Müstəqillik dövründə Azərbaycanın demoqrafik problemləri...

 

  Dövlət Komitəsi geniş hesabat açıqladı

 

  Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Müstəqil Azərbaycan 20 il: dövlət, ailə, qadın və uşaq siyasəti" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfrans ölkənin 20 illik müstəqillik tarixində dövlətin apardığı ailə, qadın və uşaq siyasətinin təhlili, müvafiq sahələrdə mövcud problemlər və onların həlli yollarının müzakirəsinə həsr olunmuşdu.

   İlk çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdiyi sahədə görülən işlər barədə məlumat verdi: "Azərbaycan tarixinin ən şərəfli dövrü müstəqillik dövrüdür. Heydər Əliyev ölkənin dönməz inkişaf yolunun əsasını qoydu. Apardığı uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycan dünya siyasətin ayrılmız bir hissəsinə çevrildi. Bütün ölkələrlə diplomatik, siyasi əlaqələr yaradıldı. Milli inkişaf prioritetləri müəyyənləşdi. Güclü ordu yaradıldı. Bunların arxasında Heydər Əliyevin yorulmaz fəaliyyəti dayanır. Hələ keçən əsrin 90-cı illərinin əvvəlində ölkədə ictimai-siyasi durum qeyri-sabit idi. Bu hal ölkəni uçuruma aparırdı. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkə müstəqilliyinin qorunub saxlanılması demək idi. Bu qayıdış bizi demokratik inkişaf yoluna çıxardı. Həmin dövrdən dövlət quruculuğunun bütün istiqamətlərində canlanma hiss olunurdu. Bu kursu davam etdirərək onu daha da yüksəyə qaldıran prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan yeni siyasiiqtisadi sistem qurub, bölgənin aparıcı dövlətinə çevrilib. İndi Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi ölkəmizin payına düşür. Ölkədə sosialyönümlü siyasət aparılır. 2003-cü ildən bəri 900 mindən çox yeri açılıb, yoxsulluğun səviyyəsi 9 faizə enib. Bütün bunlar nəticəsində ailə, qadın və uşaq problemlərinin həlli üçün də etibarlı zəmin yaranıb. Bu gün ölkənin ictimai həyatında önəmli yer tutan məqamlardan biri də Heydər Əliyev Fondunun fəaliyyətidir. Fondun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti sosial sahənin çox böyük bir spektrini əhatə edir. Bura uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, elm, təhsil layihələri daxildir. 2006-cı ildə gender bərabərliyi haqqında qanunun qəbulu dövlətin idarə olunması və qərar qəbul edilməsində qadın-kişi bərabərliyinə, ayrı-seçkilik formalarının aradan qaldırılmasına təminat verir. Məişət zorakılığının qarşısının alınması üçün Milli Məclis tərəfindən qanun qəbul edilib. Qadın və ailələrə ən müxtəlif formalarda dövlət dəstəyi göstərilir. Gender büdcəsi dövlət büdcəsinə onun bir hissəsi kimi daxil olub. Azərbaycan qadınlarının qurultayları yeni vəzifələr müəyyən edir. Son dövrlər vətəndaş cəmiyyətinin inkişafı ilə qadın QHT-lərin potensialı da artır. Gender siyasəti nəticəsində qadınların fəal olmasına zəmin yaradılıb. Onların hakimiyyətdə təmsilçiliyinə də geniş imkan yaranıb. Milli Məclisdə qadın deputatların sayı 14-dən 20-yə çatıb. Bələdiyyələrdə isə bu nisbət 4-dən 26 faizə yüksəlib. Bu gün dövlətin uşaq siyasəti də güclü şəkildə formalaşıb. Bu istiqamətdə yüzlərlə dövlət proqramı qəbul olunub, 2009-cu il uşaq ili elan olunub. O zaman I uşaq forumu da keçirildi. Bu il isə II Forum olacaq. Bunlar göstərir ki, Azərbaycan ən geniş humanitar məsələləri müzakirə edən ölkələrdəndir. Azərbaycan sürətli, dinamik inkişaf yolundadır. Vəzifəmiz bu inkişafa öz səmərəli fəaliyyətimizlə qoşulmaqdır".

   Prezident Administrasiyası İctimai-siyasi Şöbənin müdiri Əli Həsənov isə bildirdi ki, xalqımızın qadına məxsusi siyasəti tarixdən gəlir: "Hər bir millətin qadın siyasətinin əsasında müəyyən mənbələr dayanır. Azərbaycan xalqının öz məxsusi qadınlara münasibət siyasəti mövcuddur. Bu siyasət tarixdən gəlir. Qadın siyasəti ailə, qadın uşaq formulunda qurulub. Şəxsən məni bu formul qane etmir. Bu, faktiki olaraq, İslam mədəniyyətindən gələn düzülüşdür. Bu o deməkdir ki, ailənin əsasında qadın durur, o da gələcək nəslin davamçısıdır. Mən bu sıraya cəmiyyəti əlavə edərdim. Çünki cəmiyyətin əsasında dayanan əsas dayaqdan biri qadındır. Düşünmürəm ki, bu gün cəmiyyətimizdə kişilərin xidməti qadınların xidmətindən çoxdur. Ona görə qadınları təkcə ailə uşaqla bağlamaq faktiki olaraq bizə islamdan gəlmədir. İslama qədər xalqımızın qadına münasibəti mövcud olub. Manna Atropatena dövlətlərində qadınların oynadığı rollarla bağlı məlumatlar var. İslam mənbələrində isə qadın daha çox ailənin başında duran müqəddəs varlıq kimi təqdim olunur. Azərbaycan tarixinin türkləşmə dövründə isə qadın siyasətinə əlavə dəyər kimi mərdlik, qəhrəmanlıq simvolu daxil olur. Bundan sonrakı dövrdə qadın siyasətinin əsasında milli məxsusi dəyərlərimizin formalaşması prosesi başlayır. Səfəvilər dövründə Azərbaycan xanımının İslamdan gəlmə müqəddəsliyini saxlamaq, türkdən gəlmə mərdliyi, qəhrəmanlığını mühafizə etməklə onun ictimai həyatdakı rolu artırılır. Qadın Azərbaycan şahlarının sarayında həm diplomatik işlə məşğul idi, həm xarici qonaqların qarşılanıb yerləşdirilməsinə rəhbərlik edirdi. Xalq Cumhuriyyəti dövründə isə Azərbaycan qadınına ilk dəfə seçib-seçilmək hüququ verildi. Hələ ABŞ-ın qadına bu hüququ vermədiyi bir dövrdə bizdə ona 1918-ci ildə cəmiyyətin formalaşmasında iştirak hüququ verildi. Xalq Cumhuriyyəti dövründə bu istiqamətdə olan siyasət faktiki olaraq sovet dövründə davam etdirildi. Müasir Azərbaycan qadın siyasətinin əsasında Heydər Əliyev dayanır. Onun ilk bəyanatlarından biri o oldu ki, Azərbaycan dövlətinin varlığının əsasında qadın dayanır. 1993-cü ildən başlayan qadının cəmiyyətə inteqrasiya siyasəti bu gün uğurla davam etdirilir. Hesab etmirəm ki, dövlət qulluğunda qadınların sayı azdır. İmkan daxilində qadınlarımız səy göstərib bu sayı artırmalıdır. Heydər Əliyev Fondunun sədri Mehriban Əliyevanın fəaliyyətini izləmək yetər ki, bu gün Azərbaycanın dünyaya təqdim olunmasında qadınlarımızın rolunu görək. Bu rol getdikcə artır".

   Milli Məclisin vitse-spikeri Bahar Muradova qadın təmsilçiliyi məsələsində prosesin təbii axarı ilə getməli olduğuna diqqət yetirdi: "Hər bir millətin qanunları ilk növbədə onun milli-mənəvi dəyərləri əsasında formalaşır. Bu dəyərlərə söykənməyən qanunlar heç zaman yaşarlı olmur. İndi Avropa standartlarını ölkəmizə gətiririk, amma hər dəfə haqlı olaraq bir sıra məsələlərdə mühafizəkar mövqe tuturuq. Konstitusiyanın 17, 25 və 34-cü maddələri ailə, qadın və uşaq məsələlərini əhatə edir. Konstitusiyadan irəli gələn bu vəzifələr digər qanunvericilik aktlarında da öz əksini tapıb. 1995-ci ildən bəri qoşulduğumuz beynəlxalq konvensiyalar bizə imkan verir söyləyək ki, Azərbaycan qadını ölkədə gedən bütün istiqamətlərdəki inkişafda kişilərlə bərabər hüquqa malikdir, bərabər imkanı əldə etməkdədir. bərabər nəticələrimizsə hələlik yoxdur. Bizə elə gəlir ki, rəqabət qadınla kişi arasındadır. Amma kişilərin öz aralarındakı rəqabətə diqqət yetirsək görərik ki, qadın və kişi arasındakı rəqabət ondan çox aşağı səviyyədədir. Azərbaycan qadınının təmsilçiliyi bu gün onun istəyinə və bacarığına görədir. Prosesi süni şəkildə sürətləndirmək bizə heç bir konkret nəticə verməyəcək. Gender yanaşması hər zaman özünü büruzə verir. Amma proses təbii axarı ilə getməlidir. Biz yalnız buna stimul verə bilərik. Onu sürətləndirmək gücümüz daxilində deyil. Azərbaycanda Ailə Məcəlləsi, Əmək Məcəlləsi qadın və uşaq hüquqlarını kifayət dərəcədə qoruyur. Uşaq hüquqları sahəsində də ciddi addımlar atılıb. Konvensiyaya qoşulmuşuq".

   Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə isə ötən dövr ərzində qızlarla oğlanların təhsilə münasibət nisbətinə toxundu: "Hər il elmi-statistik təhlil aparırıq. Qızların təhsil alma hüququ istiqamətində 16 ildir statistik təhlillər aparırıq. 1993-cü ildən 2011-ci ilə qədər qızlarla oğlanların ali təhsil almaq istəyinə gəldikdə, əvvəllər bu sahədə oğlanlar çoxluq təşkil edirdi. Son on ildə isə nisbət bərabərləşib. Regionlara gəldikdə, bu il Lerik və Yardımlıdan sənəd verənlərin 75-80 faizi oğlan olub. Şimal bölgəsində isə oğlanların sayı cəmi 30 faizdir. Sənəd verən qızların 43 faizi humanitar fənləri seçdiyi halda, oğlanlar əsasən texniki fənlərə meyllidir. Ən yüksək, 600-700 bal toplayanlar oğlanlardır, ən aşağı bal yığanlar da əsasən həmin cinsdən olanlardır. Bu istiqamətdə qızların səviyyəsi isə ortadır. Qızların 32, oğlaların isə 31 faizi dövlət hesabına təhsil alır. 1993-ci ildə oğlanların nəticələri daha yüksək idisə, 2002-ci ildən başlayaraq nəticələr bərabərləşdi. Yardımlı və Lerikdə sənəd verən oğlanların çox olmasına baxmayaraq, bilik səviyyəsinə görə qızlar daha yüksəkdir. Orta təhsil bazası üzrə sənəd verən 34 faiz oğlanın 31 faizi, 66 faiz qızın isə 68 faizi qəbul olunub. Texnikumlara imtahanlarda 400-500 bal toplayanların 90 faizini qızlar, 10 faizini isə oğlanlar təşkil edib. Bakalavr üzrə sənəd verən 48 faiz oğlanın 51 faizi, 46 faiz qızın isə 54 faizi qəbul olunub. Magistraturada qızların 62 faizi ödənişli, 37 faizi isə dövlət hesabına təhsil alır. Rezidenturaya sənəd verənlərin 71 faizi qızdır. Onların da 71 faizi qəbul olunub. Bunlar gender araşdırmalarının nəticəsidir". Ombudsman Elmira Süleymanova çıxışında gələn ilin ahıllar ili olmasını təklif etdi: "Qadın zorakılığı hər zaman bizi düşündürməlidir. Dünyada ahıllaşma problemi var. Gələn ilin ahıllar ili olması üçün prezidentə müraciət etmək istəyirik".

   Millət vəkili Gülçöhrə Məmmədova isə təhsil sahəsində əldə olunan uğurlardan danışdı: "400 adda dərslik məzmun baxımından yeniləşib. Son on ildə 50 milyon nüsxə dərslik çap olunub. Ümumdünya təhsil olimpiadasında 11 qızıl, 28 gümüş və 60 bürünc medala sahib olmuşuq. Cari ildə təhsil sahəsinə 1,3 milyard manat vəsait ayrılıb. 2 min məktəb tikilib və ya əsaslı təmir olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə isə 300 məktəb, uşaq bağçası tikilib. İndi ölkədə 36 dövlət, 15 özəl ali məktəb, 57 orta ixtisas məktəbi fəaliyyət göstərir".

 

 

  Rüfət SULTAN

 

  Bakı xəbər.- 2011.- 14-18 oktyabr.- S. 11.