Uşaq problemlərinin həlli ilə
bağlı 30-dan çox dövlət
proqramı həyata keçirilir
Bakıda çərşənbə
günü Azərbaycanda Uşaqların II Forumu
keçirilib. "Trend"in məlumatına görə,
Forum Azərbaycan Prezidenti İlham Əliyevin forum
iştirakçılarına ünvanladığı təbrik
məktubunun oxunması ilə başlayıb. Təbrik məktubunu
Ailə, Qadın və Uşaq problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub.
Sonra
çıxış edən Baş nazirin müavini
Elçin Əfəndiyev bildirib ki, uşaq problemlərinin həlli
Azərbaycanda həyata keçirilən siyasətin prioritet
istiqamətlərindəndir. "Bu gün ölkədə
uşaq problemlərinin həllinə yönəlmiş 30-dan
artıq dövlət proqramı həyata keçirilir. Bu
proqramların arxasında uşaqların rifahı
üçün ayrılan külli miqdarda maliyyə vəsaiti,
dövlət qurumlarının böyük zəhməti
durur" - o qeyd edib. Əfəndiyev Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət
ayırdığını qeyd edib. "Uşaq problemlərinin
qaldırılması və həlli həmçinin gələcək
problemlərimizin həlli deməkdir" - Əfəndiyev
deyib. Forumda çıxış edən Milli Məclisin
vitse-spikeri Bahar Muradova bildirib ki, ölkədə əsas məqsəd
bugünkü nəsildən estafeti qəbul edəcək ləyaqətli
nəslin yetişdirilməsidir. "Bu gün yaşlı nəsil
Azərbaycanın gələcəyinin etibarlı əllərdə
olduğuna əmin ola bilər. Çünki bu nəsil
müstəqil Azərbaycan Respublikasının
uşaqlarıdır" - o deyib. Muradova qeyd edib ki, Azərbaycanda
uşaq qanunvericiliyi çox mükəmməl səviyyədədir.
Onun sözlərinə görə, Azərbaycan Parlamenti tərəfindən
uşaq hüquqlarının qorunması, yuvenal ədliyyənin
həyata keçirilməsi üçün lazımi
qanunverici baza hazırlanıb. Vitse-spiker təəssüflə
bildirib ki, bu gün erməni təcavüzü nəticəsində
həlak olan Şahmalıyeva Aygün, Bədəlov Fariz kimi
uşaqlar bu Forumda iştirak edə bilmir.
"Uşaqlar cəmiyyətimizin
sabahıdır. Onların qayğısız böyüməsi,
yüksək standartlara cavab verən tibbi xidmətlərlə
təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və
mənəvi baxımdan sağlam yetişməsi, habelə
öz istedadlarını nümayiş etdirmələri
üçün müvafiq şəraitin yaradılması
bizim əsas məqsədlərimizdəndir". Bunu Azərbaycan
Prezidenti İlham Əliyev II Forum
iştirakçılarına ünvanladığı təbrik
məktubunda bildirib. Təbrik məktubunu Ailə, Qadın və
Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova oxuyub. "Azərbaycanda Uşaqların II Ümumrespublika
Forumunun iştirakçılarını və bütün
uşaqları səmimi qəlbdən salamlayır,
hamınıza can sağlığı, xoşbəxtlik və
həyatınızda nailiyyətlər arzulayıram. Bu il Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 20 illik
yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Forumun
iştirakçısı olan uşaqlar da məhz müstəqillik
illərində göz açmışdır" - Prezident təbrik
məktubunda deyib. Dövlət başçısının təbrik
məktubunda daha sonra deyilir: "İnanıram ki, azərbaycançılıq
ruhunda tərbiyə almaqla siz mənən zəngin bir nəsil
kimi yetişəcək, Respublikamızın gələcək
illərdə də inkişafı və uğurlar
qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.
Uşaqlarımızın ölkəmizin layiqli vətəndaşı
olaraq formalaşmaları müstəqil Azərbaycan
Respublikasının dövlət siyasətinin aparıcı
istiqamətini təşkil edir. Birləşmiş Millətlər
Təşkilatının Uşaq hüquqları haqqında
Konvensiyasının başlıca müddəalarını
özündə ehtiva edən Azərbaycan
Respublikasının "Uşaq hüquqları
haqqında" qanunu 1998-ci ildə qəbul olunmuşdur. Həmin
vaxtdan etibarən ötən müddət ərzində bununla
əlaqədar milli qanunvericilik və normativ hüquqi aktlar
mütəmadi təkmilləşdirilmiş, uşaqların
hüquqlarının müdafiəsinə, onların geniş
dünyagörüşlü və sağlam mühitdə
böyüməsinə yönəlmiş bir çox dövlət
proqramları qəbul edilib. Ümidvaram ki, Sizin Forum
Respublikamızda uşaqlarla bağlı ardıcıl
aparılan dövlət siyasətinin məntiqi davamına və
tərkib hissəsinə çevriləcək. Forumun işinə
uğurlar diləyir, hər birinizə müvəffəqiyyətlər
arzu edirəm".
Azərbaycanda uşaq əməyinin
istismarı halları kəskin azalıb. "Trend"in məlumatına
görə, bunu çərşənbə günü
jurnalistlərə insan hüquqları üzrə müvəkkil
Elmira Süleymanova bildirib.
Onun sözlərinə
görə, əvvəllər belə faktlara tez-tez rast gəlinirdi.
"Onların sayı qat-qat azalıb. Referendumla Konstitusiyaya
edilmiş dəyişikliklərdə birbaşa göstərilib
ki, 15 yaşadək uşaqlar səhhətinə, təhsilinə,
yaşayış tərzinə təsir edən ağır əməklə
məşğul ola bilməz" - ombudsman deyib. Onun sözlərinə
görə, 15 yaşadək uşağı işə cəlb
edən təşkilatlar məsuliyyət daşıyır və
cəzalandırıla bilər.
Namiq QULİYEV
Bakı xəbər.- 2011.- 17
noyabr.- S. 14.