Dünya şöhrətli azərbaycanlıların azərbaycançı obrazları...

 

  Azərbaycan onları, onlar Azərbaycanı tanıdır

 

   Dövlətin, onun tarixi, mədəniyyəti, adət-ənənəsi və s. keyfiyyətlərinin dünya miqyasında tanıdılmasında hər bir insanın özünəməxsus rolu var. Bu mənada, azərbaycançılığın tərənnümü və təbliği də kimliyindən, hansı peşə sahibi olmasından asılı olmayaraq, hamımızın müqəddəs borcudur. Hamı bu prosesdə bacardığı töhfəni əsirgəməməlidir.

   Amma bununla yanaşı, sözügedən təbliğat prosesində başlıca rolu istər-istəməz tanınmış şəxslər, dünya şöhrətli alim, musiqiçi, mədəniyyət, elm və siyasi xadimlər oynayır. Belə ki, sıravi vətəndaşın təbliğatı ilə müqayisədə öz fəaliyyəti və yaradıcılığı ilə dünyada ad-san qazanmış şəxsin təbliğatı arasında yerlə-göy qədər fərq var. Bütün dünyada cəmiyyət əsasən adlı-sanlı insanların fikir və düşüncələrinə qulaq asır, onlardan özləri üçün bir nəticə çıxarır. Ona görə də azərbaycançılıq ideyasının təbliği və onun dünya miqyasında yayılmasında ölkəmizin bu və ya digər səbəblərdən xarici ölkələrdə yaşayan tanınmış simalarının fəaliyyətinin böyük əhəmiyyəti var. Azərbaycan dünyaya Lütfü-Zadə kimi dünya şöhrətli alim bəxş edib. Uzun müddətdir ki, Amerikada yaşayan bu dahi şəxsiyyətimiz qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. Tahir Salahov kimi rəssamımız öz yaradıcılığı ilə ölkəmizi tərənnüm edib və etməkdə davam edir. Bundan başqa, bir çox tanınmış simalarımız var ki, hələ sağlığında dünyada geniş şöhrət qazanıb. Bu şöhrətlərilə də Azərbaycanı ucaldıblar. Bunlar arasında Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Müslüm Maqomayev, Rastropoviç və başqa bu kimi dahi mədəniyyət xadimlərimizi göstərmək olar. Onların bircə yaradıcılıq fəaliyyəti Azərbaycanın tərənnümündə böyük əhəmiyyət daşıyır.

   Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev Azərbaycandan kənarda dünya səviyyəsində tanınmış çoxsaylı soydaşlarımızın olduğunu dedi: "Hansı ki, onlar öz yaradıcılığı və əməli fəaliyyətilə dünya miqyasında bir çox sahələr üzrə misli görünməmiş nailiyyətlər əldə edib. Bəzən xaricdə ölkəmizi məhz bu tanınmış simalarımızın adı ilə tanıyırlar. Bir dəfə İsraildə səfərdə olarkən şəhər meri söhbət əsnasında bildirdi ki, vaxtilə Misirdə olarkən Heydər Əliyevlə bərabər bir tədbirdə olub. O, Heydər Əliyevin timsalında nümayəndə heyətimizə böyük rəğbət bəslədi. Bu gün Lütfü-Zadənin beyni, qeyri-səlis elmilə bütün dünya idarə olunur. Onun, ən azından, azərbaycanlı olması, Azərbaycan adının üzərində olması bütün ölkəmiz üçün bir fəxr hissidir. Sovet kosmonavtikasının rəhbəri Kərim Kərimovu da nəzərdən qaçırmaq olmaz. O da böyük bir alim soydaşımızdır. Bu tarixi şəxsiyyət hazırda da Rusiya kosmonavtikasının əsas məsləhətçisidir. Müslüm Maqomayev sağlığında Azərbaycan mahnılarını ifadə etməklə nəinki SSRİ, hətta bütün dünya miqyasında ölkəmizi, onun adət-ənənələrini tərənnüm edib. Hətta ölkəmiz barəsində məlumata malik olmayan insanlar Müslüm Maqomayevin ifasını dinləməklə Azərbaycan barədə biliyə, informasiyaya malik olub. Çox yaxşı oldu ki, bu dahi şəxsiyyət Azərbaycanda dəfn olundu. Tahir Salahov böyük tarixi şəxsiyyət və tanınmış rəssamdır. Bu gün Almaniyada yaşayan gözəl rəssamımız Əşrəf Heybətovun adı və fəaliyyəti nəticəsində bu ölkədə də Azərbaycana rəğbətlə yanaşırlar. Həmin rəssamlarımız çəkdikləri bir sıra şəkillərdə Azərbaycanı, onun təbiətini təsvir etməklə də ölkəmiz barədə xaricdə iz açıblar". Həmsöhbətimiz həmin tarixi şəxsiyyətlərimizin azərbaycançılığın təbliğində əməyini daha önəmli saydı: "Azərbaycanın böyük tarixi şəxsiyyətləri var ki, onlar azərbaycançılıq adı ilə dövlətimizi tərənnüm və təmsil edib və etməkdə davam edir. Bu hal başımızı uca edir. Ona görə də bu kimi dahi şəxsiyyətlərimizlə fəxr edirik. Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun yaratdığı əsərləri, qoyduğu izləri bu günün özündə belə Azərbaycandan kənarda olarkən hiss edirik. Onların qoyduğu xətt bizə vətənimizin təbliğində yaşıl işıq yandırır. Belə dahi şəxsiyyətlərin həmvətənləri olmağımızla fəxr edirik. Azərbaycandan kənarda belə insanların adı gələndə insan qürur hissi duyur. Onların Azərbaycançılığın təbliğində rolu danılmaz bir faktdır və olduqca böyük və mühüm əhəmiyyətə malikdir. Keçmiş sovetlər məkanında tanınmış simalardan biri olan Əziz Əliyev tarixi şəxsiyyət olub. O özünün fəaliyyətilə ölkəmizi, xüsusən də Dağıstanda daha geniş şəkildə tanıdıb. Ona görə də bu şəxs ölkəmizin sevimli insanlarından biridir. Məhəmməd Əmin Rəsulzadə türk dünyasında böyük hörmət və izzətə layiq görülmüşdü. Azərbaycan xalq hərəkatının oyanışında xidmətləri olmuş Əbülfəz Elçibəyin adını da qeyd etmək istərdim. Azərbaycandan kənarda onu bir hərəkat adamı kimi, imperiyaya qarşı vuruşan insan kimi tanıyırlar. Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin çox vaxt adını xaricdə Azərbaycanla bərabər çəkirlər". İ.Ağayev bildirdi ki, bu kimi tarixi şəxsiyyət və insanlar Azərbaycan mədəniyyəti və tarixini daim yaşadan insanlardır: "Onların da, təbii ki, adları həmişə fəxrlə çəkilməlidir və onlarla fəxr edirik. Müslüm Maqomayev öz gözəl musiqisilə bizi dünyaya tanıdıb. Ölkəmizin tanıdılmasında ondan böyük nə xidmət göstərmək olar ki? Onun mahnıları, mədəniyyəti, səhnə davranışı, həyat tərzi elə Azərbaycanın təbliğidir. Belə insanlar başlıca olaraq yaradıcılıq fəaliyyətlərilə Azərbaycanı tərənnüm və təbliğ edib. Onların sayəsində bu gün Azərbaycan dövləti dünya miqyasında özünəməxsus nüfuz sahibi olub. Heydər Əliyev, harda olmasından asılı olmayaraq, hər yerdə xəritənin önündə dayanıb Azərbaycan barədə, onun ərazisi barədə danışmış, ölkəmizi təbliğ etmişdi. Belə insanların fəaliyyəti həmişə göz önündə olub. Demək olar ki, onların fəaliyyəti nəticəsində bu gün ölkəmiz dünyada özünəməxsus yer tutur. "Eurovision"da birinci yerə çıxmağımız da Azərbaycanın Avropa və dünya miqyasında mühüm yerə malik dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarıb".

   Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə düşünür ki, hətta dünya şöhrətli soydaşlarımız Azərbaycanı elə də ciddi şəkildə təmsil və təbliğ edə bilməyib:

   "Dünya miqyasında öz yaradıcılığı və elmi fəaliyyətilə şöhrət qazanmış azərbaycanlılar var. Onlara istər Amerika, istərsə də Avropada, Rusiyada, Türkiyədə rast gəlinir. Onlar bu və ya digər formada yaradıcı işlə, bizneslə məşğuldur. Aralarında imkanlıları da çoxdur. Xüsusi olaraq onları izləmək imkanında olmadığımdan, bu haqda fikir söyləmək bir qədər çətindir. Çünki sabah kimsə deyə bilər ki, filan işləri görüblər, sizsə qiymətləndirmirsiniz. Bildiyimiz kimi, hər şey müqayisə ilə dərk olunur. Bu mənada kənar müşahidələr göstərir ki, ermənilərin tanınmış adamları ilə müqayisədə bizimkilər çox zəif fəaliyyət aparır. Ermənilərin istər imkanlı, istərsə də sənət adamları olsun, onların hamısı bu və ya digər formada erməni işlərində aktiv iştirak edir. Azərbaycanlılarda isə bu mənada müəyyən bir soyuqluq hiss olunur. Ümumi qənaətim budur ki, belə soyuqluq olmasaydı, xaricdə olan məşhur simalarımız və imkanlı insanlarımız hesabına çox işlər görmək olardı. Təəssüf ki, o fəallıq hiss olunmur".

   "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz da sözügedən şəxslərin bu sahədəki fəaliyyətini tam qənaətbəxş hesab etmir: "Xaricdə yaşayan tanınmış simalarımız, fikrimcə, elm sahəsində ölkəmizi elə də təmsil etmir. Amma diaspor xəttilə tanınmış bu kimi insanlarımız kifayət qədər aktivdir. Azərbaycanın Dağlıq Qarabağ uğrunda ermənilərlə mübarizəsində, digər məsələlərdə onların səsini dünyanın bir çox guşələrindən eşitmək olur. Ancaq onların da fəaliyyətində müəyyən qüsurlar mövcuddur. Məsələn, xarici dövlətlərin əksəriyyətində lobbiçilik fəaliyyətimiz çox zəifdir. Onlar da əslində lobbiçilik fəaliyyətilə məşğul olmalı, yaşadığı ölkənin hökumət və parlament üzvləri arasında Azərbaycanı sevən lobbilər yaratmalıdır. Bu istiqamətdə iş getsə də, kifayət qədər zəifdir. Amma əvvəllər ümumiyyətlə yox idi. Fikirləşirəm, Azərbaycanın xaricdə yaşayan tanınmış adamları lobbiçiliklə ciddi şəkildə məşğul olmalıdır. Bu heç də çətin məsələ deyil. Bu kimi məşhur şəxslərimizdən Əjdər Tağızadə, "GünAZ" TV-nin həmtəsisçisi Əhməd Obalı Azərbaycanın mədəniyyəti və dərdlərini kifayət qədər geniş səpkidə təbliğ edir. İqdırdan olan azərbaycanlı Sinan Oğan, millət vəkili Atillanın da bu sahədə fəaliyyəti qənaətbəxşdir. Amma bütövlükdə tanınmış şəxslərin lobbiçiliyi fundamental şəkildə, hələ ki, gözə dəymir. Bu olmadığından, bəzi ölkələrdə, Amerikanın çoxsaylı ştatlarında erməni soyqırımı tanınıb və ya buna cəhd edilib".

   Ziyalı Firudin Cəlilov diaspor fəaliyyətinin zəifliyi səbəbindən məşhur şəxslərimizin təbliğatının da kölgədə qaldığını dedi: "Azərbaycandan xaricə   getmiş çox böyük alimlərimiz, tanınmış ziyalılarımız var. Amma onların ölkəmizlə əlaqəsi zəifdir. Xaricdəki diaspor qurumları güclü olmalıdır ki, onlarla əlaqə qura bilsin. Bu işlər zəif olduğundan, həmin məşhur simalarımızın fəaliyyəti görünmür. Amma fəxr edirik ki, Azərbaycandan çıxmış Lütfü-Zadə kimi alimlərimiz var. Lakin onun xaricdə Azərbaycanı nə qədər təbliğ etməsi barədə məlumatımız yoxdur. Çünki məlumatı işləyən qurumlar bunları gündəmə gətirməlidir. Amma xaricdəki super ulduzlarımız azdır. Bir-iki adamla kifayətlənmək olmaz. Təkcə Moskvada onlarla professorumuz yaşayır. Ukraynada, Avropada, Amerikada da belələri çoxdur. Sadəcə, əlaqələri quran lazımdır. Onların Azərbaycan mediası ilə əlaqəsi olmalıdır ki, gördüyü işlər xalqımıza bəlli olsun".

 

  

Rüfət Sultan

 

Bakı xəbər.- 2011.- 17 may.- S. 15.