Azərbaycana qarşı düşmənlərin
açdığı ikinci böyük müharibə cəbhəsi...
Tariximiz,
siyasətimiz, mənəviyyatımız - Azərbaycançılıq
ideologiyasına aid hər şey saxtalaşdırılır
"Vikipediya" saytı
- hamının redaktə edə biləcəyi açıq
onlayn, azad ensiklopediya hesab edilir. Bu şəbəkəyə
daxil olarkən belə bir yazıya rast gəlirsən:
"Hamının redaktə edə biləcəyi
açıq ensiklopediya olan Vikipediyaya xoş gəlmisiniz".
Amma hamıya xoş gəldin deyən virtual ensiklopediyada və
məkanda öz çirkin niyyətinlərini həyata
keçirənlər də az deyil.
Belə niyyətlərin nəticəsi olaraq Vikipediyada
Azərbaycanla əlaqədar qərəzli, yalan dolu, saxta
materiallar yerləşdirilir. Ölkəmizə qarşı
ikinci müharibə cəbhəsi kimi səciyyələndirilən
bu addımda mənfur ermənilərin əlinin olduğu
istisna edilmir. Məlumatlarda nəinki Azərbaycanın
bugünkü tarixi, o cümlədən keçmişi də
saxtalaşdırılır. Ölkəmizlə bağlı həqiqətlərin
dünyaya yayılması baxımından bu sahəyə
dövlət səviyyəsində yardımlar olunmasına
ehtiyac var. Lakin bu təkcə dövlətlə məhdudlaşan
məsələ deyil. Bu işdə vətəndaş təşəbbüsü
də olmalıdır. Azərbaycana qarşı təxribat
aparılmasının dünya ictimaiyyətinə
çatdırılması ilə bağlı addımlar
sürətləndirilməlidir. Eyni zamanda, müvafiq qurumlar
Azərbaycanla bağlı reallığa uyğun gəlməyən
materialların yerləşdirilməsi prosesini izləməlidir.
Saytda yer alan materialların yalan olmasını kütləvi
informasiya vasitələri, müxtəlif səfirliklər səviyyəsində
dünyaya çatdırmalıyıq. Azərbaycanın tarixi
torpaqları olan, Ermənistan Respublikası adlanan ərazilərdə
və Dağlıq Qarabağ da daxil olmaqla, işğal etdikləri
Azərbaycan bölgələrində ölkəmizə məxsus
torpaqlarda çirkin oyunlar həyata keçirən, vandalizm
törədən ermənilər beynəlxalq aləmi yalan məlumatla
çaşdırmaq istəyir. Bu gün Ermənistanda azərbaycanlılara
məxsus bütün dini abidələr məhv edilib. Təkcə
bu fakt ermənilərin iç üzünün
açılması üçün kifayətdir. Təəssüf
ki, ermənilər və onların başabəla alimləri
Azərbaycana qarşı belə cəfəng iddiaları əks
etdirən və saytda yerləşdirilən materialları bir
çox ensiklopediyada yerləşdirməyə müvəffəq
olur.
Təsadüfi deyil ki, əvvəllər bir sıra
deputatlar tərəfindən ermənilərin azərbaycanlılara
qarşı apardığı çirkin siyasətin daim izlənməsi,
onun qarşısının alınması ilə bağlı
dövlət orqanlarından birinin tərkibində ayrıca
qurumun yaradılması təklif edilib. Xüsusilə ermənilərin
Azərbaycanın xristianlıq dövrünə aid olan abidələrə
və Azərbaycan tarixinin bir parçası olan Albaniya tarixinə
qarşı artan iddialarının və çirkin təbliğatının
qarşısının alınması istiqamətində ciddi
addımlar atılmalıdır. Biz ermənilərin Azərbaycan
tarixini saxtalaşdıraraq dünya ictimaiyyətinə təqdim
etməsinə imkan verməməliyik. Həmçinin,
qeyri-hökumət təşkilatları vasitəsilə bu sahə
ilə bağlı uzunmüddətli layihələr həyata
keçirmək mümkündür.
Vikipediyanın Azərbaycandakı administratoru, Milli Elmlər
Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun sektor
müdiri İradə Ələkbərova deyir ki, ən
azından, administratorların və fəal istifadəçilərin
nəzarəti imkan vermir ki, hər kəs istədiyi məlumatı
maneəsiz bu şəbəkəyə yerləşdirsin. Onun
sözlərinə görə, ermənilər belə
saytlarda fəallıqları ilə seçilir: "Birincisi,
ermənilər belə "iş"ləri həyata
keçirmək üçün maliyyələşir. Vikipediya
özü azad ensiklopediyadır. Bu məkana istənilən kəs
girib məqalə verir, materiallar yerləşdirir. Bizdə isə
yalnız vətənpərvərlik hissi olan şəxs girib
həmin məlumatlara düzəliş edir, yaxud adekvat cavab
verir. Amma ermənilər xüsusi dövlət orqanları tərəfindən
maliyyələşərək fəaliyyət göstərir.
Yəni Vikipediya onların iş yeridir. İşləri də
öz mədəniyyətlərini, olmayan tarixlərini, eləcə
də Azərbaycanla bağlı qərəzli məlumatlar
yaymaqdan ibarətdir. Digər tərəfdən, ölkəmizin
tarixi, mədəniyyəti, adət-ənənənəsini məhv
etməklə məşğul olurlar. Azərbaycan dəyərlərini
aşağı salmaq işini aparırlar. Məsələn,
yazılır ki, Nizami Azərbaycan şairi deyil. Özü də
bu tip məlumatları yazanlar təcrübəli jurnalistlər,
ekspertlər olur. Onların bu "iş"inə cavab olaraq
bizim tələbələr müəyyən materiallar yerləşdirir.
Onların arxasında xüsusi qrup var və onlar da özlərinə
haqq qazandırmaq məqsədilə müxtəlif mənbələr
göstərirlər. Yəni olmayan bir şeyi sübut edirlər.
Əslində kompüter qarşısında tarixçimiz, ədəbiyyatçımız
oturmalıdır. Adi tələbə isə ermənilərin
uydurduğu materiallara tab gətirə bilmir. Burada informasiya
müharibəsi gedir və tələbə tab gətirmədiyinə
görə əli virtual məkandan üzülür. Sonda ermənin
yalan dolu versiyası Vikipediyada qalır. Bizdə bu işə
nəzarət könüllü surətdə aparılır.
Düşünürəm ki, məsələdə yalnız
könüllülük olmamalıdır, buna iş kimi
baxılmalıdır. Necə ki, Vikipediyada məşğul
olmaq ermənilərin işidir. İndi gərək biz tərəfdə
də gənclərimiz bu işə fəal qoşulsun".
İradə Ələkbərova deyir ki, 273 dildə olan
Vikipediya hələ istənilən səviyyədə
inkişaf etmədiyindən bu şəbəkəyə tam inanmaq
olmaz. Mütəxəssisə
görə, məlumatlara baxarkən ilk növbədə
onların hansı etibarlı mənbəyə istinadən
yerləşdirildiyinə diqqət yetirmək lazımdır.
Mənbələr etibarlıdırsa və rəsmi məlumatlardırsa,
ona inanmaq olar. Mənbə yoxdursa və kiminsə bloqundan məlumatlara
istinad edilibsə, onda həmin məlumat inandırıcı
deyil: "Kimsə düzgün informasiya qoymursa, yalan məlumat
yerləşdirməklə məşğuldursa, o zaman ona
adminstratorlar xəbərdarlıq edir və həmin şəxsin
şəbəkəyə girişinə qadağa qoyulur. Bu
halda o, öz kompüterindən redaktə işi apara bilmir,
yalnız məlumatlara baxa bilir. Vikipediyada azərbaycanlılar
o qədər də fəal deyil. Azərbaycan həqiqətləri
çox kobud şəkildə təhrif olunanda virtual şəbəkənin
əsas administratoruna müraciət edib həmin məlumatların
şəbəkədən çıxarılmasını tələb
edirik.
Vikipediyanın Azərbaycan bölməsində təhriflərin,
yalan informasiyanın qarşısını almaq müəyyən
qədər mümkün olsa da, İ.Ələkbərova
bildirir ki, ingilis və rus dilli Vikipediyadakı yazılara
qarşı mübarizə aparmaq xeyli çətindir:
"Dünyanın müxtəlif yerində heç erməni
olmayan savadlı tarixçilər, politoloqlar var, onlara
yaxşı pul verilir və 24 saat kompüterin
qarşısında otururlar, Azərbaycanla, Qarabağla
bağlı məlumatlara nəzarət edirlər. Qoymurlar ki, azərbaycanlılar
nə isə əlavə və düzəlişlər etsin.
Azərbaycanlılar bir şey əlavə edəndə
Vikipediyada informasiya müharibəsi başlayır".
Azərbaycan dilində olan məqalələrin
sayının 58 min olduğunu vurğulayan müsahibimiz digər
məqamlara da toxundu: "Ermənilər Vikipediyada Azərbaycanın
Laçın rayonunun nəzarət altında olduğunu
yazmışdı, biz isə işğal olunması ilə
bağlı məlumat yerləşdirdik. Həmçinin,
ermənilərin soydaşlarımıza qarşı törətdiyi
əməllərin soyqırım olduğunu dəlillərlə
sübuta yetirdik. Belə olan halda, Azərbaycan tərəfi mənbə
kimi BMT-nin qətnamələrini Vikipediyaya yerləşdirməklə
qarşı tərəfin məlumatını şəbəkədən
çıxarmağa nail olub. Ermənilərin çirkin niyyətlərinin
qarşısını almaq üçün təbliğat
gücləndirilməlidir. Bu işə, gənclərdən əlavə,
yaşlı, daha təcrübəli alimlər də cəlb
olunmalıdır. Dövlət tərəfindən də bu
işə dəstək olmalıdır. Yəni təhsil
ocaqlarında bu barədə dərs salınmalıdır,
treninqlər keçirilməlidir. İnsanlar bu haqda məlumata
sahib olmalıdır, çünki çoxları bundan xəbərsizdir".
Ekspert, "Yeddi dövlət, bir millət" Konseyinin
başqanı Azər Həsrət düşünür ki,
belə halların aradan qaldırılması
üçün, vətəndaşdan başqa, dövlətin
də görməli olduğu işlər var: "İstər
ayrı-ayrı vətəndaşların, istərsə də
qeyri-hökumət təşkilatlarının, siyasi
partiyaların, medianın bu işdə fəal olması
önəmlidir. Yəni
hamımız əl-ələ verib yalan məlumatların
internetdə yayılmasının qarşısını
almalıyıq. Çünki ermənilər tərəfindən
qərəzli informasiyalar nəinki Vikipediyada, eləcə də
onların açdığı yeni internet səhifələrində
yer alır. Məsələn, Azərbaycan dilində yeni səhifələr
açılır. İlk baxışdan elə
düşünürsən ki, həmin səhifələr
yaxşı məqsədə xidmət edir. Amma sonradan məlumatların
yanlış olduğunu görürsən. Bu isə
düşmənin oyaq olduğunu göstərir. Onların
qarşısını almaq üçün informasiya-kommunikasiya
sahəsində olan mütəxəssislərimiz daim belə məlumatların
axtarışı ilə məşğul olmalıdır.
Düzdür, ilk baxışdan bu o qədər də asan
iş kimi görünmür, amma çətin olduğunu da
deyə bilmərik. Məsələdə həm dövlətin,
həm də vətəndaşların üzərinə
iş düşür".
"Çağdaş informasiya-kommunikasiya
texnologiyaları çox geniş, faktiki olaraq nəzarətdən
kənar məkandır. Bura kim hansı materialı istəsə yerləşdirə
bilər, məlumatları öz mənafelərinə
uyğun şəkildə paylaşa bilər. Əslində o
baxımdan məsələyə nəzarət imkanları da
yoxdur. Amma bu o demək deyil ki, hər kəs istədiyini yaya
bilər. Ona görə də, bu cür məlumatları izləyənlər
və həmin saxta bilgiləri aradan qaldıranlar
olmalıdır. Əlbəttə ki, Azərbaycanda bu işlərin
görülməsi baxımından müəyyən
çatışmazlıqlar mövcuddur. Nəzərə
almaq lazımdır ki, informasiya texnologiyaları Qərbə
nisbətən gec gəlib. Əhalimizin böyük əksəriyyəti
hələ də informasiya texnologiyalarından lazımı səviyyədə
istifadə edə bilmir. Yaxud da heç istifadə edə
bilmir. Məlumatların ingilis dilində olması istifadəçilər
üçün problemlər yaradır. O baxımdan Azərbaycanla
bağlı yalan, qərəzli məlumatlar
yayılır".
A.Həsrət onu da əlavə etdi ki, dövlətin bu
sahədə gördüyü işlərin sayı artıb:
"Çünki başa düşülür ki, informasiya
müharibəsində uduzmaq olmaz. Bu savaşı mütləq
udmalıyıq. Məsələn, QHT-lərə ayrılan
maliyyənin tərkibində yeni internet resurslarının
qurulması üçün bir bənd var. Yeni saytlar qurulur, həmin
saytlarda Azərbaycanın problemlərilə bağlı
informasiyalar ingilis və rus dillərində
işıqlandırılır. Belə addımlar
atılır, ancaq düşünürəm ki, məsələyə
kompleks yanaşmaq önəmlidir. Dövlət bu sahənin
bilicilərini bir araya gətirməlidir Çünki həmin
şəxslər Azərbaycan üçün çox
işlər görə bilər".
Zaur
ZAHİDOĞLU
Bakı
xəbər.- 2011.- 6 may.- S. 12.