Dünya hərb
tarixində Azərbaycan sərkərdələrinin yeri...
Azərbaycan
- həm də onun zəngin hərbi tarixi ilə məşhurdur
Dünya tarixində
yeritdiyi hərbi taktika və strategiyası ilə
döyüşün gedişini öz xeyirinə dəyişən
görkəmli sərkərdələr çox olub. Onların
seçdiyi taktika məğlub olmaq ərəfəsində
olan hərbi qüvvələri belə sonda savaşın
qalibi edib. Bir çox məşhur sərkərdələr
var ki, onların hərb sənətinə gətirdiyi
taktikalardan bu günün hərbi əməliyyatlarında da
uğurla istifadə olunur.
Qədim dövrlərdə
Sparta hökmdarı Menelay 300 nəfərlik qüvvə ilə
tutduğu əlverişli mövqe sayəsində İran Əhəməni
dövlətinin qat-qat çoxsaylı qüvvələrinin
irəliləməsinin qarşısını xeyli müddət
ləngidə bilmişdi. Karfagen sərkərdəsi Hannibal hərbi
sənəti ilə uzun müddət qədim Roma Respublikasını
qorxu içində saxlamış, Kann döyüşündə
yeritdiyi mükəmməl taktika ilə zəfər
çalmışdı. Hətta İkinci Cahan Müharibəsindəki
Kursk döyüşündə rusların alman faşistlərinə
qarşı həyata keçirdiyi taktika zamanı da Kann
döyüşünün strategiyasından istifadə olunub. Makedoniyalı
İsgərdər özündən 5-6 dəfə çox
olan Əhəməni ordusunu mükəmməl hərbi
istedadı sayəsində az müddət ərzində pərən-pərən
salmağa nail oldu. Orta əsrlərdə monqolların
böyük hökmdarı Temuçin Çingizxan yüksək
sərkərdəlik bacarığını nümayiş etdirərək,
qısa müddətdə o vaxt bəlli olan dünyanın
yarısına sahib çıxmışdı. Osmanlı
İmperiyasının hərbi sərkərdələri də
möhtəşəm bacarıqları sayəsində dəfələrlə
rəqiblərini məğlub durumda qoya bilib. Fransada Napoleon Bonapart top atəşi sənətinin
ustası kimi şöhrət qazanmışdı. O,
Fransanın cənubunda Tulon şəhərini tutan ingilis
ordusunu özünün sərrast top atəşilə heyran
qoydu. Rusiya tarixində də hərb sənətinin məşhur
sərkərdələri olub. Təkcə Suvorovun
adını çəkmək kifayətdir. Generalissimus
rütbəsinə kimi yüksələn bu dahi şəxs
mükəmməl taktikası ilə özündən qat-qat
çox qüvvənin öhdəsindən asanlıqla gəlmək
bacarığı ilə seçilirdi. Vətənimiz Azərbaycan
da bəşəriyyətə hərb sənətinin bir
çox görkəmli sərkərdələrini
yetişdirib. Girdman dövlətinin başçısı
Cavanşir həm də sərkərdəlik
bacarığı ilə seçilirdi. 816-837 illər
arasında məşhur sərkərdəmiz Babək ərəb
işğalçılarının 6 ordusunu darmadağın
edib. Bu qələbələr bir sərkərdə kimi məhz
onun həyata keçirdiyi strategiya nəticəsində əldə
olunmuşdu. Erkən orta əsrlərdə Şəmsəddin
Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhləvan,
Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz
də qələbə çaldıqları döyüşləri
həyata keçirdikləri xüsusi taktikalar vasitəsilə
əldə etmişdilər. Səfəvilər dövlətinin
banisi Şah İsmayıl Xətai 14 il ərzində az
qüvvə ilə 14 vilayəti özünə tabe etməyə
nail olur. Azərbaycanın hərbçi sərkərdələrinin
başında isə, heç şübhəsiz, Səməd
bəy Mehmandarov və Əlağa Şıxlinski dayanır.
Bu dahi şəxslərin hərb sənətinin dövlətçilik
tariximizdə xüsusi yeri var. Onlar nəinki Azərbaycanın,
hətta dünyanın hərb tarixində mühüm yer
tutur. Şıxlinskinin "Şıxlinski
üçbucağı" dəsrliyindən təkcə
Rusiyada deyil, habelə Fransa, Norveç, Avstriya, İsveçrə
və bir sıra digər ölkələrin artilleriya məktəblərində
dərslik kimi istifadə olunub. Bu şəxs Fransanın
yüksək ordeni sayılan "Legion" ordenilə təltif
olunan yeganə azərbaycanlıdır. Rus-Yapon müharibəsində
Port-Arturun müdafiəsində şəxsi şücaətilə
seçilib. Əbəs yerə deyil ki, ona
"artilleriyanın allahı" adını veriblər.
Böyük Vətən Müharibəsi illərində tank
diviziyasına rəhbərlik edən general-mayor Həzi Aslanov
Pribaltikanın azad olunması zamanı həyata keçirdiyi
uğurlu manevrlərilə faşistləri
çaş-baş salmaqla məşhurlaşmışdı.
Bundan başqa, Azərbaycanın hərbi tarixində görkəmli
rol oynamış Cəmşid Naxçıvanski, Fərrux
ağa Qayıbov və s. bu kimi məşhur sərkərdələri
olub ki, onlar da dünya hərb taktikası və
strategiyasına özünəməxsus töhvələr
verib. Bununla isə həm də Azərbaycanın
tanıdılmasında böyük xidmətlər göstərib.
Bu tanınmış simalarımız xalqımızın hərb
sahəsində də böyük nailiyyətlər əldə
etməyə qadir olduğunu nümayiş etdiriblər.
Siyasi şərhçi, professor Vaqif
Arzumanlı da bildirdi ki, Azərbaycan hərbçiləri
dünya hərb tarixində müəyyən mənada bəzi
misilsiz xidmətlərlə yadda qalıb: "İstər
XIX, istərsə də XX əsrdə baş verən bir
sıra müharibə və dövlətlərarası
münaqişələrdə iştirak edərkən
ayrı-ayrı şəxsiyyətlərimiz müəyyən
taktika və özünəməxsus hərbi strategiyaları
ilə fərqləniblər. İlk növbədə 1905-ci
ildəki Rus-Yapon müharibəsində həmvətənimiz Əlağa
Şıxlinskinin qazandığı uğurları qeyd etmək
olar. Generalın buradakı xidmətləri xüsusilə qeyd
olunmalıdır. Həmin müharibə zamanı
Şıxlinskinin uzaqvuran topların strategiyası ilə
bağlı "Şıxlinski nəzəriyyəsi" və
"Şıxlinski üçbucağı" adı ilə
məşhur olan praktik və nəzəri ideyaları
böyük rol oynayıb. Port-Artur döyüşündə
Şıxlinskinin göstərdiyi xidmət o vaxtkı
Çar hökuməti tərəfindən yüksək qiymətləndirilib.
Digər tərəfdən, Azərbaycanın bir çox
generalları XIX əsrdə, məsələn, Abdulla ağa
Bakıxanov, Naxçıvanskilər adını
daşıyan generallar uzun müddət Rusiya ordusunda xidmət
edib və bu xidmət zamanı öz hərbi strategiyası ilə
seçilən sərkərdələrdən olub. Bu mənada
Həzi Aslanovu xüsusi olaraq vurğulamaq gərəkdir.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı olan
Həzi Aslanov İkinci Dünya Müharibəsində tank
döyüşlərinin allahı, mahir bilicisi kimi
şöhrət qazanıb. O, Stalinqrad ətrafında
Almaniyanın tank qoşunlarına qarşı
apardığı döyüşlərlə sovet hərbi
doktrinasına xeyli töhfə verib. Bundan başqa,
ayrı-ayrı dövrlərdə - istər Birinci Dünya
Müharibəsi, istər İkinci Dünya Müharibəsi, həmçinin
XVIII-XIX əsrdəki Rusiya-İran, Rusiya-Türkiyə
müharibələrində əslən azərbaycanlı olan
bir sıra general və hərbçilərimiz öz fəaliyyətlərilə
seçilib. Azərbaycanın ilk hərbi-qırıcı təyyarəçisinin
Rusiyada böyük şöhrət qazanması, habelə
ayrı-ayrı hərbçilərinin böyük
uğurlara imza atması bu cəhətdən xüsusi olaraq
qiymətləndirilə bilər. Vaxtilə Azərbaycan
türklərinə, müsəlmanlara rusiyalı hərbçilər
bəzən o qədər də etibar etmirdi. Bu nəinki
Çar dövründə, hətta İkinci Dünya
Müharibəsi zamanı da müəyyən hallarda
özünü büruzə verirdi. Amma bu düzgün
mövqe deyildi. Çünki Azərbaycandan Rus hərb tarixində
xeyli general və polkovnikinin xidmətləri var və bunlar
danılmaz faktlardır. Məsələn, xanlıqlar
dövründə Azərbaycanın, demək olar ki, hər
bir xanlığının bəzi övladları Peterburqda,
Moskvada hərbi məktəblərdə təhsil alıb.
Onlar bir tərəfdən zamin kimi saxlanırdı, digər tərəfdən
də, fürsətdən istifadə edərək hərbçi
kimi təhsillərini artırırdılar. Onlar Rus hərbi
texnikasına yiyələnməklə özlərini
döyüşdə mahir hərbçi kimi göstərə
biliblər. Rusiya-Polşa müharibəsində İsmayıl
bəy Qutqaşınlı o zamanın ən nüfuzlu hərbçilərindən
biri olub. Hətta deyilənə görə o, vaxtilə general
rütbəsinə də layiq görülüb.
İ.Qutqaşınlı bir hərbçi kimi at
üstündə binanın 4-5-ci mərtəbələrinə
pilləkənlərlə qalxarmış. Ona bu cəsarətinə
görə Qafqaz Sultaneviçi adını veriblər.
Sözügedən müharibədə general Abbasqulu ağa
Bakıxanovun da çoxsaylı rəşadətləri olub.
Tarixi faktlar göstərir ki, istər XIX əsrdəki
Rus-Türk müharibələri, istərsə də hər
iki dünya müharibəsində çoxsaylı azərbaycan
türkü olan general aə polkovniklər olub ki, onlar məxsus
olduqları ordunun tərkibində son damla qanına qədər
vuruşub. Bizimkilərin guya hərbi sənətə
yararlı olmaması barədə deyilənlər isə rus
şovinizmi və erməni uydurmasının izləridir. Bunların heç
biri həqiqəti əks etdirmir".
Keçmiş hərbi
jurnalist Telman Nəzərli Mehmandarovun sözügedən
keyfiyyətlərə malik böyük sərkərdə
olduğuna diqqət yetirdi: "Görkəmli sərkərdəmiz
Səməd bəy Mehmandarov artilleriya sahəsində bir
çox yeniliklər müəllifidir. Bu tarixi şəxsiyyətə
həsr olunan "Səməd bəy" adında sənədli
filmin ssenari müəllifi olmuşam. Burada bir məqamı
xüsusi olaraq qabartmışdıq ki, Səməd bəy
Mehmandarov müdafiə naziri olan kimi birinci növbədə
top və mərmi, yəni artilleriya məsələlərini
önə çəkərək qeyd edib ki, bu, ordunun bel
sütunudur. Yəni bütün müharibələrdə
artilleriya olmadan hansısa bir qələbəyə nail olmaq
qeyri-mümkündür. Dünya müharibəsində də
bu praktika qəbul olunub. Artilleriya olmadan piyada heç vaxt istədiyinə
nail ola bilmir. Mehmandarovun ilk fərmanlarından biri də
ordumuzda ana dilinin tətbiqilə bağlı olub. O bunun orduda əsgərin
verilən əmri daha yaxşı qavraması
üçün lazım olduğunu söyləmişdi. Bunu
da onunla bağlayırdı ki, orduda əsgərin mənəvi
cəhətdən tam yetkin formalaşması üçün
yuxarıdan aşağı verilən əmrləri tam mənimsəməsi
vacib şərtdir. Bunun həlli üçün müəyyən
müddət qoyuldu, kurslar keçirildi. Qısa zamanda, təxminən
2-3 ay ərzində əmr qüvvəyə minərək tətbiq
olundu. Ondan sonra gördülər ki, bütün sahələr,
xüsusən də artilleriya sahəsindəki əsgərlər
döyüş prinsiplərini daha asan qavramağa
başlayıb. Dünya praktikasında fərqlənmə
baxımından Mehmandarovun xidməti artilleriyanın
bütün parametrləri üzrə vaxtında və yerində
işlədilməsi prinsipi olub. Bu, müharibənin zəfərlə
başa çatmasında həlledici əhəmiyyət
daşıyırdı. İkinci Dünya Müharibəsində
Həzi Aslanovun taktikası xüsusilə seçilirdi. Biz Azərbaycan
hərb tarixini əsasən məlum Cumhuriyyət
dövründən götürmüşük. Çünki
məsələyə milli kadr baxımından
yanaşılıb. Bu sıraya Əlağa Şıxlinskini
də əlavə etmək olar".
Rüfət Sultan
Bakı
xəbər.- 2011.- 20-22 may.- S. 15.