Hicri-qəməri
təqvimi və müsəlman ayları
Yerin təbii peyki olan Ayın Yer ətrafında 12 dəfə
dövr etməsini 12 sinodik aya ilk dəfə bölən b.e.ə.
3000-2500-ci illərdə babillilər olub. Onların qəbul
etdiyi bu təqvim Qəməri (Ay planetinin ərəbcə
adı) adlanıb. Bu tərtibi Quran: "Həqiqətən
Allah yanında ayların sayı 12-dir" ayəsilə təsdiq
edir. Həmin təqvimə əsasən 1 il 354,3
gündür. Yəni Ay planetinin Yer ətrafında 12 dəfə
tam dönməsi 354,3 gün ərzində baş verir. Yeri gəlmişkən,
bir təzə ayla ikinci təzə ay arasındakı müddəti
29,5 gün müəyyənləşdirib, onu vaxt vahidi (bir
ay) qəbul edən də babillilər olub.
Hicri-qəməri
təqvimi
Ərəblər də
hələ eramızdan 1000 il əvvəl Qəməri təqvimindən
istifadə ediblər. Onlar sonradan, yəni miladi 622-ci ildə həz.Peyğəmbərin
Məkkədən Mədinəyə hicrət etməsini yeni
tarixin hesablanma anı, müsəlman erası və Hicri-Qəməri
təqviminin başlanğıcı kimi qəbul ediblər.
Bu təqvim 639-cu ildə
həz. Əlinin təklifilə xəlifə həz. Ömərin
aşağıdakı fərmanı ilə qüvvəyə
minib: "Ey müsəlmanlar! Bundan sonra hər kəs rast gəldiyi
hadisəni tarix başlanğıcı kimi qəbul etməsin.
Rəsul Əkrəmin hicrət etdiyi il (miladi 622-ci il-V.C)
İslam təqviminin birinci ili, səhabələrin ilk dəfə
hicrət etdiyi Məharram ayı isə ilin birinci ayı qəbul
edildi".
Hicri-qəməri təqviminin
bir ili Şəms (Günəş) təqviminin bir ilindən
11 gün azdır. Həmin səbəbdən eyni müsəlman
gün və bayramları hər il Miladi təqviminin müxtəlif
günlərinə təsadüf edir.
Hicri-qəməri
təqvimində ayların ad və mənaları
Hicri-qəməri
təqvimində ayların adları və mənaları,
ardıcıllığı və günlərinin sayı belədir:
1) Məharram; 2) Səfər; 3) Rabiuləvvəl; 4)
Rabiulaxır; 5) Cəmədiyuləvvəl; 6) Cəmədiyulaxır;
7) Racəb; 8) Şəbən; 9) Ramazan;
10) Şəvval; 11) Zulqadə; 12) Zulhiccə.
Müsəlman təqviminin bütün tək ayları əksər
hallarda 30 gündən, bütün cüt ayları isə 29
gündən ibarətdir. Yalnız 12-ci ay - Zulhiccə ayı
istisna təşkil edir. Həmin ay ilin uzun və ya qısa
olmasından asılı olmayaraq 30 gündür.
1) Lüğəti mənası
"haram" "qadağan edilən" olan Məharram ilin
birinci ayıdır. O, bir ay kimi bərəkət (çoxluq,
bolluq), yaxşılıq, xeyir, fayda, əmin-amanlıq,
barışıq və əhdləşmə simvoludur. Bu ayın ilk günü Hicri-qəməri təqvimilə
yeni ilin başlanqıcı olduğundan, müsəlmanlar yeni
ilin xeyirli və bərəkətli olması üçün
dua edər, bir-birini yoluxar, bayramlaşar, küsülülər
barışar, hədiyyələr verilər, görüləcək
işlər planlaşdırılar və s.
Məharram
ayı Qurani-Kərimdə qiymət verilən 4 aydan biridir.
"Həqiqətən Allah yanında
ayların sayı, göyləri və Yeri yaratdığı
gündən bəri Allahın kitabında 12-dir. Onlərın
4-ü (Racəb, Zulqadə, Zulhiccə və Məharram) haram
aylarıdır. Ona görə həmin
aylarda özünüzə zülüm etməyin"
(Tövbə 36). Hələ İslamdan əvvəl
bu dörd ayda hərb etmək haram-qadağan olunduğu
üçün, ərəblər təcavüzlərinə
haqq qazandırmaq məqsədilə bəzən bilərəkdən
ayların yerlərin dəyişdirirdilər. Həmin səbəbdən
Rəsuli Əkrəm(ə) vida həccində
buyurdu: "Ey əshabım! Ayların
sırası Allahu-Təalənin yaratdığı
zamandakı kimidir".
Məharramin
10-cu günü Aşura isə həmin gündə baş
vermiş hadisələr etibarilə ən müqəddəs
günlərdən biridir. Belə ki, Adəm(ə)-nin
tövbə etməsi, həz.İbrahim və İsa(ə)-nin
mövludu, Musa(ə)-nin Ölü dənizi keçməsi və
Fironun boğulması Aşura günündə olub. Həz.Nuhun 5-6 nəfərlə tufandan xilas
olması da həmin günə təsadüf edir.
Aşura həm də Peyğəmbər(ə)
nəvəsi həz.Hüseynin iman və İslam dininin
saflığı uğrunda şəhid olduğu, baba və
atasının ucaltdığı etiqad atının yenidən
şahə qaldırdığı gündür.
Aşura-İslam dininin varlıq qayəsi, insan haqq və
azadlıqları uğrunda 19 il mücadilə aparan İmam
Hüseynin bir şəhid kimi özündən sonra
bütün dünyaya örnək olan "Hüseyn fəlsəfəsi"-ni
yaratdığı gündür.
"Ramazandan
sonra orucların ən fəzilətlisi Məharram ayında
tutulan orucdur" Peyğəmbər (ə) kəlamıdır.
2) Hicri-qəməri təqviminin
ikinci ayı Səfərdir. Səfərin Quranda iki anlamı
var: yolçuluq və savaşa getmək, döyüş
(bax: Tövbə 42-48). Səfərin ərəbcə
lüğəti mənası isə "sarı"-dır.
Əksər müfəssirlər hesab ediblər ki, Allah Yerdəki
bitkiləri ilk dəfə yaratdıqdan sonra "sarı
yarpaqların tökülməsi" həmin vaxta təsadüf
etdiyi üçün, bu ay Səfər adlanıb. Buna payızın ilk ayı da deyilir.
3) Təqvimin
üçüncü ayı Rabiul-əvvəldir. Ərəbcə
"Rabi" sözü "mövsüm",
"kvartal", "dördə bir" mənalarını
ehtiva edir və "dörd" kökündən əmələ
gəlib. Müasir ərəb dilində bu
sözlə "yaz", "bahar" ifadə edilir. Qədimdə isə bu söz "payız" mənasında
işlədilib. Çünki Rabiul-əvvəl, yəni
birinci Rabi payızın orta ayına təsadüf edib.
Başqa sözlə, Hicri-qəməri ayları hər il 11 gün dəyişdiyi üçün bu
ay ilk dəfə payızın ortasına düşüb. Əksər
mənbələrə görə, bəşəriyyətin
iftixar abidəsi Məhəmməd(ə)
bu ayın 12-də bazar ertəsi gecəsi, səhərə
yaxın, Məkkədə anadan olub.
Qeyd: Məhəmməd(ə)-nin
təvəllüdü İslam dini yarandıqdan yalnız 300
il sonra qeyd edilməyə başlanıb. Bəzi tədqiqatçılara
görə, Mövlud bayramı xristianların Milad - İsa(ə)-nin anadan olması ilə əlaqədar
- bayramının təsiri altında meydana gəlib. Həz. Məhəmmədin
anadan olduğu gün dəqiq bilinmədiyi üçün
Mövlud bayramı daha dəqiq günə - Peyğəmbər(ə)-nin
vəfat etdiyi günə salınıb. Ümumiyyətlə,
islamiyyətdə anadanolma günlərinin sadə
keçirilməsi, hətta bəzən qeyd edilməməsi təqdir
olunur. Vəfat günləri isə adətən
əbədiyyətə qovuşmaq üçün
doğuluş kimi təfsir olunduğuna görə, daha təntənəli
qeyd olunur.
4) Rabiul - axır
dördüncü aydır. Bu ay ilk dəfə
payız mövsümünün son ayına təsadüf
etdiyi üçün, Rabiul - axır (ikinci Rabi) adlanıb.
Bu ay ədəbiyyatda həm də Rabius - sani
kimi işlədilir.
5) Təqvimin beşinci
ayı Cəmədiyul - əvvəldir. "Cəmədə"
sözü "bərkimək", "donmaq"
kökündən əmələ gəlib. Qədim ərəblər qış aylarını
adlandırmaq üçün bu termindən istifadə ediblər.
Həmin səbəbdən Cəmədiyul - əvvəl
qışın başlanğıcını göstərən
aydır.
6) Cəmədiyul -
axır Hicri - qəməri təqviminin altıncı
ayıdır.
Bu ay ilk dəfə
qışın orta ayına təsadüf edib.
7) Racəb - möhtərəm,
qiymətli, hörmətə layiq, muazzam (böyük) mənalarını
ehtiva edir. Təqvimə görə yeddinci, məntiqlə
qışın sonuncu 30 gününə təsadüf edən
aydır. Rəcəb həm də
mübarək üç aylardan birincisidir. Onun lüğəti mənası, "qorxusuz"
deməkdir. Ayın ümumi anlamı isə
"təcavüzdən əl çəkmək"dir. Bu
ayda hərb etmək haramdır, yəni qadağandır.
Çox möhtəşəm və fövqəlbəşər
hadisə - Peyğəmbər(ə)-nin
meracı bu ayda, Rəcəb ayının 26 - dan 27 - ə
keçən gecədə olub (bax: surə İsra).
Həz.Rəsuli Əkrəm
buyurub: "Rəcəb ayına sayğı göstərənə
Allahu-Təalə dünyada və axirətdə sayğı
edər".
Racəbin
birinci cüməsinin gecəsi leylətul-raqaib-arzuların
yerinə yetirilməsi və ya "hədiyyələr,
ehsanlar" gecəsi adlanır. Bu gecədə
edilən dualar qəbul olunar. Rəcəbin
bu gecəsində həm də həz. Peyğəmbərin
valideynləri ailə qurublar.
8) Hicri - qəməri təqvimində
Şəbən səkkizinci aydır. Hərfi mənası
"ayrılmaq", "bölünmək", "müxtəlif
yerlərə getməkdir". Şəbən
mübarək üç aylardan ikincisidir. "Hər kim Şəbən-i şərifdə
üç gün oruc tutsa, Allah ona Cənnətdə bir yer
verər" (hədis). Peyğəmbər buyurub: "Şəbən
mənə məxsus aydır. Allahu-Təalə mələklərinə
buyurdu: "Ey mənim mələklərim,
gördünüzmü Mənim qullarım Həbibimin (Həz.Peyğəmbərin-V.C)
ayına necə hörmət edirlər?! Mən
həmin qullarımı əfv edəcəm". Şəbən ayının 15-ci gecəsi Vərat
(bəraət almaq) gecəsidir. Peyğəmbər(ə)
buyurub: "Cəbrail(ə) mənə dedi: "Qalx namaz
qıl, dua et! Bu gecə Şəbənin 15-ci -
Bəraət gecəsidir. Müşriklər,
əyyaşlar, fal və cadu ilə məşğul olanlar, sələmçilər,
xəsislər, zina və valideynlərinə hörmətsizlik
edənlər istisna olmaqla, Allah bu gecədə ibadət edənlərin
hamısını əfv edər". Hicrətin 2-ci
ilində (623 il) qiblənin Qüdsdən dəyişdirilməsi
Şəbənin 15-ci günündə olub. "Ramazan
ayına yetişən şəxslər bu ayı oruc
tutmalıdırlar" Rəbb əmri (Bəqara 183-185)də Mədinədə, hicrətdən 1,5 il
sonra, Şəbən ayının 10-cu günü verilib.
9) Ramazan İslam təqvimində
doqquzuncu aydır. Hərfi mənası "isti",
"yanmaq" olan Ramazan müqəddəs 3 ayların
sonucusu, oruc tutulduğu və Quranın ilk ayəsinin nazil
olduğu aydır. Buradakı "yanmaq"
termini oruc tutan və tövbə edənlərin
günahlarının yanmasına, bağışlanmasına
işarə edir. Ramazan İslam dininin namus
pərdəsi, 11 ayın sultanıdır. Qədr
gecəsini də ehtiva edən "Ramazanın əvvəli rəhmət,
ortası məğfirət, sonu Cəhənnəmdən
qurtuluşdur" (həz.Peyğəmbər).
10) Lüğəti mənası
"gəzən", "köçəri" olan Şəvval
onuncu aydır. Bu ayda ərəb qəbilələri
daimi yaşayış yerlərindən müvəqqəti
çıxardılar. Şəvval
ayının ilk künü Ramazan bayramıdır. "Ramazanda oruc tutub, ardından da Şəvval
ayında altı gün oruc tutan şəxs, bir il oruc tutana bərabərdir
(həz.Peyğəmbər).
11) On birinci ay Zulqadədir.
"Qadə" ərəbcə "yerində
oturmaq", "dayanacaq" mənalarını verir. "Zulqadə" isə "dayanacağın
sahibi" anlamına uyğundur. Bu ayda ərəblər
adətən bir yerdə dayanardılar. Zulqadə
Həcc ziyarəti ərəfəsində olan aydır.
12) Hicri Qəməri
təqviminə görə, sonuncu-on ikinci ay Zulhiccədir.
Mənası "Həccin sahibi", "Həcc ziyarətçisi"
olan Zulhiccəni bütün dünya müsəlmanlarının
"konqresi" anlamı kimi də qəbul etmək olar. Çünki hər ilin bu ayında milyonlarla müsəlman
buraya yığışıb Kəbəni ziyarət edirlər.
Bu ayın 9-u Ərəfə günü, 10-u isə
Qurban bayramıdır. Bəzi müfəssirlərə
görə, "Zulhiccənin son 10 günündə edilən
hər bir ibadət ilin digər günlərindən daha fəzilətlidir".
Miladi və
hicri-qəməri təqvimləri arasında münasibət
Miladi təqvimindən
hicri-qəməri təqviminə keçmək
üçün: 1) Miladi təqviminin hər hansı ilindən
622 (Miladi təqvimilə həz. Peyğəmbərin Məkkədən
Mədinəyə gəldiyi il)
çıxılır; 2) Qalıq 32-yə bölünür;
3) Alınan qismət qalığın üstünə cəmlənir.
Hesablamalar zamanı qalan kəsirlər
yarıdan azdırsa, nəzərə alınmır;
yarıdan çoxdursa, ümumi rəqəmin üstünə
bir vahid artırılır. Məs.,
Miladi 2012-ci ilin Hicri-qəməri təqviminin hansı ilinə
müvafiq olduğunu bilmək üçün : 1)
2012-622=1390; 2) 1390:32=43; 3) 1390+43=1433. Deməli, 2012-ci il Hicri-qəməri təqvimilə 1433-ci ilə
uyğundur.
Hicri-qəməri təqvimindən
Miladi təqviminə keçmək üçün: 1) Hər
hansı müsəlman ili 33-ə
bölünür; 2) Həmin müsəlman ilindən
alınan qismət çıxılır; 3) Alınan
qalığın üstünə 622 əlavə olunur. Məs., Hicri-qəmərilə 1433-ci ilin Miladi
təqviminin hansı ilinə müvafiq olduğunu bilmək
üçün: 1) 1433:33=43; 2) 1433-43=1390; 3) 1390+622=2012. Deməli,
Hicri-qəməri təqviminin 1433-ci ili,
Miladi təqviminin 2012-ci ilinə uyğundur.
Sözsüz
ki, yaradılış baxımından Rəbbimiz ilin ay və
günlərini eyni dəyərdə yaradıb. Onun ayların sayını 12 ədəd müəyyən
etməsi bəşərə bir xatırlatmadır ki, insan
necə yaşamasını və ömrünü nəyə
həsr etməsini bilməlidir. Bu baxımdan İslam aləmi
keçmişdəki mövqeyini bərpa edib iman, elm və
iradə atını bir daha şahlandırmalıdır ki,
ümmətlər içində Məhəmməd(ə)
ümmətini şərəfləndirib dünyaya örnək
olsun.
Bunun
üçün isə İslam dünyası zamana sahib
çıxmalı, verilən İlahi sərmayəni dəyərləndirib
onu yaxşı xərcləməli, yeni üsul və metodlara
yiyələnməlidir. Unutmamalı ki, bu dəyərlərə
sahib çıxmayan cahil bir adam və ya cəmiyyət
üçün zamanın-ay və günlərin necə gəlib
ketməsinin heç bir fərqi yoxdur.
Vaqif Cəliloğlu
Bakı
xəbər.- 2011.-21 noyabr.- S. 15.