Ömrünün
43 ilini elmə fəda etmiş cəfakeş alim 70-i
haqladı
Kimya elmləri doktoru Məmmədbəyli
Eldar Hüseynqulu oğlu
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Neft-kimya Prosesləri
İnstitutunun (NKPİ) baş elmi işçisi, kimya elmləri
doktoru, "Optiki aktiv maddələrin sintezi və tədqiqi"
qrupunun rəhbəri Məmmədbəyli Eldar Hüseynqulu
oğlunun 2011-ci il yanvar ayının 22-də 70 yaşı
tamam olur. O, 1941-ci ilin yanvar ayının 22-də Gədəbəy
rayonunun Arısu kəndində anadan olub.
1957-ci ildə Miskinli kənd orta məktəbini
bitirib. 1965-ci ildə Azərbaycan Tibb İnstitutunun (indiki ATU) əczaçılıq
fakültəsini bitirib. Təyinatla Gədəbəy rayonunda
aptekdə əvvəlcə reseptar, sonra isə aptek müdiri
işləyib.
1967-ci ildə Azərbaycan SSR EA
NKPİ-də istehsalatdan ayrılmaqla aspiranturaya daxil olub.
Aspiranturanın axırıncı təhsil ilində (1970-ci
il) EA Prezidiumunun qərarı ilə Moskva şəhərinə
SSRİ Elmlər Akademiyasının (EA) Kimyəvi-Fizika
İnstitutuna (KFİ) göndərilib. Aspiranturanı bitirdikdən
sonra 1971-ci ildən NKPİ-nin Sumqayıt Filialında (sonradan
Azərbaycan SSR EA Xlor-Üzvi Sintez İnstitutu) kiçik elmi
işçi vəzifəsində işləyib. 1978-ci ildə
SSRİ EA-nın Element-Üzvi Birləşmələr
İnstitutunda (EÜBİ) namizədlik dissertasiyasını
müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini
alıb. 1983-cü ildə SSRİ EA-nın Preziudumunun qərarı
ilə E.H.Məmmədbəyliyə "Üzvi kimya"
ixtisası üzrə baş elmi işçi (indiki dosent)
diplomu verilib. 1986-cı ildə Azərbaycan EA-nın
Prezidiumunun qərarı ilə NKPİ-də böyük elmi
işçi vəzifəsinə keçirilib. 2002-ci ildə
NKPİ-də aparıcı elmi işçi vəzifəsinə
seçilib.
2004-cü ildə BDU nəzdindəki
Dissertasiya Şurasında doktorluq dissertasiyasını
müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsini
alıb. 2005-ci ildə onun doktorluq dissertasiya işinin xülasəsi
ilin ən yaxşı işi kimi AAK-ın bülletenində
çap olunub.
E.H.Məmmədbəylinin elmi maraq
dairəsi olduqca geniş və rəngarəngdir: Dils-Alder
reaksiyası, asimmetrik sintez, optiki aktiv funksionaləvəzolunmuş
alitskilik birləşmələr, fizioloji aktiv maddələr,
azot və kükürd tərkibli birləşmələrin
Manmix reaksiyası ilə sintezi, Azərbaycan neftlərinin, o
cümlədən Naftalan neftinin optiki aktivliyinin tədqiqi,
metalkomplekslərin, o cümlədən ferrosen və simantrenin
müxtəlif törəmələrinin sintezi. O, uzun illər
ərzində xiral katalizatorların iştirakı ilə
aparılan asimmetrik sintez sahəsində geniş elmi tədqiqat
işləri aparır. Təbii birləşmələr əsasında
ekoloji təmiz üsulla yeni xiral katalizatorlar sintez edərək,
alınan katalizatorları asimmetrik dien sintezində tətbiq
edib. Onun rəhbərliyi və iştirakı ilə alitsiklik
sırası yeni bioloji aktiv maddələr optiki fəal və
fərdi stereo-izomerlər şəklində sintez edilib. Bu maddələrin
bir çoxu yeni sintez olunmuş xiral katalizatorların
iştirakı ilə aparılan Dies-Alder reaksiyaları vasitəsilə
alınıb. Sintez olunmuş maddələrin bioloji aktivliklərinin
quruluşlarından asılı olaraq dəyişməsinin tədqiqi
də onun elmi maraq dairəsinə daxildir.
İşlədiyi dövrdə
230-dan çox elmi əsərləri dərc olunub. Bunlardan
12-si SSRİ müəlliflik şəhadətnaməsi,
4-ü asimmetrik sintezə həsr olunmuş icmal məqalələridir.
Son 5 ildə E.H. Məmmədbəylinin
Rusiya EA-nın nüfuzlu jurnallarında 30 məqaləsi dərc
olunub. O, bir çox beynəlxalq simpoziumların və
konfransların iştirakçısıdır.
Üzvi kimya elminin müasir
variantlarından biri olan asimmetrik sintez sahəsində,
xüsusən xiral katalizatorların iştirakı ilə
aparılan asimmetrik reaksiyalar üzrə çalışan
dünyanın bir çox görkəmli alimləri:
yaponiyalı K.Koqa, amerikalı alimlər Q.B.Kaqan (Kimya üzrə
Nobel mükafatı laureatı) və S.H.Rent, fransalı
O.Riant, macarıstanlı N.Noqradi E.H.Məmmədbəylinin
öz müəllimlərilə birgə apardığı
elmi işləri yüksək qiymətləndirmiş, onun bu
sahədə pionerlərdən biri olduğunu qəbul
etmiş və öz əsərlərində istinad kimi
göstərmişlər.
E.H.Məmmədbəyli elmi əməkdaşlıq
çərçivəsində Respublikanın bir çox
elmi-tədqiqat və təhsil institutları ilə birgə
elmi iş aparır. O, Azərbaycan Pedaqoji Universitetinin
"Üzvi kimya və kimya texnologiyası kafedrasında"
və bu kafedranın nəzdində olan "Yeni bioloji aktiv
maddələr" elmi-tədqiqat laboratoriyasının əməkdaşları
ilə birlikdə bioloji aktiv maddələrin sintezi və xassələrinin
öyrənilməsi sahəsində, AMEA Kimya Problemləri
İnstitutunun əməkdaşları ilə birlikdə isə
yeni metal üzvi komplekslərin alınması sahəsində
elmi-tədqiqat işlərinin aparılmasında rəhbərlik
və iştirak edir. Bitirdiyi Azərbaycan Tibb Universtitetinin
"Tibbi mikrobiologiya və immunologiya" kafedrasının və
"Ümumi və toksikoloji kimya" kafedrasının əməkdaşları
ilə sintez olunmuş yeni bioloji aktiv maddələrin antimikrob
xassələrinin öyrənilməsi və bitkilərdən
alınmış təbii birləşmələrin
quruluşlarının müasir fiziki üsullarla təyin
edilməsi sahəsində tədqiqat işlərinin
aparılmasında iştirak edir.
AMEA ilə Rusiya EA arasında 2005-ci
ildə bağlanan elmi-texniki əməkdaşlıq
Sazişinin tematik planına Məmmədbəylinin iki elmi
işi daxil edilib. O, bu Saziş çərçivəsində
AMEA NKPİ ilə REA-nın EÜBİ və KFİ
arasında bağlanmış ikitərəfli elmi-texniki
müqavilələrin koordinatoru və məsul
icraçısıdır. Bu Saziş və müqavilələrə
əsasən o, həmin institutlarla birlikdə asimmetrik sintez,
alınmış maddələrin quruluşlarının
müasir, yüksək həssaslı müasir cihazlar vasitəsilə
öyrənilməsi, Azərbaycan neftlərinin, xüsusən
Naftalan neftinin optiki aktivliyinin öyrənilməsi, Azərbaycan
sənaye bitkilərinin mikrokapsulnlaşdırılması və
sınaqdan keçirilməsi sahəsində birgə tədqiqat
işləri aparır. Alınmış elmi nəticələr
birgə nəşr olunur.
Elmi işlərlə
yanaşı, Eldar müəllim tələbələrin təhsilinə
də vaxt və əmək sərf edir. O, Azərbaycan Beynəlxalq
Universitetinin Tibb fakültəsində "Biokimya" fənnini
tədris etmişdir. 2009-cu ildə Azərbaycan Tibb
Universitetinin buraxılış işlərinin müdafiəsi
üzrə dövlət komissiyasının sədri
olmuşdur.
Məmmədbəyli E.H., elmi fəaliyyətindən
əlavə, ictimai işlərlə də məşğul
olur. 1999-cu ildən başlayaraq uzun müddət AR Səhiyyə
Nazirliyinin əczaçılıq müəssisələrinə
nəzarət edən daimi komissiyanın üzvü olub.
2000-ci ildə Ukrayna Respublikasında olan Azərbaycan nümayəndə
heyətinin tərkibinə daxil olub. Bir çox populyar və
publisistik məqalələrin müəllifidir.
Məmmədbəyli E.H.
NKPİ-nin Elmi Şurasının və Seminar
Şurasının üzvüdür. O, "Kimya problemləri"
və "Azərbaycan Əczaçılıq və
Farmakoterapiya" jurnallarının Redaksiya
Şurasının üzvüdür.
Hazırda NKPİ-də baş elmi
işçi, qrup rəhbəri vəzifəsində işləyən
Eldar müəllim ömrünün 43 ilini elmə həsr
edib. O, 24 dekabr 2010-cu ildə AMEA-nın Prezidiumunun Fəxri Fərmanı
ilə təltif edilib.
İstedadlı alimimizi
redaksiyamız adından təbrik edir, ona daha əlamətdar
şəxsi həyat və elmi uğurlar arzulayırıq.
Bakı
xəbər.-2011.- 20-23 yanvar.- S.14.