Əyalət teatrlarının aktyor və rejissorları üçün ixtisasartırma kursları açılıb

 

   Azərbaycanda "Teatr Haqqında" Qanun qəbul edildikdən sonra teatr sahəsində müəyyən dəyişikliklər baş verdi. Teatrşünasların bir qismi bu dəyişiklilərə normal yanaşsa da, bunu ciddi tənqid edənlər də oldu. Əsas iradlar isə bir sıra teatrlarda aparılan qeyri-rəsmi attestasiya ilə bağlı oldu.

   Məlumdur ki, ixtisar zamanı bir neçə aktyor tamaşaçı qarşısına çıxmaqdan məhrum edildi. Bu da respublikanın teatr ictimaiyyətində böyük həyəcan yaratdı. İndinin özündə də bu məsələ ətrafında müəyyən müzakirələr aparılır.

   Müasir aktyor necə olmalıdır? O hansı üsulla tamaşaçını öz cazibəsinə sala bilər? Təbii ki, çağdaş tamaşaçı nə ötən əsrin əllinci illərinin tamaşaçına bənzəyir, nə durğunluq dövrünün tamaşaçısı ilə müqayisəyə gələndir. Heç onu beş il bundan əvvəlki tamaşaçı ilə də eyniləşdirmək olmaz. O yeni tələblər irəli sürməyi bacaran, tamaşaları, aktyor oyunlarını mükəmməl görmək istəyən, ifalara inanmaq yox, ondan böyük zövq almaq istəyində olan tamaşaçıdır. Bu da aktyorun, rejissorundramaturqun çiyninə böyük məsuliyyət qoyur. Sirr deyil ki, həm paytaxtda, həm də əyalətlərdə fəaliyyət göstərən teatrlarda çalışan aktyorların böyük bir qismi çağdaş dünya teatrında gedən proseslərdən, yeniliklərdən, müasir tamaşaçının nəbzini tutmaq qaydalarından xəbərsizdir. Onlar hələ də oynayacağı rollara köhnə üsulla yanaşır, həddindən artıq pafoslu oyun tərzi göstərirlər. Sorğu aparsaq görərik ki, əyalət teatrlarında işləyən aktyorların bir çoxunun teatr sahəsində yaranan yeni ədəbiyyatdan xəbəri yoxdur. Öz üzərində işləməyi bacarmayan aktyor isə tamaşaçıya zövq verə bilməz. Paytaxt teatrlarında çalışan aktyorların çoxu bu yeniliklərdən xəbərdardır. Bu da ondan irəli gəlir ki, onların əksəriyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Onlar qarşılıqlı əməkdaşlıq nəticəsində xaricdə yaşayan həmkarlarının imza atdığı yeniliklərlə də tanış olmaq imkanlarına malikdir.

   Bu gün Naxçıvanda, Gəncədə, Lənkəranda, Mingəçevirdə, Qazaxda, Şəkidə, Qaxda, Qubadas. şəhərlərimizdə dövlət teatrları, eyni zamanda da xalq teatrları fəaliyyət göstərir. Kukla teatrları mövcuddur. Bu mədəniyyət ocaqlarında çoxlu sayda istedadlı aktyor, aktrisa, rejissor işləyir. Amma onların çoxu öz istedadını müasir teatr oyun elementlərilə cilalaya bilmir. Bu da, təbii ki, onların günahı deyil. O insanlar öz istedadına arxayın olub tamaşalar üzərində işləyir, bölgə tamaşaçılarının zövqünü oxşamaq üçün can qoyurlar. Lakin onlar müəyyən festivallar zamanı Bakıya gəlib burada tamaşa nümayiş etdirəndə ortaya bir sıra problemlər çıxır. O da sırf müasir ifaçılıq, tamaşaların qurulması, dramaturji materiallara yanaşma baxımından olur. Yoxsa yenə də qeyd edirik ki, o aktyorların çoxu istedadlıdır. Təbii, paytaxt teatrlarında olduğu kimi, əyalət teatrlarında da istedadsız, öz işini bilməyənlər var. Amma onlar heç vaxt bacarıqlı insanların əməyini kölgədə qoya bilməz.

   Bir çox teatr mütəxəssisləri hesab edir ki, əyalət teatrlarında işləyən aktyorrejissorlar çağdaş teatr aləmində baş verən yeniliklərlə yaxından tanış olmalıdır. Bu məqsədlə əlaqədar qurumlar, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Teatr Xadimləri İttifaqı və digər təşkilatlar bir araya gələrək ixtisasartırma kursları açmalıdır. Həmin hazırlıq kursları teatrlar tətilə buraxıldıqdan sonra təşkil olunmalıdır ki, aktyorlar yeni teatr mövsümünə yeni uğurlarla qədəm qoysun.

   Məlumatlara görə, əyalət teatrlarında fəaliyyət göstərən aktyorlar müasir teatr aləmində yaşanan yeniliklərlə tanış olmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (AMİDU) ixtisas kurslarına cəlb edilib. Teatrların bu kurslarda növbəli iştirak etdiyi bildirilir.

   Deyilənə görə, artıq Mingəçevir Dövlət Dram Teatrının aktyor və rejissorları bu kursları bir-iki günə bitirib yenidən doğma şəhərlərinə dönəcək. Yeni tamaşalarla tamaşaçılar qarşısına çıxacaq aktyorların ifa tərzində xeyli dəyişikliklər olduğu deyilir.

   Bu məsələ ilə bağlı ADMİU-nun prorektoru, professor Rafiq Sadıqovla əlaqə saxladıq. R.Sadıqov bizimlə söhbətində bildirdi ki, bölgə aktyor və rejissorlarının ixtisasartırma kurslarına cəlb edilməsi vacibdir. Prorektorun sözlərinə görə, barəsində danışılan kurslar təmsil etdiyi ali məktəb tərəfindən təşkil edilmir. Bu işlə son illər Teatr Xadimləri İttifaqı məşğul olur: "Mədəniyyət və İncəsənət Universitetində ixtisasartırma kursları təşkil edilmir. Əyalət aktyorlarına teatr aləmində baş verən yenilikləri, təzə metodiki vəsaitləri, ümumiyyətlə bütün yenilikləri Teatr Xadimləri İttifaqı təlqin edir. İttifaq mütəmadi olaraq festivallar, seminarlar təşkil edir. Həmin seminarlarda bizim universitetin müəllimləri mühazirələr oxuyur. Aktyorlar bu seminarlara həvəslə qatılır. Festivallarda əyalət teatrlarının tamaşaları göstərilir. Biz böyük maraqla o tamaşalara baxırıq. Bölgə teatrlarının yeniliklərlə tanış olması üçün əlimizdən gələni edirik. Bilirsiz ki, son illər bizim ali məktəbdə çoxlu elmi metodik tövsiyələr, kitablar, ədəbiyyat nəşr edilib. Onlar bütün aktyorrejissorlar üçün çox qiymətli vəsaitlərdir. Həmin vəsaitləri bölgə teatrlarına da göndəririk. Bundan əlavə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitinin professoru, teatrşünas Məryəm xanım Əlizadə və dosent Aydın Talıbzadə vaxtaşırı əyalət teatrlarına gedib orada aktyorrejissorlar üçün mühazirələr oxuyur".

   R.Sadıqovun sözlərinə görə, bəzi əyalət teatrları İnternetdən istifadə edərək dünya teatrlarının saytlarına daxil olmaqla onların işilə tanış olur. Onlar bu yolla dünya teatr aləmində baş verən yenilikləri öyrənir və hətta bəzilərini öz tamaşalarında tətbiq edirlər.

   R.Sadıqov onu da bildirdi ki, bölgə teatrlarında işləyən peşəkar sənətkarlar arasında ADMİU-da pedoqoji fəaliyyətə cəlb etmək istədikləri də var: "Artıq Gəncə Dövlət Dram Teatrının çox istedadlı aktyorlarından biri bizim universitetdə pedaqoji fəaliyyətə başlayacaq. Biz əyalət teatrlarının peşəkar aktyorlarının da potensialından istifadə etmək istəyirik".

  

 

   İradə SARIYEVA

 

   Bakı xəbər.- 2011.- 6 oktyabr.- S. 14.