Azərbaycanda son 10 ildə əhalinin sayı 1 milyon artıb

 

  Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi və əhalinin maddi rifah halının nə dərəcədə yüksək olmasını göstərən əsas parametrlərdən biri də orta ömür amili ilə bağlıdır. Təbii ki, burada ətraf mühit, ekoloji amil və bu qəbildən olan digər məqamlar da önəmli rol oynayır. Lakin əsas amillər sırasında həm də insanların sosial tələbatının ödənilməsi üçün yaradılan şərait, əldə olunan qazanc, onun digər ehtiyaclarını qarşılanması da yer alır.

   Qeyd olunanlar konekstində isə Azərbaycanı son illər nümayiş etdirdiyi dinamik inkişaf həm əhalinin maddi rifah halının yüksəlməsinə, həm də orta ömür həddinin artmasına gətirib çıxarıb. Dünya ölkələrində orta ömür müddəti həyat səviyyəsində, ekoloji vəziyyətə müvafiq olaraq müxtəlif cür müəyyənləşib. BMT-nin 2005-2010-cu illərdəki göstəricilərə əsasən açıqladığı siyahıda Azərbaycan dünyanın orta göstəricisi ilə eyni mövqedədir. Təbiidir ki, Avropa ölkələrində və Asiyanın sürətlə inkişaf edən cənub-şərq ölkələrində, həmçinin Amerika qitəsində orta yaş müddəti orta göstəricidən daha yüksəkdir. Ən az orta yaş göstəriciləri isə Afrikanın mərkəzi və cənub ölkələrində qeydə alınır. Azərbaycan isə , Avropa ölkələrində və Asiyanın sürətlə inkişaf edən cənub-şərq ölkələrin nümayiş etdirdiyi göstəriciyə yaxınlaşır. Təkcə birfaktı qeyd etmək lazımdır ki, son on ildə Azərbaycanda orta ömür 6 il əhalinin sayı 1 milyon nəfər artıb. Araşdırmalar göstərir ki, bu səbəbdən pensiya alanların orta yaşlı kişilərdə 74,5, qadınlarda isə 75,8 təşkil edir.

   Bütün bunlar həm də ölkəmizdə əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, zəngin intellektual potensialın yaradılması, təhsil, səhiyyə və digər mühüm sahələrdə göstərilən xidmətlərin keyfiyyətlərinin əhəmiyyətli dərəcədə yüksəldilməsidir. Bu mənada təsadüfi deyil ki, dövlət büdcəsindən ayırmalarda sosialyönümlü xərclərin miqdarı xüsusi çəkiyə malikdir və sözügedən istiqamətdə sərf olunan vəsaitlərin həcmi hər keçən il daha da çoxalır. Təhsil, səhiyyə kimi vacib sahələrdə həyata keçirilən islahatlar, güclü maddi-texniki bazanın yaradılması, insanların maddi gəlirlərinin artması, onların layiqli həyat tərzinin təmin olunması istiqamətində dövlət tərəfindən görülən işlər Azərbaycanın ümumi tərəqqisinin vacib göstəriciləri sırasında yer alır və insanların orta ömür həddinin artmasına təsir göstərir.

   Daha bir mühüm məqam isə ondan ibarətdir ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində inkişafın mühüm bazası və göstəricisi olan insan kapitalının formalaşdırılmasına hər zaman xüsusi diqqət yetirilir. Çünki istənilən ölkənin inkişafının əsasında ən əsas məqamlardan biri məhz insan kapitalının yaradılması, onun daha zəngin hala gətirilməsidir. Ölkəmizdə isə bu müstəvidə konkret addımlar atılmaqda, günü-gündən güclənən iqtisadiyyat fonunda böyük insan kapitalı yaradılmaqdadır. Bütün bunlar öz növbəsində Azərbaycanın insan inkişafı indeksi baxımından möhtəşəm nailiyyətə imza atmasını, bu sahədə qazanılan uğurların miqyasının daim genişlənməsini təmin edir. Məhz bunun nəticəsidir ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı məkanındakı ölkələr arasında son 10 il ərzində aparıcı dövlət olub. Qeyd edilən fakt BMT İnkişaf Proqramının son İnsan İnkişafı Hesabatında da aydın şəkildə öz əksini tapıb. BMT İnkişaf Proqramının rezident-əlaqələndiricisinin müavini Bahadur Eşonov da bildirib ki, qeyd olunan müstəvidə Azərbaycanın ən yaxşı icraçılar arasında yer alır.

   Bununla yanaşı, hesabatdan o da aydın olur ki, ölkəmizdə müasir dövrdə insanlar daha sağlam və uzunömürlü həyat sürür, həmçinin daha yüksək səviyyədə təhsil ala bilir və daha çox məhsul və xidmət növlərindən istifadə etmək imkanına malikdir. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatında 2005-ci illə müqayisədə 34 pillə irəliləyən Azərbaycan 101-ci yerdən 67-ci yerə yüksəlib. Belə mühüm nailiyyətə imza atan Azərbaycan son on il ərzində postsovet məkanı ölkələri arasında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə malik olub.

   Bütün bunlar is qeyd edildyiki kimi orta ömür səviyyəsinin artımına təsirsiz ötüşmür. Daha bir vacib məqam orta ömür səviyyəsinin artmasına təsir göstərən maddi rifah halının yüksəldilməsidir. Araşdırmalar göstərir ki son 8 ildə ölkəmizdə 940 min yeni iş yeri açılıb ki, onların 600 mini daimidir. Yoxsulluğun səviyyəsi 2005-ci ildə 29,3 faizdən 2009-cu ildə 11 faizə düşüb. Son 2 il ərzində azalmağa doğru gedir.

   Bununla yanaşı, respublikanın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşıması da insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidir. 2011-ci və gələn ilin büdcəsinin də sosialyönümlü olması sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilir. Başqa sözlə, Azərbaycanda uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir.

   Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sessiyasında qeyd olunduğu kimi, səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması bu gün Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilib. Bu istiqamətdə ardıcıl və sistemli şəkildə həyata keçirilən islahatların nəticəsi kimi son illərdə ölkədə təhsil, səhiyyə kimi vacib sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir. Ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.

   Ümumiyyətlə, təcrübə göstərir ki, insan amilinin inkişafına xidmət edən çoxşaxəli siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olur və dünya arenasında özünəlayiq yer qazanırlar. Məlumdur ki, Azərbaycan bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirir. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanıb.

   Beynəlxalq səviyyədə də etiraf olunur ki, bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasında fəaliyyəti təmin edilir. Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi sərvətlərdən bəhrələnməsinə, cəmiyyətdə gedən proseslərə inteqrasiyasına və fərdin kreativliyinin güclənməsinə xidmət edir. Dövlət isə insanlar üçün müdafiəçi rolunu oynayır, onların hüquq azadlıqlarının, o cümlədən bərabərliklərinin təminatçısına çevrilir.

   Bu kontekstdə yaşanan iqtisadi inkiaşfa paralel olaran ekoloci mühitin yaxşılaşdırlıması istiqamətində konkret addımlar atılır.

   Mövcud vəziyyətin təhlili göstərir ki, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Ölkədə yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur ki, bu istiqamətdə müvafiq addımlar atılır.

   Ümumiyyətlə, müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini müəyyənləşdirmək olar: ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi; indiki və gələcək nəsllərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerci mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması; qlobal ekoloci problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.

   Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifə və prinsiplər əsas götürülür: ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi; indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi; eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi; insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanılması.

   Bütün bunlar ölkəmizdə insan, vətəndaş amilinə kifayət qədər yüksək qiymət verildiyini, Azərbaycanın bu kateqoriya üzrə dünyanın lider dövlətləri sırasında yer aldığını göstərir.

 

 

   Samirə SƏFƏROVA

 

  Bakı xəbər.- 2011.- 25-27 noyabr.- S.11.