Medianın inkişafında İKT-nin rolu
Medianın müdaxiləsi
olmadan hansısa bir məlumatın, xəbərin kütləvi
yayılması mümkünsüzdür. İnsanlar müxtəlif
media vasitələrinin verdiyi imkanlardan yararlanaraq dəqiq,
düzgün informasiya ala bilir. Dünyanın istənilən
guşəsində baş verən önəmli hadisələr
çox qısa zaman ərzində media tərəfindən
oxuculara, dinləyicilərə, tamaşaçılara
çatdırılır. Bəlkə də heç
olayın baş verməsindən 1 saat ötməyib, amma hadisə
artıq hər kəsə məlum olur.
Bu, mediamızın xəbər
emalı sahəsində irəli getməsinin təzahürüdür.
Çağdaş Azərbaycan mediası inkişaf səviyyəsinə,
əldə etdiyi bir sıra nailiyyətlərə görə
öz keçmişindən çox fərqlənir.
Medianın son illər
bu səviyyədə inkişaf etməsinin kökündə,
təbii ki, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT)
durur. Bu nailiyyətlər mediamızı daha böyük
sürətlə irəli aparmağa qadirdir.
İki-üç il əvvələ qədər İKT
mediamıza tədricən sirayət etsə də, bu gün
tam gücü ilə bu sahədə oturuşub. İnformasiya
və Kommunikasiya Texnologiyalarının, müasir texniki nailiyyətlərin
jurnalistlərin
peşəkarlığına böyük
təsiri var.
Yüz il bundan əvvəl
də, Sovet dönəmində mövcud olan mətbuatımızda
da İKT-nin rolu olmayıb. Media klassikləri, sabiq həmkarlarımız
bir çox şeylərə əl əməyinin gücü
ilə nail olub. O dövr mətbuatında, sözsüz ki,
hazırkı maddi-texniki bazadan söhbət belə gedə
bilməzdi. İndiki səviyyədə peşəkar, xəbər
çatdırma sahəsində çevik, operativ müxbirlər
də o dönəmlərdə bəlkə də yox idi. Bu da
xəbərləri operativ olaraq ünvanına
çatdırmaq sahəsində vasitəçi məhsulların
olmamasından irəli gəlirdi.
Medianın iri
addımlarla, daha doğrusu sıçrayışla irəliləməsində
hərəkətverici qüvvə İKT-dir.
İKT-nin
inkişafı ilə əlaqədar olaraq medianın yeni sahələri
yaranmağa başlayıb. Vaxtilə radionun meydana gəlməsi
mətbuatımızda böyük bir hadisə idisə,
1954-cü ildə əsası qoyulan televiziya daha böyük
nailiyyət hesab edirdi. Bu sahənin inkişafı əsasən
keçən əsrin 50-80-ci illərinə aid ibtidai mərhələ
sayılır. Keçən yüzilliyin 90-cı illərində
isə mediamız yeni bir inkişaf mərhələsinə qədəm
qoydu. Efir televiziyası və
radiosu ilə paralel olaraq sputnik, kabel, internet-rəqəmsal
televiziyalar yarandı. Artıq mobil telefonlar
vasitəsilə televiziya
kanallarını seyr etmək mümkündür.
Bu sahələrin formalaşması İKT nailiyyətləri
ilə bağlıdır.
Hazırda Rabitə və
İnformasiya Texnologiyaları
Nazirliyinin xüsusi fəaliyyət proqramları
əsasında internet portalları,
saytlar, bloqlar yaranıb. Bu sahələr öz ətrafına kifayət qədər insan resursu cəlb edə bilib.
İKT ilə medianın mövcud formalarının
imkanları genişlənib.
Bu özünü maneəsiz informasiya əldə edilməsində,
çap yayım materiallarının hazırlanmasında
göstərib. Bu materialların hazırlanması
texnologiyası tamamilə
dəyişib və asanlaşıb. Məsələn,
15-20 il əvvəl
çapa hazırlanan
materialların, efirə
yayımlanacaq audio-video materialların
ərsəyə gətirilməsilə
indiki arasında böyük fərq var... İllər öncə qəzetdə
çap olunacaq bir yazını hazır vəziyyətə
gətirmək üçün
jurnalistdən daha çox vaxt tələb olunurdu. Yazı qəzet səhifəsinə
çıxana qədər
böyük çətinlikləri
adlayırdı. Bu qayğılar əsasən
taxniki vasitələrin
elə də güclü olmaması ilə bağlıdır.
Televiziya
və radio verilişlərinin
də hazırlanması
sahəsində problemlər
olardı. Bəzən elə
hallar olurdu ki, kamera çatışmazlığı
ucbatından, montaj otaqlarının məşğul
olması üzündən
bir verilişin hazırlanması günlərlə
uzanırdı.
Medianın inkişafında
müasir tipli telefon-faks avadanlıqlarının
da rolu danılmazdır.
Media üçün İKT imkanlarının
daha geniş açılmasında Rabitə
və İnformasiya Texnoologiyaları Nazirliyinin
rolu çox böyükdür. Nazirliyin bu
sahəyə diqqət
yetirməsi sayəsində
bir sıra məsələlər reallaşıb.
Nazirlik dəfələrlə mobil
telefon tariflərinin,
internet xidmətlərinin ucuzlaşdırılması
təklifilə çıxış
edib və buna nail olub. Redaksiyaların stasionar telefonlaşdırılması
çox asanlaşıb.
İKT-nin verdiyi imkanlar
nəticəsində media mənsublarının
işi xeyli yüngülləşib, onların
yazıları, verilişləri
maneəsiz öz ünvanına, yəni oxucu və tamaşaçılara
vaxtında çatır.
Xüsusilə çap məhsullarının
yayımlanmasında İKT-nin oynadığı rol çox böyükdür. Bildiyimiz kimi,
qəzetləri, jurnalları
paytaxtda çap edib rayonlara daşımaq çox çətindir. Dünya mediasında
tətbiq edilən sistemə nəzər salsaq görərik ki, orada qəzetlərin
virtual variantı hazırlanır
və internet vasitəsilə
bölgələrə ötürülür.
Həmin
variant yerlərdə fəaliyyət
göstərən mətbəələr
tərəfindən çap
edilir. Bizdə isə yerli
mətbəə sistemi,
demək olar ki, inkişaf etməyib, qəzetlərin
bölgə tirajları
böyük səviyyədə
deyil. Təbii ki, bu da İKT-nin günahı deyil. Bu texnologiya bizə
hər cür imkan verir ki,
onun nailiyyətlərindən
istifadə edərək
işimizi qura bilək. Yəni məmurların mətbəə
sistemini inkişaf etdirməsinə ehtiyac
var.
Qeyd edək
ki, mütəxəssislərin
hamısı İKT-nin
medianın inkişafında
oynadığı rolun
misilsiz olduğunu deyir. Amma bunun bəzi
sui-istifadə halları
yaratdığını deyənlər
də var. Mətbuata dəfələrlə kopüterlərdən
və onun çeşidli proqramlarından
istifadə etmək yolu ilə plagiatlıq
hallarına yol verildiyi haqda ekspertlərin fikirləri yer alıb. Onların fikrincə, bəzi media təmsilçisi adını
daşımağa layiq
olmayanların başqalarının
yazılarını, məlumatlarını
götürərək istinad
etmədən öz adı ilə verməsi faktlarına da rast gəlmək
mümkündür. Bu hal xoşagələn olmasa da, təəssüf
ki, mövcuddur... Bəzi ekspertlərin qənaətinə
görə isə, bu texnologiyaların inkişafı, onun mətbuata dərindən sirayət etməsi media sahəsində təhlil, araşdırma xarakterli yazıların sırasının
seyrəlməsinə səbəb
olur. Bu istisnalar
nəzərə alınmasa,
İKT-nin inkişafı
jurnalistlərin fəaliyyətinə
dəstəkdir. Məsələ burasındadır ki, jurnalist redaksiyanı tərk etmədən istənilən xəbəri
telefon vasitəsilə
də ala bilir, internetdən yararlanaraq da. Yaxud jurnalist iştirak
etdiyi tədbirdən birbaşa yazı hazırlayaraq redaksiyaların
elektron poçtuna ata bilir. Bu da əlavə
vaxt itkisinin qarşısını alır,
işi yüngülləşdirir,
xəbərin "isti-isti"
oxuculara, tamaşaçılara
çatdırılmasını təmin edir.
Medianın
inkişafında İKT-nin
rolunu yüksək qiymətləndirən Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
mətbuat xidmətinin
rəhbəri Müşfiq
Əmirov bizimlə söhbətində bildirdi
ki, Azərbaycan dövləti mətbuatın
müstəqilliyinin, maddi-texniki
bazasının, maliyyə
təminatının möhkəmlənməsində,
jurnalistlərin peşəkarlıq
səviyyəsinin, jurnalist
nüfuzunun yüksəldilməsində
maraqlıdır. M.Əmirovun sözlərinə
görə, son illər
media sahəsində görülən
işlər buna əyani sübutdur.
M.Əmirov
xatırlatdı ki, qloballaşma dövründə
dünya mediası, jurnalistikası yeni keyfiyyət mərhələsinə
qədəm qoyub ki, Azərbaycan da dünyanın bir parçası kimi bundan kənar
deyil: "Bu da informasiyanın maksimum operativliyinə şərait
yaradan yeni texnologiyanın inkişafı
ilə bağlıdır.
Hazırda Azərbaycan
mətbuatı, mediası
da bəşəriyyətin
ən qabaqcıl texnologiyalarından və ideyasından bəhrələnir,
beləliklə, getdikcə
təkmilləşir. Bu
gün bütün sahələrin inkişafında
əvəzsiz rol oynayan müasir texnologiyalar mətbuatdan, jurnalistikadan da yan ötməyib. XXI əsrin belə
bir güclü meyli göstərir ki, informasiya texnologiyasının yeni inkişaf tempi mətni, qrafik formanı, səsi, bunların hamısını rəqəm
formasına keçirməkdir.
Bu mənada jurnalistikada
daha bir termin işlək olmağa başlayıb: digitallıq, rəqəmləşmə,
məzmunun müasir kompüter dilinə çevrilməsi. Bu proses
informasiyanın yaradılması
və ötürülməsində,
onun qəbul edilməsində bundan əvvəlki bütün
ənənəvi maneələri
arxada qoyur. Digitallıq ayrı-ayrı kütləvi
informasiya vasitələri
arasındakı fərqləri
aradan qaldıraraq konvergensiyaya yol açır. Məhz bu
mənada konvergensiya indi KİV-in gələcəyi
haqqında müzakirələrin
diskussiya obyektinə çevrilməkdədir. Belə bir
elmi fikir də meydana çıxıb ki, yaxın on ildə konvergensiya prosesi nəinki KİV sistemini, habelə onunla bağlı sənaye sahələrini də tamamilə dəyişə
bilər".
KİV-in, xüsusən
də qəzetçiliyin gələcək inkişafı ilə
bağlı fikirlərin haçalandığını deyən
M.Əmirovun bildirdiyinə görə, keçən əsrin
sonu və indiki yaşadığımız əsrdə
dünya təcrübəsində qəzetin inkişaf meylləri,
qəzet sənayesinin gələcəyi ilə əlaqədar
proqnozlar müxtəlifdir.
Nazirliyin mətbuat xidmətinin
rəhbəri dünya mətbuat tarixinə nəzər salaraq
dedi ki, keçmiş dövrlərdə media indiki kimi
inkişaf etməyib: "Tarixə qısa bir ekskursi etsək
görərik ki, Amerikada radionun 50 milyon auditoriya əldə
etməsindən ötrü 38 il vaxt gərək olub. Televiziya
bu qədər auditoriyanı 14 ildə qazanıb. İnternet
isə ABŞ-da cəmi bir il müddətində 50 milyonluq
abunəçiyə sahib olub. Beləliklə, yeni texnika və
texnologiya əsrində daha çox jurnalistin əməyinin
yüngülləşməsinə, onun topladığı,
işlədiyi informasiyanı istehlakçının daha asan,
daha tez qəbul etməsinə geniş imkanlar yaranıb. Əlbəttə,
bu istiqamətdə çox uzun bir yol qət edilib". M.Əmirov
bu inkişafın meydana çıxmasında ən
böyük rolu İKT məhsullarının
oynadığını bildirdi. Bu gün Azərbaycan
mediasında da İKT-nin gücünün həddindən
artıq hiss olunduğunu deyən müsahibimizin sözlərinə
görə, bu, mediamızın inkişafından, peşəkarlıq
səviyyəsinin artmasından xəbər verir: "Kütləvi
informasiya vasitələri indiki səviyyəsinə heç də
birdən-birə gəlməyib. Nəzərə almaq
lazımdır ki, Azərbaycan mətbuatının zəngin və
ibrətamiz tarixi, mübariz ənənələri,
özünəməxsus prinsipləri, şərəfli vəzifələri
var".
Mediamızın
sürət qatarının önündə İKT vasitələrinin
getdiyini nəzərə çatdıran ekspertlərin bir
çoxu hesab edir ki, rəqəmsallaşma texnologiyası
bütövlükdə mediada öz əksini tapdıqdan sonra
jurnalistlər öz işilə daha rahat məşğul ola
biləcək. Redaksiyaların çoxu texnologiyanın ən
son nailiyyəti olan kompüterlə, rəqəmsal diktafon və
fotoaparatlarla, eləcə də 3G-nin əks olunduğu mobil
telefonlarla təchiz olunub. Televiziya və radioların bir
çoxunda rəqəmsal avadanlıqların
quraşdırılması, günün tələblərilə
ayaqlaşan montaj qurğularının olması, yeni növ
kamera və mikrofonların mövcudluğu mediamızın
qazancıdır.
İKT-nin indiki vəziyyəti
və inkişaf perspektivləri, informasiya
texnologiyalarının ənənəvi KİV-in oxucu
auditoriyasının formalaşdırılmasında, genişləndirilməsində
və onun gəlirliliyinin artırılmasında xidmətləri,
bu sektorda mobil texnologiyalar və kommunikasiyanın rolu daim
ekspertlər tərəfindən müzakirə edilib. Məsələ
burasındadır ki, bəzi ekspertlərin qənaətinə
görə, İKT və elektron medianın inkişafı ənənəvi
KİV-i sıxışdıracaq. Müəyyən qədəri
isə güman edir ki, ənənəvi KİV paralel
inkişaf etməkdə davam edəcək. Televiziyaların həyata
keçirdiyi birbaşa yayımlar, telekörpülər və
s. İKT sayəsində mümkün olur.
Məlumatlara görə,
telekanal və radioların əksəriyyətində İKT
nailiyyətlərindən yararlanmaqla keçmiş sənətkarlarımızın
ifası, o cümlədən də tamaşalar rəqəmsal
vasitələrə köçürülür. Bu da ona əsas
verir ki, o yaradıcılıq nümunələri əbədiyaşarlıq
qazanır. İKT-nin dinamik inkişafı digər sahələrlə
yanaşı, televiziya və radio, KİV-in rəqəmsallaşması,
fəaliyyət sahəsinin genişlənməsi, KİV-in fəaliyyətində
peşəkarlığın artırılması
üçün böyük imkanlar yaradıb.
Bəzi alimlər isə,
hesab edir ki, İnformasiya Kommunikasiya Texnologiyalarının
mediamıza tətbiqi internet jurnalistikanın da
inkişafına səbəb olub. Mətbuatda yer alan fikirlərə
görə, jurnalistlərə informasiya texnologiyalarından səmərəli
və effektiv istifadə üsullarının öyrədilməsində
yardımçı olmaq və s. məqsədlərlə
hazırlanaraq çap olunan dərs vəsaitlərinin də rəqəmsal
vasitələrdə yayılmasına ehtiyac var.
Namiq
QULİYEV
Bakı xəbər.-
2011.- 21 noyabr.- S. 21.