Mirzə Cəlilin həyat
yoldaşının bir sözü
Mircəfər Bağırovun qəzəbinə
tuş gəldi
Mehriban Vəzir: "Xatirələrim"
əsəri ictimai-siyasi
gərginlik anlarında
Azərbaycan qadınının
üzərinə düşən
missiyanın nədən
ibarət olduğunu göstərir"
Həmidə xanım Cavanşirin
70 il arxivlərdə yatmış məşhur
əlyazmaları işıq üzü görəcək
Mircəfər Bağırovun
sifarişilə yazılmış və
elə onun göstərişilə
çapına qadağa
qoyulmuş "Xatirələrim"...
Üzərinə illərin toz qatı hopmuş, bəlkə
də heç vaxt üzə çıxarılmayacağı əminliyi
ilə arxivlərə atılmış əlyazmalar... Mircəfər Bağırov və o
zamanlar Yazıçılar
İttifaqının sədri olmuş Mirzə İbrahimov haradan bilə bilərdi ki, Azərbaycan qadınının
qələmindən süzülmüş
və "Mən
görmədiklərimi yaza bilmərəm" kimi
bircə cümləlik qətiyyət nəticəsində
çapına qadağa qoyulmuş bir əsəri
uzun illər sonra başqa bir Azərbaycan
qadını arxivlərdən tapıb ona
həyat verəcək?
Həmidə xanım Cavanşirin(Məmmədquluzadə)
müəllifi olduğu, tanınmış publisist Mehriban Vəzirin
isə kitab halına gətirdiyi "Xatirələrim" əsərindən
danışırıq. 70 il arxivlərdə qalmış əlyazmaların
üzərində illər uzunu çalışmalar
aparmış Mehriban xanımla söhbətimizdə
görülmüş işlərə daha dərindən
baş vurduq.
- Həmidə xanım Cavanşirin(Məmmədquluzadə)
- böyük ədibimiz Mirzə Cəlilin həyat
yoldaşınin "Xatirələrim" adlı əsəri
1934-cü ildən 1938-ci ilə qədərki dövrdə
yazılıb. Olduqca maraqlı bir əsərdir. "Xatirələrim"
Mircəfər Bağırovun sifarişilə yazılıb. Əsər
hökumət tərəfindən sifariş olunmuşdu deyə,
Həmidə xanım bir günün içində
Yazıçılar İttifaqına üzv seçilib, təqaüd
alıb və demək olar ki, oradan maliyyələşib. O
zamanlar ərzaq qıtlığı var idi. Amma Həmidə
xanıma "Kremlyovskiy payok" verirdilər. Bundan başqa,
Həmidə xanıma o vaxtlar dəbdə olan "M1"
markalı avtomobil də ayırmışdılar. Bir sözlə,
ona böyük imtiyazlar vermişdilər ki, bu əsəri
yazsın. Mircəfər Bağırov bu əsərin
yazılmasında çox maraqlı imiş. Nəhayət, Həmidə
xanım bu əsəri başa vuraraq onu o dövrdə
Yazıçılar İttifaqının sədri olmuş
Mirzə İbrahimova təhvil verir. Mirzə İbrahimov əsəri
oxuyub Mircəfər Bağırova təhvil verir. Bir aydan sonra
Həmidə xanım Yazıçılar İttifaqına
yenidən dəvət olunur. Mirzə müəllim Həmidə
xanımla görüşərkən belə bir söz
işlədib: "Yoldaş Bağırov deyir ki, biz istərdik,
Həmidə xanım bu əsərdə Qarabağdakı
bolşevik fəaliyyətindən yazsın. Həmidə
xanım bu sözdən bərk qeyzlənir və belə bir
cavab verir: "Mən görmədiklərimi yaza bilmərəm".
Təsəvvür edin ki, bu 1938-ci ildə olub. Bilirsiniz ki, o
vaxtlar hansı repressiyalar həyata keçirilirdi. İnsanları
bircə kəlmə sözünə görə aradan
götürürdülər. Bu söhbətdən sonra həmin
əsərin nəşri dayandırılır. Amma qabaqcadan
söz verilmişdi ki, bu əsər nəşr olunacaq,
qonorarlar veriləcək, dərsliklərə salınacaq. Həmidə
xanımın bütün imtiyazları əlindən
alınır və hətta mühəndis işləyən,
ailəyə yeganə çörək pulu gətirən
oğlu Müzəffər işdən
çıxarılır. Əsəri isə atırlar arxivə.
Yalnız 60-cı illərdə Abbas Zamanov Mirzə Cəlilin
yubileyi ilə əlaqədar bu əsərin Mirzə Cəlilə
aid hissəsini "Mirzə Cəlil haqqında xatirələrim"
adı ilə çap etdirdi. Əslində isə Həmidə
xanımın heç vaxt bu adda əsəri olmayıb.
- Belə çıxır ki, Siz 70 ildən çox
arxivdə qalmış əlyazmalar üzərində işləmisiniz...
- Bəli, "Xatirələrim" 70 ildən çox
arxivdə qalıb. Bu əsər 70-dən çox 12 vərəqli
məktəbli dəftərinə yazılıb. Əlyazmalar çox
qarma-qarışıq şəkildə idi. Həmidə
xanım bəzi dəftərlərin üzünü
köçürdüb, genişləndirib, bəzilərinin
üstündən xətt çəkib, pozub. Arxivdə
işləmək çox ağır və uzunmüddətli
oldu. İllərlə arxivdə işlədik. Bizə Əlyazmalar
İnstitutu çox böyük dəstək verdi. Əlyazmaların
kserosurətini çıxarmaq mümkün deyildi. Vərəqlər
yana bilərdi. Bunu ancaq film lentinə köçürmək
lazım idi. O film lentləri də xaricdən gəlir və
çox çətin tapılan bir şeydir. Amma Əlyazmalar
İnstitutunun köməyilə bu işin də öhdəsindən
gələ bildik. Biz bunu lent şəklinə salandan sonra da
problemlərlə üzləşdik. Elə bir kitabxana, müəssisə
qalmadı ki, bu lenti hansısa bir qurğu ilə qrankaya
çevirib üzərində işləyə bilək. Əlyazmalar
rusca idi, biz onu tərcümə etməli idik. Odur ki, material
ya kağız şəklində, ya da kompüter faylı kimi
qarşımızda olmalı idi ki, üzərində iş
apara bilək. Nəhayət, bizə xəbər
çatdı ki, Yaponiya səfirliyi Axundov kitabxanasına
xüsusi kompüter bağışlayıb. Qeyd etdiyim işləri
yalnız həmin kompüterdə görmək mümkün
idi. Bir il də Axundov kitabxanasının rəhbərliyilə
danışmağa vaxtımız getdi. Onlar bizi sanki başa
düşdülər, amma əslində başa düşmədilər
və heç bir köməklik göstərmədilər. Nəhayət,
çox uzun var-gəldən sonra biz bu əlyazmaları qranka
şəklində masamızın üstünə gətirə
bildik. Sonralar isə bunun tərcüməsi, toplanması,
redaktəsi və sairə kimi işləri həyata
keçirdik.
- Axı bütün bu işlər maliyyə tələb
edir. Bunu necə həll etdiniz?..
- Biz Amerikanın Qadınlar üçün Qlobal Fonduna
müraciət etdik. Bilirsiniz ki, bu işlərə fondlar
maliyyə ayırmır. Ancaq biz onlara fikrimizi əsaslandırdıq
ki, bu qadının maarifçilik fəaliyyəti o qədər
böyükdür ki, bunu mütləq təbliğ etmək,
üzə çıxarmaq, insanlara çatdırmaq
lazımdır. Onlar bizə istədiyimiz qədər maliyyə
vermədilər. Amma mühüm məbləği onlardan ala
bildik və bu işə başladıq. Artıq bizim əlimizdə
tərcümə olunmuş hazır material var idi. Növbəti
məsələ kimi qarşımızda əsərin kitab
şəklində çap olunması dayanırdı. Bu
işlərə isə pulumuz yox idi. Biz Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasına müraciət etdik.
Təşübbüsümüzə müsbət münasibət
göstərildi və nəticədə biz Həmidə
xanım Cavanşirin "Xatirələrim" adlı əsərini
bir yerə toplayıb kitab şəklinə sala bildik. Hazırda
kitabın çapı ilə bağlı hazırlıq
işləri aparılır. Bu, üç aylıq bir layihədir.
Yalnız kitab nəşri nəzərdə tutulur. Artıq
birinci mərhələ başa çatıb. Birinci mərhələdə
biz bu əsəri çapa hazırlamalı idik. Təsəvvür
edin, əsərdə saysız-hesabsız isimlər keçir
ki, onlar oxucuya heç nə demir. O vaxtdan bu günə qədər
yer adlarında da xeyli dəyişikliklər olub. Bundan
başqa, bir sıra tarixi hadisələr baş verib ki,
onları da nəzərə almaq, oxucuya nəsə deyə
biləcək şəkildə təqdim etmək gərək
idi. Bunların da hamısını yekunlaşdırdıq.
Kitab çox nəfis tərtibatda və akademik səviyyədə
çap olunacaq.
- Kitab neçə səhifəlikdir?
- 200 səhifədən çox olacaq. Orada həmin
dövrü əhatə edən şəkillər də
olacaq. Təqdim olunacaq müvafiq sənədlərlə
oradakı isimləri də əsaslandıracağıq.
- Kitabın işıq üzü görməsi nə
vaxta nəzərdə tutulub?
- Qeyd etdiyim kimi, bu üç aylıq bir layihədir. Layihənin
ay yarımı gedib. Hələ ki, biz birinci mərhələnin
işlərini görmüşük. İkinci mərhələyə
iyun ayının əvvəlində başlayacağıq. Ay
yarım müddətində o da qurtaracaq. Bundan sonra kitabın
təqdimatını keçirməliyik.
- Mehriban xanım, bu layihə Sizin rəhbərlik
etdiyiniz təşkilatındır?
- Bəli, bu iş Azərbaycan Qadınlarının
Siyasi Mədəniyyət Mərkəzi tərəfindən həyata
keçirilib. Mən çox sevinirəm ki, "Xatirələrim"in
kitab şəklində çap olunmasında yerli dəstəyimiz
oldu. Bu dəstək də QHT-lərə Dəstək
Şurasından gəldi. Bəzən beynəlxalq fondlar bizə
sual edir ki, bu qədər milli mənafeyə xidmət edən
bir işi niyə yerli fondlar maliyyələşdirmir? Belə
sualın qarşısında cavabsız qalanda, əlbəttə,
bu bizə xoş gəlmir.
- Kitab hansı şəkildə yayılacaq?
- "Xatirələrim" pulsuz paylanacaq. Biz kommersiya fəaliyyətilə
məşğul ola bilmərik. Düzdür, kitabın
sayı az olacaq. 300 nüsxədən artıq biz çap edə
bilmərik. Çünki 17-18 manat ancaq onun nəşr xərcləri
olacaq. Biz yüksək səviyyəli bir kitab hazırlamaq istəyirik.
Kitabı ilk növbədə kitabxanalara
bağışlayacağıq. Akademiyada olsun, universitetlərin
kitabxanalarında olsun. Təbii ki, kitabdan ictimaiyyət
nümayəndələrinə, dostlarımızı da
paylanacaq.
- Maraqlıdır, Mircəfər Bağırovun
sifarişilə yazılmış əsəri
çağdaş Azərbaycan oxucusu qəbul edəcəkmi?
- Bilirsiniz, bizim məqsədimiz o idi ki, Azərbaycan vətəndaşı
XX əsrin əvvəlində yaşamış, ictimai xadim
olmuş yazar bir qadının düşüncəsi, təfəkkürü
və bütün fəaliyyətilə tanış olsun. Həmidə
xanımın əsas fəaliyyəti 1902-ci ildə
Polşadan Qarabağa qayıdandan sonra olub. Dünya bəzən
Azərbaycan qadınını Şərq qadını ilə
səhv salır. İzah eləməli oluruq ki, biz şərq
qadını deyilik. Bizim məqsədimiz
Azərbaycan qadınının kim olduğunu göstərmək,
onun keçmişi barədə bilgilər verməkdir. "Xatirələrim"
əsəri ictimai-siyasi gərginlik anlarında Azərbaycan
qadınının üzərinə düşən
missiyanın nədən ibarət olduğunu göstərir. Bu
baxımdan, əsərin maraqla qarşılanacağına
şübhə etmirəm. Həmidə xanım çox böyük
mülkiyyət sahibi idi, xeyriyyəçi idi. Onun fəaliyyəti,
eyni zamanda həmin dövrün özəllikləri əsərdə
aydın şəkildə təsvir olunub. Bundan başqa,
Qarabağ mövzusu. Bu əsər yazılanda Qarabağ
artıq üç dəfə müharibədən
keçmişdi. 1905-ci il Qarabağda müharibə-münaqişə
ili olub, 18-ci və 20-ci illərdə böyük
qırğınlar yaşanıb. Bütün bunlar Həmidə
xanımın əsərində öz yerini tutub. Eyni zamanda,
ilk qadın təşkilatlarının yaranması, təşkilatlanmanın
hansı şəraitdə olması kimi məsələlərə
də "Xatirələrim"də yer verilib.
- Mirzə Cəlil yaradıcılığı ilə
yaxından tanışsınız. Mirzə Cəlil üslubu
və düşüncə tərzi baxımından "Xatirələrim"də
hansısa oxşarlıqlar gördünüzmü?
- Son dərəcə maraqlı sualdır. Həmidə
xanım və Mirzə Cəlil eyni təfəkkürün
sahibi deyildilər. Bilirsiniz ki, Həmidə xanım zadəgan
ailəsində doğulub. O kübar, mülkədar idi. Bütün
bunları Mirzə Cəlil haqqında demək olmaz. Mirzə Cəlilin
Qori təhsili var idi. Həmidə xanım isə təhsil
almamışdı. O, polkovnik atasından təhsil
almışdı. Onun əvvəlki həyat yoldaşı da
polkovnik - hərbçi idi. Həmidə xanım dünya ədəbiyyatını,
dünya fəlsəfəsini mütaliə etmişdi. Eyni
zamanda, dünyanı da gəzib-dolaşmışdı,
Avropada işləmişdi. Onların məsələlərə
baxışları da başqa idi. Mirzə Cəlillə Həmidə
xanımı birləşdirən yeganə cəhət maarifçilik,
təhsil tərəfdarı olmaları idi. Mirzə Cəlil
Tiflisdə pansion açmışdı. O qohum-əqrabasını
Naxçıvandan gətirib orada oxudurdu. Bacısının ,
dostlarının uşaqlarının təhsil almasına
çalışırdı. Onları birləşdirən də
elə maarifçilik idi. Mirzə Cəlilin Həmidə
xanıma xitabən belə bir qeydi var. Deyir ki, mən ailə
adamı deyildim, sən məni ailə adamı elədin. Yəni
Həmidə xanım onun bütün neqativlərinə,
bütün mənfi cəhətlərinə göz yumdu. Çünki
Həmidə xanım "Molla Nəsrəddin"in əhəmiyyətini
bilirdi. Həmidə xanım Mirzə Cəlilin fəaliyyətinin
əhəmiyyətini dərk edirdi. Həmidə
xanımın o qədər böyük xidmətləri olub,
bunu bir neçə cümlə ilə ifadə etmək
mümkün deyil. Təsəvvür edin, onun oğlu Müzəffər
bir gün anasına deyir ki, ana, mənim
ayaqqabılarımın altı deşilib, dərsə gedə
bilməyəcəm, mənə ayaqqabı al. Həmidə
xanım ona cavab verir ki, oğlum, bir az döz, qoy "Molla Nəsrəddin"in
işlərini yola verim, sonra sənə ayaqqabı alacam. "Molla
Nəsrəddin"in işləri deyəndə, Həmidə
xanım onun məhz maliyyə işlərini nəzərdə
tuturdu. Bax, bütün bunlar Həmidə xanımın
böyük qadın olduğuna dair qənaətləri bir
daha möhkəmləndirir. Bilirsiz ki, memuar janrında əsərlər
yazmış yazarlar çox azdır. O dövr
üçün onlar arasında qadın yazar, demək olar ki,
yoxdur. Amma Həmidə xanım memuar janrında çox
gözəl qələm çalıb. Mən onun
yazdıqlarını oxuduqca, düşünürəm ki, bu
qadın gərək yazıçı olaydı. O, səhnələri,
hadisələri o qədər aydın və dəqiq təsvir
edib ki, onun bir yazar kimi təxəyyülünə heyran olmaya
bilmirsən.
- "Xatirələrim"i gələcəkdə daha geniş
auditoriyaya çatdırmaq üçün onu xarici dillərə
də tərcümə etməyi
planlaşdırırsınızmı?
- Bilirsiniz, bu çox yaxşı
olardı. Biz ilkin mərhələdə
bu əsərin həm rus, həm
də Azərbaycanca orijinalda olduğu kimi çap olunmasına cəhd elədik. Amma bizim buna maliyyə imkanlarımız
çatmadı, yalnız
Azərbaycan dililə
kifayətlənməli olduq.
Gələcəkdə bu əsər
ingilis dilində də çap olunarsa, inanın, çox böyük diqqət cəlb edə bilər. Bir Azərbaycan qadınının, qadın
mütəfəkkirin öz
xalqı üçün
nələr etdiyini daha geniş oxucu auditoriyasına çatdırmaq çox yaxşı bir iş olardı.
Nicat Dağlar
Bakı xəbər.- 2011.- 25 may.-
S. 15.