Ailə tərbiyəsi vətəndaş
tərbiyəsində necə rol
oynayır?
Hər bir xalqın özünəməxsus ailə tərbiyəsi
üsulları olduğu kimi,
Azərbaycan xalqının da özünəxas
mütərəqqi uşaq tərbiyəsi
metodları var. Bir məqamı
da nəzərə almaq
lazımdır ki, digər dövlətlərlə
müqayisədə bizdəki tərbiyə metodları
mükəmməl və dolğun
olmağı ilə seçilir.
Bu da təsadüfü
deyil. Çünki Azərbaycan
ailələrində uşağın tərbiyə
olunması üsulları o qədər zəngin,
spesifik xüsusiyyətlərə malikdir ki, bunları saymaqla qurtarası deyil. Məsələ
ondadır ki, Azərbaycan ailələrində
valideynlərin uşaqların təlim-tərbiyəsində xüsusi rolu var. Həmin rol ondan ibarətdir ki,
valideynlər mümkün olduğu
qədər uşaqları zərərli vərdişlərdən
uzaq tutmağa
çalışır. Məsələn, bütün
valideynlər çalışır ki,
övladları siqaret çəkməsin,
spirtli içki
içməsin, qumar oynamasın, oğurluqla məşğul olmasın, yalan danışmasın, böyük-kiçik
yeri bilsin, nizam-intizamdan kənara çıxmasın və
s. Bir növ,
bütün bu deyilənlər
sağlam gənc nəslin
formalaşması üçün
başlıca kredo hesab
olunur. Digər tərəfdən, Azərbaycan
ailələrində uşaqlar tərbiyə
olunarkən valideynə bağlılıq xüsusi
önəm kəsb edir. Bu
da nəticə etibarilə yanlış nəticələrin
baş verməsinin
qarşısını alır. Məlum həqiqətdir ki, sadalanan bu
xüsusiyyətlərin bir çoxu qərb ölkələrində yoxdur. Məsələn, Avropa
dövlətlərində valideyni ahıl
yaşında qocalar evinə qoymaq adi bir
şeydir. Baxanda bunun kökü
həmin ölkələrin özünəməxsus ailə tərbiyəsindən
qaynaqlanır. İş ondadır ki, Avropa dövlətlərində
əksər hallarda uşaqların sərbəst
böyüməsinə daha çox üstünlük
verilir ki, bu da onların müəyyən
zərərli vərdişlərə yiyələnməsinə
birbaşa şərait yaradır. Bu da nəticə etibarilə
cəmiyyətdə bir sıra sosial fəsadların baş
verməsinə gətirib çıxarır. Bəzən bu sosial fəsadlar o qədər ağır nəticələrə
gətirib çıxarır ki, onu sağaltmaq üçün illərlə vaxt
lazım olur. Bununla
belə, əksər hallarda sosial fəsadlardan doğan
yaraların sağaldılması itkisiz ötüşmür. Məsələn,
cavanların narkotikə qurşanması, əyyaşlığın
vüsət alması məhz aşırı sərbəstlikdən
qaynaqlanır. Etiraf etmək
lazımdır ki, son yüz ildə Azərbaycan xalqının
mütərəqqi ailə tərbiyəsi üsullarında deqradasiya halları da bu və ya digər dərəcədə
özünü göstərir. Bütün bunlara rəğmən,
xalqımızın mütərəqqi ailə tərbiyəsi
üsullarını arzuolunan səviyyədə
qorunmasına çox böyük
ehtiyac var. Unutmaq olmaz ki,
digər millətlərlə müqayisədə, Azərbaycan
xalqında bu metod daha güclüdür. Azərbaycan
insanı daha çox
istəyir ki, öz
övladını qayğı ilə əhatə etsin, daim diqqətdə
saxlasın, hərəkətlərinə nəzarət etsin. Bizim ailə tərbiyəmizdə
bu sadalananlar xüsusi çəkiyə malikdir.
Bəzilərinə görə, bu bir yandan
yaxşıdır, digər yandan pis. Yaxşıdır ona
görə ki, bu, valideyinin öz
övladının təlim-tərbiyəsinə ciddi nəzarət etməsinin göstəricisidir.
Ancaq digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bəzən
bu nəzarət aşırı həddə
olur. Yəni valideyn
çalışır ki,
övladının hər işinə qarışsın. Bu da bəzən müəyyən
xoşagəlməz halların baş verməsinə
gətirib çıxarır. Ən azından təşəbbüskarlığın
qarşısını alır. Təbii ki,
müəyyən bir yaş
həddindən sonra valideynin
aşırı qayğıkeşliyi insana
mane olmağa
başlayır. Bütün bunlara rəğmən, Azərbaycan ailələrində
formalaşan ailə tərbiyəsi ənənələri
yüksək qiymətləndirilməlidir. Biz,
ümumiyyətlə, ailəcanlı, övladcanlı bir millətik. Öz
övladlarımızı səhvlərdən, yanlış yollardan çəkindirmək üçün
bütün imkanlarımızı səfərbər
etməyə çalışırıq. Əksər hallarda buna nail
də oluruq.
Bütövlükdə
cəmiyyətdə sağlam vətəndaşların
formalaşmağında ailə tərbiyəsi ilə
yanaşı, uşaq bağcasından tutmuş məktəblər
də özünəməxsus rol oynayır. Bir növ bu təsisatların
vəhdəti sayəsində tərbiyə işi
aparılır. Bütün bu deyilənlərin fonunda Azərbaycanda
ailə tərbiyəsinin rolu necə qiymətləndirilir?
Sözügedən məsələ
ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə
bölüşən tanınmış ziyalı professor Xalid
Əlimirzəyevin sözlərinə görə, Azərbaycan
ailələrində də özünəməxsus tərbiyə
üsulları var: "Dünyada dini, etnik kimlik nöqteyi-nəzərindən
müxtəlif tərbiyə üsulları var. Bütövlükdə
ailə tərbiyəsinin cəmiyyətdə
oynadığı rol, ata-ananın tərbiyəsi, onun
dünyagörüşü və əxlaq tərzi ilə
ölçülür. Yəni onların əxlaq tərzi,
düşüncəsi, cəmiyyətə, insanlığa,
dövlətə, xalqa və vətənə münasibətinin
hansı səviyyədə olması ilə
bağlıdır. Deməyim odur ki, ailə tərbiyəsi
göydən düşmür. Tərbiyənin arxasında
duran adamın özü gərək yuxarıda sadalanan
kriteriyaları özündə daşımalıdır. Ailə
tərbiyəsi vətəndaşın
formalaşmağına o zaman müsbət təsir göstərir
ki, ailə üzvlərinin dünyagörüşü, mənəviyyatı,
əxlaqı yüksək olur. Digər tərəfdən, belələri
təkcə milli yox, həm də bəşəri təfəkkür
sahibi olmalıdılar. Ümumən ailədə tərbiyə
məsələsi ailənin üzvlərindən
başlayır. Bir şeyi nəzərə almaq
lazımdır ki, ölkəmiz Şərq və İslam
dünyası ilə vəhdətdə götürüləndə
azərbaycanlıların ailədə çox fərqli tərbiyə
metodları ortaya çıxır. Xüsusən də
övlada, uşağa münasibətdə fərqlər yetərincə
çoxdur. Bu yöndə yaxşı cəhətlər də
var, kəsirli cəhətlər də. Tərbiyəmizdə
kəsirli cəhət ondan ibarətdir ki,
uşaqlarımızı bir sıra hallarda sərbəst
böyüməyə qoymuruq. Hesab edirəm ki, bu cür stereotiplərdən
uzaqlaşmaq lazımdır. Ona görə ki, bu,
uşaqların sərbəst düşünməsinə və
mütərəqqi təşəbbüslərlə
çıxış etməsinə mane olur. Bəzən bu o
həddə gəlib çatır ki, müəyyən mənfi
fəsadlara gətirib çıxarır. Ancaq bununla bərabər,
danmaq olmaz ki, Azərbaycan ailəsində həqiqətən də
yüksək tərbiyə normaları var. Halbuki, bir çox
xalqlarda bu deyilənlər yoxdur. Böyüyə hörmət,
insanpərvərlik kimi nəcib keyfiyyətlər bizim qədim
ənənələrdən gəlir. Bu ənənələrin
kökündə də xalqımızın mütərəqqi
ailə tərbiyəsi vərdişləri dayanır.
Bütün bunlar gənclərimizin sağlam vətəndaş
olaraq formalaşmağına çox müsbət təsir
göstərir. Hesab edirəm ki, bu Azərbaycan ailə tərbiyəsinin
vacib elementlərindən biridir. Bizdə humanizm, insanpərvərlik
ailədə uşaqlara çox yaxşı
aşılanır. Bu da, öz növbəsində,
uşaqların tərbiyəsinə müsbət mənada
çox yaxşı təsir göstərir. Valideynlər
çalışır ki, övladları xeyirxah, istedadlı,
cəmiyyətə faydalı olsun. Bu minvalla bizim millətin,
xalqın mənəvi-əxlaqi keyfiyyətlərinin hansı
səviyyədə durduğunu, hansı cəhətdən
mütərəqqi, qabaqcıl olduğunu dünyaya
çatdıra bilərik. Digər tərəfdən, mütərəqqi
övlad tərbiyəsi ənənələrinin təhsil sahələrində
geniş təbliğ olunmasına ehtiyac var. Çünki ailədə
uşağa verilən tərbiyəni məktəbdəki təlim-tərbiyədən
ayrı təsəvvür etmək olmaz. Bunlar bir-birilə
sıx bağlıdır".
X.Əlimirzəyevin
açıqlamasından o da məlum oldu ki, "Avam,
savadsız, dünyagörüşü məhdud olan ailə
üzvlərindən yüksək səviyyədə nəsə
gözləmək olmaz. Yəni uşağın
formalaşmağını bu günkü dövrün tələbləri
çərçivəsində qura bilməz. İstər-istəməz
bu kimi amillər ailə tərbiyəsində
uşağın formalaşmağına sirayət edir. Bu mənada
ailə tərbiyəsi, cavanların vətənpərvər
ruhda, insan, şəxsiyyət kimi böyüməsi valideynlərdən
aslıdır. Körpə vaxtından tərbiyənin
özülü necə qoyulubsa, o cür də olacaq. Ona
görə də ailə tərbiyəsinin oynadığı
rolu dəyərləndirərkən, ilk növbədə
valideynlərin özünün səviyyəsinə, tərbiyyəsinə
fikir verməliyik. Baxaq görək onlar nə vəziyyətdədir.
Başqa bir tərəfdən, ailə tərbiyəsinin
kökünda milli şüur və təfəkkür tərzi
durmalıdır. Bu gün problemlərdən biri də milli təfəkkür
tərzindən uzaqlaşma tendensiyasının vüsət
almasıdır. Məsələ ondadır ki, vaxtilə
körpələrimiz, balalarımız beşikdə ana
laylası ilə böyüyürdü. Bu ana laylası
uşağın mənəvi cəhətdən zövqünü
formalaşdırırdı. Bizim musiqimiz, laylalarımız
çox böyük tərbiyə məktəbi idi. Bütün
bu kimi amillər sağlam ruhda gənclərin
yetişməsinə gətirib çıxarırdı ki, nəticədə onlar
hansı sahədə təmsil olunmalarına rəğmən,
ləyaqətli vətəndaş olurdular.
Çox təəssüf ki,
bu gün bu dəyərlərin bir çoxu qeybə çəkilib. Belə ki, uşaq anadan
olan kimi, valideynləri
tərəfindən böyütmək üçün
kiməsə verilir. Nəticədə uşaq ana südündən
də məhrum olur və əldə böyüyür. Ən pisi
odur ki, indiki analar uşaqları süni qidalarla bəsləməyə
daha çox üstünlük verir. Bu kimi hallar
ailə tərbiyəsinə zərər vurur.
Qoyulan mənəvi-əxlaqi bünövrə
pozulur. Bax bu kimi məsələlər
çox ciddi və düşündürücü problemlərdir.
Bunu bir verilişlə,
məqaləylə, tövsiyə ilə həll etmək qeyri-mümkündür. Sözügedən
problemlər dövlət, ümumxalq, ictimai rəy səviyyəsində geniş müzakirə olunmalıdır. Buna uyğun da həll yolları tapılıb ortaya qoyulmalıdır. Vəziyyət həqiqətən
də təhlükəli həddə çatıb. Problem ondadır ki, gənclərimiz
yavaş-yavaş öz
milli simasını itirir.
Gənclərimizin Azərbaycan musiqisini,
muğamlarını eşitmək belə istəmir. Bir çox gənclərimiz
elə adət-ənənələrlə yaşayır ki, onlar bizim
ata-babadan min illərdən
gələn nəcib mənəvi-əxlaqi qayda-qanunlara
tamamilə ziddir. Bu mənada
milli xarakter, şəxsiyyət
formalaşmır. Ən böyük dərdimiz
odur ki, bizdə tədris
və təlim düzgün qurulmayıb. Yəni elə qurulub ki, insan amilinə
çox az
fikir verilir. Halbuki, bizə ilk növbədə
kamil insan lazımdır. Özünü dərk etmiş, hüququnu bilən, insanlığın ləyaqətinə
qiymət verməyi bacaran, indiki zamanın gedişindən
xəbəri olan vətəndaş lazımdır.
İlk növbədə öz rəhbərinə, xalqına
sadiq olan, onun ənənələrindən,
ruhundan xəbərdar
olan insan yetişdirməliyik.
Bu kimi məsələlər
kənarda qalıb.
Təhsilimizdə, tərbiyəmizdə tamamilə unudlularaq yaddan çıxarılıb.
O mənada bizdə çox mürəkkəb
vəziyyət yaranıb.
Nəticə etibarilə bütün
bunlar xalqımızın
ailə tərbiyəsi
ənənələrinə ciddi zərər vurur. O üzdən, sözügedən problemlərin
həll yollarını
tapmaq üçün
ciddi düşünmək
lazımdır".
Vidadi ORDAHALLI
Bakı
xəbər.- 2011.- 28 noyabr.- S. 10.