Azərbaycan idmançıları - həm "Azərbaycançılıq" daşıyıcılarıdır

 

  Hər bir ölkə və xalqın dünya miqyasında tanınmasında idman və idmançıların da böyük əməyi var. İdmançılar əldə etdiyi qələbələrlə təmsil olunduğu dövləti başqa xalqlar arasında da tanıdır. Ümumiyyətlə, son 20-30 ildə xalqların tanıdılmasında idmanın çəkisi daha da artıb. Azərbaycan da bu mənada istisna deyil. Azərbaycan artıq çoxdandır idman ölkəsi olduğunu sübut edib. Ölkəmiz tanınmış idmançıları ilə fəxr edir. Çünki onlar dünya, Avropa miqyasında olimpiya oyunlarında qazandıqları möhtəşəm uğurlarla üç rəngli Azərbaycan bayrağını layiqincə göylərə qaldırıblar.

Dəfələrlə beynəlxalq və regional əhəmiyyətli yarışlarda uğur əldə etməklə idmançılarımız həm də Azərbaycanı tərənnüm edib, onu tanıdıb. Son illər idman sahəsində ölkəmizin əldə etdiyi medallar buna əyani sübutdur. Bir il ərzində Azərbaycan idmançıları müxtəlif səpkili yarışlarda birinci, ikinci və üçüncü yerləri tutmaqla Vətənə 900-dən çox medalla qayıdıb. Bu isə ərazicə balaca olan ölkə üçün çox böyük nailiyyətdir. Bildiyimiz kimi, dünya idmanının şahı futboldur. Bu idman növü ilə minlərlə insan məşğul olur, bundan başqa, milyonlarla insan futbolun vurğunudur. Azərbaycan müstəqillik əldə etdikdən sonra futbol sahəsində də inkişaf tempinin getdiyi göz önündədir. Artıq ölkəmizdə stabil çempionat keçirilir. Müasir standartlara cavab verən bir neçə stadion tikilib və bir çoxları da plandadır. Futbolda son illər həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan FİFA və UEFA kimi beynəlxalq futbol qurumunda geniş nüfuz sahibi olub. Bunun nəticəsidir ki, UEFA-nın prezidenti, 80-ci illərin məşhur fransız futbolçusu Mişel Platini iki il öncə Bakıda səfərdə olub. Bakıya gələnlər arasında FİFA-nın prezidenti Zet Blatter də var. Azərbaycanın beynəlxalq arenada çəkisinin artmasının nəticəsidir ki, bu kimi iki möhtəşəm qurumun rəhbərləri ölkəmizə səfərə gəlib. Tanınmağımızın nəticəsidir ki, gələn il 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı məhz Azərbaycanda baş tutacaq. Düzdür, hələlik Azərbaycan futbolda Braziliya, İspaniya, Almaniya və s. ölkələr kimi möhtəşəm uğurlar qazanmasa da, özünün tanınmış futbolçuları ilə dünya miqyasında ad çıxarıb. Məsələn, keçən əsrin 40-50-ci illərində əslən azərbaycanlı olan Ələkbər Məmmədov Moskvanın "Dinamo" klubunda İtaliya və İngiltərədə həmin ölkələrin "Milan", "Arsenal" kimi məşhur klublarının qapısına vurduğu qollarla nəinki özü, hətta respublikamız barəsində müsbət mənada ad çıxarmışdı. Bu mənada "Neftçi"nin 60-70 illərdəki əvəzolunmaz hücumçusu Banişevskinin adını çəkməmək doğru olmazdı. Onun haqqında futbol kralı Pele də yüksək sözlər deyib. İngiltərə və Almaniya sakinləri isə futbol hakimi Tofiq Bəhramovun adını, yəqin ki, heç zaman unutmayacaq. 1966-cı ildə dünya çempionatının Londonda baş tutan İngiltərə-Almaniya final oyununda ingilislərin vurduğu topun məhz hakim Bəhramov tərəfindən qol kimi qeyd alınması və sonradan təkrar görünüşdə bunun öz təsdiqini tapması həmyerlimizə dünya şöhrəti gətirmişdi. Bu doğru qərara görə İngiltərə kraliçası II Yelizaveta hətta ona "qızıl fitçalan" hədiyyə etmişdi. Azərbaycan idmançıları digər növlərdə də Vətənimizin başını həmişə uca edib. Xüsusən də güləş və ona yaxın olan digər növlərdə dəfələrlə Azərbaycan bayrağı dünyanın müxtəlif yarış meydançalarında yüksəlib və himnimiz səslənib. İdmançılarımız 4 ildən bir keçirilən olimpiya oyunlarında da Vətənimizin şöhrətini yüksəklərə qaldırıb. Məsələn, Pekində baş tutan son olimpiya oyunlarında Elnur Məmmədli sambo üzrə birinci olmuşdu. Fərid Mansurov da Pekindən qabaqkı olimpiya turnirində bu titula layiq görülənlər sırasındadır. Qadınlar arasında Zülfiyyə Hüseynova həmin növdə dəfələrlə dünya və Avropa birincisi olub. Ceyhun Məmmədov isə 8 dəfə dünya çempionu olmaq şərəfinə nail olub. Sərbəst güləşdə Namiq Abdullayev də dəfələrlə ölkəmizə dünya şöhrəti qazandırıb. Bununla Azərbaycan qadınının idman sahəsində də uğur qazanmaq iqtidarında olduğunu sübut edib. Zemfira Meftehəddinova isə stend atıcılığı üzrə Sidney olimpiadasının qalibi kimi şöhrət qazanıb. Güllə atıcılığı üzrə İradə Haşımova Avropa və dünya birinciliyinə yiyələnib. Yüngül atletikada uzununa tullanma yarışında Xandadaş Mədətov keçmiş SSRİ-də geniş şöhrət qazanmışdı. Elşad Mürsəlov isə şaşki üzrə dəfələrlə SSRİ çempionu olub. Füzuli Musayev karate üzrə iki dəfə dünya çempionu olmaq şərəfinə nail olub. Son illər kollektiv idman növlərində də Azərbaycan komandaları nailiyyətlər əldə etməyə başlayıb. Artıq voleybol idmanı üzrə ölkəmiz özünü xeyli tanıdıb. Azərbaycan klubları bu il Avropa miqyaslı klub turnirlərində birinciliyi əldə etməklə dünyada özlərindən söz açmağa nail oldular. Düzdür, həmin voleybol klublarımızın üzvləri, demək olar ki, tamamilə əcnəbi qızlardan təşkil olunub. Amma bununla belə, komandada kimlərin iştirak etməsinə baxmayaraq, əldə olunan uğurlar bütün Azərbaycanın qələbəsidir. Elə idman sahəsi var ki, vaxtilə həmin növdə Azərbaycanın adının dünya miqyasında çəkiləcəyini adam heç yuxusunda da görməzdi. Amma indi bu da gerçəkləşib. Məsələn, bədii gimnastika sahəsində artıq Azərbaycanın da adı ən güclülər sırasında çəkilir. Şahmat sahəsində beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da bir çox yarışlarda ölkəmizi ləyaqətlə təmsil edib. Bir sözlə, idman hər bir ölkənin çəkisini göstərən bir amildir. Burada əldə olunan uğurlar həmin ölkəni tanıdır, ona dünya şöhrəti gətirir. Uğursuzluqlar isə əksinə, ölkənin nüfuzunu aşağı endirir. Bu mənada Azərbaycanın uğurlu və düzgün yolda olduğunu düşünmək olar. Bütün bunlar isə həm də ölkəmizin tanıdılması, nüfuz əldə etməsi, azərbaycançılığın yayılması baxımından mühüm önəm daşıyır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ölkəmizin təbliğində idmançıların xüsusi rolunun olduğunu diqqətə çatdırdı: "Bir il əvvəl Rusiyanın idman kanalında Azərbaycan idmançılarının yarışı canlı olaraq nümayiş olunurdu. Burada idman şərhçisinin maraqlı fikrini eşitdim. O dedi ki, bu gün Azərbaycan idmançılarını sözün əsl mənasında tanımaq mümkün deyil. Ən azı ona görə ki, Azərbaycan idmançıları həm əxlaq, davranış, həm də danışıq baxımından müsbət mənada çox fərqlənir. Onları ölkələrinin layiqli təmsilçisi adlandırmaq olar. Bu sözlər rus şərhçisinə məxsusdur. Bir neçə dəfə idmançılarla bir yerdə yarışda olan şəxs kimi deyə bilərəm ki, onların məsuliyyətini ancaq özləri bilir. Çünki həddindən artıq məsuliyyətli olmaları ilə seçilirlər. Onlar yarış zamanı "mənə baxan var" fikrində olur. Yarışda onları həmvətənlərinin baxması maraqlandırır. Belədə edilə bilən hər hansı bir səhvi onlar özlərinə bağışlaya bilmir. Digər millətlərdən olan idmançılarla müqayisədə bizimkilər həddən artıq məsuliyyətli olmaları ilə ad çıxarıb. Götürək elə idmançıların həyat tərzi, yarışa hazırlığı, dövlətə və xalqına olan münasibətlərini - hər bir idmançı arzu edir ki, ölkəyə qayıdandan sonra xalq tərəfindən gül-çiçəklə qarşılansın. Bu heç onların məşhur olmaq arzusundan irəli gəlmir. Məşhur olmağı onsuz da hər kəs istəyir. Amma bizim idmançılar həm də istəyir ki, barəsində "Azərbaycana zəfər gətirdi" ifadəsi işlənsin. Bu da, təbii ki, dövlətə olan sevgidən irəli gəlir. İdmançı qələbə çalanda onun, təmsil etdiyi ölkənin şərəfinə ucaldılan bayraq idman zalındakıları ayağa qalxmağa vadar edir. İdmançılarımızın bayrağımız qalxanda ağlaması da onun Vətənə olan böyük sevgisindən qaynaqlanır". Həmsöhbətimiz idman sahəsində son illər uğurların artdığını da dedi: "Müxtəlif yarışlarda ölkəmizə medal gətirib, başını ucaldan idmançılarımız son illər daha da çoxalıb. Xüsusən də güləş sahəsində əldə olunan uğurlarla Azərbaycanımız daha geniş səpkidə təbliğ olunur. Güləş məktəbimiz çox güclü məktəbdir. Bu növdə yarışlardan həmişə medalla qayıtmışıq. Cüdo, boks, gimnastika sahəsiuğur gətirən sahələrdəndir. Bilirik ki, bu növlərdə idmançılarımız həmişə ölkəyə medal gətirəcək. İndi bir qədər yaddan çıxan idman növlərini dirçəltməyə çalışırıq. Müəyyən səbəblər üzündən öndə getmədiyimiz idman növləri olan velosiped, üzgüçülük növlərini inkişaf etdirmək üzərində düşünürük. Avarçəkmə növündə son illər dünyaAvropa çempionatlarında qazanılan uğurlar bu istiqamətdə də ölkəmizin təbliğinə yardımçı olur. Kamandan ox atma növünü inkişaf etdirmək istəyirik. Otüstü xokkeyin yüngül atletikanın inkişafı istiqamətində ciddi işlər aparırıq. Neçə illərdir, qılıncoynatma sahəsində boşluq yaranmışdı, indi onu da aradan qaldırmaq ərəfəcindəyik".

Milli Olimpiya Komitəsi İnformasiya Nəşriyyat İdarəsinin rəhbəri Cəmaləddin Rəhmanov da bildirdi ki, idmançılarımızın qələbələri elə həm də ölkəmizin təbliğidir: "Bu birmənalı olaraq belədir. Ən böyük təbliğat elə qələbələrdir. İdmançı dünyanın müxtəlif ölkələrində Azərbaycanın bayrağını qaldırır, bununla həmin dövlətdə bizim haqqımızda məlumatın formalaşmasına təkan verir. İndilikdə idmançılarımız əsasən fərdi sahələrdə uğurlar əldə edib. Kollektiv idman sahəsində isə nəticə əldə etmək o qədər ansan məsələ deyil. Hərçənd, bəzi növlərdə bu uğurları əldə etməyə yaxınıq. Məsələn, voleybol, otüstü xokkeydə. Zaman keçdikcə bu sahədə də əsaslı nailiyyətlər gözlənir. Son zamanlar ölkəmizin müxtəlif guşələrində beynəlxalq əhəmiyyətli çoxsaylı yarışlar keçirilib. Bunun özü də ölkəmizin imicinin artmasının nəticəsidir. Ölkəmizdə çoxsaylı beynəlxalq yarışların keçirilməsi qəbul olunmuş həqiqətdir. Bu il cüdo üzrə iki beynəlxalq yarışa ev sahibliyi etmişik. Böyük yarışları keçirəndə bura çoxsaylı ölkələrdən xeyli insan axışır. Onlar arasında, idmançılarla yanaşı, jurnalistlər də olur. Belədə onlar olduğu ölkə barədə də məlumatlar əldə edir öz yazılarında bunu təbliğ edirlər. Bunun özü təbliğatın bir növüdür".

 

 

Rüfət Sultan

 

Bakı xəbər.- 2011.- 25 may.- S. 12.