Nadir və nəsli kəsilmək təhlükəsində
olan flora növlərinin mühafizəsi...
İnsanların
vətəni, qohum-əqrabası,
yaxını-yadı
olduğu kimi,
bitkilərin də
var. Bitkilər də
qürbət acısı çəkir, yad nəfəslərdən
darıxır, yağı çəkmələri altında əzilir,
kədərlənir, əzaba düçar olur. Əvvəllər
yaşlı adamlar deyəndə ki, ağaclar, güllər,
otlar, bitkilər nəfəs alır, ətrafda baş verənləri
duyur, insanlara alqış və qarğış edir, buna
inanmaq istəmirdik, elə bilirdik ki, onlar nağıl, əfsanə
danışır.
Ancaq mütəxəssislərlə söhbət
zamanı deyilənlərin quru söz olmadığını
anladıq. Doğrudan da bitkilər danışır,
gülür, ağlayır, insanları təhlükədən
qoruyur. Azərbaycan torpaqlarında bitən bitkilər də
eyni hissləri yaşayır. Elə bitkilər-flora növləri
var ki, məhv olma təhlükəsilə üzləşib. Vaxtında
onların mühafizəsi təşkil olunmasa, "bitkilərin
ölümünə" təbiət birdəfəlik yas
tutmalı olacaq. Vətənimizin təbiətində bitən
flora növləri də qorunmasa, qayğısı çəkilməsə
analoji vəziyyətlə qarşılaşa bilər. Nadir və
nəsli kəsilmək təhlükəsində olan flora
növlərinin mühafizəsi rəsmi qurumları da,
müvafiq elmi və ictimai təşkilatları da ciddi
düşündürməlidir. Məlumatlara görə,
hazırda Azərbaycan təbiətində çoxlu sayda nəsli
kəsilmək təhlükəsilə üzləşən
bitki növü var. 1989-cu ildə nəşr olunan Azərbaycan
Respublikasının "Qırmızı Kitab"ında nəsli
tükənmək təhlükəsində olan 140 bitki
növünün adı qeyd edilib. Qeyd edək ki, Azərbaycan
Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli 1368 nömrəli
Sərəncamı ilə "Azərbaycan Respublikasında
bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə
dair Milli Strategiya və Fəaliyyət Planı" təsdiq
edilmiş, onun 1.1.3-cü bəndində 2009-cu ildə
"Qırmızı Kitab"ın II nəşri nəzərdə
tutulmuşdur. Əldə etdiyimiz məlumata görə,
"Qırmızı kitab"ın II cildinə nadir və nəsli
kəsilmək təhlükəsində olan 338 bitkinin adı
salınacaq.
Azərbaycan təbiəti öz zənginliyi ilə
könül oxşasa da, ekoloji tarazlığın
pozulması, bölgələrdə bitkilər aləminə
elə də böyük qayğı göstərilməməsi
flora növlərimizi ciddi təhlükə ilə
üz-üzə qoyur.
Nadir və nəsli kəsilməkdə olan flora növlərinin
hansı səviyyədə mühafizə olunduğu Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin hesabatlarında öz əksini tapır. Amma
hazırda işğal altında olan Dağlıq Qarabağ və
ətraf rayonların florası barədə geniş məlumatlar
yoxdur. Bunu nəzərə alaraq Qarabağın nadir və nəsli
kəsilməkdə olan flora növlərini
araşdırdıq. Onların dünənki vəziyyəti,
bu günü haqda bilgilər əldə etməyə
çalışdıq. Uğurumuza nə
çıxdısa, onu da sizinlə bölüşəcəyik.
Öz nəzarətimizdə olan torpaqlarımızda bəzi
bitki növlərinin vəziyyətinin kritik olduğu
bildirilirsə, onda görün, erməni işğalında
olan Dağlıq Qarabağın florasının vəziyyəti
necə ağırdır. Onlar barədə əlimizdə ətraflı
məlumat olmasa da, zəbt olunmuş torpaqlarımızın
başına gətirilən oyunlar bitki
örtüyünün necə böyük fəlakətə
düçar olduğunu düşünməyə əsas
verir.
Keçmişə nəzər salsaq deyə bilərik
ki, burada bitən yüzlərlə ağac,
gül-çiçək, ot və s. növlərinin
dünyada analoqu olmayıb. Elə bitkilər var ki, yalnız Qarabağda
bitirdi. Bu fikirləri keçmiş zamana aid etməyimiz bəlli
məsələdən doğur. Bu gün nəinki o
torpağın didərgin sakinləri, hətta adi vətəndaşlar
belə Qarbağ florasının erməni
daşnaklarının əlində salamat qalacağına
inanmır. Torpaqlar yandırılırsa, meşələrə
od vurulursa bitkilərin də çox hissəsinin əvvəlki
vəziyyətdə qalması şübhə doğurur. Qarabağ
torpağı işğal olunarkən, əhalisi didərgin
düşməyib. Onun florası, bitkilər aləmi də
işğala məruz qalıb və yad nəfəsləri
duyduqca acılar çəkir. 20 ilə yaxındır ki,
Qarabağ florasından bir xəbər yoxdur. Yerli botanika alimlərinin
əlində olan məlumatlar isə işğala qədərki
dövrü əks etdirir. Mütəxəssislərlə
söhbət zamanı məlum olur ki, tapdaqda olan yurd yerlərimizin
bitki aləminin hazırkı taleyi Allah ümidinə qalıb.
Onları qorusa, yalnız Yaradan qoruya bilər. Əsirlikdə
olan, erməni çəkmələri altında əzilən
flora növləri barədə geniş məlumata keçməzdən
əvvəl qeyd etmək istəyirik ki, "Qırmızı
kitab"ın ikinci cildində Qarabağ florası haqda yeni məlumat
verilməyəcək. Çünki Qarabağ yağı
qaynağındadır, bu səbəbdən də alimlərimizin
ayağı o torpağa dəyə bilmir.
Mütəxəssislərin sözlərinə görə,
Qarabağda, Kəlbəcərdə, Laçında elə zəngin
bitkilər aləmi mövcud olub ki, dünyanın heç
yerində onun təkrarı yoxdur. Heç Azərbaycan ərazisində
də o bitkilərin çoxuna rast gəlinmir. Çünki
onlar endemikdir, yəni sırf o torpağa uyğundur.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika
İnstitutunun əməkdaşları bildirir ki, əməköməcikimilər
fəsiləsinə aid olan sağsağan gülxətmisi ancaq
Yuxarı Qarabağ - Şuşa, Xankəndi şəhərləri
ətrafında, Saxsağan dağı və Cıdır
düzündə bitirdi. Yalnız Zəngilan rayonu
Pirçevan kəndində bitən və nadir endemik növ
olan Zəngilan gəvəni, eləcə də bu rayonun
Sağar dağı ətəyində göyərən
Ağşüalı dağçiçəyinə başqa
bölgələrdə rast gəlinmir.
Daralagöz stenoteniyasına Xankəndinin Daşaltı kəndində,
endemik növ olan gözəl təkəsaqqala isə Əsgəran
rayonu Topxana meşəsində rast gəlinirdi. Ağıriyli
Ardıc, Araz palıdı kimi ağac növləri də
ancaq işğal olunmuş Zəngilanda bitirdi. Əfsanəvi
Şərq çinarı da Qarabağın Cəbrayıl, Zəngilan
və digər yerlərində qorunurdu.
Fişer Şternbergiyası da Füzuli, Ağdam,
Şuşa torpağına xarakterik idi. Yoxa çıxmaqda
olan Kuznetsov əsmərinə ancaq Cənubi Qarabağda təsadüf
olunurdu. Azərbaycanda yalnız Zəngilanda bitən
Şoranyer Qarğasoğanı da endemik növdür. Endemik
növə aid olan Qarabağ dağlaləsi də başqa
bölgələrdə bitmir. Sayı məhdud olan Uzunyarpaq
tozbaş səhləbə əvvəllər Xankəndi ətrafında
rast gəlinərdi. Füzuli rayonunun Dövlətkərlı
ərazisində bitən Qafqaz Xədicəgülü də
Qarabağ torpağının bağrında bitirdi. Nadir bitki
olan Gözəl telekiyası Kəlbəcər rayonunun
Yuxarı Ayrım kəndində, çox az rast gəlinən
Təkdənli buğda isə Xankəndi, Şuşakənd,
Şuşa və Laçında becərilirmiş. Tükənməkdə
olan endemik növ-Şimit dağlaləsi Xocavənd rayonu,
Kuropaktin kəndi, Qaraçul dağı, Şuşanın
Topxana meşəsi, Cəbrayıl rayonunun Soltanlı kəndinə
xarakterikdir. Qara dovşanalması yalnız Zəngilanın
Ağbədən kəndində olub. İşğala qədərki
dövrdə yox olmaq təhlükəsi qarşısında
olan nadir növ Adi meşəgilası Laçının Əyridağ,
Ağdərənin Şırşır dairəsində,
Qırmızı dubulqa isə ancaq
Şuşada-Daşaltında bitib. Giləli qaraçöhrəyə
Füzulinin Domu kəndində, Vələsyarpaq azata isə
Xankəndi, Şuşa ətrafında, Füzuli
rayonlarında təsadüf olunurdu. Alp vudsiyası Cəbrayılın
Xoca-əlif təbii sərhədində olurdu. Qarabağda bitən
bitkilərin sayı, çeşidi heç də təqdim
etdiyimiz siyahı ilə məhdudlaşmır. Orada hələ
növü müəyyənləşməmiş yüzlərlə
bitki vardı.
Bir nüansı da nəzərinizə çatdıraq
ki, ötən əsrin 70-ci illərinin sonlarından
Qarabağ ərazisinin florasını öyrənən alimlərin
böyük əksəriyyəti bir çox bitkilərin nəsli
kəsilmək təhlükəsində olduğunu bildirirdi. Əsas
problemlərdən biri isə yerli əhalinin
mal-qarasının, qoyun-quzusunun o bitkiləri korlaması idi. Botaniklər
qeyd edirdi ki, o bitkilərin mümkün qədər mühafizəsi
həyata keçirilməlidir. O torpaqlar işğal edilməzdən
əvvəl nadir və nəsli kəsilməkdə olan bitki
növlərinin artırılması, yayılması,
qorunması istiqamətində ciddi tədbirlər
görülürdü. İndi isə o bitkilər öz vətənində
mənəvi didərgin ömrü yaşayır. Bəlkə
də "gəlin bizi xilas edin" - deyə haray çəkirlər.
Heyf ki, səslərini eşidə bilmirik. Çünki o səs
dağların arxasında burulğana düşüb
boğulur.
Mütəxəssislər deyir ki, torpaqlarımız
işğala məruz qaldığından, orada nə baş
verdiyindən xəbərləri yoxdur. Heç erməni alimləri
də Qarabağın florasından danışmaq istəmir.
Burada kifayət qədər nadir və nəsli kəsilmək
təhlükəsində olan flora növlərinin olduğunu
bildirən mütəxəssislərin sözlərinə
görə, erməni alimləri bu bitkilərin vəziyyətini
öyrənib dünya elm ictimaiyyətinə məlumat verməkdə
maraqlı deyil. Botaniklərin bildirdiyinə görə, erməni
alimləri o bitkilərin onlara aid olmadığını
yaxşı bildiyindən bu addımı atmaqdan çəkinir.
AMEA-nın Botanika İnstitutunun direktoru Validə Əli-Zadə
bildirdi ki, bu yaxınlarda Amerikanın Qafqaz ölkələrində
nadir endem bitkilər üzrə layihəsi olub, onlar da həmin
layihədə iştirak edib. Orada qeyd ediblər ki, Azərbaycan
ərazisi olan Qarabağ torpağı ermənilər tərəfindən
işğala məruz qaldığından, oranın
florası haqda yeni məlumat yoxdur. V.Əli-Zadə bildirir ki,
erməni alimləri bizim floraya qayğı göstərmir:
"Erməni alimləri bizim flora haqda heç bir məlumat
vermir. Bizim də əlimizdə yeni məlumatlar
olmadığından, dünya ictimaiyyətinə informasiya
vermirik. Torpaqlar işğalda olduğundan, Qarabağda bitən
nadir və nəsli kəsilməkdə olan bitkiləri
mühafizə edə bilmirik. Açığı, onların
taleyindən nigaranıq. Erməni alimləri orada tədqiqat
aparmasa da, bəzi rus alimləri, gizli şəkildə də
olsa, bu məqsədlə işğal altında olan bölgələrə
gedir. Bir müddət əvvəl Rusiya Elmlər
Akademiyasının üzvü Anatoli Mixiyevin Rusiyanın
"Botanika" jurnalında bir yazısı çap
olunmuşdu. Məqələdə o, Qarabağda
tapdığı nadir növ Zəngçiçəyindən
bəhs edirdi. Mixiyev yazırdı ki, guya bu çiçəyi
ötən əsrin 80-ci illərində tapıbmış. Belədirsə,
görəsən o bu bitki haqda niyə indi danışır?
Mən ondan soruşdum ki, Siz həqiqətən də
Qarabağa getmisiniz? O ora getdiyini etiraf
etdi. Rus alimlərinin ora getməsi yaxşı hal deyil. Elə
bilməyin ki, biz bu hallara göz yumuruq. Xeyr. Bütün beynəlxalq
elmi tədbirlərdə ermənilərin və ermənipərəstlərin
cavabını veririk".
Botanika
İnstitutunun herbari şöbəsinin müdiri,
aparıcı elmi işçi, əslən qarabağlı
olan Pərvanə Qaraxani bizimlə söhbətində dedi ki,
Qarabağ təbiətinə dərindən bələddir və
Cıdır düzünün florası təkrarsızdır:
"İnanmıram ki, Şuşanın əsrarəngiz
florası Azərbaycanın digər yerində olsun. Xüsusən
də Topxana meşəsində, Xankəndində, Cəbrayılın
bəzi yüksəkliyində elə flora növləri
vardı ki, onlara başqa yerdə rast gəlməmişəm.
Daşaltında gözəl bitki aləmi vardı. Həmin ərazidə
ermənilər insanlarımızı kütləvi şəkildə
qırmışdı. O insanlarla birgə bitkilər də
"qətlə" yetirilmişdi. Orada elə relik bitkilər
vardı ki, onlar tarixdə (təbiətdə) bir daha olmayacaq.
Mənə belə gəlir ki, ağac bitkilərinin
hamısını ermənilər məhv etməyib. Bu da ondan
irəli gəlib ki, onlara əli çatmayıb.
AMEA-nın
Nəbatat Bağının direktoru, AMEA-nın müxbir
üzvü Oruc İbadlının sözlərinə görə
də, işğal altında olan Dağlıq Qarabağda,
Laçında, Kəlbəcərdə bitən flora növləri
ermənilər tərəfindən tamamilə məhv edilə
bilməz. Bu flora növlərini valideyn tərbiyəsi
görməyən uşaqla müqayisə edən alim deyir ki,
onları həm toxumları ilə, həm də
soğanları ilə artırıla bilər: "O bitkilərin
məhv ola təhlükəsi var, amma inanmıram ki, onlar
tamamilə o torpaqdan silinib getsin".
Mütəxəssisin
sözlərinə görə, o bitkilərin əksəriyyəti
Nəbatat bağında əkilib becərilir. Oruc müəllimin
dediyinə görə, o, vaxtilə torpaqlarımızı
qarış-qarış gəzərək nadir və nəsli
kəsilməkdə olan bitkiləri Nəbatat bağına
toplayıb: "Xoşbəxtlikdən o bitkilərin bir
çoxu Nəbatat bağındadır. Biz onlar üzərində
tədqiqat işləri aparırıq. İnşallah,
torpaqlarımız işğaldan azad edildikdən sonra biz o
bitkiləri yerinə qaytaracağıq. Şərq
çinarı, Qulançar və armud növləri var ki,
onlar "Qırmızı kitaba" düşüb. Qarabağ
bitkilərinin genofondunu hazırlayırıq".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nadir
və nəsli kəsilməkdə olan flora növlərinin
mühafizəsinə, onların qayğı ilə əhatə
olunaraq çoxaldılmasına
çalışdığını deyən alimlərin
sözlərinə görə, gələcəkdə bu qurum
işğaldan azad olunan torpaqlarımızda da yeni layihələr
həyata keçirməyi nəzərdə tutur. Dağlıq
Qarabağda, Laçın və Kəlbəcərdə bitən
nadir və nəsli kəsilməkdə olan flora növləri
haqda, qısa da olsa, məlumat verdik. Onların taleyi barədə
səhih məlumata malik olmadığımız
üçün xatirələri vərəqlədik, illər
əvvəl çap olunmuş ədəbiyyata baş vurduq,
alimlərin fikirlərinə istinad etdik.
İradə Sarıyeva
Bakı xəbər.- 2011.- 11 may.-
S. 12.