Tariximizin keçid dövrü barədə roman yazıldı

 

  Tarixi həqiqətlərin ədəbiyyata gətirilməsi məsələsi həmişə olub. Bu gün də var, mövcud ənənə sabah da davam etdiriləcək. Lakin xalqımızın tarixinə keçid dövrü kimi daxil olan müstəqilliyimizin ilk on-on beş ili, hələ ki, milli ədəbiyyatımızda geniş şəkildə əksini tapmayıb.

   Bu dövrlə bağlı bir sıra əsərlər yazılsa da onların əksəriyyəti nə tarixilik baxımından, nə də ədəbiyyat kriteriyaları nöqteyi-nəzərindən maraq kəsb edib. Bu ədəbiyyat da keçid dövrünün özü kimi yaddaşlara boz-bulanlıq, rəngsiz bir nümunə kimi həkk olunub.

   Bu yaxınlarda tanınmış yazıçı-şair, prezident təqaüdçüsü Vidadi Babanlı redaksiyamızla əlaqə saxlayaraq bildirmişdi ki, keçid dövrünün təlatümlü, narahat, insana o qədər də ruh yüksəkliyi bəxş etməyən hadisələri barədə roman yazıb.

   V.Babanlı haqqında danışdığı kitabı bizə hədiyyə etdi. "Bulanlıq dünya" adlanan bu bədii nəşr 2011-ci ildə "Şərq-Qərb" Nəşriyyatında işıq üzü görüb. V.Babanlının sözlərinə görə, "Bulanlıq dünya" Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin və bu qurumun humanitar məsələlər üzrə şöbə müdiri, professor Fatma Abdullazadənin qayğısı ilə çap olunub: "Yadınızdadırsa, akademik Ramiz   Mehdiyev məqalələrindən birində yazırdı ki, yeni dövrlə bağlı ədəbiyyat nümunələri yaradılmır. O bu mövzuda yazılan əsərlərə ciddi ehtiyac olduğunu deyirdi. Mən "Bulanlıq dünya"nı yazıb bitirmişdim. Onun üzərində bir neçə dəfə işlədim. Elə gözümün nurunu da ona qurban verdim. İndi gözlərim, demək olar ki, görmür. Yazmaqda çətinlik çəkirəm. Ramiz müəllimin məqaləsi çıxandan sonra ona məktubla müraciət etdim. Bildirdim ki, keçid dövrü ilə əlaqədar roman yazmışam və maliyyə imkanım olmadığı üçün nəşr etdirə bilmirəm. Xahiş etmişdim ki, mənə köməklik göstərsin. Sağ olsun, xahişimə müsbət reaksiya verdi, kitabımı "Şərq-Qərb" mətbəəsində çap etdirdi. Burada Fatma xanım Abdullazadənin də böyük rolu oldu. Bunu ədəbiyyata, söz adamlarına göstərilən böyük bir qayğı hesab edirəm. Kitab artıq məndədir. Amma ortada böyük bir problem var. Bu da kitab satışı ilə bağlıdır. İçi mən qarışıq, yazarlarımızın böyük əksəriyyəti kitabının satışını təşkil edə bilmir. Bizdə kitab mağazalarının sayı həddindən artıq azdır. Bakıda 10-dan artıq kitab mağazası var. Bu da çox azdır. Deyilənə görə, bölgələrdə isə ümumiyyətlə kitab mağazası yoxdur. Qonşu Gürcüstanda 75-dən çox kitab mağazası olduğu bildirilir. Bakı ilə Tiflisi müqayisə etsək, paytaxtımız Tiflisdən çox böyükdür. Eyni zamanda da inkişaf edən bir şəhərdir Bakı. Amma kitab mağazaları yoxdur. Sovet dövründə olduğu kimi, indi də mərkəzləşdirilmiş kitab palatası, təşkilatı fəaliyyətə başlasa yaxşı olardı. Təbii ki, bu mərkəz müasir tələblər səviyyəsində qurulmalıdır. Nəşriyyatlar kitabı çap etməli, onun satışını həyata keçirməli və müəllifə qonorar ödəməlidir. Xaricdəki kimi. Düşünürəm ki, bu gec-tez baş verəcək. Yazıçılar, şairlər gözünün nurunu, bütün həyatını həsr etdiyi əsərlərindən pul qazana bilmir".

   "Bulanlıq dünya"nı 4 ilə yazdığını deyən V.Babanlı həmçinin bildirdi ki, keçid dövründə bəzi həmkarları qələmə sarılmasa da, onun qələmdən ayrıldığı gün olmayıb. Bu illər ərzində bir neçə əsər yazdığını bildirən V.Babanlının sözlərinə görə, son dövrlərdə qələmə aldığı əsərlərin, demək olar ki, hamısı ictimai-siyasi məzmunludur. Cəmiyyətimizdə baş verən bütün müsbət və mənfi hadisələr, insanların güzəranı, qarşılaşdıqları problemlər, keçid dövrünün çətinlikləri əsərlərdə əks olunub.

   Yeni romanının işıq üzü görməsi münasibətilə hörmətli yazıçımızı təbrik edir, ona yeni əsərlərin sevincini yaşamaq arzumuzu bildiririk.

  

 

   İradə SARIYEVA

 

   Bakı xəbər.- 2011.- 14 noyabr.- S. 14.