Azərbaycandakı
xarici təhsil müəssisələrində "Azərbaycançılıq"
dəyərləri...
Azərbaycançılığın
təbliğilə bağlı görülən işlərin
səmərəli qurulması çox vacib məsələlərdən
biridir. Çünki bu yöndə görülən işlərən
arzuolunan səviyyədə təşkil olunması
üçün kompleks tədbirlərin görülməsinə
və çevik siyasətin yeridilməsinə ehtiyac var. Ona
görə ki, hər bir dövlətin möhkəmlənməsində
onun söykəndiyi ideologiya müstəsna rola malikdir ki, bunu
da heç vaxt danmaq olmaz.
Digər tərəfdən, ideologiya güclü və
dayanıqlı təməllərə söykənmədikdə,
bu dövlətin, dövlətçilik ənənələrinin
inkişafına mənfi təsir göstərir. Dövlətimizin
fundamental əsaslarından birini də azərbaycançılıq
faktoru təşkil edir. Bu baxımdan, azərbaycançılıq
ideyası, demək olar ki, əhalinin bütün spektrini əhatə
edir. Bütün bunlarla yanaşı, azərbaycançılığın
təhsil müəssisələrində təbliğ
olunmasına xüsusi diqqət göstərməyə ehtiyac
var. Ona görə ki, təhsil müəssisələri bu
işdə müstəsna rola malikdir. Həmçinin, təhsil
ocaqlarının əhatə dairəsi daha geniş spektrə
hesablanıb. Başqa bir tərəfdən, bu elə bir məsələdir
ki, bunun siyasi, sosioloji yönümü var. Pedaqoji prizmadan
yanaşanda, azərbaycançılıq bütöv Azərbaycanın
yaradılması baxımından əhəmiyyətlidir. Əslində
azərbaycançılıq təkcə öyrətmə
yolu ilə meydana gəlmir. Azərbaycançılıq həm
də ortalıqda olan praktik işlərin nümunəsində
meydana çıxır. Eyni zamanda, azərbaycançılığın
mahiyyəti, əsasları, metodologiyası öyrədilir. Bu
baxımdan, buna bir sıra rakursdan yanaşmaq olar. İstər
ali məktəblərdə, istərsə də orta ümumtəhsil
məktəblərində, harda olursa-olsun, ümumi şəkildə
azərbaycançılıq haqda söhbətlər getməlidir.
Bütün tədbirlərdə, mühazirələrdə,
hətta ekskursiyaların özündə belə azərbaycançılığı
qabartmağa ehtiyac var. Bu minvalla, azərbaycançılıq
böyüyən nəslin canına, ideyalarına,
baxışlarına, əməllərinə hopacaq.
O da məlumdur ki, Azərbaycanda bir çox ölkələrə
məxsus təhsil müəssisələri və onların
filialları fəaliyyət göstərir. Əslində
burada qəribə heç nə yoxdur. Çünki Azərbaycanın
da xarici dövlətlərdə təhsil müəssisələri
var. Buna misal kimi Heydər Əliyev Fondunun yardımı sayəsində
Pakistanda inşa edilən Qızlar Gimnaziyasının
adını çəkmək olar. Müxtəlif ümumtəhsil
ocaqlarının olması elmin dinamik inkişafına
yardım göstərir. Müasir dövrdə elm sahəsində
əldə olunan nailiyyətlərin bir qismi məhz
qarşılıqlı elmi mübadilənin sayəsində
başa gəlir. Ona görə də elmin inkişafı naminə
bizdə də xarici təhsil ocaqları olmalıdır. Ancaq
həmin təhsil müəssisələrində oxuyanlar
dövlətin dəyərlərinə, tarixinə hörmət
etməlidir. Bunun üçün isə bu deyilənləri
onlara aşılamaq lazımdır. Maraqlıdır,
sözügedən təhsil müəssisələrində
azərbaycançılığın təbliği nə səviyyədədir
və bu sahədə hansı işlərin görülməsinə
ehtiyac var?
Məsələyə münasibət bildirən Təhsil
Şurasının sədri, professor Əjdər Ağayevin
açıqlamasından belə məlum oldu ki, sözügedən
təhsil müəssisələrində bu işin
görülməsi o qədər də arzuolunan səviyyədə
deyil: "Xarici dövlətlərin Azərbaycanda təhsil
müəssisələri var. Eləsi var ki, orada ancaq xarici
ölkə səfirlərinin uşaqları təhsil alır.
Eləsi də var ki, orada ölkə vətəndaşları
da təhsil alır. Azərbaycan ali məktəbləri nəzdində
də bu səpkili təhsil ocaqları var. Orada proqram xaricdən
götürülüb və həmin proqram əsasında tədris
həyata keçirilir. Xarici proqram üzrə riyaziyyat,
informatika tədris olunur. Ancaq yaxşı olar ki, həmin təhsil
müəssisələrində Azərbaycan tarixi, ədəbiyyatı,
dili öyrədilsin. Baxmayaraq ki, təlim ingilis dilindədir.
Bütün hallarda, dövlətin dili təhsil alanlara öyrədilməlidir.
Bundan başqa, həmin məktəblərdə bizim milli
bayramlarımızın nümayişi, ayrı-ayrı
dövlət tədbirləri, hansı ki, bütün ölkə
bunu qeyd edir, keçirilməlidir. O cümlədən, məktəbdə
təhsil alan şagirdlər və dərs deyən müəllimlər
buna qatılmalıdır. Nədənsə, bu sahədə
lazımi səviyyədə iş görülmür.
Görülmür ona görə ki, teleekranlarda bunun şahidi
olmuruq. Yaxşı olardı, bu işə əməli diqqət
yetirilsin. Çox istərdim ki, Azərbaycanda sosial-iqtisadi
inkişaf, tariximizin müxtəlif uğurlu dönəmləri,
başqaları tərəfindən törədilmiş cinayət
barədə həmin məktəblərdə təhsil
alanlara deyilsin. Onlar bilməlidir ki, ötən dövrlərdən
üzübəri Azərbaycan tarixində hansı ölkələr,
xalqlar, millətlər ölkəmizin sərvətlərini,
torpaqlarını əldə etməyə
çalışıb, Azərbaycan xalqını
qırğına verib və s. Yəni müəyyən
zamanlarda ölkəmiz, hansı dövlətlərin
müdaxiləsinə məruz qalıb. Bütün bunlar
üzündən Azərbaycan uzun illər müstəqilliyinə
qovuşa bilməyib. Qeyd etdiyim məqamlar çox maraqlı
ideoloji məsələlərdir. Eyni zamanda, Azərbaycanı
öyrənən məsələlərdir. İstərdim ki,
bütün bunlara ümumi bir nəzarət olsun. Elə özəl
məktəblər var ki, nazirlik onlara nəzarət edir. Ancaq
xaricilərin təsis etdiyi və xarici dildə tədrisin
aparıldığı məktəblərə nə cür
nəzarət edildiyini bilmirəm. Bütün hallarda, tədrisdə
bu kimi məsələlər nəzərə
alınmalıdır. Tədrisdə böyüyən nəsli
Azərbaycanın naliyyətlərilə tanış etmək
üçün onlara lazımi səviyyədə istiqamət
vermək lazımdır".
Ə.Ağayevin açıqlamasından o da məlum
oldu ki, azərbaycançılığın sözügedən
məktəblərdə normal aşılanması çox əhəmiyyətlidir:
"Bunun xalq, millət, ölkə və dövlət
üçün əhəmiyyəti ondadır ki, Azərbaycanı
hərtərəfli tanıtmaq imkanı verir. Belə ki, onun
tarixini, mədəniyyətini, ədəbiyyatını, ənənəsini,
musiqisini elə orta məktəb dövründə uşaqlara
öyrətməyə başlayırlar. Nəticə etibarilə
bu onların mənəvi dəyərlərində yer tutur.
Sözügedən məktəbləri 15-20 məzun bitirirsə
və bu sayda məzun ürəyində Azərbaycan məşəli
yandırırsa, həmin şəxslər, təbii ki, xaricə
getdikdən sonra ölkəmizi müəyyən mənada
tanıdacaq. Ən azından, buna yardımçı olacaq.
Bunun təkcə dövlət üçün deyil, həmçinin,
ölkənin inkişafı üçün də
böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu məsələ
hər bir məktəbdə həyata keçirilməlidir,
amma o tip məktəblərdə bu daha zəruri və
vacibdir. Hətta rusdilli məktəblərdə belə,
Rusiyanın dərsliklərindən istifadə ediləndə Əli
əvəzinə, İvan, Sergey oxuyurdular. Halbuki, bunlar tamam
başqa-başqa şeylərdir. Azərbaycanın
Kürünü, Arazını, Muğanını,
Şirvanını öyrənmək əvəzinə,
öyrənirdilər Tundra ilə Tayqanı. Deməyim odur ki,
ölkəmizi mükəmməl tanıtsaq, hətta xarici
ölkə vətəndaşı olan məzunlar öz
işini Azərbaycanda qura bilər. Bax, sözügedən məsələnin
ölkə üçün faydası həm də bundan ibarətdir.
Yəni ölkədə biznes fəaliyyətilə məşğul
ola, şirkət yarada bilər. Mənəviyyatca Azərbaycan
həyatına bağlı ola bilər. Ona görə də
tövsiyə edirəm ki, sözügedən məktəblərə
bu baxımdan xüsusi nəzarət və kömək edilsin.
Bununla bağlı xüsusi proqramların işlənib
hazırlanmasına ehtiyac var. Ola bilsin, xarici ölkənin hər
hansı bir məktəbində yüksək təhsil verilir,
ancaq orada dərs deyən müəllimlər bizim arzu etdiyimiz
o keyfiyyətləri, dəyərləri şagirdlərə
aşılamaq üçün bilmir nəyi necə etsin.
Tanış olmaq, öyrənmək, təhlil etmək və
ehtiyac olan şeyləri təklif etmək, ötürmək,
vermək lazımdır. Digər tərəfdən, ola bilər
o məktəbin direktoru elə adam olsun ki, başqa dövlətin
mədəniyyətinə daha çox rəğbət bəsləsin.
Belələri azərbaycançılığın təbliğində
və onun şagirdlərə dərindən
aşılanmasında maraqlı olmur. Fikirləşirlər
ki, nəyimə lazımdır, onsuz da beynəlxalq dil ingilis
dilidir və o dildə tədris işini həyata keçirirəm.
Deməyim odur ki, belə düşünənlər də ola
bilər. Ona görə də sözügedən məsələyə
geniş prizmadan yanaşmağa ehtiyac var. Belə
düşüncələrin qabağını almaq
üçün demək lazımdır ki, özünü dərk
etməkdən ötrü, birinci yaşadığın
torpağı, dövləti, ölkəni dərk etmək gərəkdir.
Ondan sonra xarici dərk edər və əsl
mənada insan olar. Bunlar olmasa manqurt olar. O üzdən önəmlidir
ki, həmin məktəblər Azərbaycan təbiətini,
tarixini, ədəbiyyatını, mədəniyyətini,
coğrafiyasını, faunasını, florasını mükəmməl
bilsinlər və biliyi də öyrətsinlər".
İctimai
Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm
Zülfüqarlının fikrincə, ölkədə bir
sıra xarici məktəblər fəaliyyət göstərsə
də, demək olmaz ki, orada azərbaycançılıq
lazımi səviyyədə tədris olunur: "O cümlədən,
Azərbaycanda bir sıra ingilisdilli məktəb fəaliyyət
göstərir. Bunlarda azərbaycançılığın,
dövlətimizin təbliğinin necə həyata
keçirilməsinə ona nəzarət edən qurumlar cavab
verməlidir. Çox güman, türk litseylərində
bununla bağlı elə bir ciddi problem yoxdur. Ancaq hər halda
bütün bunlara bir nəzarət olmalıdır. Ona görə
ki, sözügedən məsələ çox aktualdır və
bu sahəyə diqqət edilməlidir. Bununla yanaşı,
xarici təhsil ocaqlarında azərbaycançılığın
aşılanması təkcə hansısa qurumların işi
deyil. Bu məsələ hər zaman mətbuatın, ictimaiyyətin
gündəmində olmalıdır. Digər tərəfdən
onu da qeyd etmək istəyirəm ki, bu sahədə problemlər
təkcə həmin məktəblərdə deyil, bizim ali məktəblərdə
də var. Xüsusilə də Azərbaycan dili ilə
bağlı. Dövlət dili haqqında qanun olsa da, bunun
müvəffəqiyyətlə həyata keçirildiyini deyə
bilmərik. Ona görə ki, bu sahədə problemlər var.
Ona görə də bu problemlərin həll olunmasına
ehtiyac var. Çünki azərbaycançılığın
təbliğindən söhbət gedirsə, o zaman buna birinci
milli dilin təbliğindən başlamalıyıq".
Vidadi Ordahallı
Bakı
xəbər.- 2011.- 26 may.- S. 15.