Orta
ömrümüz 70 ili keçir
Hər bir
insan uzun ömür sürməyə çalışır.
Hətta belə bir deyim də var ki, yüz il
yaşamadınsa, deməli normal həyat sürməmisən.
Bunun üçün isə insan uzun
ömür sürmək üçün lazım olan
bütün komponentlərə cavab verməlidir. Yəni onun çox yaşaması birinci növbədə
özündən asılıdır. Düzdür,
burada kənar amillərin-ekoloji, tibbi, təbii mühit amillərinin
də rolu böyükdür.
Bu günlərdə
BMT dünyada insan inkişafının indeksini müəyyənləşdirib.
Ona əsasən Azərbaycanda orta ömür həddi 70,7 ildir. Bildiyimiz kimi, müstəqilliyin
ilk illərində ölkəmizdə orta ömür həddi
olduqca aşağı səviyyədə idi. Həmin
vaxt, hesablamalara görə, bizdə orta ömür cəmi 52
il idi. Bu vəziyyət
kişilərdə daha aşağı-49, qadınlardan isə
bir qədər yüksək-55 yaşa qədər müəyyənləşmişdi.
O dövrdə Azərbaycan Ermənistanla hərbi vəziyyətdə
idi. Cəbhədə döyüşlər
gedirdi. Bundan başqa,
torpaqlarımızın işğalı nəticəsində
1 milyona yaxın soydaşımız ev-eşiyindən didərgin
düşmüşdü. Həmçinin
iqtisadi inkişaf templəri də yox dərəcəsinə çatmışdı.
Sovet rejiminin dağılması ilə
keçmiş ittifaqda bütün iqtisadi əlaqələr
qırılmışdı. Bundan
başqa, insanların sağlamlıq göstəriciləri də
aşağı enməyə başlayırdı.
Yalnız son 10 il ərzində ölkədə
baş verən iqtisadi yüksəliş insanların da
rifahına öz təsirini göstərməyə
başladı. Nəticədə əhalinin orta
yaş həddi də yüksəldi. Bundan
başqa, iqlim şəraiti və ekoloji vəziyyət də
bu prosesə təsir edən amillərdəndir. Azərbaycanın iqlim şəraiti burada orta yaş
həddinin yüksək olmasına stimul verən göstəricilərdəndir.
Son illər ekoloji durumun
sağlamlaşdırılması, çoxsaylı istirahət
guşələrinin salınması da orta ömür həddinin
artmasında özünəməxsus əhəmiyyət
daşıyıb. Maraqlıdır, orta
ömür həddi məsələsində əldə olunan
son göstəriciyə necə baxmaq olar? Bunu
normal göstərici saymaq mümkündürmü? Həmin göstəricilə fəxr duya bilərikmi?
Digər tərəfdən, maraqlıdır, həmin
məsələdə qazanılan yüksəliş necə əldə
olunub?
Tibb elmləri doktoru, professor Adil Qeybulla orta ömür həddinin
qalxmasında bir sıra amillərin rol oynadığını
bildirdi: "Demoqrafik göstəricilər üzrə
aparılan bu tədqiqatlar reallığa uyğun deyil. Çünki 3 milyona yaxın insan xarici ölkələrə
səpələnib. Yəni xaricdə
çalışan xeyli vətəndaşımız var.
Bunlar arasında isə gənc və orta nəslə təsadüf
edən insanlar daha çoxdur. Ona görə
də, ölkədə qalanlar əsasən yaşlı nəslin
nümayəndələridir. Ölkədə
qalanlar arasında yaşlı nəsil çoxluq təşkil
etdiyindən də bölgü zamanı orta yaş həddi
kifayət qədər yüksək çıxıb. Amma bu zaman xaricə gedən gənclər də nəzərə
alınsaydı, təbii ki, orta ömür həddilə
bağlı başqa rəqəmlər çıxardı.
Buna baxmayaraq, Azərbaycanda iqlim şəraiti və
ekoloji durumun potensialı elədir ki, buradakı
soydaşlarımız uzun ömür yaşaya bilər.
Lakin hazırda ərzaq məhsulları, su və
dərman preparatlarının keyfiyyət problemi kimi məsələlərdə
xeyli problemlər mövcuddur. Bu problemlər
də insan ömrünə təsir edən amillərdəndir.
Hazırda həmin məsələlər
üzrə çoxsaylı problemlər yaşanır. Belə vəziyyət isə
uzunömürlülüyə neqativ təsir edir. Amma bunlarla yanaşı, hesab edirəm ki, ölkə
iqtisadi cəhətdən gücləndikcə Azərbaycanda
uzunömürlülərin sayı artacaq. Belə şəraitdə orta yaş həddinin bir qədər
də artacağı gözləniləndir. Bizdə həm genetik baxımdan
uzunömürlüyə meylli insanlar var, həm də bunun
üçün potensial mövcuddur. Eyni
zamanda, vəziyyət düzəldikcə insanların
sağlamlığının qayğısına qalan səhiyyənin
səviyyəsi də buna imkan verəcək. Bu gün ölümün əsas faizini təşkil
edən xəstəliklərin müalicəsi istiqamətində
olan irəliləyişlər də ömür həddinə
bilavasitə təsir edir. O mənada potensial olaraq
yaxın gələcəkdə də orta ömür göstəricilərinin
artması gözlənir, nəinki azalması".
Miqrasiya məsələləri
üzrə ekspert Azər Allahverənov göstəricinin
artmasını birinci növbədə tibb sahəsində əldə
olunan uğurlarla əlaqələndirdi: "Azərbaycan
üzrə göstəricilərdə, heç şübhəsiz,
orta yaş həddinin artdığı müşahidə
olunur. Bunu son on illərin statistikasına əsasən
demək olar. Artım, şübhəsiz ki, hiss olunur. Bunun da bir neçə səbəbi var. Ən vacib səbəblərdən
biri tibb sahəsinin inkişafı ilə bağlıdır.
İnsanların səhhətilə bağlı
bu və ya digər tibbi nailiyyətlərdən çox səmərəli
şəkildə istifadə olunur. Bundan
başqa, Azərbaycanda, xüsusən də Bakı şəhərində
müasir tələblərə cavab verən klinikalar fəaliyyət
göstərir. Burada peşəkar və
yüksək ixtisaslı həkimlər
çalışır. Xüsusilə də
vaxtilə xaricdə çalışmış həkimlərimiz
dəvət olunur. Hətta bir sıra
hallarda xarici mütəxəssislər də ölkəmizə
dəvət olunur. Onlar da bu sahədə
çalışır. Bütün bunlar müəyyən
mənada əhalinin səhhətilə bağlı yarana biləcək
və yaranmış hansısa təhlükənin vaxtında
aradan qaldırılması, bir çox qabaqcıl tibbi, elmi
nailiyyətlərdən istifadə olunması, maddi-texniki
bazanın müasir tələblərə cavab verməsi,
bunlar hamısı bütövlükdə əhalinin ümumi
səhhətinə və orta yaş həddinin qalxmasına rəvac
verən amillərdir. Bu birbaşa prosesə təsir
edən amildir". Digər tərəfdən, ekspert
ekoloji prosesin də orta yaş həddinin artmasında əhəmiyyəti
olduğunu qeyd etdi: "Ekologiya ilə bağlı
yaranmış vəziyyət də burada öz
sözünü deyir. Yaxın 10-15 ilə nəzər
salsaq, həmin illərdə Azərbaycanda ekoloji məsələ,
ətraf mühitin mühafizəsilə bağlı ciddi həyəcan
təbilinin çalındığını görərik.
Bir sıra beynəlxalq təşkilatlar ölkəmizdə
həyata keçirdiyi humanitar xarakterli layihələrin
çoxunu məhz ətraf mühitin mühafizəsinə
yönəldirdi. Bu da məlum səbəblərlə
bağlı idi. Bir tərəfdən
sovetlər quruluşunun dağılması ilə ətraf
mühitin mühafizəsilə bağlı məsələlər
nəzarətdən çıxarıldı. Qeyri-rasional təbii resurslardan istifadə ekoloji vəziyyətin
təhlükəli həddə gəlib çıxmasına
səbəb olmuşdu. 10-15 il bundan
qabaq həmin məsələlər gündəmdə
saxlanırdı. Neft şirkətləri də
Azərbaycanda humanitar sahəyə yönəltdiyi layihələrin
bir qismini məhz ətraf mühitin mühafizəsinə
yönəltməyə cəhd edib. İnsanların
bu sahədə maariflənməsi, ona öz töhfələrini
verməsi də ətraf mühit sahəsində bir çox
müsbət nəticələrin əldə olunmasına gətirib
çıxardı. Vaxtilə Azərbaycanda
mavi yanacaqla bağlı problemlər vardı. Qaz qıtlığı ilə əlaqədar
meşələrin qırılması müşahidə
olunurdu. Buna alternativ olaraq ətraf
mühitin mühafizəsi proqramı çərçivəsində
Ekologiya Nazirliyi tərəfindən təbii resursların
mühafizəsi kontekstində qəbul olunan dövlət
proqramları ilə də bir çox nailiyyətlər
qazanıldı. Bunun özü də ekoloji mühitin
bir qədər düzəlməsinə təkan verdi. Belədə həmin proses də
insanların səhhətinə müsbət mənada təsir
edən hal oldu. Nəticədə orta yaş həddi
bir qədər qalxdı. Vaxtilə
insanların səhhətində mövcud olmayan bir çox
problemlər indi özünü büruzə verir. Son zamanlar psixi xəstəliklərlə
bağlı artım müşahidə olunur. İnsanların depressiv vəziyyətindən irəli
gələrək səhhətində yaşanan bir çox xəstəliklər,
mərkəzi sinir sisteminin pozulmasına gətirirlər.
Bununla bağlı təkcə Azərbaycan
deyil, dünya tibb elmi də həyəcan təbili
çalmaqdadır. Bu istiqamətdə müəyyən
müsbət nəticələr əldə olunsa, şübhəsiz
ki, insanların səhhətində yarana biləcək fəsadlar
aradan qalxar və orta yaş həddi bir qədər də
artar. Ümumi kontekstdə vəziyyət
belədir". A.Allahverənov bildirdi ki, insanların
maddi imkanlarının yüksəlməsi də prosesə
müsbət təsir edir: "Burada bir məsələ də
var, onu da vurğulamamaq olmaz. Son illər
insanların maddi imkanları bir qədər artıb.
10-12 il bundan öncə insanlar maddi-texniki
bazanın zəif olduğu dövlət tibb müəssisələrinə
üstünlük verirdi. O zaman dərman preparatlarının əldə
olunmasında da bir sıra problemlər yaşanırdı. Bunlar da maddi imkansızlıq üzündən idi.
İndilikdə isə orta əmək
haqqının artması insanların daha keyfiyyətli və
yüksək standartlara cavab verən tibbi müayinədən
keçməsinə şərait yaradıb. İnsanlar da bundan yararlanır. Bunun
özü də həmin məsələdə müəyyən
müsbət nəticələr əldə etməyə xidmət
edir. Burada üç komponenti
vurğuladım. Səhhət, tibbi sahədə
olan nailiyyətlər, ətraf mühitlə bağlı
müsbət nəticələr və insanların maddi
rifahının yaxşılaşması. Həmin
üç amil yaş həddinin artmasına birbaşa təsir
edən məqamdır. Təbii ki, burada
başqa yardımçı amillər də var".
Yaş həddi sahəsində əldə olunan göstəricini
normal saysa da, ekspert onun, hələ ki, dünya miqyası
üzrə orta ömür həddindən aşağı olduğunu
da diqqətə çatdırdı: "Dünya
miqyasında orta ömür həddi 80-82 yaş həddindədir.
Vaxtilə ölkəmizdə bu həddi 65-66 il
idisə, indi 70-ə çatıbsa, növbəti illərdə
də müsbət dəyişiklikləri müşahidə
etsək, təbii ki, bu, qürur keçirməyimizə səbəb
olan haldır. Amma həddin öz-özünə
qalxmasını da gözləmək olmz. Onun
qalxmasına səbəb olan işləri günü bu
gündən görmək gərəkdir. Bu
sahədə əsas üç amillə yanaşı, digər
məsələlərdə də ciddi işlər
görülməlidir. Azərbaycanda
müxtəlif kənd təsərrüfatı məhsulları
yetişdirilir. Bunlar, əsasən geni
modifikasiya olunmuş məhsullardır. Bu
istiqamətdə ciddi işlərin görülməsinə
ehtiyac yaranıb. İndilikdə isə
burada müəyyən boşluq var ki, işbazlar da ondan
istifadə edir. Nəticədə ölkəyə
geni modifikasiya olunmuş məhsullar gətirilir. İndi
bu proses ciddi fəsad verməsə də, bir müddət
sonra səhhət nöqteyi-nəzərdən ciddi fəsadlar
verəcək. Bu istiqamətdə bir çox təxirəsalınmaz
işlər görülməlidir. Azərbaycanda
ət məhsullarının istehsalında bir çox elmi nəticələrdən
istifadə olunur. Ət məhsullarının
şişirdilməsilə onları vaxtından qabaq
satış vəziyyətinə çatdırırlar.
Belə halı başlı-başına buraxmaq
olmaz. Quşlara özbaşına
alınaraq vurulan dərman və iynələr narahatlıq
doğurur. Xüsusən də, hələ
formalaşmaqda olan gənc nəsil, uşaqlar belə ərzaqlarla
qidalanır. Belədə hələ
formalaşma mərhələsində olan orqanizmə onun
inkişafına birbaşa mənfi təsir göstərən
zülallar yeridilir". Qadının orta ömür həddinin
adətən kişidən çox olmasını ilə həmsöhbətimiz
fizioloji amillərlə əlaqələndirdi: "Qadınlar
daha çox emosional olur və hissələrini daha çox
ifadə edə bilir. Kişilər isə bir qədər
özlərini sıxır, bu da onlar arasında ürək xəstəliklərinin
sayının artmasına səbəb olan haldır".
Rüfət SULTAN
Bakı xəbər.-
2011.-25-27 noyabr.- S. 12.