"Açıq qapı" günündə Bakıdakı
muzeylər necə yad edildi?
Suala maraqlı cavablar
gəldi
Bütün dünyada muzey işçiləri 18 May
tarixini peşə bayramları kimi qeyd edir. Beynəlxalq Muzey Günü
münasibətilə muzeylərdə
açıq qapı təşkil edilir, maraqlı ekskursiyalar və sərgilər keçirilir.
Azərbaycanda fəaliyyət göstərən
muzeylərə də
giriş həmin gün pulsuz olur, amma bəzən
yenə də muzeylərə yollananların
sayında artım
hiss edilmir.
Sanki insanlar tariximizə və mədəniyyətimizə
biganə münasibət göstərir. Yəni muzeylərə
üz tutan gənclərimiz arasında muzeyə
könüllü şəkildə gəlməyən xeyli
sayda insana rast gəlmək mümkündür. Halbuki, muzeyə
giriş heç bir manat da deyil. Hətta bəzi muzeylər də
var ki, eksponatlarla tanış olmaq üçün pul ödəmirsən.
Maraqlıdır, muzeylərdə açıq qapılar təşkil
ediləndə, bura könüllü gələnlərin
sayı nə dərəcədə dəyişir?
Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı
bildirdi ki, indi muzeyə gələnlərin sayı
artmaqdadır: "Muzey günündə bura gələnlərin
sayı təqribən 2500 nəfər idi. Həm orta məktəblərdən
gələnlər var idi, həm də xarici qonaqlar təşrif
buyurmuşdu. Həmin gün muzey saat 11-də açılsa
da, bir saat əvvəl muzeyin qarşısında izdiham hiss
edilirdi. Qalan vaxtlarda isə hər gün 4-5 orta məktəbin
böyük məktəbli qruplarını qəbul edirik. Əlbəttə
ki, indi muzeyə ziyalıların bəziləri gəlir.
Gündəmdə baş verən hadisələr də muzeyə
gələnlərin sayına təsir edir. Yəni əhəmiyyətli
bir hadisə baş verəndə daha az adam qəbul edirik. Ancaq
əvvəlki illərə nisbətən daha çox insan
axını var".
Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz
Babaxanlının sözlərinə əsasən, bayram
günündə muzeyə giriş pulsuz oldu, lakin bura gələnlərin
sayı azlığı ilə seçildi: "Bu gün
(dünən-red.) muzeyimizə cəmi 30-dək adam gəlib. Bayram
günündə bundan bir qədər artıq oldu. Qalan
vaxtlarda isə muzeyə giriş 50 qəpikdir. Doğurdan da, bəzən
əməlli-başlı məktəblilər, tələbələr
muzeydəki eksponatlara baxmağa həvəs göstərir. Onu
da deyim ki, muzeyin saytının mövcudluğu da gələnlərin
sayına yaxşı mənada təsir edir. Bəzən gənclərimiz
internetdə fəallıqları ilə xüsusi seçilir.
Yəni Hüseyn Cavidin yaradıcılığına maraq
göstərdiklərinin şahidi oluruq. Bu da bizi müəyyən
qədər sevindirir".
Cəlil Məmmədquluzadənin Ev Muzeyinin elmi
işçisi Yeganə Məmmədova deyir ki, internetin
inkişafı və elmi-tərəqqi ilə əlaqədar
muzeylərə üz tutanların sayı o qədər də
qaneedici deyil: "Muzeyimizə, əsasən jurnalist tələbələr
gəlir. Baxmayaraq ki, muzeyə giriş bütün vaxtlarda
pulsuzdur. Arada məktəblilərin içərisindən bir
neçə nəfəri gəlmək fikrinə
düşür. Az olsa da, könüllü gələnlər
də rast gəlirsən. Bir də görürsən ki, gələnlərin
sayı həddindən artıq azalır. Hərdən isə
müəyyən qədər insan axını olur. Amma
Türkiyədən, İrandan olan qonaqlarımız muzeyə
də gəlməyi yaddan çıxarmır. Muzeyə gələnlərin
azlıq təşkil etməsi bizdən asılı deyil.
Açığı, insanların yadına çox az hallarda
muzey düşür. Təbii ki, internetin mövcudluğu da
muzeyə gələnlərin sayına təsir göstərir".
Zaur Zahidoğlu
Bakı
xəbər.- 2011.- 20-22 may.- S. 14.