Milli Azərbaycan
ailəsində dayəlik institutu...
Uşaqların
təlim-tərbiyəsinin yaxşı olması əksər
valideynlərin ən böyük arzusudur desək, yəqin ki,
yanılmarıq. Ailədə böyüyən
övlad həm valideynin, həm də nəslin
davamçısıdır. Hər bir
ata-ananın arzusudur ki, uşağını öz ailə
qayda-qanunlarına uyğun formada böyüdüb tərbiyə
etsin. Qan yaddaşı ilə gələn
bir çox genetik daşıyıcılar uşaqların
varlığına sirayət edir.
Ancaq zaman dəyişdikcə
bərabərində bir sıra yenilikləri gətirir ki, bu
da, istər-istəməz, uşaqların tərbəyəsinə
təsirsiz ötüşmür. Bu
tendensiya ailələrə dayələrlə birgə daxil
olub. Məlum olduğu kimi, bir sıra ailələrdə
analar işlədiyi üçün, bəziləri isə
sadəcə özünə əziyyət verməməkdən
ötrü uşağını dayə himayəsinə
verir. Çünki bir çoxları
övladını bağçaya qoymaqdansa, dayə
tutmağı üstün tutur. Adətən
dayəlik edənlər xüsusi qabiliyyətə və
bacarığa malik olmalıdır. Bizdə isə kim gəldi bu işlə məşğul olur.
Bəlli bir məvacib müqabilində bu işlə
məşğul olurlar. Faktiki olaraq, uşaqların tərbiyəsi
həvalə edilən dayələrin yarıdan çoxu əslində
bu iş üçün yararlı deyil. Bu
gün nəinki imkanlı ailələr, hətta orta səviyyədə
dolananlar da uşaqlarını dayəyə həvalə edir.
Dayələrin isə, demək olar ki, heç
biri uşaq tərbiyəsilə məşğul olmaqdan
ötrü xüsusi təlim keçməyib. Sadəcə, işsizlik ucbatından uşaq
saxlamağa meyl göstərirlər. Heç
ailələr də onlardan soruşmur ki, sən mənim
uşağımı hansı metodla tərbiyə edəcəksən,
övladım nə dərəcədə mənim istəyimə
uyğun inkişaf edəcək? Valideynin
dayələrdən yeganə istəyi odur ki, uşağı
normal qidalansın, yatsın, bir də gününü şən
keçirsin. Qalanlar isə onu
maraqlandırmır. Bəlkə də
daxilində uşağında baş verən bəzi dəyişikliklər
onu narahat edir. Ancaq işinin
çoxluğundan bu məsələni üzə vurmur.
Dayələr
tərəfindən tərbiyə edilən uşaqlarla valideyn
qanadı altında, yaxud uşaq bağçasında
böyüyən uşaqlar arasında böyük fərq
olur. Müşahidələr göstərir
ki, dayələrin saxladığı uşaqlarda bir sıra dəyişikliklər
hiss edilir. Bu da ondan ibarətdir ki, uşaq
mənsub olduğu ailənin, ata-anasının xasiyyətini,
genetik xüsusiyyətləri deyil, birbaşa o dayənin xasiyyətini
götürür. Yəni uşaq öz
genetik xüsusiyyətini itirərək dayəyə
oxşamağa başlayır. Bu da dayənin
uşağa öz xarakterini təlqin etməsindən irəli
gəlir. Düzdür, bunu bütün dayələrə
şamil etmək olmaz. Ancaq bu işlə məşğul
olanlar sırasında qeyri-peşəkarların böyük
çəkiyə malik olması narahatlıq doğurur. Dayəlik Azərbaycan ailələrində geniş
yayılmasa da, olanların yuxarıda göstərilən tərzdə
olması narahatlıq doğurmaya bilməz. Bütün hallarda uşağın mənəvi
baxımdan öz ailəsilə əlaqəni itirməsi
böyük faciədir. Uşağı dayə ilə
başlı-başına buraxmaq olmaz ki, sən get mənim
uşağımla istədiyini et. Ən azından, uşağın tərbiyəsinə
valideynin bəlli bir nəzarəti olmalıdır. Yəni uşaq dayə himayəsində olanda belə,
ana, nənə nəzarət etməlidir ki, o uşaq ailənin
xarakterinə uyğun böyüsün. Problem
ondadır ki, indiki dayələrin çoxu savadsızdır.
Adi evdar qadınlar uşaqlara yüksək nə
verə bilər ki? O üzdən ailələr dayə məsələsinə
həssaslıqla yanaşmalı və son dərəcə
diqqətli olmalıdır. Bir məqamı da nəzərə
almaq lazımdır ki, dayənin işi təkcə
uşağı yedirib-içirməkdən və geyindirməkdən
ibarət olmamalıdır. Normalda
uşağa baxan dayənin ilkin tibbi yardımdan tutmuş,
uşağı necə tərbiyə etməli olduğuna qədər
hər şeydən məlumatı olmalıdır. Necə deyərlər, o yarı psixoloq, yarı
ata-ana olmalıdır. Təəssüflər
olsun ki, bizdə peşəkar dayələr
olmadığı üçün bu deyilənlər problem
olaraq qalır. Əslində, dayə
savadlı olmalıdır. Öz işini
yaxşı bilməlidir ki, uşaqları tərbiyə etsin.
Peşəkar dayə bilir ki, uşaqla necə rəftar
etməlidir, onunla hansı formada məsafə
saxlamalıdır. Dayə əvvəlcə
ailənin strukturunu öyrənməlidir. Bilməlidir
ki, bu ailə demokratikdirmi, mühafizəkardırmı,
kosmopolitdirmi və s. Bütün bu xüsusiyyətləri
öyrəndikdən sonra uşağı onun ailəsinin
ruhuna uyğun tərbiyə etməlidir. Bu
gün peşəkar dayələrin yetişməsinə
böyük ehtiyac var.
Bütün
bu deyilənlərin və deyilməyənlərin fonunda bu
gün Azərbaycanda dayəlik institutunun vəziyyəti necədir?
Hansı problemlər daha qabarıq şəkildə
özünü göstərir? Bu sahənin
inkişafı üçün hansı işlərin
görülməsinə ehtiyac var?
Məsələyə
münasibət bildirən tanınmış sosioloq Əhməd
Qəşəmoğlunun sözlərinə görə, Azərbaycanda
bu sahədə vəziyyət ürəkaçan səviyyədə
deyil: "Dayəlik məsələsi bu gün Azərbaycanda
ən aktual məsələlərdən biridir. Çünki müstəqil dövlət olaraq bizim
qarşımızda duran ən mühüm məsələ
layiqli yeni nəsil yetişdirməkdir. Bu
layiqli yeni nəsli yetişdirməkdə ən mühüm
rol oynayanlardan biri valideynlər və dayədir.
Bilirsiniz, dayə yaxın qohum, yad adam da
ola bilər. Bütün hallarda bu adam gələcək
şəxsiyyətin formalaşmağında əlahiddə
xidməti olan bir adamdır. Çünki, bir qayda olaraq, dayəni
körpə uşaq sevir, onu təqlid edir, hərəkətlərini
təkrarlayır, ondan enerji alır, gələcək həyat
üçün nümunələr, vərdişlər
götürür və s. Ona görə də biz uşaq
üçün tutulan dayənin kimliyinə çox ciddi
fikir verməliyik. Bizim İslam tarixində,
nağıllarda buna çox diqqət edirdilər. Yəni dayənin özü halal bir adamdırmı?
Hansı nəsildəndir və s. İndi isə görünən
odur ki, bu kimi xüsusiyyətlərə o qədər də əhəmiyyət
verilmir. Biri rus dayəsi götürür, digəri
isə əcnəbi dayəyə üstünlük verir.
Elələri də var ki, kim gəldi onu
dayəliyə götürür. Nəzərdən
qaçırırlar ki, dayə uşağın taleyini
formalaşdırmaqla yanaşı, onun həyatında da
mühüm rol oynayır. Ona görə də
hesab edirəm ki, Azərbaycanda dayələr hazırlayan
xüsusi məktəblər və kurslar olmalıdır.
Bütün valideynlər anlamalıdır ki, hər
adamdan dayə olmaz. Dayə çox vətənpərvər
və savadlı adam olmalıdır. Dayənin uşağa qulluq etmək səliqə-sahmanı,
qabiliyyəti olmalıdır. Bütün
hallarda uşağa xüsusi məhəbbəti
olmalıdır. Ən başlıcası,
dayə savadlı olmalıdır. Şəxsən
mən hesab edirəm ki, savadsız dayə ümumiyyətlə
uşağa yaxın buraxılmamalıdır. Hazırkı dövrdə dayəliklə
bağlı xeyli kitab var. Ancaq təəssüf ki, bu
kitabların çoxu Azərbaycan dilində deyil. Doğulan gündən başlayaraq uşaqla nə
cür rəftar etməklə bağlı çoxlu elmi kitab
var. Dayə bu kitabları oxuya biləcək səviyyədə
olmalıdır. Çünki bir var kimsə
özündən nəsə fikirləşib edir, bir də
odur ki, başqalarının təcrübəsini öyrənir.
Bilir ki, uşağa yataqda nə cür qulluq etmək,
havasını nə cür dəyişmək olar. Xəstələnəndə nə etmək olar.
Ona görə də dayəlik adi məsələ
hesab olunmamalıdır. İndiki vaxtda Azərbaycanda
dayəliyin səviyyəsi qeyri-qənaətbəxşdir".
Ə.Qəşəmoğlu
dayəliklə bağlı vəziyyətin Azərbaycanda
qeyri-qənaətbəxş səviyyədlə
olmasını bir sıra obyektiv və subyektiv səbəblərlə
əlaqələndirdi: "Lap əvvəllər bununla
bağlı müəyyən bir ənənə var idi və
hesab edirdilər ki, hər adamdan uşağa dayə olmaz.
Ancaq sovet vaxtında və son 20-25 il ərzində
dünya çox dəyişdi. Dünya
artıq başqa dünyadır, qabaqkı dövr deyil. Əvvəlki adət-ənənələr də
indiki deyil. Bu gün Azərbaycanda normal dayəlik
institutunun oturuşmamasının səbəblərindən
biri də odur ki, valideynlərin özü bu sahədə
lazımi səviyyədə maariflənməyib, təsəvvürü
yoxdur. O üzdən, bu sahədə bir pərakəndəlik
hökm sürür. Milli müstəqil dövlətdə
humanitar problemlərin həlli ilə bağlı ciddi elmi təhlillərə
söykənən fəaliyyət proqramları olmalıdır.
Problem ondadır ki, bu kimi məsələlərə
Azərbaycanda elmi baxış, fəaliyyət proqramı, diqqət
yoxdur. Ona görə də bu gün dayəlik
institutu ilə bağlı vəziyyət olduqca arzuolunmaz səviyyədədir.
Fərz edək ki, biri gedib Filippindən
uşağına dayə gətirib. Həmin
dayənin uşağa verdiyi tərbiyə nə olar? Belə şeylər olmamalıdır. Mütləq ölkədə dayə hazırlayan
xüsusi kurslar olmalıdır. Bu məsələyə
düşünülmüş, ağıllı şəkildə
baxmaq və yanaşmaq lazımdır. Çünki buna
çox böyük ehtiyac var. Yaranmış ehtiyacdan
çıxış edərək, dayə hazırlayan
kursların yaradılmasına ehtiyac var. Onu da qeyd edim ki, bu sahə
pedaqoji profilə yaxın olduğu üçün Azərbaycan
Dövlət Pedaqoji Universitetin nəzdində belə bir kurs
açmaq mümkündür. Bir növ
sözügedən mövzunu qabartmaqla mənə ideya vermiş
oldunuz. O baxımdan özüm də sözügedən
məsələ ilə bağlı araşdırma
aparacağam. Lazım gələrsə, bu haqda ali
məktəb rəhbərlərindən biri ilə də
danışacam. Ən azından, belə
kursların təşkil olunması ilə bağlı
ehtiyacı nəzərdən keçirmək olar.
Bütün hallarda Pedaqoji Universitet sözügedən
kursların təşkil olunması üçün daha
uyğun ali məktəbdir.
Hazırda Bakı
Dövlət Universitetinin sosial iş fakültəsində dərs
deyirəm. Bəzən deyirlər ki,
sözügedən fakültəni bitirənlər gedib dayəlik
etməlidir. Bu tamamilə yanlış
yanaşmadır. Çünki ali təhsillilər
dayəlik deyil, sadəcə bu işi təşkil etməlidir.
Dayəlik işinin icraçıları
kursları bitirən adamlar olmalıdır. Bunun
üçün vacib deyil mütləq qeyri-adi ali
məktəb qurtarasan. Dayəlik etmək
üçün 1 illik kurs oxumaq yetərlidir. Əsas odur ki, dayə savadlı, geniş
dünyagörüşlü olsun.
Ən
başlıcası isə, uşağı milli ruhda, Azərbaycan
ailəsinə xas olan səciyyəvi xüsusiyyətlərin
təsiri altında tərbiyələndirsin. Bunlar olmadan dayə tutmağa dəyməz. Bir məqamı da nəzərə almaq
lazımdır ki, bir çox xarici dövlətlərdə
dayələrin uşaqla aqressivcəsinə davranması ilə
bağlı faktlar ortaya çıxır. Dayə götürərkən bu kimi məqamlara da
xüsusi diqqət və nəzarət etmək lazımdır
ki, sonra hansısa xoşagəlməz hadisələrin baş
verməsinə zəmin yaranmasın".
Vidadi
ORDAHALLI
Bakı xəbər.- 2011.- 22 noyabr.-S.12.