Nadir milli sənətlərimizi
yaşadan qadınlarımız
haradadır?
Ziyadxan Əliyev:
"Tarixən Azərbaycan xalqı xalça vasitəsilə
öz yaşantılarını, duyğularını ifadə
edib"
Azərbaycanda
əksər geniş yayılmış
sahələrdə qadınlar və kişilər bərabər
səviyyədə təmsil olunur. Həm
istehsalat, həm də elm-təhsil və
xidmət sahələrində qadınların təmsil
olunmasında ciddi ayrı-seçkiliyin mövcudluğundan söhbət gedə bilməz.
Düzdür, elə sahələr var ki, orada
əmək fəaliyyətilə məşğul olanlar arasında kişilər üstün
çəkiyə malikdir.
Ona görə də
bir çox ailələrdə yalnız bir nəfər -
güclü cinsin nümayəndəsi işləyir. Bu da qəribə
deyil ona görə ki, bunun özünəməxsus səbəbləri
var. Məsələ ondadır ki, tikinti, neftçıxarma və
ağır sənayedə qadınların
çalışması fiziki baxımdan onlar
üçün çox çətindir. Bu kimi ağır
fiziki əmək tələb edən sahələrdə, təbii
ki, qadınların kütləvi çalışması
mümkünsüzdür. Bu təkcə bizim ölkədə
deyil, əksər mədəni ölkələrdə belədir.
Söz yox ki, bunu inkişaf baxımından geri qalmış
üçüncü dünya ölkələrinə aid etmək
olmaz. Çünki sözügedən dövlətlərdə
qadınlar ən ağır işlərə cəlb olunur,
yorucu fiziki əməklə məşğul olurlar. Ancaq tarixən
inkişaf etmiş dünya ölkələrində zərif
cins nümayəndələri əsasən fiziki əməyin
az tələb olunduğu sahələrdə
çalışmağa üstünlük verib. Məlum məsələdir
ki, bundan sonra da belə olacaq. Bu gün Azərbaycanda
qadınlar bölgələrdə də əmək fəaliyyətinə
cəlb olunsa da, işsiz qadınlar arasında regionların
çəkisi daha böyükdür. Azərbaycan
qadını əsasən təhsil və tibb sahəsində
çalışır. Burada fəaliyyət göstərənlərin
böyük hissəsi məhz qadınlardan ibarətdir. Amma
bir sıra sahələr var ki, orada zərif cinsin nümayəndələri
yox səviyyəsindədir. Məsələn, sahibkarlıqla
məşğul olan qadınların sayı olduqca azdır.
Bizdən fərqli olaraq, əcnəbi dövlətlərdə
qadınların sahibkarlıqla məşğulluq dərəcəsi
qat-qat üstün səviyyədədir. Halbuki, 20 ildir
müstəqil olan Azərbaycan azad bazar iqtisadiyyatı yolunu
seçib. Mövcud hakimiyyət tərəfindən liberal
iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində
davamlı olaraq işlər həyata keçirilir. Təəssüf
ki, Azərbaycan cəmiyyətində hələ də
mövcud olan müəyyən stereotiplər qadınların
müəyyən sahələrdə - sahibkarlıq, incəsənət
və bu kimi sektorlarda təmsil olunmasına maneələr
yaradır. Cəmiyyətimizdə bu kimi hallara, milli mentalitet əsas
gətirilərək, elə də yaxşı
baxılmır. Elmi-texniki tərəqqinin, təhsilin geniş
yayıldığı müasir dövrdə hələ də
bu cür yanaşmalar qalmaqdadır. Düzdür, son bir
neçə ildə populyar mədəniyyətin geniş
yayılması ilə əlaqədar bu sahədə olan maneələrin
çoxu götürülüb. Ölkədə keçirilən
muğam və bu kimi mahnı müsabiqələrinə
qoşulanlar arasında qadın cinsinin nümayəndələri
üstünlük təşkil edib. Həmçinin, teatr
tamaşalarına və kinolara çəkilməklə
bağlı müraciət edənlər arasında qadın
cinsinin nümayəndələri fəallığı ilə
seçilib. Bütün bunlara baxmayaraq, mövcud stereotiplər
üzündən qadınlar müəyyən komplekslərlə
üzləşir.
Azərbaycanda elə
sahələr də var ki, qadın və qızların orada
işləməsi ölkənin milli sənətinin
inkişafına xidmət edir. Məsələn, buna ən
bariz nümunə xalçaçılıqdır ki, bu sahənin
inkişafında zərif cins nümayəndələrinin xidmətləri
olduqca böyükdür. Əsrlər boyu Azərbaycanda
qadınlar bu sənət növünün
yaşadılmasında mühüm rol oynayaraq öz misilsiz
töhvələrini bəxş ediblər.
Xalçaçılıq sahəsi həm də bizim milli sərvətimizir.
Xalçaların üzərindəki naxışların
timsalında öz təcəssümünü tapan, milli
ornamentlərimizin ən gözəl nümunələrindən
olan butalar bir növ dünyada Azərbaycanın brendi hesab
olunur. Bütün hallarda Azərbaycanın milli sənət
növü olan xalçaçılığın inkişafında
qadınların xidmətləri əvəzsizdir. Bu gün də
Azərbaycan xalçaları dünyada məhşurluğu ilə
seçilir. Xalçalar üzərində ölkəmizin mədəniyyətini,
incəsənətini əks etdirən çoxsaylı
nümunələr var. Xalçaçılıq sənəti
ilə məşğul olan sənətkarlar dünyada tanınmış
bir sıra ictimai-siyasi xadimin xalça üzərində
portretlərini yaradıblar ki, bunun özü də milli sənətimizin
tanınmasına xidmətdir. Azərbaycan
xanımlarının əl işləri olan və milliliyi
özündə əks etdirən xalçalar dünyanın
tanınmış əntiq muzeylərində, kolleksiyalarında
nümayiş olunur. Bütün bu deyilənlərin fonunda,
milli sənət növü olan
xalçaçılığın inkişafında bu
gün hansı işlər görülür və bu sahənin
yaşadılması üçün nə kimi işlərin
görülməsinə ehtiyac var?
Sözügedən məsələ
ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə
bölüşən tanınmış sənətşünas
Ziyadxan Əliyev açıqlamasında bir sıra maraqlı
məqamlara toxundu. Onun sözlərinə görə, Azərbaycanın
mədəni irsinin tanıdılmasında bir sıra sənət
növlərinin rolu və mənəvi dəyəri var:
"Onlardan biri Qurandır. İkincisi miniatür,
üçüncüsü muğam, dördüncüsü
isə xalça sənətidir. Tarixən muğam,
miniatür və xalça sənəti Azərbaycan
xalqının xaricdə tanınma nişanı olub. Bununla
bağlı bizim görkəmli xalçaçı Eldar
Mikayılzadənin gözəl deyimi var. O bildirir ki,
xalça Azərbaycan xalqının danışıq dilidir.
Yəni tarixən Azərbaycan xalqı xalça vasitəsilə
öz yaşantılarını, duyğularını ifadə
edib. Xalçanın bu qədər sirli olmasından
çıxış edərək, bir dəfə
yazılarımda xalçanı gələcəyə
göndərilmiş məktub kimi dəyərləndirmişdim.
Çünki biz bu gün xalçanı hələ tam
öyrənməmişik. Görkəmli sənətkarımız
Eldar Mikayılzadə 50-ci illərdən başlayaraq
xalça sənətinin öyrənilməsi sahəsində
çoxsaylı fundamental işlər görüb. Azərbaycan
xalçası adlı üç cildli kitab yazıb. Demək
olar ki, Azərbaycan xalçaçılığının
nədən ibarət olması tamamilə o kitabda öz əksini
tapıb. Bütün elementlər, kompozisiya növləri,
xalçaçılıq məktəbləri, qrupların
hamısı müəyyənləşdirilib.
Xalçaçılığın müəyyən məktəblər
üzrə təkcə zahiri görüntülərini deyil,
həm də onun poetikasını, fəlsəfəsini və
bədii estetikasını təhlil etmək, yaymaq
lazımdır. Xalçaçılıq üzrə
çoxlu tədqiqat işləri yazılsa da, nədənsə
Azərbaycan xalçaçılığının
fundamental öyrənilməsi sahəsində çoxsaylı
işlər görülməyib. Ümid edirəm, nə
vaxtsa bu yöndə ciddi işlər görüləcək.
Onu da qeyd edim ki, Xalçaçılığın
qorunması ilə bağlı Milli Məclis qanun qəbul
edib. İnsafən etiraf etməliyik ki, müəyyən
addımlar atılır. Məsələn, Beynəlxalq
Muğam Mərkəzi yaxınlığında yeni müasir
tipli xalça muzeyinin inşası tamamlanmaq üzrədir. Yəni
belə götürdükdə, xalçaçılıq da
digər sənət növləri kimi dövlətin diqqət
mərkəzindədir. Ancaq xalçaçılıq sənətinin
təbliğini təkcə muzeyin, Mədəniyyət və
Turizm Nazirliyinin öhdəsinə buraxmaq doğru deyil"
Z.Əliyev
açıqlamasında bir çox Şərq dövlətlərində
milli irsin toplanması, öyrənilməsi və təbliği
üzrə nazirliklərin fəaliyyət göstərməsinə
diqqət çəkdi: "Deməyim odur ki, sözügedən
orqanda milli irs dərindən öyrənilərək
toplanır. Ona görə də həmin dövlətlərdə
milli irsin bədii ənənələri bu günə kimi saxlanmaqdadır.
Çox təəssüf ki, bizdə belə bir qurum yoxdur.
Tarixən bütün yük Mədəniyyət və Turizm
Nazirliyinin üzərinə toplanıb. Sözügedən
qurum isə bütün bu yükü daşımaq
gücündə deyil. Bu gün
xalçaçılığın təbliği sahəsində
ara-sıra müxtəlif ölkələrdə Azərbaycan
günlərinin keçirilməsini nəzərə almasaq,
elə bir önəmli təbliğat işi aparılmır.
Hesab edirəm ki, Azərbaycanda mütləq milli irsin
toplanması, öyrənilməsi və təbliği üzrə
qurum olmalıdır. Məhz toplanması məsələsi
bizdə bu saat sıfır vəziyyətindədir. Bu ilin sonu
və yaxud da gələn ilin əvvəllərində
xalça muzeyinin açılışı olacaq. Həmin
muzeydə nümayiş etdirmək üçün XVIII-XIX əsrlərə
aid xalçalarımız yoxdur. Ancaq dünyanın ən məşhur
əntiq mağazalarında, kolleksiyalarında XVI əsrdən
üzübəri Azərbaycan xalçaları
saxlanmaqdadır. Dünyada məşhur olan həmin
xalçaları satın alıb xalça muzeyində saxlamaq
olar. Arzu edərdim ki, müvafiq orqanlar bununla məşğul
olsun. Muzeydə mütləq qədim dövrə aid
xalçalar olmalıdır".
Z.Əliyevin fikrincə,
xalçaların bazara çıxışı yaxşı
təşkil olunmadığına görə son illər
qadınların bu sahəyə həvəsi xeyli azalıb:
"İranda xalçanı daha çox kişilər
toxuyur. Bizdə isə tarixən xalçanı qadınlar
toxuyub. Bu gün də həmin işləri əsasən
qadınlar görür. Milli irsimizin bir qolu olan
xalçaçılığın yaşadılmasında
qadınların rolu böyükdür. Ancaq bu gün toxunan
xalçaları bazara çıxara bilmədiklərindən,
bu sahəyə o qədər də maraq göstərmirlər.
Gərək xalça normal qiymətə satılsın ki, bu
sahəyə maraq da artsın. Bu gün Azərbaycanda yerli
xalçaların satışı məsələsi bir
növ Allahın ümidinə buraxılıb. Baxmayaraq ki,
qonşu İranda milli gəlirin bəlkə də
yarısını xalça satışından gələn
gəlirlər təşkil edir. Bizdə isə bu heç 1-2
faiz belə deyil. Azərbaycanda
xalçaçılığın inkişafı
üçün bütün təbii şərait və xammal
var. Xalçaçılıq sahəsi inkişaf etdirilərsə,
bundan çox yaxşı gəlir əldə etmək olar. Nəticədə
qadınların bu sahədə məşğulluq səviyyəsi
əhəmiyyətli şəkildə artacaq".
Göründüyü kimi, tanınmış sənətşünas
xalçaçılığın inkişafına xüsusi
diqqət yetirilməsinin vacib olduğunu bildirdi. Bütün
bunlardan çıxış edərək öz milli irsimizə
sahib çıxmalıyıq.
Vidadi
ORDAHALLI
Bakı
xəbər.- 2011.- 4 oktyabr.- S. 15.