Tarixi Azərbaycan
Cumhuriyyəti və müasir Azərbaycan Cumhuriyyəti model
kimi...
Vətənimiz Azərbaycan qədimdən
dünyaya bir sıra xüsusiyyətləri, həyata keçirdiyi
tədbirlərlə nümunə olub. Bu mənada ölkəmizin
potensialı tükənməzdir. Uzağa getməyək, 23
il yaşayan Məhəmməd Əmin Rəsulzadənin
yaratdığı Azərbaycan Xalq Cumhuriyyəti
özünün bir çox unikal keyfiyyətlərinə
görə nəinki Şərq, müsəlman aləmi, hətta
Qərb dünyası üçün də örnək olub.
Xalq Cumhuriyyəti qadınlara seçki hüququ verən ilk
ölkələrdəndir. Bu mənada o, həmin
dövrün demokratik ölkələri sayılan ABŞ və
Fransa kimi dövlətləri belə geridə qoymuşdu. Bu məqamla
o eyni zamanda, müsəlman dünyasının beşiyi
sayılan Osmanlı dövlətinə də bir nümunə
oldu. Bundan başqa, bildiyimiz kimi, Cumhuriyyətimiz müsəlman
Şərqində ilk demokratik respublika olması, qanunverici məclis
olan parlamentin mövcudluğu ilə də ad
çıxarıb. Bu mənada da o, Şərq dünyası
üçün bir modeldir. Çar Rusiyasının müstəmləkə
zülmü altında inləyən Azərbaycanın müstəqilliyə
qovuşması və 23 ay ərzində bu istiqlaliyyəti
qoruyub saxlaması belə vəziyyətdə olan digər
müsəlman xalqlarının da, müstəmləkə
buxovundan azad olması yolunda çarpışaraq, nəhayət
sərbəst olmalarına təkan verdi. Yəni Cumhuriyyətimiz,
belə demək mümkünsə, dünya müstəmləkə
rejimlərinə sarsıdıcı zərbə
vurulmasında da az rola malik olmayıb. Hətta Mustafa Kamal
Atatürkün Türkiyədə başladığı
azadlıq hərəkatı da əslində öz
ilhamını Azərbaycan Xalq Cumhuriyyətindən alıb. Artıq
ölkəmiz 20 ildir ki, yenidən müstəqillik şəraitində
yaşayır. Bu müddət ərzində Azərbaycanda
yerli, regional və dünya əhəmiyyətli bir sıra
köklü nailiyyətlər əldə olunub. Bu nailiyyətlərilə
də ölkəmiz həm Qərb, həm də müsəlman
Şərqinə bəzi məqamlarda nümunə ola bilər.
Xalq Cumhuriyyətinin varisi olan müasir Azərbaycanın Şərq
və dünya miqyasında hansı keyfiyyətlərilə
örnək olduğu və ya ola biləcəyini isə
mütəxəssislərdən soruşduq.
Sosioloq Əhməd Qəşəmoğlu ölkəmizin
indi də dünya miqyasında və Şərq aləmində
diqqət mərkəzində olduğunu bildirdi: "Əslində
indi də ölkəmiz, əvvəlki kimi, geosiyasi vəziyyət
və karbohidrogen ehtiyatları baxımından diqqət mərkəzindədir.
İndinin özündə də Azərbaycanda kifayət qədər
ciddi potensial var. Amma bu potensialı üzə çıxarmaq
istiqamətində işlər görməliyik ki, dünyaya və
o cümlədən Şərq aləminə nümunə
olaq". Onun fikrincə, hazırkı məqamda bəşəriyyətə
örnək ola biləcək məqam ölkəmizin unikal mədəniyyətə
malik olmasıdır: "Bu potensial Azərbaycanın unikal bir
mədəniyyətə sahib olması ilə
bağlıdır. Azərbaycanda ciddi bir unikal mədəniyyət
var. Bu unikal mədəniyyətin əsas xüsusiyyəti
ondan ibarətdir ki, o, dünyanın ən aparıcı mədəniyyətlərinin
tarix və əsrlər boyu təbii yolla inteqrasiya olunduğu
bir mədəniyyətdir. Yəni ölkəmiz məhz belə
bir mədəniyyətə malikdir. Azərbaycanın nefti və
digər təbii ehtiyatlarından da əvvəl, mədəniyyətinin
özündə olan xüsusiyyətlər dünyanın diqqət
mərkəzində olmalıdır və indiki
sivilizasiyanın sonrakı inkişafı üçün
burada çox önəmli cəhət və modellər var. Xalq
Cumhuriyyətindən sonrakı sovet dönəmində də
Azərbaycanda kifayət qədər çox sayda dünya
şöhrətli elm və mədəniyyət xadimləri
yetişib. Musiqi sahəsində dünya şöhrətli
insanlarımız daha çoxdur. Onlar arasında Üzeyir
Hacıbəyovu, Qara Qarayevi, Müslüm Maqomayevi, Vaqif
Mustafazadəni, Arif Məlikovu və başqalarını
göstərmək mümkündür. Bunlar hamısı
dünya səviyyəsində planetimizə örnək ola biləcək
insanlardır. Belə vəziyyət ondan xəbər verir ki,
Azərbaycanda çox unikal bir mədəniyyət var və
onun dünya inkişafına örnək ola biləcək qədər
potensialı mövcuddur. Xalq Cumhuriyyəti dövründə
həmin potensialın istifadə olunması istiqamətində
müəyyən qədər imkan yaranmışdı.
İndi ölkəmizdə bu istiqamətdə bəzi məsələlərə
bir qədər də artıq diqqət ayrılmasına
ehtiyac yaranıb. Diqqət veriləcəyi təqdirdə,
1918-1920-ci illər mövcud olan dövlətimizdən qat-qat
üstün ola biləcək qədər cəhətlər
ortaya qoyacağıq". Ə. Qəşəmoğlu
düşünür ki, hazırkı iqtisadi bazamız da
müxtəlif məsələlərdə başqa qitələrə
nümunə olmaqda yardımçıdır: "İndi
bunun üçün bizim iqtisadi bazamız da yaranıb. Elmi
bazamız da var, mədəniyyət sahəsində musiqi ənənələrimizi
yaşadırıq. Xalq Cumhuriyyəti dövründə bu
baza indiki qədər güclü deyildi. Sadəcə olaraq,
böyük potensialı indi reallaşdırmaq, həyata
keçirmək istiqamətində elmi təminat və köməklə
böyük işlər görmək olar və bu işləri
görmək lazımdır. İndiki dövr fərqli
zamandır. Bu dövr elmi təminat, elmi idarəetmə
dövrüdür. İndi o xalq daha irəlidədir ki, orada
elm, elmi potensial daha güclüdür. Burada elmin təminatından
daha geniş istifadə olunur". Bu gün ən arzuolunan məsələ,
sosioloqun zənnincə, Azərbaycanın öz
inkişafında, kadrların yetişməsində, xalqın
rifah halının yaxşılaşmasında elmi təminatdan
istifadə etməsidir: "Sadəcə onu deyə bilərəm
ki, indiki vaxtda problemlərin olmasına baxmayaraq, yenə də
Cənubi Qafqazda fərqlənirik, mədəniyyət və
inkişaf sahələrində yenə də böyük
nailiyyətlərimiz var. Bunların hamısı ondan xəbər
verir ki, ölkəmizin böyük potensialı var və bu
potensial Xalq Cumhuriyyəti vaxtındakından daha möhtəşəm
işlər görməyə şərait yaradır. Deyə
bilərik ki, ilk dəfə "Eurovision"da qalib gəldik.
Amma bu, məsələnin bir tərəfidir və əvvəl
deyilənlərlə müqayisə ediləcək məsələ
deyil. Azərbaycanın böyük, dünya üçün
model ola biləcək və onun inkişafına təkan verəcək
mühüm işlər görmək imkanları var".
Demokratik Azərbaycan
Dünyası Partiyasının sədri Məmməd Əlizadə
hazırda yürüdülən
balanslaşdırılmış siyasətlə digərlərinə
nümunə olduğumuzu dedi: "Keçən əsrin əvvəlində
təkcə müsəlman dünyası deyil, dünyada ilk dəfə
olaraq qadınlara səsvermə hüququnun verilməsi, parlamentar
respublika olmağımız Şərqə bir nümunə
idi. Həmin ərəfədə bəzi Qərb və demək
olar ki, bütün müsəlman Şərqində bu sivil
keyfiyyətlər yox dərəcəsində idi. Bu amillər
onlarda özünü göstərmirdi. Artıq həmin
vaxtdan böyük yol keçmişik. Bu müddət ərzində
totalitar rejimin əsarəti altında 70 illik ömür
sürdük. İkinci tərəfdən, bizlər totalitar
rejimin prinsiplərinə yiyələndiyi məqamda dünya
inkişaf etdi. Açıq etiraf edək, Azərbaycan müstəqillik
əldə etdikdən, xüsusən də Heydər Əliyev
gələndən sonra fərq qoymadan müstəqil
balanslaşdırılmış siyasət yürütmək,
Azərbaycanın dövlət və milli maraqlarını əsas
götürərək fəaliyyət göstərmək və
siyasi cəhətdən yeni konsepsiya ortaya qoymaları nəinki
təkcə bizim, eyni zamanda, müsəlman Şərqi də
daxil olmaqla, bütün dünyanın diqqət mərkəzində
oldu". O qeyd etdi ki, hazırkı ölkə rəhbərliyinin
ardıcıl və prinsipial mövqeyi də bu baxımdan
çoxlarına nümunədir: "İkinci tərəfdən,
bu gün Azərbaycan özünün müstəqil neft
strategiyasını həyata keçirir. Bildiyimiz kimi,
2013-cü ildə indi bağlanan neft müqavilələri
öz gücünü itirir və ona görə də yenidən
imzalanmalıdır. Azərbaycan dövlət
başçısı bu zaman dövlətçilik və
milli maraqları hər şeydən üstün
tutacağını dilə gətirib. Bu da hazırda
dünyanın diqqətini çəkən məqamlardandır.
İslam dünyasından fərqli olaraq, indi Azərbaycan həm
demokratiya yolunda inkişaf edir, həm milli dövlətçilik
ənənələrini bərpa edir. Həm də xarici,
xüsusən də düşmənlərimizin təzyiqlərinə
duruş gətirmək üçün yeni proqramla
çıxış edir. Azərbaycan türk dünyasının
altun körpüsüdür. Türk dünyası arasında
əlaqələrin möhkəmliyində bu
körpünün müstəsna əhəmiyyəti, önəmi
vardır. Müstəqilliyin ilk illərində demokratik prinsip
və iqtisadi inkişafa önəm verilirdisə, yeni iqtisadi
konsepsiyada insan amili önə çəkilir. Bunun özü
də müsəlman aləmi üçün, belə demək
mümkünsə, yenidir. Ona görə, insan amilinə
önəm vermək baxımından da biz bir çox ölkələr
üçün nümunə ola bilərik". Həmsöhbətimiz
güclü şəxsiyyət prizmasından baxanda da ölkəmizin
nümunə olduğunu diqqətə çatdırdı:
"Keçən əsrin əvvəlində, Məhəmməd
Əmin Rəsulzadə başda olmaqla, Xalq Cumhuriyyətini
yaradan önəmli şəxsiyyətlər meydana
çıxdısa, indiki halda Heydər Əliyevin hakimiyyətə
gəlməsi Azərbaycanı xaosdan xilas etdi. Beləliklə
də Azərbaycanda şəxsiyyət problemi həllini
tapdı. Xilaskarlıq missiyasının yerinə yetirilməsində
Heydər Əliyev fenomeni də əksər dövlətlər
üçün bir modeldir".
Millət vəkili
Bəxtiyar Sadıxov ölkəmizin örnək göstərə
biləcəyi sahələrin çoxşaxəli olduğu qənaətindədir:
"Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan
Xalq Cumhuriyyətinin ənənələrini davam etdirir.
Bütün sahələrdə bu belədir. Həm o
dövrün atributları götürülüb, həm də
o zaman başlanmış işlər davam etdirilir. Hətta o
dövrdə başa çatdırıla bilməyən bir
çox işlər başa çatdırıldı. Fəxrlə
deyirik ki, Heydər Əliyevin fəaliyyəti və
xalqımızın ona dəstəyi sayəsində Azərbaycanın
müstəqilliyi əbədiliyə və dönməzliyə
çevrildi. Bu gün Azərbaycan dünya və Avropa mədəniyyətindən
bəhrələnən, Avropa dəyərlərinə yiyələnən,
son dərəcə müasir, modern bir dövlətə
çevrilib. İqtisadi cəhətdən də ölkəmiz
güclü inkişaf edir, müasir texnologiyaya yiyələnir,
dünyaya inteqrasiya edir. Neçə ildir, Azərbaycan
ümumi daxili məhsulun artım tempinə görə
dünya birinciliyini əlində saxlayır. Mənəvi cəhətdən
də güclü inkişafdayıq. İnsan haqları da
qorunur. Demokratik prinsiplər dərinləşir. Gender siyasəti
uğurla həyata keçir. Mədəni cəhətdən
güclü inkişaf etmişik, artıq bu sahədə
Avropada tanınmışıq. "Eurovision" müsahibəsində
Azərbaycan təmsilçilərinin birinci olması musiqi və
mədəni səviyyəmizin yüksəldiyindən xəbər
verir. Növbəti ildə bu müsabiqə ölkəmizdə
baş tutacaq. Bütün parametrlər üzrə hansı
sahəyə nəzər salsaq, fəxrlə deyə bilərik
ki, Azərbaycan müasir, modern bir dövlətdir, mədəni,
elm, iqtisadi, mənəvi sahədə yüksəlir. Öz dəyərlərimiz
və mədəniyyətimizlə Avropa mədəniyyətini
zənginləşdiririk. Yeganə həll olunmayan problemimiz
Ermənistan tərəfindən Dağlıq Qarabağ və
ətraf ərazilərimizin işğal edilməsidir. Bu sahədə
dövlət başçısının ardıcıl, qətiyyətli
və prinsipial mövqeyi var".
Rüfət SULTAN
Bakı xəbər.- 2011.- 27 may.-
S. 15.