Azərbaycan virtual məkanda: milli maraqlarımızı necə təmin edək

 

İnformasiya texnologiyalarının inkişafı, cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası və ümumiyyətlə, informasiya cəmiyyətinin formalaşması ilə əlaqədar insanların informasiyaya, internetə münasibəti dəyişməkdədir. Artıq bu gün internet cəmiyyətdə mühüm fenomenlərdən birinə çevrilib.

   həmin səbəbdən virtual məkanda hər bir xalq və dövlətin gücü, qüdrəti onun malik olduğu elektron informasiya vasitələrinin xüsusi çəkisilə ölçülür. Təsadüfi deyil ki, hazırda dünyanın bir çox inkişaf etmiş ölkələri virtual siyasi baxışlarını və iqtisadi maraqlarını təbliğ etmək üçün sistemli və ardıcıl iş aparırlar. Və təbii ki, belə bir şəraitdə istənilən dövlətin iqtisadi inkişafı, beynəlxalq aləmdə uğurları eyni zamanda ona qarşı yönəlmiş informasiya təcavüzünün qarşısının alınmasından asılıdır.

 

   Milli maraqlarımızı təmin etmək üçün həm də virtual Azərbaycanı formalaşdırmalıyıq 

 

   Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası"nda qeyd olunduğu kimi, ölkəmizin milli maraqları təkcə real dünyada deyil, eləcə də virtual aləmdə təmin olunmalıdır. Bu baxımdan Virtual dünyanın bir seqmenti kimi, Virtual Azərbaycanın formalaşması və genişlənməsində hər bir azərbaycanlının, xüsusilə də alim, mütəxəssis və KİV nümayəndələrinin iştirakı çox vacibdir.

   Virtual məkanda milli maraqlarımızı təmin etmək məqsədilə 15 yanvar 2001-ci ildə yaradılan ən nəhəng internet ensklopediyasının (Vikipediya) müxtəlif dil bölmələrnində azərbaycanlı istifadəçilərin fəallığının artması sevindirici haldır. Belə ki, 2007-ci ildə Vikipediyanın Azərbaycan dili bölməsində cəmi 3 min məqalə yerləşdirilmişdirsə, hazırda onların sayı 50 mindən artıqdır. Artıq Azərbaycan haqqında müxtəlif məzmunlu məlumatların Vikipediyada yerləşdirilməsi vətənimizin dünyada daha yaxşı tanınması üçün real zəmin yaradıb.

   Danılmaz faktdır ki, keçən əsrin 90-ci illərin informasiya blokadasının dağıdılmasında milli təhlükəsizliyimizə xidmət edən digər sahələrdə olduğu kimi, Azərbaycanın virtual məkanında da uğurlu addımlar atılıb. Tariximizi, dilimizi, musiqimizi, ədəbiyyatımızı, adət-ənənəmizi qorumaq; bizlərə mənsub məxsusi dəyərlərimizin təhrif olunmasının və başqaları tərəfindən saxtalaşdırılmasının qarşısını almaq; ölkəmizə qarşı informasiya hücumlarına layiqli cavab verib virtual təcavüzlərə, yalan və böhtanlara qarşı fəal və ardıcıl mübarizə aparmaq virtual məkanda milli maraqlarımızın əlifbasına çevrilib. Biz virtual məkanın bütün texniki imkanlarından istifadə edib, dünya azərbaycanlılarını "bir yerə yığmalı" və ümumi informasiya məkanı yaratmalıyıq. İnformasiya kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməklə kimlərinsə əlində olan yeganə qramafon valında və ya kasetdə saxlanılan nadir musiqi nümunələrimiz və xalq mahnılarımızın itməməsinə nail olmalyıq. Elə etməliyik ki, qiymətli kitablar, tarixi sənədlər, eksponatlar və s. kimi incilərimiz zaman keçdikcə müxtəlif aşılanmalar nəticəsində məhv olmasın. Onlardan indiki və gələcək nəsillər istifadə edə bilsin. Bir sözlə, Azərbaycanın maraqlarını təkcə fiziki yox, həm də virtual dünyada-internetdə müdafiə etməyi bacarmalıyıq. Bunun üçün Vikipediya və dünyanın digər "kollektiv beyin"lərinə daxil olmalı, onların imkanlarından istifadə etməli, ümumiyyətlə, Virtual Azərbaycanı formalaşdırmalıyıq. Bu xəzinəyə öz töhvəsini verən hər bir Azərbaycanlı unutmamalıdır ki, bununla o, ilk növbədə öz vətəninə, öz xalqına xidmət etmiş olur.

 

   Səngərdə olduğu kimi virtual məkanda da "düşmən susdurulmalıdır"

  

   Milli maraqlarımızın virtual məkanda təmin edilməsinin prioritet ictiqaməti sözsüz ki, torpaqlarımızın 20 faizini işğal edən, oradakı maddi-mənəvi dəyərlərimizin bir hisssəsini dağıdan, digərini qriqoriyanlaşdıran ermənilərə həmin məkanda cavab verməkdir. İnformasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğluna görə, milli maraqlarımızın internet məkanda qorunması üçün mühüm şərtlərdən biri yeni texnologiyalar əsasında yaradılmış proqram təminatlı sistemlərin mühafizəsidir. Çünki haker hücumları daha çox bu növ informasiya resurslarına yönəlir. Sözsüz ki, bu hücumlar əsasən Azərbaycanla müharibə vəziyyətində olan işğalçı Ermənistan dövlətinin informasiya strukturları, erməni lobbisinin idarəsində olan qruplar, fərdlər tərəfindən həyata keçirilir. Ümumiyyətlə, bu gün virtual məkan vasitəsilə milli maraqlarımıza edilən qəsdlər təkcə Ermənistandan deyil, Rusiya, Çin, ABŞ və digər ölkələrin ərazisindən də gəlir.

   "Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsində hansı addımlar daha effektli olar?" - sualını, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev belə cavablandırıb: "Real məkandakı qonşu" və "virtual qonşu" bir qədər fərqli anlayışlardır. Bu həm dövlət baxımından, həm də təşkilat baxımından belədir. Real məkandan fərqli olaraq virtual məkanda aparılan informasiya mübarizəsi, hücumu, müdafiəsi kimi məsələlər başqa şəkildə həll olunur. Ona görə də, Azərbaycanın maraqları virtual məkanda bəzi dövlətlər tərəfindən təhlükə altına alınır. Xüsusən də, Ermənistan Azərbaycana qarşı informasiya müharibəsində fəal iştirak edir. Əlbətdə, biz də sakit dayanmırıq və onlara qarşı tədbirlər görürük. Azərbaycan həqiqətlərinin dünya içtimaiyyətinə çatdırılması üçün virtual məkanın imkanlarından geniş istifadə edirik. Burada əsas problem kibercinayətkarlığa qarşı mübarizədir".

   Milli maraqlarımızın virtual məkanda təmin edilməsi şübhəsiz ki, bu sahədə kibercinayətkarlığa, terrorizmə, ekstrimizmə qarşı mübarizədən keçir. Terrorçuların internet vasitəsilə asan və iz buraxmayan informasiya mübadiləsi, şəbəkələşməsi, sıralarının genişləndirməsi halları çox ciddi təhlükədir. Azərbaycanın işğal altında olan ərazilərinin bir çox internet resurslarında başqa dövlət kimi göstərilməsi faktı seperatizmin varlığını qoruya bilməsindən xəbər verir. Qanunsuz bank əməliyyatları, hakerlik, piratlıq, parnoqrafik materialların istehsalı kimi qadağan olunan, cinayət tərkibli, təxribat xarakterli informasiyalar milli maraqlarımızı baltalayan parazitlərdir. Həmin səbəbdən bəzi ekspertlər hesab edirlər ki, milli maraqlarımız uğrunda mübarizə üç formada təşkil olunmalıdır. Birincisi, resursların tam şəkildə qorunmasına nail olmaq və hücumlardan sığortalanmaq lazımdır. Bunun üçün ilk növbədə beynəlxalq təcrübə öyrənilməli, müdaxilə hallarının qarşısının alınmasını təmin edən proqramlar tətbiq edilməlidir. İkincisi, edilən hücumların keyfiyyətini, kəmiyyətini, qüvvəsini, xarakterini izləmək, öyrənmək, nəzarətdə saxlamaq lazımdır. Üçüncüsü, hücumları bəzi hallarda əks hücumla cavablandırmaq lazımdır. Bu hal beynəlxalq standartlara cavab verməsə də, fəqət nəzərə almaq lazımdır ki, düşmən tərəf həmin üsuldan mütəmadi istifadə edir. Çünki söhbət işğalçı, cinayətkar bir dövlətdən - Ermənistandan gedir.

   Doğrudur, Hal-hazırda BMT və onun müvafiq qurumları, AŞ və Avropadan fəaliyyət göstərən digər təsisatlar kibercinayətkarlığa qarşı mübarizə aparmaq üçün müəyyən işlər görür. Lakin real məkanda olduğu kimi, virtual məkanda da işğalçı Ermənistan bunlara məhəl qoymur. Çünki dünyanın aparıcı dövlətləri bu münaqişəyə internet məkanda da ikili standartdan yanaşır. Halbuki, Azərbaycanın milli maraqlarını virtual məkanda standartlara layiq qoruması həmin dövlətlər tərəfindən dəfələrlə bəyan olunub. Bunu BMT-nin, Beynəlxalq Telekommunikasiya İttifaqının illik hesabatlarında, Davos iqtisadi forumun sənədlərində Azərbaycanın layiqli yer tutması sübut edir.

   Virtual məkanda milli maraqlarınmızın qorunması üçün Azərbaycan mötəbər beynəlxalq təşkilatlarla sıx əlaqə qurub. Bu il Bakıda "Kiber və milli təhlükəsizlik. NATO-nun siyasəti və milli baxış" mövzusunda keçirilən konfrans da bu amala xidmət edir. Bu tədbir NATO-nun koordinatoru missiyasını yerinə yetirən. Rumiyanın ölkəmizdəri səfirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Rabitə və İformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunmuşdu. Konfransda çıxış edən Rumiyanın Azərbaycandakı səfiri N.Ureki iştirakçılara NATO-nun Lissabon sammitində qəbul olunmuş yeni konsepsiyasında kibertəhlükəsizliklə bağlı məqamlar barədə məlumat verib. Konfrans, internet məkanda artan təhlükəni nəzərə alaraq bu sahədə normativ-hüquqi bazanın yaradılmasının zəruruiliyini qeyd etdi. Rabitə və iformasiya texnologiyaları nazirinin müavini E.Vəlizadəyə görə, bu gün münaqişələr artıq virtual məkana keçir, informasiya texnologiyalarının inkişafı cinayətlərin yeni növlərini yaradır. Tədbirdə çıxış edən MTN-nin departament rəhbəri K.Kərimov internetdə Azərbaycan haqqında yalan informasiyaların yayılması halları barədə danışıb: "Elektron ensiklopediyalarında, məsələn Vikipediyada Azərbaycan haqqında yalan infarmasiyaların yayılması faktları mövcuddur və bu, bizi ciddi narahat edir. Bu hal Azərbaycanın və Azərbaycan xalqının beynəlxalq səviyyədə imicinə neqativ təsir göstərir. Biz bu istiqamətdə müəyyən addımlar atacağıq". MTN idarə rəisi qeyd edib ki, Ermənistan yalnız Azərbaycan ərazisinin bir hissəsini işğal etməyib, həm də Azərbaycana qarşı virtual dünyada təcavüzkarlıq edir. Ermənistan yalnız öz milli resursları vasitəsilə deyil, həm də qonşu dövlətlərin seqmentləri vasitəsilə Azərbaycan qarşı kiberhücüm həyata keçirir.

   Məlumdur ki, istənilən dövlətin internet məkanda milli maraqlarını mütləq mənada qoruması qeyri-mümkündür. Çünki, informasiya və kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə edən əks tərəfin kiberhücümlarına qarşı tədbirlər müdafiə xarakteri daşıyır. Həmin səbəbdən heç bir ölkə, heç bir insan, heç bir vətəndaş bu təhlükələrdən sığortalanmayıb. Bu məkanda Azərbaycanın milli maraqlarının maksimum təmin edilməsi üçün qeyd olunan tədbirlərlə yanaşı, AMEA-nın AZSciepse Net kompüter şəbəkəsinin CERT komandası formalaşdırılıb və o, Avropanın nüfuzlü qurumları tərəfindən sertifikatlaşdırılıb, akkreditasiya olunub.

   Bütün bunlar Azərbaycan hökumətinin gördüyü tədbirlərdir. Lakin real məkanda milli maraqlarımızın qorunması səngərdəki hər bir əsgərin, hər bir vətəndaşın borcu olduğu kimi, virtual məkanda da bu vəzifə hər bir internet istifadəçisinin vətəndaş borcudur. Bir sözlə, vətənimizi və hər birimizi dünyaya tanıtmaq istəyiriksə, Virtual Aazərbaycanı formalaşdırmalıyıq!

 

 

  Vaqif CƏLİLOĞLU 

 

  Bakı xəbər.- 2011.- 22 noyabr.- S. 15.