Özəl sektor məşğulluğunda qadın fenomeni problemi...

 

   Ülkər Abdullayeva: "İş həyatında uğura imza atmış qadınları geniş təbliğ etmək və cəmiyyətə göstərmək lazımdır"

 

   "Azərbaycanda əksər qadınlar uşaq vaxtlarından belə tərbiyə alır ki..."     

 

   Azərbaycanda əksər geniş yayılmış sahələrdə qadınlar və kişilər bərabər əmək fəaliyyəti ilə məşğul olur. Bütövlükdə bura istehsal, elm-təhsil, xidmət, idman, ümumiyyətlə əksər peşə sahələrini aid etmək olar. Düzdür, elə sahələr var ki, orada əmək fəaliyyətilə məşğul olanlar arasında kişilər üstün çəkiyə malikdir. Bir çox ailələr var ki, orada yalnız bir nəfər - güclü cinsin nümayəndəsi işləyir.

   Əslində burada qəribə bir şey yoxdur. Çünki tikinti sektorunda qadınların kütləvi işləməsi ağlasığmazdır. Ona görə ki, orada işləmək üçün ağır fiziki əmək tələb olunur. Tarixən inkişaf etmiş dünya ölkələrində zərif cins nümayəndələri əsasən fiziki əməyin az tələb olunduğu sahələrdə çalışmağa üstünlük verib. Məlum məsələdir ki, bundan sonra da belə olacaq. Bu gün Azərbaycanda qadınlar bölgələrdə də əmək fəaliyyətinə cəlb olunsa da, işsiz qadınlar arasında regionların çəkisi daha böyükdür. Azərbaycan qadını əsasən təhsil və tibb sahəsində çalışır. Burada fəaliyyət göstərənlərin böyük hissəsi məhz qadınlardan ibarətdir. Amma bir sıra sahələr var ki, orada zərif cinsin nümayəndələri yox səviyyəsindədir. Məsələn, sahibkarlıqla məşğul olan qadınların sayı olduqca azdır. Bizdən fərqli olaraq, əcnəbi dövlətlərdə qadınların sahibkarlıqla məşğul olması qat-qat üstün səviyyədədir. Halbuki, 20 ildir müstəqil olan Azərbaycan azad bazar iqtisadiyyatı yolunu seçib. Mövcud hakimiyyət tərəfindən liberal iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində davamlı olaraq işlər həyata keçirilir. Sahibkarların üzləşdiyi prosedur çətinliklər sadələşdirilir. Bununla əlaqədar bir neçə ildir "bir pəncərə" sistemi tətbiq olunur ki, bunun özü də böyük nailiyyətdir. Dəfələrlə ölkə prezidenti İlham Əliyev icra strukturlarını sahibkarlara yerli-yersiz problemlər yaratdıqlarına görə qınayıb. Mütəmadi olaraq öz çıxışlarında belə hallara son qoymalarını tələb edib. QHT-lər tərəfindən də qadınların sahibkarlıqla məşğul olmasını təşviq edən bir sıra layihələr həyata keçirilib. Bütün bu deyilənlər və deyilməyənlər isə azad bazar iqtisadiyyatına verilən önəmin göstəricisidir. Hər bir sahədə olduğu kimi, sahibkarlıq sahəsində də elə məsələlər var ki, onların həll olunmasında qadın əməyinə böyük ehtiyac yaranır. Məsələn, qadın geyimləri ilə bağlı müəssisəyə zərif cins nümayəndəsi rəhbərlik edəndə, bu daha yerində olur. Çünki geyimlərlə bağlı qadınların tez-tez dəyişən zövqlərini məhz onlar daha tez anlayır. Düzdür, bütün bunlar heç də o demək deyil ki, Azərbaycanda biznesdə uğurlu karyera quran qadınlara rast gəlinmir. Bu sahədə də uğur qazanan qadınlar var, amma onların sayı barmaqla sayılacaq səviyyədədir desək, yanılmarıq.

   Təəssüf ki, Azərbaycan cəmiyyətində hələ də mövcud olan müəyyən stereotiplər qadınların sahibkarlıqla məşğul olmasına maneələr yaradır. Cəmiyyətimizdə bu kimi hallara, milli mentalitet əsas gətirilərək, elə də yaxşı baxılmır.

   Elmi-texniki tərəqqinin, təhsilin geniş yayıldığı müasir dövrdə hələ də qadınların nəinki biznesdə, eyni zamanda bir sıra incəsənət sahələrində təmsil olunmasına yaxşı baxmırlar. Xüsusən də aktrisa və müğənnilik peşəsini seçmiş qadınlara kəm baxanların sayı həddən artıq çoxdur. İndinin özündə də cəmiyyətdə bu stereotiplər qalmaqdadır. Düzdür, son bir neçə ildə populyar mədəniyyətin geniş yayılması ilə əlaqədar bu sahədə olan maneələrin çoxu götürülüb. Ölkədə keçirilən muğam və bu kimi mahnı müsabiqələrinə qoşulanlar arasında qadın cinsinin nümayəndələri üstünlük təşkil edib. Həmçinin, teatr tamaşalarına və kinolara çəkilməklə bağlı müraciət edənlər arasında qadın cinsinin nümayəndələri fəallığı ilə seçilib. Bütün bunlara baxmayaraq, zərif cins nümayəndələrinin biznes və incəsənət sahəsində işləmələri cəmiyyət tərəfindən elə də həzm olunmur. Bunun nəticəsidir ki, sahibkarlıqla məşğul olan qadınların bəzilərinin ailəsi dağılıb. Onlar ailə qurarkən bir sıra komplekslərlə üzləşməli olur. Bütün bunlar, heç şübhəsiz, sahibkarlıq sahəsində çalışan qadınlar üçün diskomfort yaradır. Bəzən elə olur ki, bu səpkili psixoloji təsirlərdən sözügedən sahədə çalışan zərif cinsin nümayəndələri işini yarımçıq qoymalı olur. Yəni seçdiyi sənəti atır. Bu da, öz növbəsində, sözügedən sahədə boşluqlar yaradır. Ümumilikdə cəmiyyətdə hakim olan bu cür stereotiplərdən necə və hansı formada yaxa qurtarmaq olar? Nə etmək lazımdır ki, sahibkarlıqla məşğul olanlar arasında qadınların xüsusi çəkisi yüksəlsin?

   Qadın Liderliyi Uğrunda İctimai Birliyin rəhbəri Ülkər Abdullayevanın sözlərinə görə, bu problemin kökündə Azərbaycan ailəsində, məişətində, cəmiyyətində qadına olan münasibət dayanır: "O baxımdan o fikirlə razı deyiləm ki, bəzi sahələrdə qadınların təmsil olunması daha uğurlu olur. Mən ümumiyyətlə hesab edirəm ki, istənilən sahədə qadınlar öz məharətlərini göstərə və lazımi uğura imza ata bilər. Bu yalnız hansısa toxuculuq və digər sektorla bağlı deyil. Hesab edirəm ki, bu bütün sektorları əhatə edə bilər. Məsələn, dünya səviyyəsində yanaşsaq görərik ki, çox böyük qadın liderlər olub. Məsələn, dövlət başçısı, hərbi nazir, kosmonavt qadınlar olub. Bu heç də o demək deyil ki, qadınlar müəyyən sahələrdə uğurla iştirak edə bilər, digər sahələrdə isə yox. Ümumiyyətlə, qadınlar kişilərlə bərabər çiyin-çiyinə istənilən sahədə təmsil oluna və öz imzasını qoya bilər. Təbii ki, fiziki güc daha çox gərəkən yerlərdə qadınlar kişiləri üstələyə bilməz. Ümumilikdə götürəndə, istənilən sahədə qadınlar uğura imza ata bilər. İyirmi illik müstəqillik dövründə qadınların sahibkarlıqla fəal məşğul olmamasının səbəbi ailə və məişətdə onlara olan ikili yanaşmalarla bağlıdır. Həmişə Azərbaycan cəmiyyətində qadın o mənada ön plandadır ki, ailəni idarə edir, məişət məsələləri ilə məşğul olur, uşaq dünyaya gətirib tərbiyə edir və s. Bir növ ailəni çiyinlərində daşıyır. Ancaq bu fəal şəkildə cəmiyyətə köçürülmür. Yəni öz əksini tapmır. Bunun da başlıca səbəbi ölkədə qadınlara olan ikili yanaşma ilə bağlıdır. Necə ola bilər ki, qadınlar ön plandadır, insanlar uşaqlarını həyat yoldaşına etibar edə bilir, ancaq digər sahələri yox? Məsələn, iş həyatında qadınların uğura imza atması ilə barışa bilmirlər. Hesab edirlər ki, qadın bu sahədə uğura nail ola bilməz. Bu tamamilə yanlış və səhv yanaşmadır".

   Ü.Abdullayevanın açıqlamasından belə məlum oldu ki, cəmiyyətdə sahibkarlıqla məşğul olan qadınların sayını artırmaq üçün bir sıra işlər aparılmalıdır: "Birinci növbədə iş həyatında uğura imza atmış qadınları geniş təbliğ etmək və cəmiyyətə göstərmək lazımdır. Cəmiyyət görsün ki, filan qadın filan kişidən heç də az uğura imza atmayıb. Bu kimi təbliğat cəmiyyətdəki stereotipləri silə bilər və bizneslə məşğul olan qadınları hardasa ürəkləndirər, həvəsləndirər. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, qadınların özlərində də bir az səhlənkarlıq, tənbəllik, bu sahələrə meyl göstərməmək problemi var. Azərbaycanda əksər qadınlar uşaq vaxtlarından belə tərbiyə alır ki, nə zamansa ailə həyatı quracaq və hansısa kişi onları saxlayacaq. Bu olduqca yanlış yanaşmadır. Nəyə görə qızlar-qadınlar hesab etməlidir ki, onların həyatı kimdənsə maddi cəhətdən asılı olmalıdır? Azərbaycanda qadınlar könüllü olaraq kimdənsə asılı olmağı istəyir. Fikir versəniz görərsiniz ki, gənc qızların əksəriyyəti varlı və imkanlı oğlana ərə getməyi arzulayır. Yəni özüm işləyim, qazanım, maddi cəhətdən heç kəsdən asılı olmayım kimi fikirləşən qız və qadınların sayı Azərbaycanda olduqca azdır. Bütün bu və digər yanlış yanaşmaların aradan qaldırılmasının yolu maarifləndirmədən keçir. Qadına izah etmək lazımdır ki, sən hansısa mətbəx kombaynı, paltaryuyan maşın, yeməkbişirən aqreqat deyilsən. Bir reklamda deyildiyi kimi, "sən qadınsan". Həmçinin, sən insansan və sənin bütün insanlara xas keyfiyyətlərin var. Bu keyfiyyətlərin də əsasında müəyyən işküzarlıq, bəzi sahələrdə öndə getmək, liderlik xüsusiyyətləri dayanır. Biznesin istənilən sahəsində qadın uğura imza ata bilər. O cümlədən, hərbi sahədə də qadınlar çox böyük uğura imza ata bilər. Müharibə dövrlərini xatırlasaq görərik ki, ən yaxşı snayperlər, hərbi təyyarəçilər qadınlar olub. Qadınların özlərində müəyyən keyfiyyətlər var ki, həmin keyfiyyətlərin heç də hamısı kişilərdə yoxdur. Belə ki, onların səbrli, təmkinli olmaları və bəzən kişilərin görə bilmədiyi işləri bacarmaq qabiliyyətləri var. Qadınların ümumən bir sıra yaxşı keyfiyyətləri var və bunlardan istifadə etmək lazımdır. Bu keyfiyyətlərdən istifadə olunmamasının bir səbəbi sırf tənbəllik, inkişafa meyl göstərməmək və kişilərin qadınlara olan ikili yanaşması ilə bağlıdır. Məsələn, qızların ataları, qardaşları istəmir ki, onlar gedib hansısa sahədə işləsin, buraya öz töhfəsini versin. Deyirlər ki, qız uşağısan otur evdə, ev işləri ilə məşğul ol və s. Ailədə qadınların bu cür ikinci planda təqdim olunması və onların özlərinin tənbəlliyi, heç bir sahədə fəaliyyətə cəhd etməməsi cəmiyyətdə belə bir rəy yaradır ki, qadın ikinci dərəcəli varlıq olduğundan, hər sahədə öz məharətini göstərə bilməz. Faktiki olaraq bizdə bu cür yanaşma var. O üzdən, bu cür yanaşmaları dəyişmək lazımdır".

   Göründüyü kimi, qadınların da sahibkarlıqla məşğul olmağa haqqı var. Sadəcə, onları bu işdə fəal olmağa təşviq etmək lazımdır.

 

 

  Vidadi ORDAHALLI

 

  Bakı xəbər.- 2011.- 20 sentyabr.- S. 15.