Küçə uşaqları - demoqrafik, sosial, milli, mənəvi problemdir

 

  Hər bir ailənin arzusu övlad dünyaya gətirməkdir. Övladın olması ailə üçün ən böyük sevincdir. Lakin təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycan da atılmış uşaqlardan xali deyil və belə uşaqlarla bağlı ortaya çıxan bir sıra problemlər hələ də öz həllini tapmayıb. Bu problemlərdən biri də küçə uşaqları ilə bağlıdır. Son illər ölkəmizdə də bu məsələ ciddi bir problemə çevrilməkdədir.

   İldən-ilə bizdə də küçə uşaqlarının sayının artdığı hiss olunur. Adətən belə uşaqlar valideynlər arasında və onların övlada münasibətində mehriban davranışın olmadığı ailələrdə üzə çıxır. Ailədə ərlə arvadın daim bir-birilə dalaşması, konfliktdə olmaları istər-istəməz uşağın da psixologiyasına təsir edir. Belə hallarla rastlaşan bir çox uşaqlar çıxış yolunu evdən qaçmaqda görür. Evdən qaçdıqda isə onlar küçələrə üz tutur və burada əsasən sərgərdan həyat sürürlər. Bir çox valideynlər var ki, övladlarını həmişə qapaz altında saxlayır, onları daim döyür. Bu halda da bir çox uşaqlar evdən qaçmağa üstünlük verərək küçələrə səpələnir. Başqa bir tərəfdən, yaşayış şəraitinin acınacaqlı olması da bəzən uşaqları küçələrə atır. Bir çox ailələr bilərəkdən uşaqlarını çörək pulu qazanmaq adı ilə küçələrə göndərir. Xüsusən də rayonlardan şəhərə, Bakıya gələn uşaqlar burada yaşamaq üçün yerləri olmadığından bütün günü küçələrdə veyillənir, gecələrini də əsasən küçə parklarında keçirirlər. Küçə uşaqlarının olması gələcəkdə daha pis nəticələrə gətirib çıxara bilər. Belə ki, bu tip uşaqlar əksər hallarda gələcəyin potensial cinayətkarına çevrilir. Onlarda oğurluq etmək tendensiyası geniş vüsət alır. Belədə isə bilərəkdən və ya bilməyərək sabahın cinayətkarı olurlar. Bu tip uşaqlar təhsildən də yayınır ki, belədə əksəriyyəti tamam savadsız olur. Hətta bir çoxları yazıb-oxumağı da bacarmır. Son illər müvafiq qurumlar belə uşaqların küçələrdən yığışdırılaraq internatlara, uşaq evlərinə verilməsi və ya ailələrinə qaytarılması istiqamətində bəzi işlər görüb. Bu danılmaz bir faktdır. Bunun nəticəsində küçə uşaqları problemi, qismən də olsa, öz həllini tapıb. Amma yenə də bu problem qalmaqdadır. Ailələrin iqtisadi durumu pisləşdikcə bu problem də öz həllini tam şəkildə tapmaqda acizdir.

   Maraqlıdır, necə etmək olar ki, küçə uşaqları məsələsi Azərbaycanda birdəfəlik həll olunsun və ölkəmiz bu ağrılı problemdən yaxasını qurtarsın?

   Tanınmış sosioloq Əhməd Qəşəmoğlu küçə uşaqlarının mövcudluğu səbəbləri arasında maddi faktorun əsas rol oynadığını vurğuladı: "Küçə uşaqlarının olmasının bir neçə səbəbi var. Səbəblərdən biri, təbii ki, insanların maddi durumu ilə bağlıdır. Faktlar bilirəm ki, Azərbaycanın çox məşhur insanlarının uşaqları belə bir müddət əvvəl küçə uşaqlarına qoşulmuşdu. Onların əsas işi maşın yumaqdan ibarət idi. Bununla, kiçik məbləğdə olsa da, pul qazanırdılar. Bu, məsələnin maddi tərəfidir. Danmaq olmaz ki, əhalimizin bir hissəsinin maddi baxımdan təmin olunmasına böyük ehtiyac var. Bu maddi tələbi təmin etmək üçün onların uşaqları çox vaxt küçə həyatı sürməyə məcbur olur". Güclü cins nümayəndələrinin Azərbaycanı tərk etməsi amili də ekspertə görə, bu prosesə təsir edən məqamlardandır: "O biri tərəfdən prosesə təsir edən məqamlardan biri də kişilərin ölkədən çıxıb getməsi məsələsidir. Acınacaqlı faktdır ki, Azərbaycan kişiləri rayonlardan, elə Bakının özündən də çıxıb Rusiyaya, Türkiyəyə, Ukrayna və dünyanın başqa ölkələrinə iş dalınca gedir. Bəzən də elə olur ki, evlə əlaqəni, demək olar ki, tamamilə kəsirlər. Bir çox hallarda evə pul göndərə də bilmirlər. Bu hesaba ortada kiçik uşaqlar qalır. Rayon yerində yaşaya bilməyənlər istər-istəməz onları Bakının küçələrinə tökür". Boşanma halları da, Ə.Qəşəmoğluna görə uşaqları bir çox hallarda küçələrə sövq edir: "Son vaxtlar nikahların pozulması faktları qabaqkı dövrlərlə müqayisədə xeyli çoxalıb. Ailələr dağılır. Yarımçıq ailədə qalan uşaqlar küçə uşağı statusunu alır. Təhsil sistemində tələbatın azalması və burada nəzarətin əvvəlki kimi olmaması da həmin məqama təsirsiz ötüşmür. Bildiyiniz kimi, sovet dövründə uşağın məktəbdən yayınmasına qarşı ciddi addımlar atılırdı. İndi isə bu nəzarət müəyyən qədər zəifləyib. Ona görə də uşaqların bir hissəsi dərslərdən yayınaraq küçələrə axışır. Faktdır ki, küçələrdə çoxlu belə uşaqlar var. Bəzən onları səhərlər bağlarda və ya başqa örtülü yerlərdə yatmış vəziyyətdə görürük. İndi yaydır, ona görə də onların səhhətinə o qədər də təhlükə yoxdur. Amma havalar soyuduqca bu uşaqların səhhət məsələsi problemə çevrilir. Bu məsələnin fiziki tərəfi". Həmsöhbətimiz də əmindir ki, belə uşaqlar kriminal aləmin əsas ovuna çevrilən ünsürlərdir: "Bu uşaqların hər biri ölkəmizdə kriminal aləmin formalaşmasında böyük potensialdır. Çünki ailə və məktəb nəzarətindən uzaq qalan, ən kiçik yaşlarından pulun qüvvəsini hiss edən uşağı kriminal aləm tez bir zamanda öz tərəfinə çəkir. Onlar özləri getsə də, getməsə də, kriminal aləm məhz belələrinin hesabına sıralarını doldurmağa çalışır. Bu uşaqlar bəzən özlərindən asılı olmayaraq bu aləmə qoşulur". Problemdən çıxış yollarına gəldikdə, sosioloq bu kimi məsələlərin hansısa tövsiyə əsasında həllini mümkünsüz sayır. Bunun üçün müvafiq qurumlar tərəfindən əsaslı fəaliyyət proqramı hazırlanmalı və o işləməlidir. Burada dövlət qayğısı olmalıdır: "Bizim qarşımızda dayanan mühüm vəzifələrdən biri Azərbaycanda küçə uşaqlarının sayının azalmasına maksimum dərəcədə çalışmaqdan ibarətdir. Olan uşaqlar da nəzarət altında olsun. Bunun üçün müxtəlif yollara əl atılmalıdır. Belə məsələlər hansısa adi tövsiyə əsasında həll olunmur. Respublikada humanitar problemlərin həllilə məşğul olan strukturlar, dövlət qurumları, ictimai təşkilatlar və başqa uyğun qurumlar ciddi bir fəaliyyət proqramı hazırlamalıdır. Xırdaladığımız amilləri necə azaltmaq barədə ortaya bir konsepsiya gətirilməlidir. Küçə uşaqlarının olması faktdır. Bunu danmaz olmaz. Belə uşaqların bir hissəsini ailələrinə qaytarmaq mümkündür. Bunun üçün ailəni tapmaq və onun məsuliyyətini gücləndirmək gərəkdir. Hətta bu zaman valideynlərə münasibətdə məcburetmə vasitələrindən də istifadə oluna bilər. Amma digər bir qrup var ki, onların ailəsi də həddindən artıq ağır vəziyyətdədir. Onların birbaşa olaraq dövlət qayğısına ehtiyacı var. Xüsusi internatlarda bu uşaqlarla məşğul olmaq lazımdır. İndi bütün internatda olan uşaqların ailəyə qayıtması istiqamətində təbliğat gedir. Amma elə ailələr var ki, artıq ora uşağın qayıtması mümkünsüzdür. İstər iqtisadi, istərsə də fiziki sağlamlıq cəhətdən bu mümkün olmaya bilər. Belədə bu kimi uşaqlar mütləq mənada dövlət qayğısı altında olmalıdır. Bu məqamlar sadəcə tövsiyə yolu ilə həll olunmur. Onun arxasında geniş təhlillər aparılmalıdır. Burada dediklərim müşahidələrim əsasında gəldiyim nəticələrdir. Belə şeyləri qəzet yazısı ilə həll etmək olmaz. Proses təhlil olunmalı, kontingent öyrənilməli, uşaqların özlərilə söhbətlər aparılmalıdır. Bu uşaqları sadəcə aparıb internat məktəblərə atmaq da düzgün deyil. Burada onlarla birinci növbədə psixoloji olaraq məşğul olmaq gərəkdir. Onlaran gələcəyi üçün peşə məsələləri də həllini tapmalıdır. Çünki küçədəki uşaqların bir hissəsi enerjili, sağlam uşaqlardır. Uşaqda enerji isə elə şeydir ki, onu düzgün istiqamətə yönəltməsən, gedib kriminal istiqamətdə inkişaf edir. Düşünürəm ki, artıq ölkənin bu problemin həlli üçün kardinal addımlar atmasına imkanı var. Təxirə salınmadan bu kimi məsələlər uyğun qurumların nəzarəti altında olmalıdır. Fikirləşməyək ki, küçədəki uşaqları buradan yığışdırmaqla onların ancaq kriminal aləmə düşməsinin qarşısını ala biləcəyik. Onların arasında gələcəyin böyük yazıçısı, idmançısı ola bilər. Hər biri Azərbaycan vətəndaşıdır və hər birinin gələcəkdə ölkəmizə böyük şərəf gətirə bilən gözəl uğurları ola bilər. Yəni bu uşaqlara sadəcə olaraq üçüncü, beşinci növ kimi yanaşmamalıyıq. Onlara da ölkə vətəndaşlarından biri olaraq baxmalı və hər birinin ölkəmizi yüksəklərə qaldıra biləcək potensialından istifadə etmək gərəkdir. Bütün bunların əsasında da ciddi bir fəaliyyət proqramı olmalıdır".

   "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev isə məsələnin həlli üçün müəllimlərin və valideynlərin məsuliyyətinin artırılmalı olduğunu qeyd etdi:

   "Bir valideyn və ölkənin daxili qayğılarına kənar seyrçi mövqedə dayana bilməyən vətəndaş olaraq düşünürəm ki, Azərbaycanın indiki dövrünü sovet dövrünün siyasi kursu ilə müqayisə edəndə indiki uşaqların vəziyyətilə o dövrün yeniyetmələri arasında böyük fərqlərin olduğu sezilir. Əvvəllər küçə həyatı surən uşaqlara, demək olar ki, ümumiyyətlə rast gəlinmirdi. Məktəbdə və valideynlər arasında həmin illər uşaqlara ciddi nəzarət vardı. İndi isə dərsə getməyən uşaqların davamiyyətinə belə ciddi nəzarət yoxdur. Tələb də yox dərəcəsindədir. Həm də valideynlər arasında məsələyə münasibətdə səhlənkarlıq halları artıb. Bunun həlli istiqamətində hansısa bir əlahiddə qanun qəbul etməyə ehtiyac yoxdur. Ölkə Konstitusiyasında valideynin uşaqla bağlı borcu və vəzifələri əks olunub. Uşağının tərbiyəsi onun borcu və vəzifəsidir. Müəllimlər də təhsilin bütün sahələrini tənzimləyən kodekslərə uyğun olaraq uşaqların tərbiyəsində fəal çıxış etməlidir. Daha indiki kimi bu işdə özlərini kənara çəkməməlidir. Yəni müəllim kollektivi və valideynlər məsuliyyətini dərk edərək işin üzərinə getməlidir. Lazım gəlsə, bu istiqamətdə onların maarifləndirilməsi prosesi də həyata keçirilməlidir".

  

 

   Rüfət SULTAN

 

   Bakı xəbər.- 2011.- 9-11 sentyabr.- S. 14.