Quranda "hicab" barədə yeganə ayə...

 

"Rəbbimizin hicab əmrini başqa qadınlara yox, yalnız Peyğəmbərimizin arvadlarına şamil etməsinin hikməti budur ki..."

Son vaxtlar qız şagirdlərin hicabda təhsil almasının vacibliyi barədə bir sıra şəxs və qurumların təklifləri KİV-in gündəmindən düşmür. Orta məktəblərdə hicabın vacibliyini vurğulayan bu dairələr fikirlərini İslam dininin tələblərilə əsaslandırır.

   Bunun əksinə olaraq, təhsil naziri Misir Mərdanov, bir sıra tanınmış ziyalılar ölkənin dünyəviliyini, təhsil sektoru da daxil olmaqla, ölkədə fəaliyyət göstərən bütün qurumların Azərbaycan qanunları ilə idarə olunduğunu əsas gətirərək, orta məktəblərdə şagirdlərin geyim formasının məktəb nizamnaməsilə tənzimləndiyini qeyd edir. Hər iki fikrin zahiri tərəfi göstərir ki, guya mövcud məktəb nizamnaməsilə İslam dininin tələbləri bir-birinin əksinədir.

   Məsələnin mahiyyətinə varmazdan əvvəl onu qeyd edək ki, mətbuatda hicab tərəfdarlarının bəzilərinin arxasında həm də müəyyən xarici qüvvələrin əli olması bərədə fikirlər yer alır. Bu sırada İranın iqtidaryönümlü ayətullahı Nasir Məkarim Şirazi xüsusi fəallıq göstərir. Bir müddət əvvəl "Fatimeyi-Zəhra" məscidilə əlaqədar Azərbaycanın daxili işinə müdaxilə edən bu din "təəssübkeşi" deyib: "Biz elə buradan aydın formada elan edirik ki, ... müqavimət hökmü çıxaracaq və bu yolda həlak olan hər bir şəxsin şəhid olduğunu elan edəcəyik". Orta məktəblərdə hicablı şagird gəlişinə Azərbaycan qanununa uyğun olaraq qoyulan qadağa isə Nasir Məkarimi yeni təxribata sövq edib. Bu dəfə o bildirir: "Azərbaycan Respublikasının tam müsəlman bir ölkə, buradakı əhalinin əksəriyyətinin əhli-beyt tərəfdarı olan müsəlmanlar olduğu nəzərə alınaraq, İslam ehkamına və hicaba riayət edilməsi lazımdır... Azərbaycanın möhtərəm rəsmilərinə də məsləhətdir ki, əcnəbilərin təhrikinə aldanmayıb öz insanlarının səsini eşitsinlər. Mən lazım və vacib olanı bəyan etdim". Mətbuatdan o da məlumdur ki, hicabla bağlı tədbirlərin maliyyələşdirilməsi İran Mədəniyyət Mərkəzi və onun keçmiş rəhbəri Əli Əkbər Ocaqnejad tərəfindən həyata keçirilir.

   Beləliklə, ayətullahın təxribatla dolu bəyanatlarına adekvat cavab verməyi münasib bilmədiyimiz üçün, məlum məsələyə maarifləndirmə nöqteyi-nəzərindən yanaşaraq, "hicab, cilbəb, sətri əvrət" və digər terminlərin həm mənalarına, həm də Qurani-Kərimdə hansı şəraitdə və necə işlənməsinə nəzər salaq.

   Bu gün ifrat dərəcədə hallandırılan "hicab" sözü Ərəb dilindən gəlmədir; arakəsmə, görünməyən pərdə və ya material arxasında olmaq mənalarını verir. Hicabda olmaq, əl və üz də daxil olmaqla, bütün bədən üzvlərinin görünməsini qeyri-mümkün edir. Bunu həm Quran, həm də ondan əvvəl nazil olan Tövrat hikmətləri sübut edir.Belə ki, Hicabla bağlı məlum nümunələrdən biri Həz.Musanın Allahla arada heç bir vasitə olmadan-hicab arxasından danışmasıdır. Həmin dialoq barədə Rəbbimiz buyurub: "Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan-hicab arxasından) danışdı. (Musa:)" Ey Rəbbim! Özünü mənə göstər. Sənə baxım!-dedi. Allah buyurdu: "Sən Məni əsla görə bilməzsən..." (bax: Tövrat, Xüruc XXXIII, 18,23; Quran, Əraf 143).

   Quranda qadın örtüyü ilə əlaqədar bir neçə ayə olmasına baxmayaraq (bax: Nur 30, 31; Əhzab 59), bilavasitə hicab barədə cəmi bir ayə var. Bu ayə məxsusi olaraq Həz.Peyğəmbərin arvadlarını pis niyyətdən qorumaq üçün nazil olub. Başqa sözlə bu, Quranda yeganə ayədir ki, "pərdəarxası, arakəsmə" mənasını verən söz, orijinalda "hicəb" termini ilə ifadə olunub. Ayənin məalı belədir: "... Ey iman gətirənlər! Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda hicab arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəyinə daha çox təmizlik bəxş edir. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələrilə evlənmək əsla yaraşmaz" (Əhzab, 53). Xitab bütün müsəlmanlardır. Yəni ey müsəlman kişilər, Peyğəmbər(ə)-nin arvadları ilə danışmaq məcburiyyətində qalsanız qapı, divar, görünməyən pərdə arxasından danışın. İslamda buna hicab ayəsi də deyilir.

   Rəbbimizin hicab əmrini başqa qadınlara yox, məxsusi olaraq Peyğəmbərinin arvadlarına şamil etməsinin hikməti budur ki, cahiliyyət dövrünü yenicə tərk edən bəzi şərəfsiz şorgöz müsəlmanlar Həz.Məhəmmədin arvadlarına tamah salmasın, onlarla evlənmək arzusunda olmasın; Həz.Peyğəmbərin iffət və paklığına, yenicə qurulan İslam dövləti banisinin şərəf və ləyaqətinə, dövlətçiliyə, bayraq və dinin saflığına ləkə salmasınlar.

   Beləliklə, hicab ayəsinin (Əhzab 53) həm hərfi mənası, həm də məalı göstərir ki, Rəbbimiz sonuncu Kitabında "hicəb" sözündən cəmi bir dəfə istifadə edib ki, bu da sırf Peyğəmbər(ə) zövcəlirilə əlaqəlidir. Deməli, Həz.Məhəmməd və onun arvadları Rəbb dərgahına qovuşduqları üçün "hicab" termininin bilavasitə sonrakı, o cümlədən indiki qadınlara şamil edilməsi uğurlu seçim hesab edilə bilməz.

   Qeyd edək ki, hicabın qadın örtüklərilə eyniləşdirilməsi leksikonda sonradan təşəkkül tapıb. İlkin İslamda fəqihlər "hicab"dan yox, "sətr" (örtük) sözündən istifadə edib. Onlar namaz və nikah məsələlərində də bu terminə üstünlük verib. Lakin sonralar bəzi müctəhidlər hicabı bütün qadınlara şamil edərək, "cilbəb" (başı, boyun-boğazı örtən üst qadın ortüyü) və "sətri-əvrət"i (bədənin mübhəm yerlərinin örtülməsi) də hicab kimi qəbul ediblər. Və təəssüf ki, bu tendensiya dini ədəbiyyata da təsirsiz ötüşməyib.

   "Namus qadının zinətidir" Peyğəmbər(ə) kəlamıdar. Bu zinəti qoruyan komponentlərdən biri də, sözsüz ki, qadının necə geyinməsi məsələsidir. Bu, hər üç moneteist dinə görə, çox mühüm əxlaq göstəricisidir. Həmin səbəbdən örpək mömin qadınların öhdəsinə qoyulan ümumi ilahi vəzifədir. Qadının fitratına özünü bəzəmək hissi, şikarçılıq istedadı qoyulduğu üçün bu vəzifə bəndə yox, fitratın sahibi Allah tərəfindən müəyyənləşdirilib. İncildə deyilir: "Başı açıq qadın öz başını xəcalətli edir. Bu cür qadın saçları qırxılmış qadınla eynidir. Zira, qadın başını örtmək istəmirsə, qoy saçlarını qırxsın; Fəqət qadın saçının qırxılmasından utanırsa, başını örtsün... Arvad ərin izzətidir. Ona görə də, qadın öz başı üzərində həmin izzət rəmzinə malik olmalıdır" (Korinflərə 11:5, 6, 7, 10).

   Son Kitabında ibadətləri asanlaşdıran Rəbbimiz qadın örtüyü ilə əlaqədar buyurub: "Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini gizlədən) cilbəblərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir!" (Əhzab 59). Ayə azad qadınların cariyələrdən fərqlənməsi üçün cilbəbdən istifadəni tövsiyə bilir. Yəni kəlam quldarlıq dövrü ilə erkən orta əsrlərin çulğalaşdığı bir dövrdə azad mömin qadınları cahillərin müdaxiləsindən qorumağa yönəlib. Burada diqqətəşayan cəhət həm də xitabın "kişilərin, müsəlmanların övrətlərinə" yox, "möminlərin övrətlərinə" ünvanlanması və "vacibdir" yox, "münasibdir" sözünün işlənməsidir. Doğrudan da Allah bağışlayan və rəhm edəndir!

   İslama görə, həm kişi, həm də qadın üçün vacib şərtlərdən biri də həya etmək, utanmaq, heyvani nəfs və ehtiraslı baxışları cilovlamaq, iffətli olmaq, əvrət yerlərini (insanın həya edərək örtdüyü şey və ya bədən üzvlərini) örtmək məsələsidir. "(Ya Rəsulum!) mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), əvrət yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların etdiklərindən xəbərdardır!" (Nur 30). Quranda kişinin əvrət sərhədləri göstərilmədiyi üçün əksəriyyət qəbul edib ki, kişinin əvrət yeri göbəyin altından dizin altına qədərdir. Diz əvrətdir. Mömin qadınlara ünvanlanan Rəbb kəlamı isə belədir: "Və mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlr), əvrət yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl-üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyun və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud qayınatalarından, yaxud öz oğullarından, yaxud ərlərininin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mübhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! "(Nur, 31). Göründüyü kimi, burada da xitab iman gətirən qadınlara yox, mömin qadınlaradır. Əksəriyyətin fikrinə görə, qadınların ovuc içi və üzlərindən başqa üzvləri əvrət yeridir. Və ortük elə seçilməlidir ki, əvrət hesab edilən üzvlər görünməsin. Örtüklə bağlı Quran ayələri (Nur 30, 31; Əhzab 59) göstərir ki, xitab yalnız möminlərədir. Yəni Allahın əmr və qadağalarını yerinə yetirənlərə-saleh əməl və təqva sahiblərinədir. Lakin bu heç də o anlama gəlmir ki, mömin olmayan kəs məsul deyil. Xeyr, haram buyurulan yerləri örtmək həyadandır və bu, adi müsəlmanı möminlük dərəcəsinə aparan yollardan biridir. Mükəlləf olan hər bir şəxs bu işdə də sorumludur. Mükəlləf olmaq üçün isə aşağıdakı şərtlər vacibdir: 1) iman gətirməli; 2) həddi-büluğa çatmalı; 3) müməyyiz-yaxşını pisdən ayırmalı, ağlı başında olmalı. Quranda həddi-büluğ yaşı və müməyyizlik həddi göstərilmədiyi üçün əksər müctəhidlərin bəziləri büluğ yaşının sonunu 15, digərləri isə qızlarda 17, oğlanlarda 18 yaş qəbul edib. Məsələyə dünyəvilik baxımından yanaşılarsa, bu yaş həddi Azərbaycanda fərdin şəxsiyyət vəsiqəsi alması və orta məktəbi bitirməsi dövrünə müvafiqdir. Müməyyizliyə gəlincə, hicabın kimə ünvanlandığını bilməyən və ya bilmək istəməyən ayətullah N.Məkarinin də qəbul edib tabe olduğu ayətullah Üzma Seyyid Xameneinin risaləsinə müraciət edək: "Sual: 801: Bəzi hökmlərdə müməyyiz uşağın xüsusunda" yaxşını pisdən seçə bilən uşaq" deyə qeyd olunur. Yaxşı və pis dedikdə məqsəd nədir? Müməyyiz olmaq yaşı necə yaşdır? Cavab: Yaxşı və pis dedikdə məqsəd camaat arasında pis və ya yaxşı sayılan şeylərdir. Bu barədə uşağın yaşadığı şərait, adətlər, ədəb qaydaları, yerli ənənələr və s. kimi şeylər nəzərə alınmalıdır. Müməyyizlik yaşı isə şəxslərin istedad, qabiliyyət, idrak və zəkasına əsasən müxtəlif ola bilər" (bax: Ayətullahül-Üzma Seyyid Əli Xamenei, "Şəri suallara cavablar", II cild, Bakı, 2009, səh. 227-229). Əlavə edək ki: "İnsanın ağlı doğru olmazsa, dini də doğru olmaz" Peyğəmbər(ə) kəlamıdır.

   Rəbb kəlamlarından doğan hikmətləri, əsrlər boyu xalqımızın əldə etdiyi dəyərləri, mütərəqqi bəşər qanunlarını özündə ehtiva edən AR Konstitusiyası insan haqq və azadlıqlarına geniş yer verib. Burada mükəlləf olan, yəni şəxsiyyət vəsiqəsi alan hər bir vətəndaş (17-18 yaş) bütün azadlıqlardan, o cümlədən inanc seçimindən, müxtəlif baş örtükləri də daxil olmaqla, dinin tələb etdiyi ibadətlərdən istifadədə tam sərbəstdir. 17-18 yaşından aşağı hədlərdə isə uşaq və yeniyetmələrin insani, insafi və nəhayət, islami (və ya qeyri-islami) tərbiyəsində bilavasitə valideyn və təhsil ocaqları məsuldur. Sözsüz ki, valideyn seçdiyi dinin ehkamlarını hələ mükəlləf olmayan övladına öyrədə bilər və bu, bütün monoteist dinlərdə bəyənilən işdir. Lakin müxtəlif ailələrdə fərqli tərbiyə, fərqli qabiliyyət və fərqli sosial mühitdə böyüyən, fərqli məzhəb və hətta fərqi dinə məxsus qeyri-mükəlləflərin təhsil aldığı ocaqda-orta məktəblərdə xüsusi geyimdə - cilbəb, çadra, fəracə, mantoda olması vacib deyil. Çünki örtüklə bağlı Quran ayələri yalnız mükəlləf olan mömin qadınlar üçün nazil olub. Digər tərəfdən, 7-17 yaşlı qızların məktəbdə 4-6 saat xüsusi örtükdə, mükəlləfdən tələb olunan qaydada zinət yerlərini (boyun, boğaz, saç, qol, ayaq, və s.) gizlətməsi də müşkül məsələdir. Təbii ki, uşaq uşaqlığını məktəbdə də edir. Deməli, şagirdlərini vahid xüsusi geyimdə məktəbdə olması məktəb nizamnaməsinin Quran hikmətindən uzaqlaşmasına dəlalət etmir. Göründüyü kimi, həm dövlət təhsil sisteminin dünyəviliyi, həm də yuxarıda göstərilən arqumentlər Təhsil Nazirliyinin 2011-2012-ci tədris illərindən vahid məktəbli formasına keçməsinə mane olmur.

 

Bəndənin vicdanı həm də onun hicabıdır

 

"Nur Allahın hicabıdır" Peyğəmbər(ə) kəlamıdır. Allah məhz bu hicab vasitəsilə kainatı yaradıb; Yer və göy sakinlərinə haqq yolu göstərib; Peyğəmbərlərə və mömin bəndələrinə nur bəxş edib. Heç yerdə yox, yalnız mömin bəndəsinin qəlbində qərar tutan Allahı lə-məkan edən də, həmin hicabdır. Bəndənin mütləq hicabı isə onun namus qalxanı ilə heyvani nəfsini məğlub edən vicdanıdır. "Şərafətli və qeyrətli insan heç vaxt zina etməz" (Həz.Əli). Bu baxımdan, İslamda ailə və nəslin saflığı keşiyində dayanan namusun həmin ailə və nəslin yaranmasına səbəb olan eşq və məhəbbətdən üstün tutulması heç də təsadüfi deyil. Deməli, bəndənin göz, əl, qulaq, ayaq və digər üzvlərilə edə biləcəyi zinaları bilən də vicdanıdır. Allahın dəlili olan vicdan...

Öz vicdanının səsinə qulaq asan namuslu hər bir kəs, zaman və əsrin gətirdiyi tərəddüdlərə rəğmən maddi örtük, çarşab və hicabda olmasa belə, mənən o, hicabdadır. Belə izzətli insanları yersiz qınağa çəkmək və onlara həqarətlə baxmaq əsla yolverilməzdir. Unutmamalı ki, humanist din olan İslam məcburedici din olmadığı kimi, belə insanlar içərisində saleh əməl sahibləri də kifayət qədərdir.

Digər tərəfdən, kim zəmanət verə bilər ki, İslami geyimdə olan qadınlar arasında ərinin izzət və şərəfini, özünün ləyaqətini digər şərəfsizə qurban edənlər yox dərəcəsindədir? Bax, bunları bilən Allah, bir də hərənin öz hicabı olan vicdanıdır. Bir sözlə, hərə öz əməlinin girovudur və hərə öz əməlinə görə cavab verəcəkdir.  

  

 

Vaqif Cəliloğlu

 

Bakı xəbər.-2011.- 17 yanvar.- S. 12.