Azərbaycan poçtunun dünəni və bu günü

 

  Bəşər övladı mövcud olandan yer üzünün sakinləri bir-birilə xəbərləşmək, əlaqə saxlamaq üçün müxtəlif vasitələrdən istifadə edib. Yazı icad olunmazdan əvvəl insanlar uzaq diyarlarda yaşayan yaxınlarına müəyyən əşyalar, hətta meyvələr göndərməklə öz sözlərini onlara çatdırıblar.

   Yazı meydana gəldikdən sonra məktub yazmaq, namə göndərmək ənənəsi formalaşıb. Bu məktubları ünvanlarına, əsasən həmin yerlərə gedən səyyahlar, qasidlər, tacirlər, göyərçinlər aparır, yaxud da çaparlar çatdırırdı. Bu da Azərbaycan poçtunun yaşının çox qədim olduğunu deməyə əsas verir. Məlumatlara görə, dəmir yolu çəkilməzdən əvvəl poçtun daşınması at qoşulmuş xüsusi faytonlarla həyata keçirilirdi. XIX əsrin ortalarından başlayaraq poçt sahəsi sistemli şəkil almağa başlayıb. Dəmiryolu nəqliyyatının işə düşməsi ilə bu sahə daha geniş inkişaf yoluna qədəm qoyub. Bu inkişafa ən böyük təkanı isə Azərbaycanın, paytaxt Bakının ziyalıların, maqnatların, sahibkarların maraq göstərdiyi məkana çevrilməsi verib. Sözsüz ki, onların xaricdə yaşayan qohumları ilə əlaqələri, yaxud onlara bağlama, məktub, pul baratları göndərmək istəyi də poçt vasitəsilə həyata keçirilib. Azərbaycan poçtunun böyük bir mərhələsi Sovet dövrünə təsadüf edib. Mütəxəssislərin bildirdiyinə görə, SSRİ dönəmində poçt sahəsi müəyyən qədər inkişaf edib. O dövrdə bu sahədə böyük problemlər olduğunu qeyd edən mütəxəssislərin sözlərinə görə, burada işin 99 faizi əl əməyi nəticəsində ərsəyə gəldiyi üçün insanlar çox əziyyət çəkirdi. Müstəqillik illərində isə poçtun özünün yeni inkişaf yoluna qədəm qoyduğunu deyən poçt işçiləri hazırda əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradıldığını bildirir.

   Azərbaycan poçtunun dünənini və bu gününü bu sahənin mütəxəssisi, 1974-cü ildən fasiləsiz olaraq bu sistemdə çalışan, "Azərpoçt" Məhdud Məhdud Məsuliyyətli Cəmiyyətin 1 saylı filialının 33 saylı şöbəsinin rəisi Dadaş Məmmədovla birgə müqayisə etdik.

   Dadaş Məmmədovun sözlərinə görə, SSRİ dövründə Azərbaycanda mövcud olan poçt sistemi tam olaraq əhalinin tələbatını ödəyə bilmirdi. Buna səbəb kimi poçt rəisi o dövrdə hazırkı mobil şəraitin olmamasını göstərir: "Uzun illərdir bu sahədə işləyirəm. Sovetlər Birliyi dövründə fəaliyyət göstərən poçtla bugünkü poçtu müqayisə etmək mümkünsüzdür. Bu gün poçt sahəsi çox yüksək səviyyədə inkişaf edib. Hazırda poçt sahəsində tətbiq edilən texnologiyalar haqda o illərdə düşünmək belə mümkün deyildi. Sovetlər Birliyi dövründə bu işlər əllə görülürdü, yəni insan əməyi nəticəsində meydana çıxırdı. Bu da çox gərgin zəhmət tələb edirdi. Poçt vasitəsilə yola salınan bağlamalar, məktublar, pul göndərişləri aylarla ünvanına yetişmirdi. Bu məsələ böyük problemə çevrilirdi. Bütün növ göndərişlər, hətta teleqramlar belə yerlərə vaxtında çatmırdı. Eləcə də respublikaya gələn məktublar, bağlamalar, pul baratlarının çatdırılmasında çətinliklər vardı. Əsas problem isə nəzarət keçid məsələlərilə bağlı olurdu. Yadınıza gəlirsə, Sovetlər Birliyi dağılandan sonra başqa respublikalarla əlaqələr qırıldı. Bu da poçt sahəsinin inkişafını dayandırdı. Demək olar ki, bu sahə çökdü. İşimizin həcmi aşağı endi, göndərişlərin sayı azaldı". D.Məmmədovun dediyinə görə, hazırda isə bu problemlərdən əsər-əlamət qalmayıb. Müsahibimiz bildirdi ki, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) poçt sisteminə tətbiq edildikdən sonra əhaliyə yüksək səviyyədə xidmət göstərilir: "Bizə bir çox hallarda pul göndərişləri üçün müraciət edirlər. Müştəri, məsələn, Tərtər rayonuna pul göndərir, biz iki-üç kəlmə danışana kimi artıq o pul sahibinə çatır. Belə də ola bilər ki, buradan bir rayona pul göndərilirsə, həmin adam hansısa səbəbdən o rayonu tərk edib başqa bir rayona gedirsə, maneəsiz olaraq olduğu rayonun poçt şöbələrindən həmin pulu ala bilər. Bu məbləğ kompüterə yüklənir və əməliyyatçı sistemə daxil olaraq müştərini yola salır. Sözümün canı odur ki, Sovet dövründə bu mobillik, çeviklik yox idi. Bu gün isə İKT-nin meydana gəlməsi bir sıra xidmət növlərini daha aktiv edib. Poçt vasitəsilə xarici ölkələrə göndərilən istənilən bağlamanın ünvanına hansı formada çatdırıldığını nəzarətdə saxlamaq imkanımız var. Bu da İKT sayəsində baş verir. Tutalım, vətəndaş Rusiyanın hansısa şəhərinə, yaxud Yaxın və Orta Şərq ölkələrindən birinə bağlama göndərib. Biz kompüterin bazasına daxil olub o göndərişin harada olduğunu, hansı növ nəqliyyat vasitəsilə daşındığını, nə zaman sahibinə çatdırılacağını öyrənə bilirik. Qeydiyyatda olan bütün poçt göndərişləri haqda istənilən informasiyanı almaq mümkündür. İnformasiya Komunnikasiya Texnologiyalarının bizim işimizə tətbiqi poçt işçilərinin daha keyfiyyətli xidmət göstərməsinə imkan verir. Əvvəllər belə şeylər nə gəzirdi? Hansısa bir məktub, bağlama, pul köçürmələri haqda məlumat almaq üçün sorğular verilərdi və o sorğunun cavabı aylarla uzanırdı. Keçmiş Sovetlər Birliyinə daxil olan indiki MDB üzvü və Birliyə üzv olmayan respublikaların heç birində İKT bizdəki kimi geniş inkişaf etməyib. Azərbaycan poçtu bu sahədə onlardan xeyli irəlidədir. Onların çoxu bizim tətbiq etdiyimiz texnologiyalardan yararlana bilmir. Son illər poçt sahəsində çox böyük tərəqqiyə nail olmuşuq. Aparılan islahatlar elmi-texniki nailiyyətlərə söykənir".

   Qeyd edək ki, şöbə rəisi poçt sahəsində peşəkar kadrların mütəmadi olaraq yetişdirildiyini də diqqətə çatdırdı. Onun dediyinə görə, hazırda rabitə sahəsində çalışan mütəxəssislərin əksəriyyəti xaricdə təhsil alıb: "Biz kadr sarıdan da başqa respublikalardan fərqlənirik. Xaricdə təhsil almış mühəndislərimiz İKT sahəsində böyük nailiyyətlərə imza atır. Bir poçt rəisi olaraq kadrların yetişdirilməsini gözlərimlə görürəm. Poçt sahəsində mütəmadi olaraq kadr hazırlığı həyata keçirilir. Vaxtaşırı poçt işçiləri üçün treninqlər, kurslar keçirilir. Kadrlar, əsasən yerlərdə, müəssisələrdə hazırlanır. Eyni zamanda da Rabitə Kollecində kadrlar yetişdirilir. Poçt əməliyyatçıları orada oxuyur, daimi olaraq poçt şöbələrində, poçt filiallarında, "Azərpoçt"da təcrübə keçirlər. Ehtiyac olanda isə onlar işə götürülür.

   Dörd ilə yaxındır poçt sistemində İKT nailiyyətlərindən yararlandıqlarını deyən D.Məmmədov bildirdi ki, bu texnologiyanın poçt sahəsində tətbiqi "Azərpoçt" tərəfindən həyata keçirilib: "Azərpoçt" poçt sisteminin simasını, quruluşunu dəyişdi. Bu gün köhnə poçt sistemindən, onun yaratdığı problemlərdən əsər-əlamət yoxdur. İndi poçt sahəsində heç bir neqativ halın baş verməsi mümkün deyil. "Azərpoçt"da işləyən istənilən şəxs sistemə daxil olmaqla istənilən poçt işçisinin, rəisinin işinə nəzarət edə bilər. Yəni proqram elə qurulub ki, başqa şey etmək mümkünsüzdür. İKT-nin tətbiqi poçt işçilərinin işini əməlli-başlı yüngülləşdirib. Onların hansısa işi əllə görməsinə heç bir ehtiyac qalmayıb. İndi onlardan yalnız savad, zehin tələb olunur".

   Poçt işçilərinin əməkhaqqının o qədər də qənaətbəxş olmadığını deyən D.Məmmədovun sözlərinə görə, buna baxmayaraq, onlar öz işlərinə fədakarlıqla yanaşır. Rübdən-rübə maaşların artırıldığını bildirən şöbə rəisi ümid edir ki, gələcəkdə əməkhaqlarında artım olacaq: "Son il yarımda, az da olsa, bir neçə dəfə əməkhaqqımız qalxıb. Yeni ildən yenə də artırılacağı gözlənir. Gərək poçta o gəliri gətirəsən. Hazırda bütün poçt sisteminə rentabellik tətbiq olunmaqdadır. Rentabellik nədir? Yəni gələn gəlir sərf edilən vəsaitdən yüksək olmalıdır. Bu da, təbii ki, müştərilərdən və onlara göstərilən yüksək servisdən asılıdır. Bütün poçtların xərclədiyi mənfəətdən artıq deyil ki, onlar eyni səviyyədə olsun. Poçtlar özləri də pul qazanmalıdır ki, işçilərin əməkhaqqı artsın".

   D.Məmmədov axır zamanlar poçta müraciət edənlərin sırasının genişləndiyini də qeyd etdi: "Poçtun xidmətindən istifadə edənlərin sayı çoxalıb. Çox adam faks göndərişini poçta etibar edir, onu öz evindən deyil, poçt vasitəsilə göndərir. Sovetlər Birliyi dağıldıqdan sonra insanlar pul göndərişlərini poçta etibar etmirdi, onu avtobus sürücülərilə, qatar vasitəsilə yola salırdılar. Halbuki, poçt o pulun toxunulmazlığını tam qoruyaraq onu ünvanına avtobusdan, qatardan 8-10 dəfə tez çatdırardı. Ağır illərdə poçt itirdiyi müştərilərini son illər geri qaytarmağa başlayıb. Müştərilərimiz görür ki, tətbiq edilən texnologiyalar bütün məsələləri çox çevik şəkildə həyata keçirir. Odur ki, bizim xidmətlərdən yararlanırlar. Biz poçt işçiləri də əhaliyə yüksək səviyyədə xidmət göstərməyə çalışırıq. Biz qeydiyyatda olan bütün məktubları, digər göndərişləri kompüterdə də qeydiyyata alırıq".

   Poçtlarda yeni xidmət növlərinin də yaradılacağı haqda məlumat verən D.Məmmədovun sözlərinə görə, bu müəssisələrdə müştərilərin bütün suallarına cavab verilməli və tələbləri ödənilməlidir: "Bu ərazidə yaşayan sakinlərin çox hissəsi bütün kommunal xidmətlərin haqqını bizim poçta ödəyir. Onlara yaxşı xidmət göstərməsək, təbii ki, bizə müştəri gəlməyəcək. Bu gün poçt şöbələrinin 99 faizində valyutadəyişmə xidməti həyata keçirilir. Orada işləyənlər idarənin rəisləri tərəfindən təlimatlandırılır. Əvvəllər belə şey yox idi. Bu gün-sabah poçtlarda bank xidməti də göstəriləcək. Artıq bank sistemilə də işlənəcək. Poçt bankın həyata keçirdiyi bir neçə proqramı artıq tətbiq etməyə başlayıb".

   Azərbaycanın ən ucqar kənd və rayonlarında belə müasir tipli poçt şöbələrinin açıldığını deyən D.Məmmədovun sözlərinə görə, bu qurumlar əhaliyə yüksək xidmət göstərir": Vaxtilə poçt açılması mümkün olmayan ucqar rayonlarımızda "Azərpoçt" tərəfindən poçt şöbələri açılıb. Müasir texnologiya o yerlərdə də geniş şəkildə tətbiq olunur. Burada hansı səviyyədə texniki vasitələr görürsünüz, onların hamısı Gəncədə, Şəmkirdə, Tovuzda, Qazaxda və digər rayonlarımızda fəaliyyət göstərən poçtlarda da var. Burada da çox güclü mütəxəssislər çalışır. Bunların hamısı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və "Azərpoçt"un qəhrəmanlığıdır. Təkcə poçt sistemi deyil, bütün telekommunikasiya sistemi kökündən dəyişib. Biz bu sahədə heç bir problem yaşamırıq. Texniki baxımdan çətinliyimiz olanda "Azərpoçt"un əməkdaşlarına müraciət edirik. Onlar can-başla bizə kömək edir".

   Köhnə poçt işçilərinin də yeni texnologiyaları qavradığını vurğulayan D.Məmmədov onların bu nailiyyətləri kurslarda mənimsədiyini dedi.

   Poçt rəisi onu da bildirdi ki, poçt sistemində çalışan əməkdaşlara müştərilərlə həddindən artıq mədəni davranılması yönündə təlimat verilir: "İşçilər, təbii ki, öz işini yüksək səviyyədə görür. Onlardan həmçinin tələb olunur ki, müştəri ilə şirin dillə davransınlar. Biz öz işimizdə "hər zaman müştəri haqlıdır" devizinin rəhbər tuturuq.

   Azərbaycan poçtunun dünənini inkişafdan geri qaldığını, əhalinin tələbatını tam şəkildə ödəyə bilmədiyini qeyd edən D.Məmmədov bildirdi ki, poçtumuzun çağdaş durumu inkişaf zirvəsindədir. O, sonda poçt sahəsinin gələcəkdə bundan da yüksək şəkildə tərəqqiyə nail olacağını dedi: "Çünki bu sahəyə çox böyük önəm verilir. Poçtumuz növbəti illərdə daha da yüksəklərə qalxacaq".

 

 

 Samirə SƏFƏROVA

 

 Bakı xəbər.- 2011.- 17 noyabr.- S. 11.