Azərbaycanlıları
başqa xalqlardan fərqləndirən saysız mənəvi-əxlaqi
keyfiyyətlər var
Azərbaycan xalqı mənəvi-əxlaqi keyfiyyətlərilə
bütün dünya xalqlarına örnək ola biləcək
bir xalqdır. Ulu babalarımızın həyatı, məişəti,
adət-ənənəsi, mərdanəlik keyfiyyətləri
xalqımızın yüksək mənəvi-əxlaqi keyfiyyətlərə
malik olmasından xəbər verir. Bununla belə, Azərbaycan
xalqını digər xalqlardan fərqləndirən bir
sıra özünəməxsus xüsusiyyətlər var ki,
onları qeyd etməmək, ən azından, haqsızlıq
olar.
Çünki həmin mənəvi-əxlaqi dəyərlər
bir sıra üstünlüklərə malikdir. Məsələ
ondadır ki, Azərbaycan xalqının mentalitetində
yüksək qonaqpərvərlik, dostluğa, əmanətə
sədaqət, dürüstlük, valideynə, böyüyə
hörmət, tolerantlıq hər xalqda bizdəki qədər
zəngin və çoxşaxəli xüsusiyyətlərə
malik deyil. Məsələn, Aleksandr Düma Qafqaza səfərindən
sonra yazmışdı ki, Azərbaycanda verilən
sözün qüvvəsi vurulan möhür qədər
etibarlıdır. Digər tərəfdən, Azərbaycan
xalqının çox gözəl və zəngin ailə ənənələri
var. Həmin ailə ənənələri dərin və
sarsılmaz köklərə malikdir. Bir çox Qərb
ölkələrinin vətəndaşları, o cümlədən
qonşu Rusiya sakinləri xalqımızın möhkəm ailə
ənənələrinə çox böyük rəğbətlə
yanaşır. Onlar açıq şəkildə etiraf edirlər
ki, Azərbaycanın özünəməxsus ailə ənənələri
xalqımızın milli sərvətidir. Çünki bəzi
ölkələrdə ailə ənənələrinin zəif
olması bir sıra sosial-psixoloji fəsadların
yaranmasına yol açır ki, bu da, öz növbəsində,
cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bütün
bu sfesifik xüsusiyyətlərin qabarıq şəkildə
özünü büruzə verməsi, təbii ki,
xalqımızı digərlərindən yaxşı mənada
fərqləndirir. Digər tərəfdən onu da nəzərə
almaq lazımdır ki, bütün bu nəcib keyfiyyətlər
xalqımızın qan yaddaşından irəli gələn əxlaq
normalarıdır. Bu əxlaq normaları məişətimizdə,
adət-ənənələrimizdə, həmçinin,
folklorumuzun hər bir janrında mühafizə edilib və gələcək
nəsillərə ötürülüb. Məsələn,
şifahi xalq ədəbiyyatının ən geniş
yayılmış janrı olan dastanlarımızda qəhrəmanlar
öz əxlaqi keyfiyyətlərilə seçilən qəhrəmanlar
kimi təqdim edilir. Əxlaq məhəbbət dastanlarında
qəhrəmanı digərlərindən fərqləndirən,
onu sevdirən bir simvola çevrilir. Bütün bunlar bir daha
onu sübut edir ki, ümumbəşəri dəyərlərin
kökündə müsbət əxlaqi keyfiyyətlər
dayanır. Bu, ilk növbədə onların öz sevgililərinə
sədaqətli olmasında özünü göstərir. Deməli,
eşq elə bir qüvvədir ki, insanlarda daha gözəl
duyğular yaradır. Onları əxlaqi cəhətdən
saflaşdırır. Folklor təfəkkürü də məhz
belə əxlaqın tərəfdarıdır. Ümumiyyətlə,
insanın müsbət əxlaqi keyfiyyətlərin
daşıyıcısına çevrilməsində mənəvi-əxlaqi
dəyərlərin çox böyük rolu var. Bu zirvəyə
hamı qalxa bilməz. Bizim dastan qəhrəmanlarımız
öz müsbət əxlaqi keyfiyyətlərilə bu zirvəyə
ucalır. Çünki sadalananlar həm də saflaşmaq,
kamilləşmək deməkdir. Hansı aspektdən
yanaşsaq bunun yalnız müsbət keyfiyyətlər
aşıladığını görərik. Xalqımızda
olan bu yüksək hörmət və məhəbbət hissi
ilahidən gəlmə bir qüvvədir. Ona görə də
insanı özünə çəkir. Bu qüvvə ilahidən
gəldiyi üçün də sakral gücə malikdir. O
üzdən, sadalanan bu keyfiyyətlər xalqımızın psixologiyasında,
davranışında, həm də həyata
baxışında böyük dönüş yaradıb. Nəticədə
əxlaqi keyfiyyətlərinə görə xalqımız
bir çoxları üçün nümunəyə
çevrilib. Hamıya örnək ola biləcək müsbət
keyfiyyətlər bütün mənada alqışa layiqdir. Ən
ali duyğuları özündə yaradan bu nəcib
xüsusiyyətlər əsrlərdən boyu
süzülüb gəlir. Bundan sonra lazımdır ki, bizə
xas olan bütün bu müsbət özəllikləri daha da
inkişaf etdirək. Çünki bütün bunlar bizim milli
sərvətimizdir. Öz milli-mənəvi sərvətimizə
nə qədər diqqətlə, əzmkarlıqla sahiblik etsək,
bir o qədər bəşəri dəyərlərə sahib
olmuş olarıq.
Dinşünas Vaqif Cəliloğlu
hesab edir ki, Azərbaycan xalqına məxsus olan dəyərlər
çox üstün keyfiyyətlərə malik olduğu
üçün bunların qədrini bilmək
lazımdır: "Təbii ki, hər bir xalqın özünəməxsus
dəyərləri var. Azərbaycan xalqını başqa
xalqlardan fərqləndirən əsas cəhətlərdən
biri onun qonaqpərvərliyidir. Əsrlərlə formalaşan
bu dəyər indi çox yüksək səviyyəyə
çatıb. Azərbaycan ailəsinə qonaq gələndə
evin ən ləziz nemətləri məhz qonağa təqdim
olunur. Yəni süfrənin ən ləziz yeməyi qonağa
verilir. Bəzən elə olur ki, ailə üzvləri
pendir-çörəklə keçinir, amma qonağa
xüsusi qayğı göstərilir. Hesab edirəm ki, bu
bizim ən gözəl və nəcib keyfiyyətlərmizdən
biridir. Xalqımızda olan qonağa hörmət, dostluğa
sədaqət, əhdə vəfa və s. nəcib keyfiyyətlər,
deyərdim ki, heç yerdə bizdə olan səviyyədə
deyil. Bəlkə də bu bizim ən böyük xoşbəxtliyimizdir.
Belə xoşbəxtlik də hər xalqa nəsib olmur.
Çünki sadalanan bu dəyərlər əsrlərlə
formalaşaraq indiki səviyyəyə gəlib çatıb.
Bu gün də həmin nəcib xüsusiyyətlərin
böyük bir qismi qorunub saxlanmaqdadır. Bunu özü də
böyük məsuliyyət deməkdir. Belə dəyərlərə
malik olan xalq hər zaman bu məsuliyyətin fərqində
olmalıdır. Onu da nəzərə almaq lazımdır ki,
bir çox hallarda mənfur qonşularımız
xalqımıza məxsus dəyərləri öz adlarına
çıxarmağa çalışıb. Belə hallarda
son dərəcə ayıq olmaq lazımdır. Digər tərəfdən,
aydın məsələdir ki, sürətlə qloballaşan
və inkişaf edən dünyada bəzi dəyərlərimiz
deqradasiya təhlükəsilə üzləşib. Ona
görə də düşünürəm ki, qonaqpərvərlik,
əhdə vafa, tolerantlıq, dözümlülük kimi dəyərlərimizi
inkişaf etdirməliyik. Xüsusilə də İslam və
ümumbəşəri dəyərlərin Azərbaycan ailəsində,
cəmiyyətində qorunub inkişaf etdirilməsinə
xüsusi önəm verməliyik. Hazırkı dövrdə
bu deyilənlərə çox böyük ehtiyac duyulur. Həmin
ehtiyacdan çıxış edərək fəaliyyət
istiqamətlərinin müəyyən edilməsi
lazımdır. Ona görə ki, xalqımıza məxsus olan
bir sıra nəcib xüsusiyyətlər bizi digər
xalqlardan fərqləndirir. Nəzərə almaq lazımdır
ki, yaşadığımız əsr informasiya və
kommunikasiya texnologiyalarının inkişafı əsridir. Əlimizdə
yetərincə internet və digər informasiya resursları
var. O üzdən hesab edirəm ki, KİV-lərdə bu
işin təbliğinə geniş yer verilməlidir. Bu
yöndə, xüsusən televiziyaların imkanlarından
geniş istifadə olunmasına ehtiyac var. Çünki
yaşadığımız dövrdə televiziyalar
böyük auditoriyaya malikdir. Bəzən görürsən
ki, bir sıra telekanallar bayağı şou proqramlara daha
çox üstünlük verir. Bu da əsrlər boyu
formalaşan adət-ənənələrimizlə ziddiyyət
təşkil edir. Həmçinin, zəngin və
çoxşaxəli xüsusiyyətlərə malik olan dəyərlərimizə
zərər vurur. Belə hallara mümkün qədər yol
verilməməlidir. Çünki biz bu xüsusiyyətləri
gənc nəslə ötürməliyik. Gənc nəslə
ötürə bilsək, o zaman bu nəcib keyfiyyətləri
daha üstün səviyyədə yaşadıb inkişaf
etdirə bilərik".
Qarabağ Azadlıq Təşkilatının
sədri Akif Nağının fikrincə, Azərbaycan
xalqının o qədər gözəl xüsusiyyətləri
var ki, onları hansısa növlərə bölmək bəlkə
də doğru olmaz: "Heç bir zaman yol vermək olmaz ki,
hansısa xüsusiyyətlərə köhnəliyin
qalığı kimi baxılsın. Çünki millətlərin
hamısı eyni cür ola bilməz. Hər bir millətin
özünəməxsus fərqləndirici xüsusiyyətləri
olmalıdır. Almanın, ingilisin, yaponun fərqləndirici
xüsusiyyətləri olduğu kimi, azərbaycanlıların
da fərqləndirici xüsusiyyətləri var. Adicə
türkdilli xalqlar içərisində də azərbaycanlıların
bir sıra fərqli keyfiyyətləri var. Bu
tarixi şəraitlə və coğrafi amillərlə əlaqədar
olan bir prosesdir. Azərbaycan xalqına məxsus olan o qədər
nəcib keyfiyyətlər var ki, onların hamısını
qoruyub saxlamaq lazımdır. Kimlərsə buna yuxarıdan
aşağı baxa bilər. Bunun elə bir önəmi
yoxdur. Azərbaycanda ən üstün olan nəcib keyfiyyətlərdən
biri də tolerantlıq və dini
dözümlülükdür. Ölkədə yaşayan
bütün digər millətlərə münasibət hər
zaman yüksək səviyyədə olub. O cümlədən,
dinlərə qarşı da ölkəmizdə
dözümlü münasibət olub. Hansısa
ayrı-seçkilik, pozuculuq baş verməyib. Ümumiyyətlə,
fərq qoyulmadan biz bütün milli dəyərlərimizi, nəcib
keyfiyyətlərimizi qorumalıyıq. Bilirsiniz ki, ölkədə
avrointeqrasiya prosesi gedir və hər şeyə Avropa
standartlarından yanaşırlar. Hesab edirəm ki, bu cür
yanaşma yanlışdır. Çünki nəyəsə
görə milli dəyərlərimizi qurban verməməliyik.
Bəziləri hesab edir ki, xalqımızın hansısa
xüsusiyyətləri üzərindən xətt çəkmək
lazımdır. Bu tamamilə yanlış yanaşmadır və
heç bir əsası yoxdur. Mətbuatda gedən bəzi
yazışmalarda Azərbaycan kişisinə xas olan
xüsusiyyətləri müəyyən mənada məsxərəyə
qoyanlar var. Məsələn, ailə-məişət
münasibətlərində atanın, ananın,
uşaqların öz yeri var. Bəzən görürsən
ki, bu münasibətləri məsxərəyə qoyurlar.
Halbuki, bu dəyərlər əsasən Azərbaycan
xalqına məxsusdur və çox zəngin keçmişə
malikdir. Hesab edirəm ki, xalqımızın ailə-məişət
dəyərlərini məsxərəyə qoyanlar dar
düşüncəli insanlardır. Çünki bu
xüsusiyyətlər minilliklərin sınağından
keçib gəlibsə, bundan sonra da keçib gedəcək.
Vaxtilə Rusiya Azərbaycanı işğal etdikdən sonra
bir sıra adət-ənənələrə yuxarıdan
aşağı baxılırdı. Sovet Rusiyası isə
milli mədəniyyətə xas olan xüsusiyyətlərin
üzərindən xətt çəkmək istəyirdi.
Ancaq bütün bunlara rəğmən, Azərbaycan xalqı
öz milli xüsusiyyətlərini, kimliyini qoruyub saxladı. Əsrlərin
sınağından keçən milli xüsusiyyətləri
qaldı. Ona görə də Azərbaycan millətini digərlərindən
fərqləndirən xüsusiyyətləri - qonaqpərvərliyi,
vətənpərvərliyi, ailəcanlılığı,
qadına hörməti saxlamaq və qorumağın tərəfdarıyam.
Fərq qoymadan hamısının saxlanmasının tərəfdarıyam.
Çünki bütün bunlar azərbaycanlı
obrazını formalaşdıran və qoruyan xüsusiyyətlərdir".
Tanınmış
ziyalı Xalid Əlimirzəyevin sözlərinə görə,
hər bir xalqın özünün tarixi, milli ənənələri
və dünya görüşü var: "Bütün
bunlar, əlbəttə ki, xalqın varlığını,
kimliyini, hansı dünya görüşünə malik
olduğunu göstərir. Bu təbii və qanuni olan bir
şeydir. Xalqımızın da yüksək nəcib hisslərə
malik olması, təbii ki, cəmiyyətimizin təbiətindən
irəli gəlir. Həmçinin, insanlara olan
xeyirxahlığından, nəcibliyindən, məhəbbətindən
qaynaqlanır. Xalqımız həmişə həm milli, həm
də bəşəri təfəkkürü vəhdətdə
götürüb və onu əxz etmiş millət kimi
tanınıb. Klassiklərimizin əsərlərində belə,
bu özünü çox gözəl əks etdirib.
Çünki böyük sənətkarlarımızın əsərlərində
dünyəvilik, bəşərilik təkcə milli çərçivənin
sərhədlərinə sığışmır. Necə
deyərlər, vəhdətdə götürülür. Bu mənada
geniş dünya görüşə, insanlığın
bütün parametrlərinə cavab verən mədəniyyətimiz,
tariximiz, yüksək şəxsiyyətlərimiz olub. Əlbəttə
ki, bu gün onları yaşatmaq, onlardan ibrət götürmək
lazımdır. Çünki onların timsalında
xalqımızın çox yüksək nəcib keyfiyyətləri
öz təcəssümünü tapıb. Çox təəssüf
ki, biz xırdalanırıq. Axır vaxtlar cəmiyyətimizdə
oxumaq mədəniyyəti bir qədər aşağı
düşüb. Cavanlar kitab az oxuyur və yaxud da heç
oxumur. Əsərlər çıxır, klassiklərin əsərləri
yenidən çap olunur və s. Gənclərdən
soruşanda məlum olur ki, klassikləri oxumurlar. Oxumaq mədəniyyətinin
aşağı düşməsi illərlə formalaşan dəyərlərimizə
mənfi təsir göstərir. Bununla yanaşı, müəyyən
ziyanlı tendensiyaların baş qaldırmasına şərait
yaradır. Bəzən mətbuatda elə yazılar gedir ki,
bunlar doğurdan da bizim mənəviyyatımıza, əxlaqımıza
ziddir. Belə hallara yol vermək olmaz. Millətin
özünün milli ideologiyası və təfəkkür tərzi
olmalıdır. Bizim çox zəngin dəyərlərimiz
olduğuna görə, onları qorumalıyıq. Dünyada,
cəmiyyətdə elə yazılmayan qanunlar var ki, onları
pozmaq olmaz. Onlar elə qanunlardır ki, onları pozanda
çox pis nəticələri olur. Ədəb-ərkanla, mənəviyyatla,
əxlaqla, insanlıqla bağlı çox böyük
yazılmamış qanunlarımız var. Bütün bunlar
bizim genimizdə, fitrətimizdə və xilqətimizdə cəmləşib.
Onları qorumaq çox vacib əhəmiyyət kəsb edir.
Bunları bir millət, xalq kimi qorumasaq,
varlığımızı, kimliyimizi getdikcə itirə bilərik.
Telekanallarda gedən şit verilişlər gəncləri elmdən,
maarifdən uzaq salır. Şəxsiyyət, yetişən gənclik
düşünməlidir ki, nəyə can atır və ona nə
lazımdır. Deməyim odur ki, çox ciddi proses gedir.
Bütün dünyada ağıl uğrunda, insanların
şüuru uğrunda mübarizə gedir. Belə vəziyyətdə
dünya ilə ayaqlaşmaq lazımdır".
Vidadi
ORDAHALLI
Bakı xəbər.- 2011.- 5 may.-
S. 15.