Quran xətmində "Allahu Əkbər"
zikrinin hikməti
Zuha surəsi
və onun təfsiri
Nizil olma səbəbi
11 ayədən ibarət
Zuha surəsi Məkkədə nazil olub. Məhəmməd(ə)
peyğəmbərliyinin ilk dövründə ilahi vəhylərin
bir müddət kəsilməsi səbəbindən çox əziyyət
çəkirdi. Bu hadisə ilə bağlı müxtəlif
rəvayətlər vardır. Buxari (v.e. 870-il) yazıb: "Vəhylərin
kəsilməsinə görə sarsıntı keçirən
Peyğəmbər(ə) hətta 2-3 gecə namaza belə
qalxmayıb. Bu zaman bir qadın Allah Rəsuluna lağa qoyaraq
(haşə!) deyib ki, ey Məhəmməd, Sahibini
görmürəm, deyəsən Onun sənə
acığı tutub. Və Rəbb də bu surəni nazil
edib". Müslim (v.e. 875-il) və Tirmizi (v.e. 893-il) isə
olayı belə rəvayət ediblər: "Quran ayələrinin
nazil edilməsinin bir müddət kəsildiyini görən
müşriklər: "Məhəmməd tərk edildi"
- dedilər. Buna rəğmən Allah: "Rəbbin səni
(Ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə
acığı tutdu" deyib, Zuha surəsini bir dəfəyə
nazil etdi".
Vəhyin kəsilməsinin
müddəti haqqında da müxtəlif fikirlər var. Belə
ki, bəzi qaynaqlar həmin müddətin 4, digərləri isə
12, 15, 25, 40 gün olduğunu güman ediblər. Doğrusunu
isə Allah və Onun Rəsulu(ə) bilir...
Hadisə ilə
bağlı rəvayətlərdən belə qənaətə
gəlmək olar ki, vəhylərin bir müddət kəsilməsindən
Peyğəmbər(ə) mənəvi sarsıntı
keçirib. Əlbəttə, İlahi feyz və
yardımın müvəqqəti dayandırılması Rəbbin
Rəsulunu unutması kimi qəbul edilməməlidir və
edilmir də.
Anlamı
1. And olsun səhərə;
2. And olsun sakitləşməkdə olan gecəyə ki... 3. Rəbbin
səni nə tərk etdi, nə də sənə
acığı tutdu; 4. Şübhəsiz ki, axirət sənin
üçün dünyadan daha xeyirlidir; 5. Həqiqətən,
Rəbbin sənə (qiyamət günü ən uca şəfaət
məqamı, Cənnətdə tükənməz nemətlər)
bəxş edəcək və sən (Ondan) razı olacaqsan;
6. Məgər O səni yetim ikən tapıb,
sığınacaq vermədimi?! 7. Səni şaşqın vəziyyətdə
tapıb yol göstərmədimi?! 8. Səni yoxsul ikən
tapıb dövlətli etmədimi?! 9. Elə isə, yetimə
zülm etmə. 10. Dilənçiin də qovma! 11. Və (Həmişə)
Rəbbinin sənə olan nemətindən söhbət
aç!
Təfsiri
1. "And olsun səhərə".
Ayədəki "səhər" sözü orijinaldakı
"zuha"nın məalı olub, müəyyən
zamanı bildirir. Bu, fəcrin (dan vaxtı, erkən sübh)
başlaması ilə günəşin batması
arasındakı zamanın 1/4 saatına, imsaq vaxtının
başlanğıcı, quşluq vaxtına təsadüf
edir. Müqəddəs kitabında incir və zeytuna, Günəş
və Aya, Yer və Göyə, Məhəmməd(ə) və
Quran oxuyanlara və digər yaratdıqlarına and içən
Rəbb, burada səhərə and içir. Bu andla O, bəşərə
həmin zaman bölümünün müqəddəsliyini
aşılayır. Peyğəmbər(ə) buyurub: "Cənnətin
"Zuha" adlı qapısı da var ki, oradan yalnız Zuha
namazını qılanlar girər", "Günahları dəniz
köpüyü qədər çox olanlar iki rükət
Zuha namazını mütəmadi qılarsa, onların
günahları əfv olunar". Konkret olaraq, ayədəki
"səhər" sözü gecənin
qaranlığının əksi olan işığı,
gündüzü ifadə edir.
Səhərə and
içilməsini, Məhəmməd(ə)-nin bazar ertəsi
günündə həmin vaxtda anadan olmasına Rəbbin
işarə etməsi kimi də qəbul etmək olar. Yəni
ayə, həqiqət günəşinin Məhəmməd(ə)
üfüqündən doğub, onun bütün bəşərə
Peyğəmbər, hidayət göndərilməsinin
simvoludur. Zira Rəbb buyurub: "Səni də (ya Məhəmməd)
aləmlərə ancaq bir rəhmət olaraq göndərdik"
(Ənbiya 107).
2. "And olsun sakitləşməkdə olan gecəyə
ki..." Ayədə and içilən gecə
elə bir zamandır ki, artıq qaranlıq maksimum həddə
yaxınlaşaraq, qərarlaşıb və səs-səda da
yox olubdur. Surədə səhər və gecəyə
and içilməsinin hikmətləri bunlar da ola
bilər: Gündüz aydınlığı insanın
çalışması səbəbindən onu yorur, gecə
qaranlığı yorğun olan insanın rahatlanmasına xidmət
edir. Vəhylərin kəsilməsi Peyğəmbər(ə)-də
mənəvi stress yaratdığı üçün, gecənin
sükunəti onu bu gərginlikdən azad edir. Və
ya, vəhy günəş aydınlığı, onun kəsilməsi
isə gecə qaranlığı və sükunətə bənzər.
Birinci və ikinci ayələrin
təfsiri, ümumiyyətlə işıq-qaranlıq,
müsbət-mənfi, sükunət-hərəkət və
s. əksliklərin vəhdətindən doğan və dinamik
inkişafa səbəb olan əşya və hadisələrə
içilən andlardır. Yəni and olsun zamanın müxtəlif
anları olan və bir-birini əvəz edən səhər və
axşama ki...
3. "Rəbbin səni
nə tərk etdi, nə də sənə acığı
tutdu". Yəni səni və sənin təbliğ etdiyini qəbul
etməyənlərin əksinə olaraq, Rəbbin səninlədir,
ya Peyğəmbər(ə).
4. "Şübhəsiz
ki, axirət sənin üçün dünyadan daha
xeyirlidir". Yəni sənin üçün
hər işin sonu əvvəlindən daha xeyirli və bərəkətli
olacaq. Və sən haldan-hala, xeyirdən-xeyrə
doğru irəliləyərək, daim tərəqqi edəcəksən.
Sənə verilən peyğəmbərlik
statusu, vəhylərin nazili və onların müvəqqəti
kəsilməsi halları, vəhylərin yenidən nazilinə
sübut olan Zuha surəsi göstərir ki, sənin hər
halın əvvəlkindən daha yaxşıdır, axirətin
də dünyandan daha bərəkətli olacaq. Bu ayəni
Peyğəmbər(ə)-yə iman gətirənlərə
də şamil etmək olar. Çünki
ümmət, Peyğəmbərin ardınca gedən imanlı
bəndələr toplumudur. Bunu: "(İbrahim dedi)
İndi kim ardımca gəlsə, o,
şübhəsiz ki, məndəndir" (İbrahim 36) ayəsi
sübut edir. Məhəmməd(ə)-nin
dünyadakı xeyrindən hətta kafirlər belə istifadə
edərlər. Axirət feyzi və axirətdəki Peyğəmbər(ə) şəfaəti isə,
yalnız möminlər üçündür.
5. "Həqiqətən,
Rəbbin sənə (qiyamət günü ən uca şəfaət
məqamı, Cənnətdə tükənməz nemətlər)
bəxş edəcək və sən (Ondan) razı
olacaqsan!" Rəbbin sənə heç kimə
vermədiyi elə lütf, ehsan və imkan verəcək ki, sən
Ondan tamamilə razı qalacaqsan. Ya Məhəmməd(ə)!
Rəbbinin bu nemətlərindən sonra səni
gələcək işlərində "görəsən bu
iş necə olacaq" sualı da, təşvişə
salmayacaq.
Həsən Bəsriyə
(v.e. 723-il) görə ayədəki "bəxş edilən"
ehsan, Məhəmməd(ə)-nin ümmətinə
olan şəfaətidir. Suyutuya (v.e. 1505-il) görə, Həz.Peyğəmbər
buyurub: "Mən, Rəbbim mənə "razı oldunmu ya
Məhəmməd" deyənə qədər ümmətimə
şəfaət edəcəm". Ayə barədə Buxari
bu hədisi nəql edib: Həz.Məhəmməd deyib: "Hər
Peyğəmbərin qəbul edilən duası var. Və
bütün peyğəmbərlər dualarını
dünyada ikən ediblər. Mən isə
duamı qiyamət günü ümmətimə şəfaət
üçün saxladım". İbni Abbas (619-687) isə
ayənin iki təfsirini verib: a) "Əhli beytdən
heç kimin atəşə girməməsi üçün
edilən dua"; b) "Ümmətin Cənnətə girməsi
üçün edilən dua".
Lakin seçdiyi Peyğəmbər(ə)-yə Rəbbin bəxş
etdiyi nemətləri təkcə axirətə şamil etmək
doğru olmaz. Həmin səbəbdən, bəzi şəxslər
hesab edib ki, Peyğəmbər(ə)-yə
verilən bu ehsanlar həm dünya, həm də axirət nemətləridir.
Və sözsüz ki, axirətdəki lütflər
dünya nemətlərindən daha fəzilətlidir.
6. "Məgər O səni
yetim ikən tapıb sığınacaq vermədimi?!" Məlumdur ki, Həz.Məhəmməd ana bətnində
6 aylıq ikən atadan, 6 yaşından isə anadan yetim
qalıb. Onu əmisi Əbu Talib himayə
edib. Həz.Peyğəmbər də daxil
olmaqla, yetimlərə sığınacaq verən yalnız
Allahdır. Deməli, yetimləri
qayğı ilə əhatə edənlər Allah
rizasını qazanan bəndələrdir.
7. "Səni
şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!"
Allah Rəsulu ağıl və dində
heç vaxt zəlalətdə olmayıb (haşə). O Allahdan başqa heç bir məbuda inanıb
sığınmayıb. Onun əxlaqı
Allah və Qurandan qaynaqlanır. Həz.Məhəmməd
peyğəmbər olmadan öncə ərəblərin
pozğun etiqadlarını görmüşdü. O, yəhudilik
və xristianlıq kimi iki dinin təhvid yolundan
çıxdığına da əmin idi. Bununla
yanaşı, o, girilməsi vacib olan və ağıl ilə
idrak edilib, qavranması qeyri-mümkün olan bir haqq dinin - İbrahim(ə) dininin olduğunu da sezmişdi.
Lakin o, həmin dinin hökmlərindən xəbərsiz
idi. Həmin səbəbdən, Rəbb sanki buyurur: Ya Məhəmməd,
sən peyğəmbərlikdən öncə ağlın
idrak edə bilmədiyi həqiqətlərdən və şəriətdən
xəbərsiz və doğru yolu heyrətlə axtarmaqda idin. Rəbbin səni bu vəziyyətdə tapıb hidayət
yolunu göstərdi. Nazil etdiyi vəhylərlə
O səni haqq yola dəvət etdi.
8. "Səni yoxsul ikən
tapıb dövlətli etmədimi?! İslam
tarixinə görə, Həz.Məhəmmədə
atasından bir dişi dəvə və qulluqçudan
başqa heç bir miras qalmayıb. O, Şama
ticarət səfərindən və varlı Həz.Xədicə
ilə evləndikdən sonra dövlətli olub. Bunu nəzərə
alan klassik təfsirçilərin
hamısı bu ayəni sırf mal-dövlət kontekstində
şərh ediblər. Lakin müəllif hesab
edir ki, oxuyub-yaza bilməyən, haqq dinin axtarışında
olan Həz.Məhəmməd üçün ən
böyük dövlət Quran və İslamdır.
Çünki İslama qədərki dövrdə Peyğəmbər(ə)-dən qat-qat artıq
dövlətli qəbilə başçıları var idi. Həz.Məhəmmədin əmisi kafir Əbu Ləhəb,
Əbu Süfyan və b. var-dövlət və söz sahibləri
idilər.
Rəbb surənin 6.7.8-ci
ayələrində seçdiyi Peyğəmbər(ə)-yə
verdiyi üç nemətdən sonra ona üç əmr
edir ki, onlardan birincisi budur:
9. "Elə isə,
yetimə zülm etmə!" Yəni Rəbbin
sənə verdiyi və verəcəyi nemətlərə
görə, sən də yetimə zülm etmə. Çünki sən özün də yetim idin.
Yetim, yetim olduğu üçün yox, insan
olduğu üçün sən də onun haqq və
azadlığına qəsd etmə. Yetimə sahib durmaq
barədə Peyğəmbər(ə):
"Mən və Allahdan qorxan yetimin vəkili bu barmaqlarım
kimidir" - deyib, şəhadət və orta
barmaqlarını göstərib" (Buxari).
10. "Dilənçini
də qovma"! Bu, Rəbbin ikinci əmridir.
Orijinaldakı "səil" sözü
"istəyən" anlamındadır. Bəzi təfsirçilər
dilənçinin dünya malı istəyən
olduğunu önə çəkib, ayəni "onunla sərt
davranma" şəklində şərh ediblər. Əbu Davud (v.e. 889-il) və başqaları isə
ayəni, "elm istəyəni qapıdan qovma" kimi
açıqlayıblar. Qeyd edək ki,
İslamda elm "dilənçiliyi" bəyənildiyi
halda, dünya malını istəmək bəyənilmir.
11. "Və (həmişə)
Rəbbinin sənə olan nemətindən söhbət
aç!". Bu isə
üçüncü əmrdir. Ayədəki
"söhbət aç" ifadəsi, göstəriş
vermək anlamında işlədilmir. Sən Rəbbin
sonsuz sayda nemətlərini, sənə verdiyi lütf və
ehsanı ümmətinə anlat və onları təbliğ
və təşviq et. Çünki
neməti anlatmaq və onun sahibini tanıtmaq, əslində bir
şükrdür. Unutma ki, sən
bütün aləmlərə bir rəhmət olaraq göstərilmisən.
Həmin səbəbdən, sən bəşərə
Quran, hidayət nemətini açıqla, ya Peyğəmbər.
Surəni şərh
edən Alusi (v.e. 1853-il) yazıb: "Sən yetim və
fağır idin. İslamı da tanımırdır. Allah sənə
sığınacaq verib, haqq yolu göstərdi və dövlətli
etdi. Bu nemətləri unutma. Yoxsula yardım, yetimə də rəhm
et. Rəbbin sənə doğru yolu göstərdiyi
üçün, sən də Allah qullarına haqq yolu
göstər".
Quran xətmində
"Allahu Əkbər" hikməti
Quran tərtibatına
görə, Zuha surəsindən sonra gələn 21 surə
oxunarkən "Allahu Əkbər" təkbiri demək,
Peyğəmbər(ə) sünnətidir. Çünki vəhyin
müvəqqəti kəsilməsindən sarsıntı
keçirən Məhəmməd(ə), Zuha və sonrakı
surələr nazil olduqca Rəbbin nemətinə müqabil
şükranlıq hissini, həm də bu təkbir ilə
izhar edib. Bu sünnətə əməl edən İslam
ümməti 1400 ildir ki, Quran xətm olunarkən, "Allahu Əkbər"
(Allah böyükdür) deyir və bununla da Rəbbin
seçdiyi Peyğəmbər(ə)-yə məhəbbətini
izhar edir. Xətmin sonunda Fətiha surəsinin hamısı və
Bəqaranın ilk beş ayəsini oxumaq isə, Quranın
davamlı oxunan bir kitab kimi növbəti xətminin
başlanğıcına işarə edir. Məgər bəşər
iman, elm və iradəsinə heyran olan Ay, Rəbbə
şükranlıq hissini ona ilk qədəm qoyan N.Armstronqa
(20.VII.1969) "Allahu Əkbər" təkbirilə izhar etmədimi?!".
Vaqif Cəliloğlu
Bakı xəbər.-
2011.- 26 sentyabr.- S. 15.