövrdə yadellilərə qarşı
mübarizəsini özündə ehtiva edən bir
videoçarxın nümayiş olunması müsbət
qarşılana bilər. Xüsusən Şah İsmayıl Xətainin
Azərbaycanın dövlətçilik tarixində
oynadığı rolla bağlı
videogörüntünün verilməsi təqdirəlayiq hal
hesab olunardı. Yaxud da Çar Rusiyası əleyhinə fədakarcasına
mübarizə apararaq Azərbaycanın qəhrəmanlıq səhifəsinə
qızıl hərflərlə yazılan Gəncə xanı
Cavad xanın igidliyi haqqında videorolik ekrana çıxsa, cəmiyyətdə
müsbət qarşılanar.
Gərək
yalnız tarixi qəhrəmanlıq səhifələri
videoçarxlara köçürülməsin.
Xalqımızın özünəməxsus milli xüsusiyyətlərinin,
onu tanıda bilən digər dəyərlərin də təbliğinə
ciddi ehtiyac yarandığını dana bilmərik. Qonaqpərvərlik,
kin-küdurət saxlamamaq, yaxşılıq etməyi bacarmaq,
səmimilik və digər xüsusiyyətlərin televiziya
ekranlarında işıqlandırılması cəmiyyət
tərəfindən müsbət qarşılana bilər. Belə
keyfiyyətləri özündə əks etdirən bir
neçə videogörüntünün olması nəinki
ölkə vətəndaşlarını xalqımıza məxsus
keyfiyyətlərdən hali edəcək, eləcə də
Azərbaycanda yaşayan digər ölkələrin nümayəndələri,
qonaqlar, turistlər də öz diyarlarına ölkəmizlə
bağlı ən yaxşı fikirlərlə dönəcək.
Bu da, öz növbəsində, milli xüsusiyyətlərin əcnəbi
ölkələrə ayaq açmasına, müsbət rəy
yaratmasına imkan verəcək.
Milliliyimiz əldə
əsas tutularaq bu yöndə aparılacaq iş prosesində
mədəniyyət ünsürünü də yaddan
çıxarmaq olmaz. Çünki sivilizasiyanın
başlanğıcı mədəniyyət hesab edilir. Məhz
həmin sahə ölkəni daxildə xarici qonaqlara, xarici
ölkələrdə isə digər xalqların nümayəndələrinə
təqdim etmək imkanıdır. Belə şansdan maksimum dərəcədə
istifadə etmək üçün telekanallar milli-sosial
rollikləri tamaşaçılara nümayiş etdirməkdə
maraqlı olmalıdır. Əlbəttə, biz perspektivdə
həyata keçiriləcək işin yalnız bir hissəsindən
bəhs edirik. Çünki Azərbaycanı tanıda bilən
milli-sosial reklamların verilməsi yalnız telekanalların
missiyası kimi dəyərləndirilməməlidir. Yəni
məsuliyyət elektron KİV-lə məhdudlaşmır. Bu
gün paytaxt əhalisinin daha çox istifadə etdiyi nəqliyyat
vasitələrindən biri də metrodur. Lakin yeraltı nəqliyyatda
vaqonların içərisində quraşdırılan
monitorlarda gün ərzində yalnız bir neçə
kommersiya tipli reklam verilir, həmin reklamlar isə sutkada o qədər
səsləndirilir ki, prosesin belə gedişatı insanlarda
sözün əsl mənasında ikrah hissi yaradır. Ancaq həmin
monitorlarda dövlətçilik tarixi, qəhrəmanlıq səhifələri,
mədəniyyətimiz tərənnüm olunsa, bu, vətəndaşların
da marağına səbəb olar.
Azərbaycanın
tanıdılması üçün başqa faktorlardan da
istifadə etmək yerinə düşər. Məsələn,
ayrı-ayrı yerlərdə, reklam lövhələrində
ölkəmizin milli xüsusiyyətlərinə dair məsələlərə
rast gəlmək, demək olar ki, mümkünsüz
görünür. Bundan başqa, küçə və
prospektlərdə adətən tablolar görürsən ki,
onların üzərinə biznes maraqlarına xidmət edən
kommersiya reklamı həkk edilib.
Belə
reklamlara radioda və başqa audio vasitələrdə də
yer verilməsi çox vacib məsələdir. Ona görə
ki, Azərbaycanı tanıda biləcək reklama televiziyada
baxmağa hamının imkanı olmur. Digər tərəfdən,
bəzən insanların yalnız göz yaddaşı, bəzilərinin
isə qulaq yaddaşı köməyinə gəlir. Başqa
cür desək, informasiyanı qavramaq baxımından hissetmə
orqanları olaraq həm göz, həm də qulağa bilgi
ötürmək zəruridir.
Sosioloq Əhməd
Qəşəmoğlunun sözlərinə əsasən,
milli-sosial reklamların işıqlandırılması məsələsində
bir boşluq görünür, bunu isə tezliklə doldurmaq
lazımdır: "Təbii, Azərbaycan müstəqil
dövlət olduğu üçün ölkənin əhval-ruhiyyəsi
həmin reklamlarda əks olunmalıdır. Təəssüf
ki, bu sahədə çoxlu problemlər mövcuddur. Məsələnin
kommersiya tərəfi olduğundan, sosial tipli reklamları
maliyyələşdirmək baxımından həmin sahədə
az qurum təmsil edildiyinə görə işin müsbət
gedişatı nəzə çarpmır. Belə
reklamların, məlumatların yayılmasına vəsait xərcləyən
çox az olduğundan, bir boşluq meydana gəlib. Bu səbəbdən,
məsələdə yeni bir mərhələyə start vermək
lazımdır. Azərbaycanın milli-mənəvi xüsusiyyətlərilə
əlaqədar məsələlərə diqqətin
artırılması vacibdir və indiyə qədər bununla
bağlı olan nöqsanları aradan qaldırmalıyıq.
Maliyyə vəsaiti ayrılmalı, mənəviyyatla, milli
xüsusiyyətlərlə bağlı reklamlara kifayət qədər
üstünlük verilməlidir. Xüsusilə metroda gün ərzində
dəfələrlə verilən kommersiya tipli reklamlar bəzi
insanlarda əsəbilik yaradır. Çünki metroya nə
zaman düşürsənsə, eyni reklamı bir neçə
dəfə görürsən və eşidirsən deyə,
bu, insana psixoloji təsir edir. Mənasız reklam ola-ola dəfələrlə
verilir. Görünür, bu sahədə də müvafiq
qanun, sərəncam olmalıdır. Reklam verən şirkətlərin
özünü də milli-sosial reklama yer ayırmasına məcbur
etmək lazımdır. Lakin milli-mənəvi dəyərlərlə,
mədəniyyətmizlə bağlı reklamlar
işıqlandırılsa belə, bu məsələdə
bir qədər ehtiyatlı olmağı lazım bilirəm. Yəni
məzmunca elə reklamlara üstünlük verilməlidir ki,
həm gənclərimiz, həm də cəmiyyətin müxtəlif
təbəqələri arasında xalqa hörmət yaradan
amillər yer alsın".
Digər
sosioloq Əbülfəz Süleymanlı da bildirdi ki, sosial sahədə
reklamlara geniş yer verilməməsi təəssüf
doğurur: "Bəzi reklam çarxlarının
hazırlanmasında sosial mövzularla əlaqədar məsələlərə
yer ayrılması ilə bağlı dəfələrlə
təşəbbüskar mövqeyindən
çıxış etmişəm. Hətta hər hansı
brendin reklam olunmasında sosial mövzulara diqqət yetirilməsinin
tərəfdarıyam. Baxırsan ki, reklam sifarişçilərinin
özləri belə məsələdə maraqlı
görünmür. Hazırda yalnız dövlət
qurumları tərəfindən hansısa aksiya keçirildiyi
zaman sosial reklamlardan istifadə edilir. Bu kimi hallar isə az-az
qeydə alınır. Amma əslində sosial məqsədli
reklamların sayı çoxluğu ilə seçilməlidir.
Bu mənada, qardaş Türkiyədə belə reklamlara
geniş yer ayrılmasına xüsusi fikir verilir. Hətta
onlar böyük hadisə qarşısında da brendlərin
nümayişi zamanı sosial reklama geniş yer verirlər.
Qonşu Türkiyənin nümunəsindən lazımınca
istifadə edə bilərik".
Ə.Süleymanlının
fikrincə, əslində təkcə ticari məhsulun
reklamı olmamalıdır, burada insanlara müəyyən
mesajlar da özünü büruzə verməlidir:
"Hazırda xarici ölkələrdə bu üsuldan
çox gözəl istifadə edilir. İstər sosial hadisə,
istərsə də sosial xarakter daşıyan digər proses
baxımından Azərbaycanda reklam bazarı olduqca
kasaddır. Həm də reklamların ssenarisi baxımından
bizdə kifayət qədər ciddi problemlər mövcuddur.
Şəxsən brendlər qarşısında müəyyən
təşəbbüslərlə çıxış
etmişəm. Ancaq reklamlarda sosial motivlərin yer alması ilə
bağlı reklam sifarişçiləri verdiyim təkliflərlə
razılaşmayıb. Mən həm televiziya izləyicisi, həm
də bu sahədə bir mütəxəssis kimi sosial
reklamlarla əlaqədar məsələdən xeyli
narazıyam. Cəmiyyətdə də çəkilən
reklamlara münasibət daha çox mənfi xarakterlidir. Ən
yaxşı halda, biz reklamları xarici ölkələrdən
təqlid etməklə məşğul oluruq".
Müsahibimiz onu da qeyd etdi ki, Azərbaycanın tarixi, qəhrəmanlıq
səhifələri, mədəniyyətimiz və milli-mənəvi
dəyərlərimiz, xalqın özünəməxsus
keyfiyyətləri də reklamlarda öz əksini
tapmalıdır. Ə.Süleymanlının sözlərinə
əsasən, ölkəmizlə bağlı məlumatların
geniş şəkildə təbliğinin böyük əhmiyyəti
var: "Bu, birinci növbədə ölkə vətəndaşlarının,
eyni zamanda xarici ölkələrin respublikamızda olan
nümayəndələrinin, turistlərin Azərbaycanın
tarixi, mədəniyyəti haqqında bilgilərə sahib
olmasına çox yaxşı töhfə olardı. Digər
tərəfdən, bizim bir xalq olaraq imicimizin
formalaşmasına gətirib çıxarardı. Yəni bu
baxımdan reklamın olduqca böyük önəmi
olduğunu unutmamalıyıq. Reklama təkcə ticari məsələ
kimi deyil, mühüm bir hadisə kimi yanaşmaq
lazımdır. Həm reklam istehsalçıları, həm də
reklam sifarişçiləri bu məsələyə laqeyd
baxmamalıdır. Milli xüsusiyyətlərimizin
yayılmasının nə dərəcədə vacib
olduğunu dərk edərək, bu sahədə konkret
addımlar atmalıyıq".
Zaur Zahidoğlu
Bakı xəbər.- 2011.- 18 may.-
S. 11.