Spesifik
ailə dəyərləri azərbaycanlı olmağın
mühüm əlamətidir
Hər
bir xalqın
dəyərlər
sistemində ailə münasibətləri
mühüm
yer tutur. Azərbaycan xalqı üçün də ailə dəyərləri
müqəddəsdir. Hətta bir çox hallarda ailəyə
kiçik dövlət kimi baxırlar. Milli dəyərlər
sistemi möhkəm olan ailələr bu xüsusiyyətləri
də qoruyub saxlaya bilir. Aşınmalara yol verildikdə isə
ailə münasibətlərində də gərginlik
yaranır.
Xalqımız qədimdən gələn bu dəyərləri
ümumən qoruyub saxlayır. Amma indiki şəraitdə
çağdaş dünyamızda gedən proseslər,
qloballaşma, texnologiyanın inkişafı, inteqrasiya prosesi,
internet və virtuallaşma kimi yeni düşüncə-informasiya
modellərinin zərbələri Azərbaycan ailəsindən
də yan keçməyib. Bu inkişaf bir tərəfdən
müsbət yeniliklərə gətirsə də, digər tərəfdən
milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan
ailə institutunun deformasiyaya uğramasına aparıb
çıxarır. Milli ailə modeli hər zaman Azərbaycanda
müqəddəs ocaq, kiçik dövlət hesab olunub. Bəs,
günümüzdə bu sahədə durum necədir? Son 10
ilin araşdırmaları göstərir ki, 140 oğlanla
müqayisədə 100 qız uşağı doğulur. Deməli,
10-15 illik statistik nəticələri üst-üstə qoyanda
bəlli olur ki, biz yaxın gələcəkdə
oğlanları evləndirməyə qız
tapmayacağıq. Klassik Azərbaycan ailəsi və onun dəyərləri,
o dəyərlərin müasir dövrdə necə olması
barədə sosioloqlar, siyasətçilər, kulturoloq və
filosoflar arasında mübahisələr gedir. Amma Azərbaycanda
bu mübahisələr radio və internet saytlarında
aparılır. Daha ciddi konfranslarda və alimlərin əhatəsində
isə bu mübahisələr getmir. Yaxud gedirsə də, orda
iştirakçılar çox az olur. Baxmayaraq ki, əslində
bu, müasir dövrün ən böyük problemlərindən
birinə çevrilib. XX əsrə və XXI əsrin əvvəllərinə
nəzər salanda, şərti olaraq Azərbaycan ailələrini
iki qrupa bölmək mümkündür. Birincisi, daha çox
əyalətdə yaşayaraq Şərq ailəsinə, milli
mentaletitə tam uyğun ailə tipi. İkincisi, daha çox
böyük şəhərlərdə, Bakıda və
dünyanın müxtəlif ölkələrində
yaşayan ailələr. Bunların arasında müəyyən
fərqlər var və bu fərq getdikcə kəskinləşməkdədir.
Fakt budur ki, biz hazırda bu iki ailə tipi ilə
rastlaşırıq və hətta onların özlərinin
də indi müxtəlif problemləri var.
Məsələn, əvvəllər kişi və
qadından ibarət ailə tipləri var idi. Bu ailə tipinə
bütün dünyadan fərqli Azərbaycanda daha çox
rast gəlinirdi. Amma indi tək qadın və tək kişidən,
yaxud qadın və uşaq, kişi və uşaqdan ibarət
ailə tipi ilə də rastlaşırıq. Yaxud vətəndaş
nikahı ilə evlənmiş insanlardan ibarət ailə tipləri
var. Hətta yalnız dini kəbinlə ailə qurmağı
üstün tutan tiplər də mövcuddur. Bundan başqa,
müstəqillik əldə etdikdən sonra azyaşlı
qızların ərə verilməsi kimi hallar da artıb. Bu
proses ailənin təməlinin möhkəm olmasına maneə
olan amildir. Hələ uşaqlıq hisslərilə
yaşayan bu qızlar ana olmağa hazır
olmadığından, belə ailələrdə tez-tez
konfliktlər yaşanır. Nəticədə həmin ailə
dağılır. Normal qəbul edib-etməməyimizdən
asılı olmayaraq, bu gün ailə modelində
aşınmaların baş verdiyi göz
qabağındadır. Bunun qarşısını almaq
üçün tarixdə və yaxın keçmişimizdəki
ən yaxşı ailə ənənələrimizi dirçəltməli,
möhkəmləndirməliyik. Bildiyimiz kimi, əvvəllər
çox uşaqlı, 5-10 uşaqlı ailə modelləri
daha çox idi. Üstəlik, əvvəllər ailələr
yaxın qohumların əhatəsində olurdu. Amma indi
bunların çoxu yoxdur. Keçən əsrin 80-ci illərinin
axırlarına yaxın bizdə yalnız, uzağı 3
uşaqlı ailələrin sayı çoxalmağa
başlayıb. Hətta tək bir uşaqdan ibarət ailələrin
sayı da əhəmiyyətli dərəcədə
artıb. Vəziyyətin belə olmasının əsas məqamı
iqtisadi-sosial amillərlə bağlıdır. Digər tərəfdən,
qloballaşma amili də burada öz sözünü deyir. Boşanmalara
bağlı statistikaya baxanda məlum olur ki, ailələr əsasən
iqtisadi problemlərlə əlaqədar olaraq
dağılır. Ailədə işləyənin olmaması
konfliktə gətirib çıxarır, bu da, öz növbəsində,
bir çox hallarda ailənin dağılması ilə sonuclanır.
Bizim
mentalitetdə karyera quran qadına da pis baxırlar. Ona görə
də bu işdə uğur qazanan qadının
yaşadığı ailə çox halda dağılır.
Çünki mentalitetimizə görə, ailədə əsas
söz sahibi kişidir. Güclü cinsin nümayəndəsi
bu üstünlüyünü qadına güzəştə
getmək istəmir, bu baş verdikdə isə ailədə
ziddiyyətlər yaranır.
Son zamanlar internet və televiziya vasitəsilə
tanış olmaqla evlənmək halları da çoxalıb.
Bu gün gənclərin bir çoxu bəzi telekanallarda
yayımlanan verilişlər vasitəsilə ailə həyatı
qurur. Bu tip yeni texnologiyanın zərərli cəhətləri
çox olmasa da, bütün hallarda belə verilişlərlə
milli dəyərlərimiz itir. Gələcəkdə kütləviləşəcək
bu cür mənfi halların qarşısını almaq
üçün insanların intellektual səviyyəsini
qaldırmaq lazımdır. Qeyd edək ki, Azərbaycan dövləti
ailə problemini milli dəyərlərə daxil edərək,
ona böyük önəm verdiyi, dövlət siyasətinin tərkib
hissəsi hesab etdiyi üçün bu işlərlə məşğul
olan komitə təsis edib. Cəmiyyətin inkişafı,
insanların yer üzərində ünsiyyəti, münasibətləri
ailə olmadan qeyri-mümkündür. Bütün iqtisadi,
maddi, siyasi, ideoloji münasibətlər ailədə
formalaşır. Azərbaycanın ailə modeli, ailədə
şəxsiyyətin təşəkkülü prosesi milli-mənəvi
dəyərlər sistemində formalaşıb. Başqa bir tərəfdən,
ləyaqətli ailənin formalaşması güclü
dövlətin, cəmiyyətin formalaşması deməkdir. Ailə
dəyərləri qədim olmaqla yanaşı, heç
şübhəsiz, zaman-zaman bəzi dəyişikliklərə
məruz qalıb. Bu dəyişikliklər isə, dövrdən
asılı olaraq, bəzən ailənin daha da möhkəmlənməsinə,
bəzən də bu sahədə aşınmaların baş
verməsinə gətirib çıxarıb. Azərbaycan
xalqının ailə dəyərlərinin tarixən necə
olduğunu, dəyişib-dəyişmədiyini
aydınlaşdırmaq üçün ekspertlərə
müraciət etdik.
Sosioloq Mətləb Mahmudov Azərbaycan ailəsinin rəsmi
şəkildə 50-60 il öncə
formalaşdığını bildirdi: "Azərbaycan ailəsi
deyəndə biz 1918-ci ildən sonrakı dövrü nəzərdə
tutmalıyıq. Ona kimi isə Azərbaycan ailəsi söhbəti
rəsmi deyil, şüur altında
formalaşmışdı. Eramızdan əvvəl Azərbaycanda
yaşayan qədim xalqlara, manna, midiya və albanlara məxsus
ailə münasibətləri vardı. Orada da ailə
başçısı kimi ilk növbədə güclü
cinsin nümayəndəsi qəbul olunurdu. Onun sözü ilə
ailədə hər şey həll edilirdi. Bu bir model idi. Yəni
göydə Allah, dövlətdə şah, evdə isə ata
hakim rol oynayırdı. Sözsüz ki, ananın da müəyyən
funksiyaları qorunub saxlanırdı. Ana Azərbaycanda həmişə
müqəddəs mövqedə olub. Həmin münasibət
indiyə kimi qorunub saxlanıb. Eramızın ilk əsrlərində,
Azərbaycanda xristianlıq dövründə də ailə
münasibətləri dini-əxlaqi dəyərlər fonunda
formalaşıb. İslam dəyərlərinin gəlməsilə
də xalqımız milli-etnik xüsusiyyətlərini qoruyub
saxlayaraq, onu bu günə kimi gətirib çıxarıb.
İslami dəyərlər baxımından da "Qurani-Kərim"də
ailə dəyərləri yüksək qiymətləndirilib.
Burada ailənin, ananın müqəddəs olması, cənnətin
onun ayaqları altında olması kimi fikirlər öz əksini
tapıb. Bu xüsusiyyətlər xalqımıza da şamil
idi. Sözsüz ki, Azərbaycan yol ayrıcında, geosiyasi
maraqlar dairəsində olduğundan, burada daim müharibələr
olub. Hətta IX-X əsrlərdə Azərbaycan ərazisində
36 dəfə böyük həcmli müharibə olub. Belədə,
hərbi əməliyyatlara yollanan kişi cinsinin
çoxsaylı nümayəndəsi həyatla
vidalaşmalı olub, nəticədə də ailələr
başsız qalıb. Müəyyən dövrdə onun
yerini başqaları tutana kimi ailələr müəyyən
dəyişikliklərə məruz qalır. Ailə
köç edir başqa yerə, bura başqaları gətirilir.
Bu proseslər fonunda çoxvektorial təsirlərə məruz
qalan ailələr yaranır. Həqiqətən də bu məsələdə
Azərbaycan geosiyasi məkan olaraq böyük təsirlərə
məruz qalıb. Rusiya işğalı dövründə də
ailə dəyərlərimizə müəyyən təsirlər
olub. Amma həmin dövrdən 1918-ci ilə kimi bu məsələdə
çox az dəyişikliklər baş verib. Yəni milli
mentallığımıza təsir edən böyük amillər
olmayıb. Dəyişiklik olubsa da, az olub. Azərbaycanda normal
ailə modeli 1945-50-ci illərdən sonra formalaşmağa
başlayıb. İnsanlar ailənin nə olduğunu məhz
bu dövrdə başa düşüb. Bunun da müxtəlif
səbəbləri var. İlk növbədə ona görə
ki, ailəyə rəsmi olaraq məcburi şəkildə
nikah, doğum haqqında sənəd verməyə
başladılar. Amma o dövrə kimi yalnız lazım olanda
sənəd alırdılar. Sovet ailəsində dəyərlər
o dövrün prinsiplərinə, yəni kommunist
ideyalarına uyğun formalaşırdı. Bu keçən
dövr ərzində əhali çox şey qazanıb.
Müstəqillik dövründə Türkiyənin ailə
modelindən bəhrələnməyə başladıq.
Sözsüz ki, burada da hər şey ideal vəziyyətdə
deyildi. Türkiyənin özü də müəyyən
islahatlardan yenicə çıxmışdı. Müstəqillik
dövründə ailə modeli çoxvektorial kəsişmələr
formasında formalaşıb. Azərbaycan həm dünyaya
inteqrasiya edir, Avropa dəyərlərinin burada da bərqərar
olması prosesi gedir. Həm də Azərbaycan İslam ölkəsi
olaraq Şərq dünyası üçün müsəlmandır.
Qərb dünyası üçünsə avropalıyıq.
Belədə, Azərbaycan ailəsi çox mürəkkəb
bir formatda inkişaf edir. Onun cənubu, şimalı, şərqi
və qərbində də müxtəliflik hökm
sürür. Hələ ailəyə kənar ideoloji təsirlər
də çoxalıb. Xristian missionerlərin, vəhhabilərin
təsirləri artıb. Yaxın qohumumun oğlu ibadət etməyə
başlayıb. O, artıq birgə stol arxasında oturub
çörək yemədiyinə görə ailədə
ikitirəlik yaranıb. Bunun haram olduğunu deyir. Onu başa
sala bilmirik ki, ən müqəddəs yaxınlar ata və
anadır. Təəssüf ki, ailəyə pis təsir edən
belə cərəyanlar da var. Bu təhlükəli amildir.
Fikrimcə, xalqımızın ailə dəyərlərində
əsas dəyişiklik İkinci Cahan Müharibəsindən
sonra baş verib. Azərbaycan ailəsi son 50-60 il ərzində
formalaşan ailədir. Ondan öncə isə ancaq elitar ailə
modelləri olub".
Sənətşünas Ziyadxan Əliyev
düşünür ki, ailə dəyərlərində bəzi
yeniliklər olsa da, xalqımız ümumən bu keyfiyyətə
möhkəm bağlı millətdir: "Xalqımız qədim
tarixə malikdir. O
özünün məişət və mədəniyyət ənənələrini
yaşadıb. İş elə gətirib ki, biz qazanmaq əvəzinə
itirə-itirə gedirik. İtirdiklərimiz içərisində
ailə ilə bağlı dəyərlər də az deyil.
Bununla belə, Azərbaycan xalqı ailə dəyərlərini
kifayət qədər qoruyub saxlayan xalq kimi
yaddaşımızda canlanıb.
Nəsillər bir-birini əvəz etdikcə, yeni nəsil
həmişə əvvəlkilərin qınağına
tuş gəlir. İndiki
şəraitdə, qloballaşmanın baş verdiym məqamda
hiss olunur ki, min illərlə yaşatdığımız ənənəvi
ailə dəyərlərindən uzaqlaşırıq. Ailədə
valideynin fikrinin qulaqardına vurulması bu gün artıq ənənə
şəklini alıb. Ona görə də ailələr
tez-tez dağılır. Uşaq ailədə bir cür tərbiyə
alır, küçədə, məktəbdə başqa
cür.
İnternet
klublarda başqa aləmdə olur. Bütün bunlar yetişməkdə
olan indiki uşağın çıxılmaz vəziyyətdə
olduğunu göstərir. Ailədə hansı dəyərlərin
haqlı olub-olmadığını bilmir. Ailə dəyərlərinin
qorunması həm də hər bir millətin özünəməxsus
keyfiyyətlərini sabaha daşımaqdır. Bu baxımdan
ailə dəyərlərinin qorunub saxlanması vacibdir.
Rüfət Sultan
Bakı xəbər.- 2011.- 11 may.-
S. 15.