Azərbaycanda
ailə planlaşmasının problemləri...
Azərbaycan ailəsi qədim
köklərə möhkəm söykənməkdə davam edir. Ölkəmizdə
hələ də ailə qurarkən böyük
məsləhətinə, valideynin sözlərinə
qulaq asılır. Gənclər, əsasən
valideynlərin diqtəsilə ailə qurur.
Düzdür, son zamanlar bir çox
ailə quranlar bu sahədə
müstəqil qərar verməyə başlayıb.
Amma ümumən götürdükdə, hələ
də evlənərkən valideynin sözləri əsas olaraq
qalır. Son illər ölkəmizdə boşanma halları
da artır. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri
var. Bəzən görürsən ki, evlənən
cütlüklər bir-birinə uyğun gəlmir. Bu isə
sonradan ailədə konfliktlərə, ziddiyyətlərə
gətirib çıxarır. Bizdə evlənməzdən
qabaq fiziki sağlamlığın yoxlanmasına da əhəmiyyət
verən yoxdur. Halbuki, gələcək ailənin sağlam təməl
üzərində qurulması üçün bu olduqca vacib
amildir. Lakin nədənsə, hələ də Azərbaycan
insanı bunu etməyi özünə rəva görmür.
Digər tərəfdən, elə qızlar var ki, evlənməzdən
öncə hansısa sahədə işləyib öz
intellektual səviyyəsini artırır. Lakin ərə gedəndən
sonra bunu etməkdən bir çox hallarda məhrum olur.
Çünki əri onun işləməsini istəmir və
ya istəsə də, yüngül işlə kifayətlənir.
Bu hal da bir çox halda ailədə narazılıq
doğurur. Ona görə də ailə
planlaşdırılmasının olması vacibdir. Bu olarsa,
evlənməzdən öncə insanlar öz gələcək
həyatını planlaşdırıb, bir-birlərinə
uyğun gəlib-gəlmədiklərini dəqiqləşdirər.
Nəticədə boşanqmaların sayı da xeyli azalar. Bəzən
görürsən ki, hansı evdə yaşayacaqları barədə
də ailə qurduqdan sonra konflikt yaşanır. Məsələn,
oğlan ata evində qalıb valideynlərinə dayaq
olmağı düşündüyü halda, gəlin tərəf
müstəqil şəraitdə yaşamaq üçün
özlərinin şəxsi evlərinin olmasında israr edir.
Bunun özü də ailədə ziddiyyətlərə rəvac
verir. Yəni hər şeyi əvvəlcədən
ölçüb-biçib ailə qurmaq lazımdır ki,
sonradan peşman olmayasan. Bunun üçünsə ailə
planlaşması vacibdir. Təəssüf ki, Azərbaycan ailəsi
hələ də ailə planlaşması məsələlərinə
laqeyd yanaşır. Ona elə gəlir ki, hər şey həyatın
öz axarı ilə həll olunacaq. Bu səbəbdən də
ailə planlaşması kimi məqamlara əhəmiyyət
vermirlər. Kor-koranə şəkildə ailə qurmaq isə
heç də həmişə uğurlu olmur. Beynəlxalq təcrübə
də göstərir ki, planlaşma yolu ilə qurulan ailələr
daha möhkəm və dayanıqlı olur. Belə ailələr
bir-birinə hörmət və məhəbbət ruhunda
yaşayır, çətinliklər meydana çıxanda da
birgə həll edirlər. Ekspertlərlə ölkəmizdə
ailə planlaşması sahəsində hansı problemlərin
mövcud olduğunu aydınlaşdırmağa
çalışdıq.
Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri
Ülkər Abdullayeva öncə vurğuladı ki, ailə plaşlaşdırılması
geniş sahələri əhatə edir: "Azərbaycan ailələrində
qədimdən gəlmə bir sıra ənənələr
var. Bizdə ailələr əsasən valideyn və qohum-əqrəbanın
məsləhətilə qurulur. Son dövrlərdə,
düzdür, gənclərimiz ailə qurmaq sahəsində
müstəqil qərar verməyə daha çox meyl göstərir.
Amma bununla belə, ailə və ağsaqqal "kultu" hələ
də möhkəm olaraq qalır. Ölkədə
qohumlararası ailə qurmaq halları da mövcuddur. Bu da ailənin
qurulmasında valideynlərin rolunun yüksək olmasından
irəli gəlir. Ailə planlaması isə bir başqa
problemdir. Ailə planlaşdırılmasında evlənən
cütlüklərin bütün genetik xüsusiyyətləri,
fiziki sağlamlığı, psixoloji uyuşmaları, maddi cəhətdən
bir-birini tamamlayıb tamamlamamaları, valideynlərin qan
qrupunun gələcəkdə dünyaya gələcək
uşağa necə təsir edəcəyi məsələsi
- bunların hamısı bütövlükdə ailə
planlamasının bazisini təşkil edir". Həmsöhbətimiz
ölkədə sözügedən sahədə vəziyyətin
heç də ürəkaçan olmadığını
dedi: "Azərbaycanda isə ailə qurmaq istəyən gənclər
qan qruplarının uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək
barədə, demək olar ki, heç fikirləşmir.
Unudurlar ki, bu halda ailədə doğulan uşaqda
çoxsaylı problemlər meydana gələ bilər. Həmin
problemin də başlıca səbəbi ana ilə atanın
qan qrupunun uyuşmamasından irəli gəlir. Belə
uşaqlarda müəyyən qan xəstəliyi, talassemiya və
s. bu tip problemlər yaranır. Başqa bir tərəfdən,
tərəflərdən birinin daşıdığı
yoluxucu xarakterli xəstəliyə sonradan əks cins də
yoluxur. Bu tipli detallar da ailə
planlaşdırılmasını əhatə edən məsələlərdəndir.
Təəssüf ki, Azərbaycanda belə detallara heç
vaxt fikir verilmir. Nəticədə isə bir sıra problemlər
meydana gəlir". Ü.Abdullayeva qeyd etdi ki, ailənin maddi
baxımdan təminatı da ailə
planlaşdırılması sahəsinə daxildir: "Son
dövrlərə qədər ailələr əsasən
sevgi-məhəbbət üzərində qurulurdu. Ailə
quranlar bundan sonra hansı evdə yaşayacağı,
doğulacaq uşaqlara kimin baxacağını, qidası və
təhsilinin necə olacağı barədə fikirləşmirdi.
Onlar bu tip detalları nəzərə almadan evlənirdi. Son
vaxtlar isə bu istiqamətdə gənclərin dünyagörüşü
bir qədər genişlənib. Çoxsaylı subay
oğlanlar evi, ailə qurmaq üçün müvafiq şəraiti
olmadığından, lazımi qədər maaş ala bilmədiyindən
əsasən evlənmir. Ancaq hələ də rayon yerlərində
heç bir təhsili və sənəti olmayan 18-19
yaşlı oğlan uşaqlarının tələm-tələsik
qız tapıb evlənmə hallarına rast gəlinir. Bu isə
bir çox hallarda ciddi problemlərə rəvac verir ki, sonda
boşanmalara gətirib çıxarır". Birlik rəhbəri
fikirləşir ki, gənc ailələrin, xüsusən də
gəlin tərəfinin hüquqlarının pozulması da bu
sahədə olan problemlərdəndir: "Valideynlər tərəfindən
gənc ailənin, xüsusən də gəlinin
hüquqları pozulur. Bütün bu kimi problemlərin
kökündə isə, təbii ki, ailənin düzgün
planlaşdırılmaması dayanır. Bəzən erkən
yaşda evlilik olanda gəlində uşaqla bağlı problem
olur. Erkən ailə quran qızlarda, bir də görürsən,
bir neçə il uşaq olmur. Belədə isə
böyüklərin təzyiqilə ailə dağılır.
Araşdırsaq görərik ki, boşanmaların
böyük əksəriyyəti uşağın olmaması
ilə bağlıdır. Ailə
planlaşdırılması bu tip detalları da nəzərə
alır ki, gələcəkdə hansısa bir problem
yaşanmasın. Bu kimi məsələləri ailə
qurmazdan əvvəl ölçüb-biçmək gərəkdir
ki, sonradan ortaya problem çıxmasın. Lakin bizdə, təəssüf
ki, ailə planlaşması sahəsində vəziyyət bərbaddır".
Ülkər xanımın bildirdiyinə görə, psixoloji
uyğunsuzluq, xarakterlərin fərqliliyi də burada öz
sözünü deyir: "Eyni zamanda, psixoloji
uyuşmazlıqlar da var. Bizdə hər ailənin
özünün adət-ənənəsi mövcuddur.
Müxtəlif ailədə böyüyən insanlar bir ailədə
birləşəndə onların psixoloji
uyuşmazlığı problemi əmələ gəlir. Azərbaycanın
hər bir bölgəsinin özünə xarakterik xüsusiyyətləri
var. Ona görə də müxtəlif bölgədən olan
insanlar ailə quranda, görürsən ki, ortaya müəyyən
problemlər çıxır. Hətta adi məişət səviyyəsində,
yeməyin bişirilməsi qaydasında belə problemlər
yaranır. Görürsən ki, kiçik bir məsələ
ailədə böyük bir konfliktin başlanmasına rəvac
verir. Xarakterlərin uyğun gəlməməsi, peşə
seçimi məsələsində də müəyyən
problemlər olur. Bəzən görürsən, məsələn,
gəlinin jurnalist olmasını oğlan tərəfi qəbul
etmir. Bütün bunların hamısı psixoloji
uyğunsuzluq, bəzi peşələrin Azərbaycan ailəsində
qəbul olunmaması ilə bağlıdır. Ailə
planlaşması olsaydı, bu kimi problemlərin əksəriyyəti
əvvəldən öz həllini tapardı. Ümumiyyətlə,
ailə planlaşması çox geniş bir məfhumdur. Amma
bizdə bunların heç birini nəzərə almırlar.
Kor-koranə şəkildə evlənmə halları
çoxdur. Azərbaycanda son dövrlər başqa bir məqam
dəbə minib. Ailələr hardasa, elə bil ki, biznes
şirkəti kimi qurulur. Qız evinin imkanları
yaxşıdırsa, oğlanın maşını və evi
varsa, düşünürlər ki, bunlar maddi cəhətdən
bir-birinə uyğun gəlir. Ancaq ailə qurulandan az müddət
sonra görürük ki, dağılmağa başladı.
Deməli, ailənin qurulması üçün başqa
kriteriyalar da vacib idi. Məsələn, sevgi,
qarşılıqlı anlaşma, bir-birinə güzəştə
getmə yoxdur, bunlar da həmin ailənin təməlinin
sağlam olmaması və tez bir zamanda dağılmasına gətirib
çıxarır". Həmsöhbətimiz əhalini ailə
planlaşmasına meylləndirmək üçün həmin
sahənin geniş təbliğinə ehtiyac gördü:
"Bunlardan yaxa qurtarmaq üçün ailə
planlaşdırılması məsələsini
populyarlaşdırmaq gərəkdir. Evlənmək istəyən
insanlara ailənin sirləri öyrədilməli, onlara
düzgün planlaşma təbliğ olunmalıdır.
Kor-koranə qurulan ailə sonradan dağılır və
bundan cəmiyyət ziyan çəkir. Azərbaycanda ailə
psixoloqları ümumiyyətlə yox səviyyəsindədir.
Bu sahədə ölkəmizdə böyük problem
yaşanır. Bəzi ailədə ciddi psixoloji problemlər
olsa da, onların problemin həlli üçün gedib
psixoloqa müraciət etdiyinin şahidi olmamışıq.
Onlara elə gəlir ki, özləri daha ağıllı
olduğundan, psixoloqun məsləhətinə ehtiyac
qalmır.
Amma unudurlar ki,
psixoloqla bir neçə seans söhbətdən sonra ailə
düzənlərini normal məcraya qaytara bilərlər.
Lakin təəssüf ki, bizdə bundan uzaq qaçırlar.
Ailələr buna meyl göstərmir. Əslində hər
şey dəblə bağlıdır. Normal ailə psixoloqu və
təbliğat olsa, insanlar da tədricən buna öyrəşər
və lazım gəldikdə psixoloqa da müraciət edər.
Həmişə
ölkəmizin ailə modeli ilə fəxr edirik. Ancaq elə bir ailə yoxdur
ki, orada problem olmasın. Bir çox ailələr
dağılmağa namizəddir.
Sadəcə, kənar təsir
və ətraf münasibətlərdən ehtiyat
edərək son varianta
getmirlər. Yəni ictimai
qınaqdan çəkinirlər.
Ona görə də Azərbaycan ailə modelini uğurlu hesab etmirəm. Bu səbəbdən də bizdə ailə planlaşdırılmasına
böyük ehtiyac yaranıb".
Rüfət SULTAN
Bakı xəbər.- 2011.- 11oktyabr.- S.
15.