Fitnə - fəsad törədənlərin son mənzili Cəhənnəmdir

 

  Cəmiyyəti parçalamaq, ayırmaq, qarışdırmaq, insanların ağıl qəlblərini haqq həqiqətdən uzaqlaşdırmaq, fəsad törətmək mənalarını verən fitnə, ən böyük günahlardan sayılır. Həmin səbəbdən fitnə həm fərd cəmiyyət üçün dünyəvi qiyamət hökmündədir. Bunu Rəbb Peyğəmbər(ə) kəlamları təsdiq edir: "... Fitnə adam öldürməkdən pisdir" (Bəqara 191); "Yer üzündə fitnə-fəsad törədənlər lənətə düçar olacaqlar. Onları pis yurd(Cəhənnəm) gözləyir" (Rad, 25); "Müsəlmanları bir-birindən ayıranlar, onları tayfalara bölənlər lənətlidirlər" (Həz.Məhəmməd).

 

   Fitnə həm sınağa çəkilməkdir

 

   Fitnə - imtahan, sınağaçəkmə sözlərini ehtiva edir. Çünki Cənnət Cəhənnəm, həm fitnə ilə imtahana çəkilən insanlar üçün yaradılıb. Müasirlərindən biri həz.Əliyə dedi: "Bizə fitnədən danış. Bu barədə Peyğəmbər(ə)-dən soruşmusanmı?" Həzrət buyurdu: "İnsanlar yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar" (Ənkəbut 2) ayəsi nazil olanda bildim ki, Rəsululləh(ə) qədər bizim aramızdadır, fitnəyə yer yoxdur. Dedim: "Ya Peyğəmbər(ə), Allahın xəbər verdiyi bu fitnə nədir?" Buyurdu: "Ya Əli, ümmətim məndən sonra fitnəyə düşəcək". Dedim: "Uhud döyüşündə çoxlu müsəlman şəhid oldu. Mən isə sağ qaldım. Bu mənə ağır gəlir. Siz buyurdunuz: "Müjdə verim ki, şəhadət sənə bundan sonra nəsib olacaq. Budurmu fitnə?" Allah Rəsulu(ə) dedi: "Bəli, bəs o zaman necə səbr edəcəksən?" Dedim: "Bu dözüm səbr dözümü yox, müjdə dözümü, şükür dözümüdür". Peyğəmbər(ə) buyurdu: "Harama bulaşan camaat Rəbbin əzabından arxayın olub belə deyəcək: "O bizə əzab verməz". Onlar haramı halal sayacaq, içkiyə nəbiz (Xurma şərabı - V.C) adı qoyacaq, rüşvəti hədiyyə, sələmi alış-veriş adlandıracaq". Soruşdum: "Biz onları necə adlandıraq? Dindən dönmüşlər, yoxsa sınağa çəkilmişlər?" O buyurdu: "Onları sınağa çəkilmişlər sayın".

   Qeyd edək ki, 1400 il bundan qabaq deyilən Peyğəmbər(ə) kəlamı o vaxt olduğu kimi bu gün də çox aktualdır. Belə ki, çağdaş İslam dünyasında içkinin azını haram saymayan, rüşvəti hədiyyə hesab edən, sələmin ticarəti stimullaşdıran vasitə olduğunu iddia edənlər kifayət qədərdir.

 

   Fitnəyə ilk tuş gələn Adəm(ə) olub

 

    İnsandan əvvəl yaradılan Şeytan fitnənin mayası, nüvəsi və özüdür. Deməli, fitnə bəşərdən qabaq yaradılıb. İnsanın vəzifəsi isə ona verilən ağıl ilə fitnəyə qarşı mübarizə aparıb, Allah rizası üçün yaşayış və ibadətini təmin edə bilməsidir. Fitnəyə ilk məruz qalan Adəm(ə) və Həvva ana olub. Nəticədə hər ikisi Cənnətdən qovulub. Qabil nəfsinin fitnəsinə uyaraq, qardaşı Habili öldürüb. Göründüyü kimi, bəşər yaradılışdan fitnə ilə üz-üzədir. Və bu hal qiyamətə qədər davam edəcək. Zira, Rəbb buyurub: "Zatıma and olsun ki, mən o qövmə elə bir fitnə göndərərəm ki, dərrakəli adamlar belə çaşıb qalar həmin fitnəyə uyarlar". Peyğəmbər(ə) isə buyurub: "Ümmətim elə bir zamana gəlib yetişəcək ki, o zamanda Quran oxuyanlar çox olacaq, fəqihlər azalacaq, fitnə çoxalacaq. Quran boğazdan aşağı keçməyəcək, onun hökmlərinə əməl olunmayacaq. İslamdan ad qalacaq. Məscidlər ancaq tikilişinə görə abad olacaq. O məsciddə oturanlar da, onları tikənlər də yer üzünün ən pis adamları olacaq. Onlardan fitnə zahir olacaq. Kim o fitnəyə uymaq istəməsə, onu məcbur edəcəklər. Və o zaman müşrik mömünlə Allah barəsində mücadiləyə girişəcək".

   Əlbəttə, kəlamı başqa birisi desəydi, bəlkə də mübahisə etməyə cəhd edilərdi. Lakin kəlamın həm bəşəriyyətin iftixarı Məhəmməd(ə)-yə məxsusluğu, həm də günümüzün reallığı bütün cəhdlərin üstündən xətt çəkib, opponentliyi heçə endirir. Çünki bu gün dünyanın müxtəlif kilsə və məscidlərində digər suveren ölkələrin müstəqilliyinə qəsd planı hazırlayan kifayət qədər "Allah evləri" var. Və təəssüflə qeyd edilməlidir ki, bəzi xarici ölkələrin dinin təbliği və maarifləndirmə pərdəsi arxasında hazırladığı belə təxribatçı layihələrdə Azərbaycanın da adı istisna edilmir...

   Yeri gəlmişkən, tarix sübut edir ki, Peyğəmbər(ə) fitnə vasitəsilə məscidlərdən şəxsi ambisiya və qazanc üçün istifadə edən din xadimlərini lənətləməklə yanaşı, həm də həmin məscidin sökülməsini əmr edib. Belə ki, münafiqlər Peyğəmbər(ə)-nin imamlıq etdiyi məscidə alternativ məscid tikmişdilər. Məqsəd də separatçılıq, dini parçalamaq, təzəcə təşəkkül tapan İslam dövlətini məhv etmək idi. Buna rəğmən Peyğəmbər(ə) Rəbb əmrilə həmin məscidi (Zərər məscidini) sökdürdü...

 

   Fitnənin siyasət tərəfi

 

    Mədəniyyət, elm texnika inkişaf etdikcə, fitnə də keyfiyyətcə dəyişərək, yeni cildə girir. Bu zaman onun başında qanun dindən danışanlar, məkrli alimlər, cahil abidlər, özlərinə yox, daşıdığı adlarına fəda olduğumuz (Məhəmməd, Əbubəkr, Ömər, Osman, Əli, Həsən, Hüseyn, Fatimə s.) adamlar durarlar. Gələcəyin fitnəkarlarını peyğəmbər bəsirətilə görən həz.Məhəmməd buyurub: "Fitnə yaradan alim, cahil abid və fəsad törədən rəhbərdən qorunun. Bunlara könlünü verənlər fitnəyə məruz qalarlar". Məgər 930-cu ildə Həcc mərasimi adı ilə silahla Məkkəyə soxulub, şəhər əhalisi və zəvvarları öldürən və Qara daşı aparan, özlərini imamın davamçıları hesab edən qərmətilər deyildimi? İnkvizisiyanın (XIII-XIX əsrlər) 12 milyondan artıq alim və ziyalını vəhşicəsinə öldürməsi (onlardan 15 mini tonqalda diri-diri yandırılıb) Kilsənin - Ali Din ierarxiyasının bəşəriyyətə qarşı total qəsdi, fitnə deyildimi?! Bəs, milyonlarla insanın qəlbindən bəşərin iftixar abidəsi olan Məhəmməd Mustafa(ə)-nin ad ruhunu silib, onun əvəzində "Lenin məhəbbətini" yerləşdirməyə cəhd göstərən kommunist ideologiyasının apardığı allahsız təbliğat, bolşevik fitnələrə şahidlik etmirmi? Həmin Lenin ki, N.Nərimanova söz vermişdi: Azərbaycanda Cumhuriyyətin hakimiyyəti devrilərsə, onda o, Azərbaycan Sosialist Respublikasının müstəqilliyini qəbul edəcək. Azərbaycanın müstəqilliyinin ləğv olunduğunu (28 aprel 1920-ci il) görən Nərimanov: "Bəs, siz söz vermişdiniz" deyə Leninə irad tutanda, fitnəsini gizlətməyən Lenin dedi: "Yoldaş Nəriman, siz siyasətlə mədəniyyəti qarışdırırsınız..."

 

   Fitnə ilə ucalanı Allah üstün etməz

 

   "Fitnə yuxudadır. Onu oyandırana Allah lənət eləsin" Peyğəmbər(ə) kəlamıdır. Hədisdən göründüyü kimi, fitnə gizli və potensial düşmən kimi həmişə olub, var, və olacaq. Ən böyük fitnə, fitnənin fitnə olduğunu bilməyib, hirsli başla fitnəyə uymaqdır. Necə deyərlər, bu zaman hirs öndən - əvvəl gələr, ağıl isə arxadan - sonradan. Əksinə, söz və qələmilə fitnə toxumu səpən namərdləri ifşa etmək üçün ən ümdə şərt səbr və iradənin səfərbər edilməsidir.

   Unutmamalı ki, fitnə-fəsad törədən həmişə hiyləgər olur. Hiyləgər insan isə siyrilmiş qılınc kimidir. Məqamı gələndə sözünü, qələmini və hətta qılıncını işə salar. Belələri, fitnədən öz şəxsi mənafelərini umduqları üçün hər şeyə qadir olurlar. Lakin onlar fitnələrindən xeyir görməzlər. Və şübhəsiz ki, fitnəkarların fitnə ilə ucaltmaq istədikləri insanları da Allah üstün etməz.

   Həz.Osmandan narazı olan bir qrupun həz.Əliyə ondan şikayət etməsilə əlaqədar olaraq, həz.Əli xəlifə Osmana dedi: "And olsun Allaha, bilmirəm sənə nə deyim. Sən də bizim bildiklərimizi bilirsən. Biz bir şeydə səndən irəli getməmişik ki, onu sənə xəbər verək. Əbu Kuhafə oğlu (həz.Əbubəkr) ilə Xəttab oğlu (həz.Ömər) doğru hərəkətə səndən çox layiq deyildilər. Yaxınlıq baxımından Rəsululləh(ə)-yə sən daha yaxınsan. Onlar ona damaq olmayıb (həz.Osman həz.Peyğəmbərin iki qızı ilə evlənmişdi). Sən isə bu şərəfi əldə etmisən. Allah xatirinə, bu ümmətin öldürüləcək imamı olma. Çünki bu ümmət içində bir imam öldürülərsə, onun üzündən qiyamətə qədər dava-dalaş sürüb gedər. Bu zaman ümmət nə haqqı görər, nə batili. Bu fitnələr içində xalq təlatümə gələr, özünə yer tapmaz". Həz.Osman ilə həz.Əli arasındakı anlaşmanın şahidi olan Müğayrə bin Əxnəz bu söhbətdən sonra Həz.Əliyə dedi: "Onun işini mənim öhdəmə burax". Buna rəğmən həz.Əli fitnəkar Muğayrəyə buyurdu: "Ey lənətlənmiş, xeyirsiz, köksüz, budaqsız kişinin oğlu! Ey özündən də xeyir gəlməyən, nəsli kəsiləcək, törəməyəcək kişinin oğlu! Köməkçisi sən olanı Allah üstün eləməz. Allah sənin qaldırdığın adamı da ayaq üstə saxlamaz. İtil get yanımdan. Allah səni iraq etsin". Yeri gəlmişkən, xəlifə Osmana fitnəyə uymamağı tövsiyə edən həz.Əli özü də fitnənin qurbanı olub.

 

   "Qırmızı" fitnə

 

   XX əsrdə Azərbaycan üçün ən böyük fitnələrdən biri Allah kitablarının təbliğinə qadağa qoyulması olub. Könülləri hidayət yolundan çıxaran, xalqı Qurandan məhrum edən bu fitnə, rəyi zənnə qarışdırmaqla insanları üz-üzə qoydu. Dinin nizamını pozan və Allah hikmətini ateist əmrilə əvəz edən "qırmızı" fitnə, Rəbb kəlamları ilə yaşayanlara divan tutdu. Belə ki, görkəmli ictimai və din xadimi (Zaqafqaziya qazısı və eyni vaxtda Bakı Quberniya məclisinin sədri), Quranın ilk dəfə Azərbaycan dilinə tərcüməçisi və bir neçə əsərin müəllifi olan Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mir Cəfərov (1855-1938) kitabxanasında "39 ədəd antisovet (!) Quranı" olduğu üçün həmin fitnə tərəfindən 83 yaşında güllələndi. Nəcəfül Əşrəfdə ali dini təhsilini başa vurub, "Qərini-İctihad" Ali Ruhani elmi dərəcəsini alan axund Mir Bağır Ağa Ağazadə (1873-1941) də 1930-cu ildə "qırmızı" terrorun çoxsaylı qurbanlarından biri oldu. O, 1932-ci ildə Stalinə etiraz məktubu yazdıqdan sonra 1933-cü ildə həbsdən azad edildi. Lakin onu doğma Salyanda yeni fitnələr gözləyirdi. Mir Bağır Ağa dili Quranlı, qəlbi şeytanlı yerli münafiq mollaların fitnəsilə yenidən tutulub sürgünə göndərildi. Qazaxıstanın Karaqanda vilayətinin həbs düşərgəsində olan axund, düşərgənin rəisi, xristian polkovnik Lüdvik İvana və 6 nəfər xristian nəzarətçisinə İslamı qəbul etdirdi!

   "Ümmətinin içində fitnə-fəsad yayıldığı zaman, sünnətinə əməl edənə 100 şəhid savabı düşür" Peyğəmbər(ə) kəlamıdır. Ya Peyğəmbər(ə), bəs ümmətinin yox, qeyri ümmətin içində fitnə-fəsad yayıldığı zaman, fitnə üstü fitnədə Quran və sünnətinə əməl edənə neçə şəhid savabı düşür?! Ya Rəbb! Seçdiyin peyğəmbər Yunus(ə) Sənin əmrinlə Assuriya padşahlığının mərkəzi olmuş Ninəvada 33 il müddətində yalnız iki nəfərin iman gətirməsinə nail oldu. Siyasi məhbus olan qulun Mir Bağır Ağa isə kamil iman, hikmətli elm və saleh əməlilə 7 nəfərin iman gətirməsinə vəsilə oldu! Həmd olsun Sənə Ya Rəbb! Hər şey Sənə və hər şey Səndəndir.

  

   Fitnə xalqı alçaldar

 

   Fitnənin gizli, görünməyən atributlarından biri də yaltaqlıq və lüzumsuz yararlanmaqdır. Bu, bəzi rəhbərlər üçün ətrafın hazırladığı bir mərəzdir. Həmin mərəzin qarşısını vaxtında ala bilməyən rəhbər, özünə fitnə, xalqa isə alçaqlıq gətirərək, həqiqət yolundan azan həmin dəstənin girovuna çevrilir. Belə ki, məmur Bin Şurhəbil həz.Əlinin məiyyətində (müşahidə edən şəxs, yanında olma) piyada getmək istədi. Xəlifə at üstündə olduğu üçün buyurdu: "Geriyə dön! Sənin kimi piyada gedən bir şəxsin mənim kimi at üstündə olanın məiyyətində yeriməsi, buyruq sahibinə bir fitnədir, möminlərə isə alçaqlıq".

 

  Dirilik və birlik fitnəyə qalxandır

 

   Fitnənin ən böyük məkri onun ortaya gizli çıxıb haqq ilə batili qarışdırmasıdır. Bu zaman hər şey şübhəli görünər. Xalq yalnız fitnə gedəndən sonra ayılıb, inkar və şübhələrdən xilas olar. Fəqət bir qasırğa kimi gəlib gedən fitnə, özündən sonra qarşılıqlı etimadsızlığı, qarşıdurmanı və fitnəyə uyanların bir-birini ittiham etmələrini miras qoyar. Qarabağda dövlət səviyyəsində erməni separatçılığı, İraq, Əfqanıstan və digər regionlarda vətəndaş, qardaş və ümmət qarşıdurması, Qərbdə həz.Peyğəmbər(ə)-yə bənzədilən karikaturaların peyda olması, fitnəyə rəvac verən "Fitnə" filminin çəkilməsi, Gürcüstanda Qafqaz Müsəlmanları İdarəsinə alternativ yaradılan Gürcüstan Müsəlmanları İdarəsi həmin fitnələrin müasir nümunəsidir.

   Həmişə olduğu kimi, bu gün də dünya fitnə oxlarına hədəfdir. Zalımlar fitnələri müxtəlif bəhanə və adlarla, əhd və vəsiyyətlərlə bir-birinə miras qoyaraq, dünyanı əldə etmək üçün leş üstündə didişən heyvanlar kimi bir-birilə didişib, məzluma "yol göstərirlər". Şübhəsiz ki, bu didişmədə özünü, nəslini, dinini, vətənini qorumaq istəyən məzlumun ən ümdə vəzifəsi, onun fitnələrin bayrağına, bidətlərin əlamətinə, düşmənlərin alətinə çevrilməməsidir. Bu isə ölkə vətəndaşlarının həmrəyliyi, birliyi, diriliyilə mümkündür. Unutmamalı ki, hər bir millətin diriliyi, onun birliyindədir.

 

 

  Vaqif Cəliloğlu

 

  Bakı xəbər.- 2011.- 23 may.-S. 12.