Özəl sektor məşğulluğunda
qadın fenomeni problemi...
Ülkər
Abdullayeva: "İş həyatında uğura imza
atmış qadınları geniş təbliğ etmək və
cəmiyyətə göstərmək lazımdır"
Azərbaycanda
əksər geniş yayılmış sahələrdə
qadınlar və kişilər bərabər əmək fəaliyyəti
ilə məşğul olur. Bütövlükdə
bura istehsal, elm-təhsil, xidmət, idman, ümumiyyətlə əksər
peşə sahələrini aid etmək olar. Düzdür, elə sahələr var ki, orada əmək
fəaliyyətilə məşğul olanlar arasında
kişilər üstün çəkiyə malikdir. Bir çox ailələr var ki, orada yalnız bir nəfər
- güclü cinsin nümayəndəsi işləyir.
Əslində
burada qəribə bir şey yoxdur. Çünki
tikinti sektorunda qadınların kütləvi işləməsi
ağlasığmazdır. Ona görə
ki, orada işləmək üçün ağır fiziki əmək
tələb olunur. Tarixən inkişaf etmiş dünya
ölkələrində zərif cins nümayəndələri
əsasən fiziki əməyin az tələb
olunduğu sahələrdə çalışmağa
üstünlük verib. Məlum məsələdir
ki, bundan sonra da belə olacaq. Bu gün Azərbaycanda
qadınlar bölgələrdə də əmək fəaliyyətinə
cəlb olunsa da, işsiz qadınlar arasında regionların
çəkisi daha böyükdür. Azərbaycan
qadını əsasən təhsil və tibb sahəsində
çalışır. Burada fəaliyyət
göstərənlərin böyük hissəsi məhz
qadınlardan ibarətdir. Amma bir sıra
sahələr var ki, orada zərif cinsin nümayəndələri
yox səviyyəsindədir. Məsələn,
sahibkarlıqla məşğul olan qadınların sayı
olduqca azdır. Bizdən fərqli olaraq, əcnəbi
dövlətlərdə qadınların sahibkarlıqla məşğul
olması qat-qat üstün səviyyədədir. Halbuki, 20 ildir müstəqil olan Azərbaycan azad
bazar iqtisadiyyatı yolunu seçib. Mövcud
hakimiyyət tərəfindən liberal iqtisadiyyatın
inkişaf etdirilməsi istiqamətində davamlı olaraq
işlər həyata keçirilir. Sahibkarların
üzləşdiyi prosedur çətinliklər sadələşdirilir.
Bununla əlaqədar bir neçə ildir
"bir pəncərə" sistemi tətbiq olunur ki, bunun
özü də böyük nailiyyətdir. Dəfələrlə ölkə prezidenti İlham Əliyev
icra strukturlarını sahibkarlara yerli-yersiz problemlər
yaratdıqlarına görə qınayıb. Mütəmadi olaraq öz
çıxışlarında belə hallara son
qoymalarını tələb edib. QHT-lər
tərəfindən də qadınların sahibkarlıqla məşğul
olmasını təşviq edən bir sıra layihələr
həyata keçirilib. Bütün bu deyilənlər
və deyilməyənlər isə azad bazar iqtisadiyyatına
verilən önəmin göstəricisidir. Hər bir sahədə olduğu kimi, sahibkarlıq
sahəsində də elə məsələlər var ki,
onların həll olunmasında qadın əməyinə
böyük ehtiyac yaranır. Məsələn,
qadın geyimləri ilə bağlı müəssisəyə
zərif cins nümayəndəsi rəhbərlik edəndə,
bu daha yerində olur. Çünki geyimlərlə
bağlı qadınların tez-tez dəyişən zövqlərini
məhz onlar daha tez anlayır. Düzdür,
bütün bunlar heç də o demək deyil ki, Azərbaycanda
biznesdə uğurlu karyera quran qadınlara rast gəlinmir.
Bu sahədə də uğur qazanan qadınlar
var, amma onların sayı barmaqla sayılacaq səviyyədədir
desək, yanılmarıq.
Təəssüf
ki, Azərbaycan cəmiyyətində hələ də
mövcud olan müəyyən stereotiplər qadınların
sahibkarlıqla məşğul olmasına maneələr
yaradır. Cəmiyyətimizdə bu kimi
hallara, milli mentalitet əsas gətirilərək, elə də
yaxşı baxılmır.
Elmi-texniki
tərəqqinin, təhsilin geniş yayıldığı
müasir dövrdə hələ də qadınların nəinki
biznesdə, eyni zamanda bir sıra incəsənət sahələrində
təmsil olunmasına yaxşı baxmırlar. Xüsusən də aktrisa və müğənnilik
peşəsini seçmiş qadınlara kəm baxanların
sayı həddən artıq çoxdur. İndinin
özündə də cəmiyyətdə bu stereotiplər
qalmaqdadır. Düzdür, son bir neçə
ildə populyar mədəniyyətin geniş yayılması
ilə əlaqədar bu sahədə olan maneələrin
çoxu götürülüb. Ölkədə
keçirilən muğam və bu kimi mahnı müsabiqələrinə
qoşulanlar arasında qadın cinsinin nümayəndələri
üstünlük təşkil edib. Həmçinin,
teatr tamaşalarına və kinolara çəkilməklə
bağlı müraciət edənlər arasında qadın
cinsinin nümayəndələri fəallığı ilə
seçilib. Bütün bunlara baxmayaraq, zərif
cins nümayəndələrinin biznes və incəsənət
sahəsində işləmələri cəmiyyət tərəfindən
elə də həzm olunmur. Bunun nəticəsidir
ki, sahibkarlıqla məşğul olan qadınların bəzilərinin
ailəsi dağılıb. Onlar ailə
qurarkən bir sıra komplekslərlə üzləşməli
olur. Bütün bunlar, heç
şübhəsiz, sahibkarlıq sahəsində
çalışan qadınlar üçün diskomfort
yaradır. Bəzən elə olur ki, bu səpkili
psixoloji təsirlərdən sözügedən sahədə
çalışan zərif cinsin nümayəndələri
işini yarımçıq qoymalı olur. Yəni seçdiyi sənəti atır. Bu da, öz növbəsində, sözügedən
sahədə boşluqlar yaradır. Ümumilikdə
cəmiyyətdə hakim olan bu cür stereotiplərdən necə
və hansı formada yaxa qurtarmaq olar? Nə
etmək lazımdır ki, sahibkarlıqla məşğul
olanlar arasında qadınların xüsusi çəkisi
yüksəlsin?
Qadın Liderliyi
Uğrunda İctimai Birliyin rəhbəri Ülkər
Abdullayevanın sözlərinə görə, bu problemin
kökündə Azərbaycan ailəsində, məişətində,
cəmiyyətində qadına olan münasibət dayanır:
"O baxımdan o fikirlə razı deyiləm ki, bəzi sahələrdə
qadınların təmsil olunması daha uğurlu olur. Mən ümumiyyətlə hesab edirəm ki, istənilən
sahədə qadınlar öz məharətlərini göstərə
və lazımi uğura imza ata bilər. Bu
yalnız hansısa toxuculuq və digər sektorla bağlı
deyil. Hesab edirəm ki, bu bütün
sektorları əhatə edə bilər. Məsələn,
dünya səviyyəsində yanaşsaq görərik ki,
çox böyük qadın liderlər olub. Məsələn, dövlət
başçısı, hərbi nazir, kosmonavt qadınlar olub.
Bu heç də o demək deyil ki, qadınlar
müəyyən sahələrdə uğurla iştirak edə
bilər, digər sahələrdə isə yox. Ümumiyyətlə, qadınlar kişilərlə
bərabər çiyin-çiyinə istənilən sahədə
təmsil oluna və öz imzasını qoya bilər. Təbii ki, fiziki güc daha çox gərəkən
yerlərdə qadınlar kişiləri üstələyə
bilməz. Ümumilikdə götürəndə,
istənilən sahədə qadınlar uğura imza ata bilər.
İyirmi illik müstəqillik dövründə
qadınların sahibkarlıqla fəal məşğul olmamasının
səbəbi ailə və məişətdə onlara olan
ikili yanaşmalarla bağlıdır. Həmişə
Azərbaycan cəmiyyətində qadın o mənada ön
plandadır ki, ailəni idarə edir, məişət məsələləri
ilə məşğul olur, uşaq dünyaya gətirib tərbiyə
edir və s. Bir növ ailəni çiyinlərində
daşıyır. Ancaq bu fəal şəkildə
cəmiyyətə köçürülmür. Yəni öz əksini tapmır. Bunun da başlıca səbəbi ölkədə
qadınlara olan ikili yanaşma ilə bağlıdır.
Necə ola bilər ki, qadınlar ön
plandadır, insanlar uşaqlarını həyat
yoldaşına etibar edə bilir, ancaq digər sahələri
yox? Məsələn, iş həyatında
qadınların uğura imza atması ilə barışa
bilmirlər. Hesab edirlər ki, qadın bu sahədə
uğura nail ola bilməz. Bu
tamamilə yanlış və səhv yanaşmadır".
Ü.Abdullayevanın
açıqlamasından belə məlum oldu ki, cəmiyyətdə
sahibkarlıqla məşğul olan qadınların
sayını artırmaq üçün bir sıra işlər
aparılmalıdır: "Birinci növbədə iş həyatında
uğura imza atmış qadınları geniş təbliğ
etmək və cəmiyyətə göstərmək
lazımdır. Cəmiyyət görsün ki, filan qadın
filan kişidən heç də az
uğura imza atmayıb. Bu kimi təbliğat cəmiyyətdəki
stereotipləri silə bilər və bizneslə məşğul
olan qadınları hardasa ürəkləndirər, həvəsləndirər.
Digər tərəfdən onu da nəzərə almaq
lazımdır ki, qadınların özlərində də
bir az səhlənkarlıq, tənbəllik, bu sahələrə
meyl göstərməmək problemi var. Azərbaycanda əksər
qadınlar uşaq vaxtlarından belə tərbiyə alır
ki, nə zamansa ailə həyatı quracaq və hansısa
kişi onları saxlayacaq. Bu olduqca yanlış
yanaşmadır. Nəyə görə
qızlar-qadınlar hesab etməlidir ki, onların həyatı
kimdənsə maddi cəhətdən asılı
olmalıdır? Azərbaycanda qadınlar
könüllü olaraq kimdənsə asılı
olmağı istəyir. Fikir versəniz
görərsiniz ki, gənc qızların əksəriyyəti
varlı və imkanlı oğlana ərə getməyi
arzulayır. Yəni özüm işləyim,
qazanım, maddi cəhətdən heç kəsdən
asılı olmayım kimi fikirləşən qız və
qadınların sayı Azərbaycanda olduqca azdır. Bütün bu və digər yanlış
yanaşmaların aradan qaldırılmasının yolu maarifləndirmədən
keçir. Qadına izah etmək
lazımdır ki, sən hansısa mətbəx kombaynı,
paltaryuyan maşın, yeməkbişirən aqreqat deyilsən.
Bir reklamda deyildiyi kimi, "sən
qadınsan". Həmçinin, sən
insansan və sənin bütün insanlara xas keyfiyyətlərin
var. Bu keyfiyyətlərin də əsasında müəyyən
işküzarlıq, bəzi sahələrdə öndə
getmək, liderlik xüsusiyyətləri dayanır. Biznesin istənilən sahəsində qadın
uğura imza ata bilər. O cümlədən, hərbi
sahədə də qadınlar çox böyük uğura
imza ata bilər. Müharibə dövrlərini
xatırlasaq görərik ki, ən yaxşı snayperlər,
hərbi təyyarəçilər qadınlar olub. Qadınların özlərində müəyyən
keyfiyyətlər var ki, həmin keyfiyyətlərin heç də
hamısı kişilərdə yoxdur. Belə
ki, onların səbrli, təmkinli olmaları və bəzən
kişilərin görə bilmədiyi işləri bacarmaq
qabiliyyətləri var. Qadınların ümumən bir
sıra yaxşı keyfiyyətləri var və bunlardan istifadə
etmək lazımdır. Bu keyfiyyətlərdən
istifadə olunmamasının bir səbəbi sırf tənbəllik,
inkişafa meyl göstərməmək və kişilərin
qadınlara olan ikili yanaşması ilə bağlıdır.
Məsələn, qızların ataları, qardaşları
istəmir ki, onlar gedib hansısa sahədə işləsin,
buraya öz töhfəsini versin. Deyirlər ki, qız
uşağısan otur evdə, ev işləri ilə məşğul
ol və s. Ailədə qadınların bu cür ikinci planda təqdim
olunması və onların özlərinin tənbəlliyi,
heç bir sahədə fəaliyyətə cəhd etməməsi
cəmiyyətdə belə bir rəy yaradır ki, qadın
ikinci dərəcəli varlıq olduğundan, hər sahədə
öz məharətini göstərə bilməz. Faktiki olaraq bizdə bu cür yanaşma var. O üzdən,
bu cür yanaşmaları dəyişmək
lazımdır".
Göründüyü
kimi, qadınların da sahibkarlıqla məşğul
olmağa haqqı var. Sadəcə, onları bu işdə fəal
olmağa təşviq etmək lazımdır.
Vidadi
ORDAHALLI
Bakı
xəbər.- 2011.- 20 sentyabr.- S. 15.