Azərbaycan telekommunikasiyası inkişaf yolunda

 

  Dünyanın bu başında yaşayan insan Bir göz qırpımında yer üzünün o biri bucağında yaşayan insana qovuşur, əlaqə qurur, ünsiyyət yaradır. Bu o qədər ani baş verir ki, buna insanın özü də təəccüb edir. Dünyanı bir-birinə qovuşduran, insanları bir neçə dəqiqə ərzində virtual da olsa görüşdürən texniki vasitələrdir. Müasir dillə desək, onlar telekommuniksiya xidmətlərindən yararlanaraq əlçatmaz olan görüşlərini reallaşdırır.

   Ancaq elə vaxtlar olub ki, insanlar uzaq yerlərdə yaşayan doğmaları ilə adicə bir telefon söhbətini gerçəkləşdirə bilməyib. Bu da o dövrün rabitə-telekommunikasiya sahəsinin inkişaf etməməsindən irəli gələn məsələdir. Məlumatlara görə, 20-25 il əvvəl nəinki bölgələrdə, heç Bakının özündə fəaliyyət göstərən telefon qovşaqları da əhaliyə normal xidmət göstərə bilməyib. Hətta şəhərlərarası danışıq məsələlərində də ciddi problemlər yaşanırmış. Sovet dövründə Azərbaycanda telekommunikasiyanın elə də sürətlə inkişaf etmədiyini deyən mütəxəssislərin sözlərinə görə, əhali bu sahədə ciddi çətinliklərlə üzləşirmiş. Keçən əsrin 90-cı illərinin əvvəllərində bu problem daha da qabarıq görünürdü. Telefon qovşaqlarında ciddi problemlər yaşanırdı.

   Son dövrlər isə bu problem ümumiyyətlə aradan qaldırılıb. Bu gün telekommunikasiya dedikdə yalnız telefonlaşmadan, bu sahənin inkişafından söhbət getmir. Telekommunikasiya böyük bir sahəni əhatə edir. Mobil rabitədən tutmuş, şəhər və kəndlərin telefonlaşmasına, kompüter-internet xidmətlərinə qədər geniş bir arealı öz qanadları altına alır.

   Azərbaycanda telekommunikasiya sahəsinə xüsusi önəm verilir. Əhalinin bu vasitədən istifadə etməsinə hər cür şərait yaradılır. İnternet resurslarının, mobil telefon xidmətlərinin, bu sahəyə tətbiq edilən bir sıra uğurlu nailiyyətlərin istifadəçiləri təmin etdiyi məlumdur. Xüsusən də öz işini daha çevik, mobil ruhda qurmaq istəyən insanlara telekommunikasiya sahəsində çox geniş imkanlar açılıb.

   Qeyd edək ki, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu 14 iyun 2005-ci ildə qəbul edilib. Qanunda telekommunikasiyanın inkişaf istiqamətləri, bu sahədə mövcud olmuş problemlərin aradan qaldırılması yolları göstərilib: "Bu qanun Azərbaycan Respublikasının Telekommunikasiya sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və telekommunikasiya resurslarının məqsədyönlü planlaşdırılmasını və ədalətli istifadə olunmasını tənzimləyir".

   Azərbaycan telekommunikasiyasının keçdiyi yol, sözsüz ki, hamar olmayıb, o böyük problemlərin sınağından çıxaraq müasir həyatımıza daxil olub. Dünən mövcud olan qayğıların böyük əksəriyyəti arxada qalıb, meydana uğurlu işlər çıxarılıb.

   "Aztelekom" İstehsalat Birliyinin baş mütəxəssisi Zeynal Novruzov bizimlə söhbətində telekommunikasiyamızın özünün inkişaf yoluna hansı çətinlikləri dəf edərək müasir dövrdə qədəm qoymasının sirlərini açıqladı.

   Z.Novruzov bizi elə mətləblərdən xəbərdar etdi ki, o faktlar, hadisələr geniş oxucu kütləsinə tanış deyil.

   Onun sözlərinə görə, dünyada telekommunikasiyanın (rabitənin) yaranma tarixi XIX yüzilliyə təsadüf edir. Belə ki, 1876-cı ildə Amerikada lal və karlar məktəbinin müəllimi Aleksandr Bell ilk telefonu icad edərək nümayiş etdirib. Bu ixtiradan 5 il sonra isə Bakıda "Qafqaz və Merkuri" Gəmiçilik Cəmiyyətində telefon rabitəsindən istifadə edilib. 1885-ci ilə qədər paytaxtımızda artıq 14 telefon aparatı mövcud olub. 1907-ci ildə isə Bakının mərkəzində 1200-ə qədər abunə tutumu olan 7 ədəd komutator fəaliyyət göstərib. Telekommunikasiyanın, informasiya-kommunikasiya texnologiyalarının müasir həyatımızın döyünən nəbzi sayıldığını bildirən Z.Novruzov bütün fəaliyyət sahələrində bu yenilikdən istifadə edildiyini qeyd etdi: "Telekommunikasiya, internetdən istifadə, mobil telefonların göstərdiyi xidmətlər insanların birbaşa həyatına sirayət edir. Telkommunikasiya yalnız zamanın vuran nəbzi deyil, eyni zamanda, obrazlı desək, insanların damarlarından axan qandır. Nə qədər ki, bu qan damarlarımızda dövr edir, yəni telekommunikasiya sahəsi işləkdir, həyat qaynayır, əlaqələr qurulur, insanlar bir-birilə əlaqə yaradır. Amma kommunikasiya vasitələrinin fəaliyyəti donsa, insanda böyük bir boşluq əmələ gəlir. Sanki oksigen çatmır, hava ağırlaşır. Cəmiyyətdə, fəaliyyət sahəsində istifadə edilən texniki vasitələrin hamısı telekommunikasiyanın təzahürüdür. Azərbaycan telekommunikasiyası o dərəcədə inkişaf edib ki, bu sahədə dünyanın ən qabaqcıl ölkələrinin səviyyəsinə çatmışıq. Elə kütləvi informasiya vasitələrinin özünün də işinin yüksək səviyyədə qurulmasında telekommunikasiya vasitələrinin böyük rolu var. Sovet dövründə isə telekommunikasiyanın mətbuata təsiri, demək olar ki, hiss edilmirdi. Bu gün istənilən mətbuat orqanında telekommunikasiyanın izləri görünməklə yanaşı, həm də bu sahədəki yeniliklər, nailiyyətlər KİV-lərdə yer alır".

   Azərbaycan telekommunikasiyasının əsas inkişafını iki mərhələyə bölmək olar. Baş mütəxəssisə görə, bu, mərhum prezident Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrləri əhatə edir. H.Əliyevdən əvvəl respublika rəhbərlərinin bu sahəyə elə də əhəmiyyət vermədiyini deyən Z.Novruzovun sözlərinə görə, H.Əliyev Mərkəzi Komitənin birinci katibi işlədiyi dövrdə (1969-1983) telefon rabitəsi sahəsinə böyük qayğı göstərib. Bu yöndə bir neçə qərar qəbul edib: "Rabitə sahəsinin əsas inkişafı ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyi dövrünə aiddir. Hələ Sovet dönəmində onun tərəfindən Bakı şəhərinin rabitə sisteminin yenidən qurulması, inkişaf etdirilməsi istiqamətində bir neçə qərar qəbul olunmuşdu. O bu sahəyə xüsusi diqqət yetirirdi. Heydər Əliyevin rəhbərliyi dövrünə qədər Azərbaycanda telefon rabitəsi sahəsi inkişafdan geri qalmışdı. O biri respublikalar bizdən xeyli irəlidə idi. Onun qərarları bu ləngiməni aradan qaldırmaq üçün verilmişdi. Qısa zamanda Azərbaycan bu sahədə böyük nailiyyətlər əldə etdi. Paytaxtdan sonra regionların, ucqar dağ kəndlərinin də telefonlaşdırılması ilə bağlı işlər görüldü. Bu sahədə ikinci inkşaf mərhələsi yenə də Heydər Əliyevin adı ilə bağlıdır. Ən müasir, ən güclü texnologiya respublikamıza 1993-cü ildə sonra gətirilməyə başladı.

   Heydər Əliyev və Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin iştirakı ilə Azərbaycanda ilk Beynəlxalq Elektron Stansiyanın açılışı oldu. Həmin stansiyalar istifadəyə verildi".

   Prezident İlham Əliyevin 2004-cü ildə "Regionların sosial-iqtisadi inkişafına dair" sərəncamını yüksək dəyərləndirən Z.Novruzovun fikrincə, bu sənədin meydana çıxmasından sonra Azərbaycan Telekommunikasiyası yeni bir uğurlu yola qədəm qoyub, daha da inkişaf edib": Bu gün Azərbaycanda bir dənə də olsun, koordinat tipli stansiya qalmayıb. Stansiyaların hamısı elektronlaşıb, rəqəmsal fəaliyyətə keçib. Sovet dövründə Azərbaycanın 3000-nə yaxın telefonlaşmamış kəndi var idisə, bu gün Azərbaycanda bu problemdən söhbət gedə bilməz. Hazırda kəndlər, qəsəbələr müasir tipli elektron stansiyaların xidmətindən istifadə edərək telefonlaşır. Bu, Azərbaycan telekommunikasiyasının böyük uğuru deməkdir. Hazırda bir dənə də olsa blokirovkalı telefon yoxdur. Bu çətinlik çoxdan aradan qaldırılıb. İndi NSN-dən istifadə geniş yayılıb. Abunəçilər bir telefon avadanlığının üstünə geniş zolaqlı xətlər qoşmaqla həm danışıq, həm internetdən istifadə etmək, həm də televizora baxmaq və digər multipleks xidmətlərindən istifadə etmək imkanlarına malikdir. 2011-ci ildə isə bütün telefon stansiyaları müasir rəqəmsal stansiyalarla əvəz olunub. Bu sahədə də Azərbaycan telekommunikasiyası birincilər sırasındadır. Hazırda NCN şəbəkə tutumu 30 min nömrəni əhatə edir. Hər yüz ailəyə 16,5 telefon aparatı düşür. Hər 100 nəfərdə 110 mobil telefon var. Bu da o deməkdir ki, 10 milyon nəfərə yaxın adam mobil telefondan istifadə edir.

   Hər 100 nəfərdən 60 nəfəri internet istifadəçisidir. Hər yüz nəfərə isə 20 kompüter düşür. Geniş zolaqlı stasionar şəbəkədən istifadə edən abonentlərin sayı 171200 nəfərdir. Bu da MDB ölkələrinin hər birindən irəlidə olduğumuzu göstərir. Bir neçə il əvvəl bir kilometr fibrooptik kabeli olmayan Azərbaycan respublikasında indi rabitə 5 min kilometrə yaxın fibrooptik kabellə işləyir. Bütün bunlar telekommunikasiyanın müasir inkişafının təzəhürüdür. Fibrooptik kabellərin tətbiqi nəticəsində bu sahədə texnologiyanın güclü inkişafına şərait yaradılıb. Son vaxtlar isə mobil telefonlarda 3 G xidmətindən istifadəyə başlanıb. Eyni zamanda stasionar telefon rabitəsində NSN şəbəkəsindən istifadə tutumları xeyli artaraq 24 min nömrəyə çatdırılıb. Bakı şəhərində, bir neçə rayon mərkəzi (Şamaxı Göyçay) kəndlərdə NCN xidmətləri həyata keçirilir".

   Z.Novruzovun sözlərinə görə, rəqəmsal televiziya texnologiyasının istismara verilməsi, bu sistemə keçid respublikamızı MDB ölkələri içərisində birincilərdən edib: "Azərbaycanda bütün yaşayış məntəqələrinin telefonlaşdırılması MDB ölkələri arasında ilk dəfə olaraq ölkəmizdə başa çatdırılıb. Müqayisə üçün deyə bilərəm ki, bu gün Rusiya kimi iri dövlətdə hələ çoxlu sayda telefonlaşmamış kənd, qəsəbə, yaşayış məntəqəsi var. Həmçinin Qazaxıstan, Gürcüstan, Ermənistan kimi ölkələrdə bu problem mövcuddur. Ancaq biz onların hamısından xeyli irəlidəyik".

   İnternetə şəhər telefonu ilə qoşulan, lakin sürət məsələsində problemlərlə üzləşən abunəçilərin yaxın zamanlarda bu çətinlikdən xilas olacağını deyən baş mütəxəssis bu istiqamətdə işlər görüldüyünü bildirdi: "Bundan xəbərimiz var. Biz hazırda bu problemin aradan qaldırılması istiqamətində işlər görürük. Xatırladım ki, bir neçə gün əvvəl "Aztelekom" İstehsalat Birliyində provayder təşkilatlarının iştirakı ilə internet xidmətinə dair geniş bir müşavirə keçirildi. "Aztelekom" provayder şirkətlərinə öz dəstəyini təklif etdi. Biz əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün onlara hər cür şərait yaradırıq. Onlar bizimlə ortaq məxrəcə gəldilər. "Aztelekom"da ələqaləndirmə şurasının yaradılması barədə qərar qəbul edildi. Bu şuranın yaradılmasında məqsəd ortaya çıxan bürokratik əngəllərin, çətinliklərin, anlaşılmazlıqların tezliklə aradan qaldırılmasıdır. Əvvəllər bölgələrdə təkcə "Aztelekom" fəaliyyət göstərirdisə, indi digər provayder şirkətləri fəaliyyət göstərir. Bu gün ayrı-ayrı provayderlər bölgələrdə xidmətə başlayıb. İnternetin sürətinin artırılması istiqamində çox böyük işlərə başlamışıq. Nəzərdə tutmuşuq ki, 3 min kilometr fibrooptik kabel çəkilsin, yeni avadanlıqlar quraşdırılsın. Bu da internetin sürətinin artırılmasına yardım edəcək. Bu böyük göstəricidir. Telekommunikasiyanın gələcəyini çox işıqlı görürəm. Mən onun daha geniş inkşafını geniş zolaqlı multipleks avadanlıqlarının tətbiqində görürəm. Telekommunikasiyanın ən yüksək tərəqqisi bununla bağlı olacaq. Müasir insan təkcə telefon rabitəsilə kifayətlənmir. Hamı istəyir ki, evində NCN-nin bütün xidmətlərindən istifadə etsin. Bu nailiyyətdə bir çox servis növü var. İnsanlar artıq öz həyat tərzini bu istiqamətdə qurur. Onlar telekommunikasiya sahəsində böyük bilgilər əldə edir, maariflənir. Bir neçə il əvvələ qədər bölgələrdə yaşayan insanların internet haqda təsəvvürü yox idisə, bu gün ondan çoxları istifadə edir. İndi görüntülü telefonlardan da istifadəyə maraq böyükdür. İnsanlar danışdıqca bir-birini eyni zamanda görə bilir. Camaat istəyir ki, telefonla danışdığı adamın şəklini görsün. Azərbaycan telekommunikasiyası böyük bir inkişaf yolundadır".

   Məktəblilərin telekommunikasiya xidmətlərindən istifadə etməli olduğunu qeyd edən Z.Novruzovun verdiyi məlumata görə, bununla bağlı xüsusi proqram işlənib hazırlanıb": İndi bütün məktəblərdə kompüterləşdirmə həyata keçirilir. "Aztelekom"un özündə orta məktəb müəllimlərinin müsahibəsi təşkil edilir. Onlar üçün treninqlər keçirilir. Bir neçə il sonra Azərbaycanda telekommunikasiyadan istifadə etməyən adam qalmayacaq. Bu servislərdən gələcəkdə tibbdə istifadə ediləcək. Xəstələr evlərini tərk etmədən müayinə olunmaq imkanı əldə edəcək. Yəni bu, uzaqdan səhiyyə xidməti göstərmək imkanı verəcək. Bu gün elektron hökumətin yaradılmasından söhbət gedir, bu da, elektron imza məsələsi telekommunikasiyanın inkişafı ilə əlaqədardır. İşimizin uğurudur. Bu, Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin köməyilə həll edilir. Proqramı da nazirlik hazırladı".

 

 

  İradə SARIYEVA

 

  Bakı xəbər.- 2011.- 25-27 noyabr.- S. 15.